Yuxarı

Hələbli Petrosyan: Elçibəylə Əliyev arasında...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələbdən gəlmiş seyid Levon Ter Petrosyan Ermənistanın müstəqilliyinin baş memarlarından biridir. Qorbaçovun başlatdığı yenidənqurma hərəkatına qoşulan erməni millətçiləri sırasında “Qarabağ” komitəsinin ön cərgədə durduğunu hamı yaxşı bilir. 1988-ci ildə həmin təşkilatın rəhbərlərindən olan Levonun, ailə şəcərəsi qədim erməniçiliyə doğma Suriya torpaqlarından başlayan görkəmli şərqşünas alimin, Razdan meydanındakı azadlıq nitqləri digər müttəfiq liderlərdən çox fərqlənirdi.

Litvada Sovetlər Birliyindən ayrılmaq üçün yaradılmış “Sayudis” tipli təşkilatlarla müqayisədə Ermənistan və Azərbaycanın intibahına çalışan qüvvələr xalq kütlələrini qanlı toqquşmalara, hərb meydanına çağırmağı üstün tuturdular. Qafqaz xalqları Baltik həmkarları kimi maariflənməyə, tarixi mədəni sərvətlərinə sahib olmaq üçün Kremldən daha çox səlahiyyətlər qoparmağa can atmırdılar, ona görə də yeni aşkarlıq-demokratiya şəraitində İttifaq daxilində yaşamaq mümkün olmadı.

Kim bilir, o vaxtkı hadisələrin gedişi tribunaya qalxan adamların dünyagörüşündən, yaxud yeni formalaşan fəhlə-ziyalı elitasının davranışlarından asılı idimi, yoxsa, bütün millətlər inqilabi xəstəlikləri eyni cür keçirirlər? Hər halda artıq bunların elə bir əhəmiyyəti də yoxdur. Çünki ölkələri bürümüş xiyabanlar və xalqlar qəbiristanlığı dostluq-qardaşlıq parklarından daha titullu ünvanlara çevrilib. Dünən vahid cəbhədə faşizmə qarşı vuruşanlar indi bir-birinin son nəfəsini kəsmək üçün İncilə və Qurana and içirlər.

O üzdən Sovet rəhbərliyinin imperiyanı qorumaq, əslində isə dağıtmaq üçün 90-cı illərdə həyata keçirdiyi Tiflis, Bakı və Vilnüsdəki cəza əməliyyatları azərbaycanlılar və ermənilərin azadlıq meydanlarından birbaşa səngərə yollanmalarının kölgəsində qalıb. Məgər Böyük Vətən müharibəsinin qəhrəmanlarının heykəllərini dağıdan müasir ukraynalı üçün Donbas vadisindəki qurbanlar Oder və Vislada həyatını itirən atalarının ruhundan ucada deyilmi? Hər halda babaları Stalin yolunda-“yadelli vətən” uğrunda canlarını fəda edənlərlə müqayisədə Levon və yaxın silahdaşları Qarabağı özlərinki sayırdılar.

Tarixin ziddiyətləri o qədər çoxdur ki, sonadək açılması müşkül işdir. Kim deyə bilər, Ermənistanda kommunist hakimiyyətinin devrilməsi fonunda yeni hökumətin qurulması bir millətin özünütəşkilində və səfərbərliyində əvəzsiz rol oynadığı halda nədən Azərbaycanda əks proseslər gedirdi? Sualı bir az da genişləndirə bilərik: məsələn, Yeltsinin qələbəsinə çalışan müttəfiq respublikaların demokratları nə üçün Moskvanın kökəsini və qamçısını siyasi bədənlərində tam fərqli səviyyədə hiss edirdilər? Axı o vaxt din qardaşlığı, yaxud beynəlxalq maraqlar anlayışı Rusiyanın özünü varisi elan etdiyi dövlətin “soyuq müharibəni” Qərbə uduzmasına görə indiki səciyyədə qəbul olunmurdu. Elə isə millətlərarası münaqişədə insan qanı tökdüyünə görə xalqlara bəlalar və müstəqillik gətirən Mixaillə demokrat Borisin hansı daha çox tarixin mühakiməsinə veriləcək?

Hər halda 1991-ci ildə hakimiyyətə gələn Erməni Milli Hərəkatı və onun lideri Levon Ter Petrosyan yeni sərhədlərə can atan millətinin əsil qəhrəmanı kimi nəinki Xankəndinə, eləcə də onun ətrafındakı böyük təhlükəsizlik qurşağına sahib oldu. Lakin nə qədər mistik və inanılmaz görünsə də, o, siyasi sərkərdəliyinin ilk günlərindən fəhmlə, bəlkə də alimliyindən irəli gələn rasional ağılla dərk edirdi ki, apardıqları müharibənin sonu yoxdur. Mənsub olduğu millətin yüz il əvvəlki ruhu özünə qayıdıb “soyqırım” sədaları ilə meydanlara çıxanda Levon Ter Petrosyan tamam ayrı hədəflərə can atırdı. Savaşı mümkün qədər güzəştlərlə başa vurmaq, ən əsası Türkiyə ilə diplomatik münasibətlər qurmaq erməni azadlıq mücahidinin baş arzusu idi.

Bəlkə də Matenadaranda elmi işçi kimi fəaliyyətə başlayaraq qədim əlyazmalardan böyük siyasətə yol alan şəxs üçün əsrlərin qaranlıq səhifələrində gizlənmiş həqiqətləri bilmək və tribuna ilə gerçəklik arasında qalarkən orta yolu seçməyə məhkum olmaq faşist təmayülündən bir qədər uzaq qalmağa kömək edirdi. Bu, onun alın yazısına çevrilmişdi. Hər halda 1918-ci ilin məlum olaylarından yaxşı xəbərdar olan birisi üçün növbəti dəfə Ankara-Moskva razılaşmasının qurbanına çevrilmək böyük qorxu idi.

O biri yandan Qərbə çıxış yolu axtaran İrəvan Türkiyənin coğrafi əhəmiyyətini heç bir tarixi düşmənçiliyə qurban verə bilməzdi. O, hələ andiçmə mərasimində ölkəsinin müxtəlif mədəniyyətlər və quruluşlar arasında körpü olacağından bəhs edir və əlinə düşən ilk fürsətdəcə İrəvana təşrif buyuran türk səfiri Volkan Vorala tarixi xarakter daşıyan mesajlar verir. Diplomatik münasibətlərin qurulması üçün məhək daşı rolunu oynayan həmin açıqlamada ermənilərin türklərə ərazi iddiası olmadığından bəhs edilir. Görünür, millətçi zehniyyətin onu xəyanətdə günahlandıracağından qorxmadan belə strateji xəttin seçilməsi həm də Moskvanın təsirini azaltmaq üçün alternativ meydan qazanmaq niyyəti ilə bağlıydı.

Lakin sonrakı hadisələr yaxınlaşma planlarını gerçəkəşdirməyə imkan vermir. Belə ki, 1992-ci ilin fevralında Vaşinqtonda İranın yeni müstəqillik qazanmış ölkələrə təsirinin müzakirə olunduğu iclasdan sonra kiçik Buşla Baş nazir Dəmirəl arasında keçirilən görüşdə ikincinin “Ermənistanın Qarabağ münaqişəsinə qoşulmasının böyük regional müharibəyə səbəb olacağı və Türkiyənin daha neytral qala bilməyəcəyi” bəyanatını açıq hədə kimi qəbul edən erməni prezident iki cəbhədə vuruşmağın mümkünsüzlüyün başa düşür. Bütün rəqibləri hərbi şinel geyinib ən azı bir azərbaycanlını qətlə yetirdikləri ilə öyünəndə Levon Ter Petrosyan Qara dəniz sammitindən yararlanmağa çalışaraq türk siyasətinin patriarxı Dəmirəllə görüşür və ondan Bakıda yenicə hakimiyyətə gəlmiş şərqşünas həmkarı Əbülfəz Elçibəylə aralarında kontakt yaradılmasını xahiş edir.

Adama elə gəlir ki, münaqişəyə alini qoymuş tərəfləri sülhə gətirmək üçün zəif çabalar göstərən ATƏT-lə müqayisədə daha təsirli yollardan biri budur. Hər halda hələ bölgədə hərbi-siyasi balans yaranmayıb, Vaşinqton soyuq müharibəni qələbə ilə başa vurmasının sərməstliyindən hələ çıxmayıb, “Minsk üçlüyü” adlı amorf birlik hələ törənməyib və Ankaranın səyi ilə anlaşmaya getmək mümkün olsa, gələcəkdə nəinki türk bozqurdlarını Şuşa ətrafında görməkdən qurtular, o biri tərəfdən nəhayət, Qarsa, İqdıra gedən yolları birdəfəlik açılar. Hər halda Əbülfəz Elçibəyi iqtidara gətirənlər içərisində sadə xalq kütlələri ilə yanaşı, pantürkizmi və böyük turançılıq ideyalarını körükləyənlərin çoxluq təşkil etdiyini erməni liderlər yaxşı bilirdi.

Lakin gözlənilmədən imtina cavabı gəlir. Bəli, yoldaş Suxovun dediyi kimi, ”Şərq - incə məsələdir”. Dünən auditoriyalarda gizli fəaliyyət aparanlar - iki şərqşünas liderin başçılıq etdiyi ordular yalnız hərb meydanında üz-üzə gələcəklər. Bəli, bonapartistlər taxt-tacı Mütəllibovdan alan kimi siyirdikləri qılıncı son olaraq Təbrizdə qınına qoyacaqlarına söz veriblər. Azərbaycan imperiyasının yeni qurucuları sonuncu erməni türk torpaqlarını tərk etməyənə qədər Xalq Cəbhəsinin barıt qoxulu şinelini çıxarmayacaqlarına and içiblər. Axı maksimalizm bütün inqilabların baş ağrısıdır.

Mütəllibovu rus-erməni qalasına hücum yolunda zərərsizləşdirən tanklar və zirehli texnika Ağdərəni arxada qoyub müqəddəs torpaqların baş kəndinə yaxınlaşanda nəinki rus nazir Pavel Qraçov, eləcə də türk ulusunun nüfuzlu lideri Alparslan Türkeş belə qalibiyyət yürüşünü dayandıra bilməzdi. Çünki “düşmən özünə gələrək, vaxt uda bilərdi”.

Az sonra Petrosyan bütün səhra komandirlərini və Azərbaycanı öz orbitində saxlamağa çalışan rus silahlı birləşmələrini bir yerə yığıb itirdikləri əraziləri geri qaytarmağa nail olur, hələ üstəlik, 1993-cü ilin aprelin 2-də hücuma keçib, Qarabağ coğrafiyasının taleyini birdəfəlik həll etmək üçün ən mühüm hərbi yüksəkliyi - Kəlbəcəri ələ keçirir və bir daha Azərbaycan rəhbərlərinə müraciət edir. Doğrudur, o vaxt beynəlxalq rəyə tüpürən olmasa da, BMT tərəfindən işğalçının adını çəkməyən qətnamə qəbul edilmiş, qısa vaxt içərisində qoşunların oradan çıxarılmasının qrafiki hazırlanmışdı. Lakin Qafqazın fələstinləşdiyini yaxşı dərk edən və bu qələbələrin fayda gətirmədiyini görən Petrosyan yenidən öz həmkarı ilə görüşmək yollarını axtarmaqda davam edir. Budur, Turqut Özalın zəhərlənərək öldürülməsi fatal bir şəkildə münaqişəni həll etmək üçün siyasətçilərə növbəti şans verir.

1993-cü ilin aprelin 20-də türk dövlət başçısının dəfn mərasiminə qatılanların sırasında Azərbaycan və Ermənistan rəhbərləri də var. Ona qədər Moskvada iflasa uğrayan danışıqları davam etdirmək üçün Türkiyəyə gələn nümayəndə heyətinin tərkibində Bakı və Moskvanı öz arxasınca sürüyən çekist Vladimir Kazimirov da var. Rəsmi səhər ziyafətindən sonra Ermənistan xarici işlər naziri Vahan Papazyan Elçibəyə yaxınlaşır və birbaşa görüş təklifini ona yetirir. Qəfil təklifi dəyərləndirməyə macal tapmayan Azərbaycan tərəfi Kravçuk və Şevardnadzenin israrı ilə yarım saatlıq bir araya gəlməyə razılıq verir. Lakin heç bir nəticə olmur. Kəlbəcərin geri qaytarılması müqabilində sülh planını razılaşdırmaq baş tutmur.
Halbuki Petrosyan artıq miqyasca genişlənən müharibənin Ermənistanı gələcək əsarətə apardığını aydın görür. O üzdən 1993-cü ilin iyun ayında əvvəl Gorusda Dağlıq Qarabağ “parlamenti”nin təmsilçilərini açıq söyüşlərlə təhqir edir, ruslardan kəsiləcək yardımın və xarici təzyiqlərin erməni dövlətçiliyinin yaradılışdaca boğacağını az qala bağırır, daha sonra Xankəndinə gələrək silahdaşlarına Kəlbəcəri geri qaytarmasalar, onları gözləyən təhlükələrdən danışır.

Lakin artıq hərbi iştahası getdikcə böyüyən və insan qanına batmış dişlərinin yeni qırğınlara susadığını nümayiş etdirən səhra komandirləri gələcək karyeralarını haradan başlayıb harada qurtaracaqlarını yaxşı bildiklərindən Petrsoyanın təkliflərini rədd edirlər: qoy, Rusiya qəzəblənsin, çörəyi və silahı kəssin, gərəksiz kağız parçaları istehsal edən Birləşmiş Millətlər rədd olub getsin, uzağı hakimiyyət dəyişikliyinə gedib Moskva ilə münasibətləri yenidən bərpa edəcəklər, ancaq torpaq qaytarmayacaqlar.

Onun üstündə tökdükləri qanı su kimi içən Köçəryan, Sərkisyan, Ohanyan, Babayan artıq Qarabağı Ermənistanın daxili siyasi həyatının ayrılmaz hissəsinə çevirərək 1998-ci ildə Levonu hakimiyyətdən devirirlər. Alimi, Şərq tarixinin dərin bilicisini gerizəkalı komsomol tör-töküntüləri əvəz edir. Bəli, siyasət amansızdır və bəzən qalib gəlmək ən böyük məğlubiyyətə çevrilir.

Heç bir güzəşt tanımayan və alternativ yolun faydasına inanmayan erməni cəmiyyətini sağlam düşüncəyə çağırmaq üçün Levon məşhur “Hərb, yoxsa sülh” adlı müraciətini yayır. Dünənə qədər kütlənin kumiri olan şəxsə indi “ölkəni çapıb-talayandan sonra torpaqları da satmağa hazır olan xəyanətkar” obrazında yanaşanların öz məntiqi var. Tarix komediya şəklində yenidən təkrar olunur. Razdan meydanına çıxanda daimi iş yerləri və təhlükəsizlik təminatları olan kütlənin alqışı və lənətini qazanmağa cəmi bir addım yetər. Məgər orta əsrlər İngiltərəsində qəbri qazılan Oliver Kromveli unutmusuz? Onun cəsədini çıxarıb dar ağacından asanlar içərilərindəki qəzəbi və nifrəti ölmüş adama belə keçmədiklərini göstərməmişdilərmi? Amma sonu nə oldu? İndi Kromvelin qalib sərkərdə statusu millətin sevgi ünvanına çevrilməyibmi?

Kim bilir, Levon Ter Petrosyanın siyasi dünyasında baş verən təbəllüatlar onun böyük siyasət adamı Heydər Əliyevlə görüşlərdən necə dəyişmişdi? Lakin tarix üçün foto-obyektivin kamerasına tuş gələn mənzərələrdə onun “qalib və məğlub ölkə” ədası qətiyyən duyulmur. Əksinə, erməni liderinin sanki kənar güclərə yem olmaqdan qurtulmaq üçün “iki xalq öz aralarında vasitəçisiz razılaşmalıdır” istəyini hər addımda “bədən dili” ilə ifadə edir.

Bəli, Petrosyan “bu gün danışıqlarda rədd etdyimizi sabah yalvarıb ala bilməyəcəyik” acı həqiqətini millətə deyərək, səhnəni onillik tərk edir. Lakin cəmi bir ildən sonra Köçəryan güruhu parlamentdə gülləbarana məruz qalır. Stepan Dəmirçiyan və Vazgen Manukyan “ruhi xəstə”nin silahlı saldırısı ilə qətlə yetirilir. Qarabağ dənizi öz yeni qurbanlarını udmaqda davam edir.

Yox, hələ kütlə Levona haqq qazandıracaq əminliyə çatmaq üçün Xocalı qətliamının rejissoru, həm də icraçısını taxta əyləşdirməliydi. Sərkisyanın nə fəlakətlər vəd etdiyini yaxşı bilən Petrosyan nəhayət, 2008-ci ildə yenidən siyasətə qayıtsa da, artıq zaman öz işini görür. O, 70 yaşın kandarından keçib 3 gün öncə yenidən kütlələrə xitab etməyə məcbur olur.

Axı Aprel döyüşlərindən sonra Sərkisyanın görüş üçün müraciət etdiyi bu adam sıradan birisi deyil və qalibiyyət sindromundan, ya da soyqırım ruhundan əziyyət çəkən millətin qəlbini müalicə etmək üçün başqa çarə qalmır. 18 il sonra da həmin ağrılarını dilə gətirərkən Yaxın Şərq tarixinin bilicisi və indi xarabarzarlığa çevrilmiş Hələbin oğlu Levon ərəb səhralarında yüz illərdi gedən savaşdan nəticə çıxarmağa çağırır. Məgər, İsrail Sinay yarımadasını geri qaytarmaqla Misirdən dövlət kimi tanınmaq zəmanətini almadımı? Hər halda yəhudilərdən üstün olmayan bir millət üçün əhatəsində türk qurşağını görməməsi ölümə bərabərdir: Gürcüstanda türk, İranda türk, Türkiyədə türk, Azərbaycanda türk... Keçmiş prezident daha hansı dillə desin ki, işğal altında olan torpaqlar təhlükəsizlik zolağı yox, ölüm qurşağıdır və onu sahibinə qaytarmaq və birgə yaşamaq lazımdır!

O, səngərdə ömür çürüdən erməni gəncliyinin halına qəzəblə ağrıyır, dövlətçilik fəlsəfəsi “hərbi millət” olan adamları qınayır və hər il sayı azalan xalqın səssiz müharibədə qırıldığını acı ilə sönmüş və zədələnmiş beyinlərə çatdırır. Məgər boşalan kəndlərə və alovu sönən ocaqlara mütləq qoşun yeridilməlidir? Yox, iki dövlət qurmaq idealı ilə yola çıxanlar indi ermənisiz Ermənistanla üzə-üzə qalıblar.

Məgər hər il erməni analarının bətnində qətl etdikləri oğulları səngərdəkilərdən az qırılır?

Petrosyanın son çağırışı yüzlərlə satqın və qanla işləyən ölüm konveyerləri - hakimiyyət mediası tərəfindən vurulsa da, hər halda cəmiyyətin qafasını yerindən tərpədir. Yalnız faciədə birləşmək və soyqırımı akkumulyasiya edib göz yaşları ilə yaşamaq şakəri əbədi yol ola bilməz. Levon dünyaya fərqli nəzərlərlə baxmağa çağırır. O, düşmən dediklərinə dəyər verməyi vəzifəsi və milli mədəniyyəti hesab edir.

Dünya siyasətinin böyük siması Heydər Əliyevə “mərhum” demək, İlham Əliyevə regiona sülh gətirəcək lider nəzərləri ilə baxmaq cəsarət tələb edir və bunlar yalnız gələcək seçkilər naminə dilə gətirilə bilməz. Levon yaxşı bilir ki, 1997-ci ildə Heydər Əliyevə qarşı tuşlanan rus Baş Kəşfiyyat İdarəsinin sui-qəsd planının məqsədi nədən ibarət idi: azərbaycanlılar və ermənilər arasında anlaşma görün nə qədər “vasitəçi”ni çörəksiz qoyardı. O üzdən “sülh bayrağı” qaldırıb Prezident İlham Əliyevlə görüşə gəlmək Petrosyan üçün faciə sayılmaz. Barış istəyirsənsə, səngərin o biri tərəfində dayanan millətin dəyərlərinə və liderlərinə hörmət edəcəksən.

Bəs, Qarabağ yolunda alınmış medalları dəyərsiz əşyalar kimi seyflərdə köhnəldən keçmiş döyüşçülər və onların yeni nəsli Levonu eşidəcəklərmi? Yoxsa, daha 18 il də yoxsulluğun girdabında sürünmək və ölkəni özü boyda kazarmaya çevirməklə öyünmək lazım gələcək.

Onda levonlar olmayacaq və “sülh” qışqıranları təzədən qəbirdən çıxarıb “mükafatlandırmalı” olacaqlar.

Hər halda nazik cığırın böyük yola çevrilmək potensialı var.

Unudulmaz Uinston Çörçill deyirdi ki, zaman - çox pis müttəfiqdir! Vaxt gedir!

Tarix
2016.12.20 / 16:05
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla