Yuxarı

Bayrağımızın ay-ulduzu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xaqlın ən müqəddəs simvolları sırasında onun dövlət bayrağı xüsusi yer tutur, çünki dövlət bayrağı müstəqilliyin, suverenliyin rəmzidir. Azərbaycan xalqı da həm öz bayrağı, həm də bu bayrağın dünyada ən hündür dayaq üzərində dalğalanması ilə fəxr edir.

Məlumdur ki, 1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa edərkən Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin varisi elan edərək, həmin cümhuriyyətin göy, qırmızı, yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əksi olan dövlət bayrağını da özünün rəsmi dövlət bayrağı kimi qəbul etdi. Noyabr ayının 9-u da bizim ölkədə bayraq günü kimi bayram edilir.

Bu bayrama həsr edilmiş radio və televiziya verilişlərindən, mətbuatda bu münasibətlə dərc edilən məqalələrdən belə görünür ki, dövlət bayrağımız üzərindəki rənglərin mənası barədə hamı eyni fikirdə olsa da, onun üzərindəki aypara və ulduz embleminin mənası barədə deyilən fikirlər qətiyyən üst-üstə düşmür. Başqa sözlə, aypara və ulduz təsvirinin rəmzi mənası barədə hər kəs öz fantaziyasına, təxayülünə uyğun bir mülahizə söyləyir. Bu rəmzi işarələri hətta mütəxəssislərin də hərəsi bir cür yozurlar. Buradan da aydın olur ki, müasir dövrdə bu rəmzlərin mənası unudulmuşdur. Ancaq bir fakt belə düşünməyə əsas verir ki, Cümhuriyyət dövründə bu rəmzləri qəbul edərkən onların mənalarını da bilirmişlər. Bu fakt isə ondan ibarətdir ki, Türkiyə bayrağındakı ulduz beşguşəli, Azərbaycan bayrağı üzərindəki ulduz isə səkkizguşəlidir. Məlumdur ki, aypara və beşguşəli ulduz Türkiyə, daha dəqiq desək, Osmanlı bayrağına hələ XIV əsrin əvvəllərindən həkk olunmuşdur. Bir az irəli gedərək, bunu da deyək ki, həmin beş guşə o dövrdə müsəlman aləminə məlum olan beş səyyarənin və ya planetin rəmzidir. Onlar aşağıdakılardır: Ütarid (Merkuri), Zöhrə (Venera), Merrix (Mars), Müştəri (Yupiter) və Zöhəl (Saturn). Ancaq XX əsrin əvvəllərinədək Şərqdə daha üç planetin – Neptun, Pluton və Uranın adı da məlum olmuşdur. Görünür, Cümhuriyyət bayrağının təsisçiləri bütün bunları bildiklərinə görə ulduzu beşguşəli yox, planetlərin sayına uyğun olaraq səkkizguşəli formada təsvir etmişlər.

İndi isə Aypara rəmzinə keçək. Bu rəmzin bir çox qədim xalqların mifologiyasında və tarixində çox qədim tarixi vardır. Əksər xalqların mifologiyasında Ay ana və ya məhəbbət ilahəsi, ümumiyyətlə isə qadın obrazı şəklində təsvir edilir. Bunlardan qədim Şumer, Misir, Akkad, semit, türk və s. mifologiyaları göstərmək olar. Qədim semit mifologiyasında İştar, yunan mifologiyasında Diana, qədim türk mifologiyasında isə Umay ana ilahəsi kimi təsvir edilirlər. Umay sözünün mənası da elə "Ana ay" (Uma-ay) deməkdir. Qədim etnosların çoxu belə düşünürdülər ki, Ay qadın, Günəş isə kişi cinsinə mənsubdurlar və onlar evlənmişlər. Ayın fazalar üzrə böyüməsini onlar Ayın hamilə qalması kimi başa düşürdülər. Ay yoxa çıxanda isə onlar belə hesab edirdilər ki, Ay hamiləlikdən azad olmağa gedir və azad olduqdan sonra kiçik halda geri qayıdır. Ona görə də bütün ulduzlar və planetlər Ayın törəmələri hesab edilirdilər.

Tarixi məlumatlara gəlincə, aypara həm Bizans, həm də Osmanlı imperiyalarının simvolu olmuşdur.

Bizim e.ə. 339-cu ildə Diana ilahəsinin atributlarından sayılan aypara Bizansın simvolu oldu. Diana isə şəhərin himayəçisi hesab edilirdi. Əfsanəyə əsasən qəflətən zühur edən ayparanın parlaq işığı Makedoniyalı Filippin Bizansa gözlənilməz hücumunun qarşısını almışdır. B.e. 330-cu ilində imperator Konstantin Bizansın adını dəyişib Konstantinapol qoymuş, İisusun anası Mariyanı isə şəhərin himayəçisi elan etmişdi. Səma kraliçası kimi Mariyanın da atributu aypara idi.

İslam və türk aləmində isə ayparanın məzhəb və dövlət rəmzi kimi tanınması Osmanlı imperiyasının banisi Osmanın (1258-1326) adı ilə bağlıdır. Əvvəllər belə hesab edilirdi ki, 1453-cü ildə türklər Konstantinopolu tutduqdan sonra şəhərin rəmzi olan aypara emblemini də qəbul etmişlər. Ancaq sonrakı tədqiqatlar göstərdi ki, türklər hələ Konstantinapolu tutmazdan xeyli əvvəl – XIV əsrin əvvəllərindən öz piyada qoşun bayraqlarında bu rəmzdən istifadə edirmişlər. Belə halda türk ayparası Bizans ayparasından fərqli bir mənşəyə malik olur. Ayparanın mənşəyinə dair Osmanlıların özlərinin də belə bir sülalə rəvayəti vardır: Osman bir gün bir şeyxin evində qonaq olur. O, gecə şeyxlə yanaşı yatarkən yuxuda görür ki, şeyxin döşündən aypara çıxır. Aypara böyüyüb bədrlənmiş aya çevriləndə onun öz döşünə daxil olur. Bundan sonra Osmanın belindən bir ağac çıxıb böyüməyə başlayır. Ancaq böydükcə bütün dünyanı öz yaşıl yarpaqları və gözəl budaqları ilə örtməyə başlayır. Ağacın altında Osman dörd dağ zirvəsini – Qafqaz, Atlas, Tavr və Balkan dağlarının zirvəsini görür. Bu dağların ətəklərindən dörd çay – Dəclə, Fərat, Nil və Dunay çayları öz başlanğıcını götürürdü. Çöllərdə bol məhsul, vadilərdə günbəzlərinin üzərində aypara və ulduz rəmzləri olan şəhərlər, bu rəmzlərlə bəzədilmiş qalalar görünürdü.

Birdən budaqlardakı yarpaqlar dartılaraq, iti qılınclara çevrilirlər. Külək qalxır və onları iki dənizin, iki qitənin qovşağında yerləşən və brilyant üzüyə bənzəyən Konstantinapol şəhərinə tərəf aparır. Osman bu üzüyü barmağına taxmaq istəyərkən yuxudan oyanır. Osman öz yuxusunu şeyxə danışır. Şeyx bu yuxunu Osmanın nəslinə hakimiyyət və şöhrət gətirəcək tale yuxusu kimi yozur və öz qızını Osmana ərə verir. Bu rəvayətin başqa bir variantında isə deyilir ki, Osman yuxuda, Şərqdən Qərbə doğru yönəlmiş aypara formalı iki buynuz görmüşdür. Hər halda Osmanın yuxusu çin olur və onun varisləri Osmanın fütuhatçılıq yürüşlərini davam etdirərək, Osmanın yuxusunda gördüyü əraziləri fəth edirlər. Həmin dövrdən də aypara rəmzi osmanlıların hərbi və dəniz bayraqlarında, minarələrin başında həkk olunaraq, Osman imperiyasının simvoluna çevrilir. XV əsrdə Osmanlı sultanı özünü bütün müsəlman aləminin himayəçisi və bir növ xəlifəsi elan etdikdən sonra isə aypara rəmzi digər müsəlman ölkələrində də yayılaraq, islamın da simvolu kimi qəbul olunmağa başlayır. Hal-hazırda aypara rəmzi Türkiyə ilə yanaşı bir çox başqa müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin, Tunisin, Mavritaniyanın, Malayzanın, Pakistanın, Sinqapurun, Azərbaycanın, Özbəkistanın və s. dövlətlərin də bayraqlarını bəzəyir. Ancaq islamın qədimdən güclü olduğu ölkələrdə (Məsələn, Səudiyyə Ərəbistanı, İran, Suriya, İraq, Misir, Yəmən və s.) aypara təsviri qədim islam ənənələrindən kənar hesab edildiyinə görə həmin ölkələrin bayraqlarında bu rəmzlər yoxdur.

Filologiya üzrə elmlər doktoru

Kamil Hüseynoğlu

Tarix
2013.11.09 / 00:00
Müəllif
Kamil Hüseynoğlu
Şərhlər
Digər xəbərlər

Yunus Əmrənin ləqəbinin mənası nədir?

Bu savadsız “alimlər” Novruza fars ünsürləri saldı – Professor

Ruhların Yer kürəsinə gəlişi – Maraqlı

Novruz bayramı: Avropanın böyük səhvi - Araşdırma

Alp Ər Tonqa əslində kim idi? - Araşdırma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla