Yuxarı

Bu qəza Çaldıran döyüşündən bəri Osmanlıdadır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(“Qənirə Paşayeva ilə addım-addım Elazığ”)

Əvvəli burada

QALAÇA ÖNÜNDƏ, TƏNDİR BAŞINDA

Dönüb də maraqla baxıram elə; qalaça önündə, ocaq başında əlində kəfkiri, öndə qazanı bişirib-düşürən o ana kimdir? Hardan tanış gəlir, doğma görünür? Kökü hardan gəlib Ağın köyünə, Ağın qəzasına – biləydim barı... Sonsuz maraq hissi məni tarixə çəkir, çəkir; 1514-cü ildə baş verən Çaldıran savaşından sonra Osmanlı torpaqlarına qatılıb bu qəza. Elazığdan 77 km-lik bir məsafə var Ağına.

Alacaqaya qəzası isə Elazığın 85 kilometrliyindədir. Özünəməxsus, bənzərsiz mərmər yataqlarına sahiblik edir. Murad Xan adını daşıyan tarixi abidə burda yer alıb. Mərkəzindən 3 km kənarda Gölalan gölcüyü aynalanıbdır. Bir təpə döşündə meşə kölgəsində süslənib evlər. Dağlar bircü-bürcü, dərələr növ-növ.

Bir azca kənardan Arıcaq qəzası çəkir könlümü. Mərkəzdən 112 km-lik bir məsafədədir. Sərin axar sular məskənidir Arıcaq. Deyirlər ki, Kərbəla müsibətindən sonra Mustafa Çələbinin körpə övladları gəlmiş bu yerə. Sonra tayfa savaşları başlamış. Mustafa Çələbi Palu hakimi Qara Cümşüd bəyin himayəsini qəbul edib. Çaldıran savaşına qədər Arıcaq qəzası Mirvari olaraq tanınmış, Osmanlılar dönəmində Karabegan adıyla isimləndirilmiş, 1987-ci ildən hazırkı adı verilib.

Elazığın ən yüksək dağı olan Hacı Ali dağı Arıcaq sınırlarından keçir. Baskil qəzası isə Elazığa ən yaxın olanıdır. Cəmi 38 km məsafə ayrılığı var. Tarixi izləri ilk tunc çağınacan uzanıb gedir. Ərik bağlarıyla şöhrətlənib. Baskil ilə Battalqazi arasındakı Karaqaya Baraj gölü üzərindən Kömürxan körpüsü uzanıb gedir. Düz 60 m hündürlüklə 2030 metr bir məsafəni birləşdirir. Haraoğlu və Hacı Mustafa dağları ilə çevrələnib.

Karakoçan qəzası isə bir təbiət möcüzəsidir. Mərkəzdən 104 km uzaqlıqdadır. Burdan dağ keçisi adlayıb keçər. Hüsnü könül çəkər Pəri çayının. Golan Camlığı, Bəyaz Çeşmə Mesire yeri, Gözəl Baba Ormanı bu yerlərin əzəl bəzəyidir, bilənlər bilir. Müalicə əhəmiyyətli mədən suları məşhurdur əzəldən el arasında.

Bal festivalı hər il burda keçirilir. Eləcə də Sarıcan mədəniyyət və sənət festivalı hər il təkrarlanır. Pamuqlu köyündə isə adətdir, qurular Yaz festivalı.

Elazığ mərkəzinin 48 km-də yer alan Keban qəzası Türkiyənin ən böyük baraj gölü olan Keban Barajın adıyla şərəflənib. Bura əsasən X əsrə aid məskunlaşma ərazisi kimi də tanınır. Bu yer dəmir, qurğuşun mədəni, məskəni kimi tanınır. Dünyanın ikinci ən böyük təsisi olan Ferro Krom Təsisləri isə Kovancılar qəzasında yer alıb. Mərkəzdən 65 km kənardadır. Şənova kəndində “Anıt ağacı”, Payamlı, Sürəkli, Daşqanaq kəndlərində şəfalı suların sayı bilinməz.

Maden qəzası Səlcuqluların at oylağı, yar seyrargahı olub, sonralar Yavuz Sultan tərəfindən Osmanlı torpaqlarına qatılıb. Mədəniyyət və təbiət muzeyi olan bir yerdir. Çitli Höyüşü və Şeyx Məhəmməd Katta türbəsi, Saat qülləsi tarixin bir yaddaş boxçası kimi... Bir gözəl təpənin boyunca evlər və yaşıl ağaclar qol-qola verib!

Sənə gəlirəm tarix! Səndən söz açıram Palu qəzası... Sən Şumer dövrünün yadigarısan. Çubukoğullarının və Balak Qazinin bəylik mərkəziydin illər öncəsi! Səndən Dulkadıroğullaırının, Ağqoyunlulu, Səfəvilər və Osmanlı idarəçiliyinin ətri, qoxusu ürpərir. Kəhraba rəngli təpəliklərindən boylanıb baxanda diqqəti çəkən 8-9 tağlı o böyük körpü eynən Xudafərini gətirir göz önünə...

SƏNDƏN SÖZ AÇMIŞAM, SƏNDƏN, SİVRİCƏ...

Bir ayrı yerin var könlümdə sənin... Elazığdan keçib də 30 km-lik bir məsafəni sənə yürüyüncə yaşadıqlarım dünya gələ-gələ çıxmaz yadımdan. Tale qardaşısan sən də Palunun. Çaldıran ağrısı keçib canından. Səndən boylanıram Baba dağına. Tam bir turizm məskənidi qoynun əzəldən. Bizim Kəlbəcərin ətəklərinə bənzəyən hüsnünə aşiqdi könlüm. “Götür məni uzaqlara” duyğusu ruhuma yelpik çəkir. Bütün təbiət aşiqlərinə “Gəlin ey, gəlin, siz də görün, bu gözəlliyi dərk edin, yaşayın” səslənişimi boğa bilmirəm.

ŞUŞAMIN RUHUNCA...

Bir şeirdə deyilənlərdi: “Döysən Qarabağda sən bir uşağı muğamat üstündə ağlar deyirlər”. Elazığda musiqi sənətinə böyük diqqət gördüm. Eynən bizim doğma Azərbaycanın hər güşəsində olduğu kimi. Buradakı musiqi konservatoriya dərnəyində 300 musiqisi bir arada fəaliyyət göstərir. Klassik musiqiyə, xalq havalarına xüsusi bir münasibət var.

ALLI-GÜLLÜ LEYLA...

Elazığın “çit baskıçılığı” məhsullarına göz yetirə-yetirə bu qədim el mahnısını gümüldənirəm iç dünyamda. Pambıq parça üzərində salınan naxışlar nənəli dünyama qaytarır məni. Hər naxış ruh birliyimizin bir yeni ilməsi, bağı kimidir. Qars və İsparta çevrələri boyunca da eynən Elazığda olduğu kimi “çit” sözü işlənər bizdəki kimi. 200 illik tarixi var Elazığda bu sənətin. Elə gözəl və incə yaylıqlardır ki... Elazığ bələdiyyə yetkililərinin hədiyyə etdiyi gözəl yaylığı elə oradaca başıma örtüb onlara təşəkkür, nənələrimizin ruhuna dua oxuyuram. Tarixən hər bir Türk elinin özünəməxsus, xüsusi qonaqqarşılama adəti olub. Bu sırada Elazığın öz seçimi var; ən əziz qonağa papaq (şapka) hədiyyə edirlər - qeyrət, mərdlik simvolu olan papaq... “Elazığ papağı (şapkası)” adıyla məşhurdur. Hədiyyə edilən Elazığ papağının mənə çox yaraşdığını dedilər.

Burada xalçaçılığın qədim tarixi var. Xana arxasında, kirgit əlində əyləşən analar nənəmə bənzər, ilmələr eləcə vurular yenə, çeşnilər, naxışlar sıx-sıx salınar. Elazığda 1962-ci ildən bəri xalçaçılıq məktəbləri fəaliyyətdədir. Səlcuqlular dönəmi motivləri heç unudulmayıb. Meşəli, Goran (bu coğrafi ad eynən bizdə də işlənir: Goran, Goranboy ərazi adları var) Şəfək, Halköyü, Dişidi xalıları adla deyilir.

ELAZIĞIN BAZAR BAŞI

Çeşidli qab-qacaq muzeyi kimi açılır önündə Elazığ bazarları. Misdən tökülüb bu əl işləri. Ya gildən yapılan bardaqlar nə çox... Yan-yana düzülüb su bardaqları. İynə oymasıyla naxışlanıbdı bu tül pərdələrin bəti-bənizi. Bu gəbə, bu kilim gül açıb yenə. Xəyallanıram: “O gülün birin üzəydim, saçlarıma düzəydim...” Əlindəki çuvaldız, çəkic, mismarı tikdiyi çəkmənin boyuna ölçən çəkməçi qardaşım, işlər necədir? Ay ağac oyması üstə tər tökən naxışçı qardaşım, bazarın varmı? Satdığın təsbehlə nə niyyət tutum, təsbehçi qardaşım, əlinə sağlıq! Budu, gəlib çıxdıq şənlik üstünə... “Halay”la başlanıb... Sonra “Çayda çıra” oynanacaq, eyy... Bir adı “Mumlu mani»di... Öndə şam qoyulmuş tabaqlar durur. Elə ki, püfləndi qara zurnalar, hər əldə bir şamın şöləsi gedər.

İsti təndirlərin çörəyi xoşdur... Halallıq tökülür ana əlindən.

150 çeşidlik yemək növüylə dosta qapı açır süfrələr burda. Könlün nə istəyir, dilə, hazırdır; Qabırğa dolması istə, - “baş üstə”, Harput küftəsinə qonaq ol, balam. Bu, qatıqlı qovurma, bu, ayranlı şorba, Harput küftəsi... İçli küftəninsə yeri ayrıdır. Kəs Taş əkməyindən, dolanger gör necə zərif bükülüb. Pendirli əkməyin ləzzəti ayrı... Uluslararası Xəzər şeir axşamlarının tarixindən söz açırıq. “Çayda çıra” film festivalının ənənələrindən danışırıq. Xəzər gölü Su idman yarışları, Bal festivalı, sənət şənlikləri haqqında olan söhbətlərimiz uzanıb gedir... Səfər çərçivəsində Fərat Televiziyasının canlı yayımında qonaq olduq, yerli mətbuata müsahibə verib, Azərbaycan, Dağlıq Qarabağ, Xocalı həqiqətləri barədə də geniş müzakirələr apardıq. Görüş və müzakirələr başa çatdıqdan sonra geri dönməyin zamanı yetişdi...

KEÇMİŞ XATİRƏLİ, BU GÜN ƏTİRLİ...

Fikirləşirəm: “Hələ yolların səbr, inad, istək, sevgi, inam istəyən nə qədər yoxuşu var... Bəzən körpü oluruq, üstümüzdən keçir zaman. Nə yazmaqla bitəsi, nə deməklə qurtarasıdır”. Elazığın enişli-yoxuşlu yolları bütün doğmalığıyla gözlərim önündən burulub keçir. Xalq şairi Rəsul Rzanın misralarını xatırlayıram:

Mənə elə gəlir ki,

Yüz min illik olsa bu yol

Yenə keçərdim onu yorulmadan.

Həsrətilə sürünə-sürünə,

yeriyə-yeriyə.

Üzümü qoyardım

ən adi, tozlu torpağına.

Yurdum! – deyə,

Anam! – deyə.

Bundan beləsini özüm düzüb-qoşuram: “Göylərinin gözəlliyi, dağlarının özəlliyi heyran qoydu məni, Elazığım... Sən necə də gözəlsən, sən necə də qocamansan və necə də cavansan belə.... “Yaraşıqlı, çiçəkli, qoynu nur çeşməli dünyamsan. Keçmiş xatirəli, bu gün ünvanlı, gələcək soraqlı” Elazığım mənim. “Baxdım sənə heyran-heyran... Baxdım, qəlbimə bahar gəldi, torpağa bahar gələn kimi”.

Qədim-qayım Türk dünyasının yolçuluğuna çıxmışam: Qədəm-qədəm, addım-addım. Ustadlar-ustadı Yunis Əmrənin səfəröncəsi qutlamasının hər şərtinə etina edirəm başdan-binədən. Dedikləri dil əzbərimdir Elazığ yolları boyu:

Hər kimə ki, dərvişlik bağışlana,

Qəlbi gedə pak ola, gümüşlənə.

Nəfsindən müşki-ənbər qoxuya,

Budağında meyvəsi gümüşlənə...

Qəlbimizin paklaşmaq, ruhumuzun tarixə qovuşmaq hücrələrindən biridir Elazığ. Tarixinə bələdlik hər şeydən öncə Məcnunluq istər. Gərək vurğunu, qədirbiləni, vəfadarı olub gələsən, çörəyini kəsib, suyundan içəsən və hər anı sənə xoş gələ. Və qiyamət gününəcən bu əhd-peymana, doğmalığa sadiq yaşayasan.

Tarix
2017.01.24 / 09:09
Müəllif
Qənirə Paşayeva
Oxunub
4 647
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla