Yuxarı

Şok! Şok! Şok! Axırda da hülü şəftəli

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk televiziyalarından və mətbuatından düşük bir şey öyrənmişik: «Şok! Şok! Bir azdan!», «Şok, Şok! Sabahkı sayımızda!», «Şok! Şok! Şok! Yumurtanın içindən iki sarı çıxdı». «Şok! Şok! Şok! Axırda da…»

Yanvarın 24-də çox hörmət elədiyim, ölkədəki az-çox ciddi saytlardan biri saydığım «moderator.az»da belə bir «Şok! Şok!»la rastlaşdım. Heç demə, Fransada Babək haqqında yeni bir sənəd tapıblar. Sənəd də nə sənəd? Bilmirəm, hansısa bir tarixçi və yaxud Qulu Xəlilovun sözü olmasın, tarixə kərkinənlərdən biri Babək haqqında ağlına gələnləri yazıb və bizim hörmətli tədqiqatçılarımızdan biri də o sənədi bəh-bəhlə çap edib.

Elə xırda bir detalı qeyd edim. Həmin o tarixə kərkinən (adı var ey, yadımda saxlamadım, çünki mənasız ad olduğundan) qeyd edir ki, Babəkə Azərbaycan və Ermənistan kəndliləri kömək edirdi. Ay bu «şok»u üzə çıxarıb bizə təqdim eləyən tədqiqatçı dostum, heç olmasa bu məsələyə bir münasibətini bildir də. IX əsrdə Ermənistan vardı? Ermənistan tasrağagün olub ey. Bunu qoyduq bir kənara.

Heç demə Babəki şeytan yoldan çıxarıb, şeytanlarla oturub-durubmuş. Nə bilim şeytan cənab Cəbrayılın sifətində gəlib Babəkin yanına ki, Allah sənə peyğəmbərlik verib. Cənab Cəbrayıl ölmüşdü ki, şeytan onun işinə qarışaydı? Şeytanın çəkib ciyərini çıxarardı. Bir yerdə Afşin az qalıbmış Babəki tuta bir qoca peyda olur, Afşinə deyir: «Bu adama rəhm eləmə, o da Həsənlə Hüseyni öldürənlərdəndir». Afşin də Həsənlə Hüseynin adını eşidən kimi başlayır hönkür-hönkür ağlamağa, özünə gələndə görür ki, Babək qaçıb, heç demə onu da şeytan aldadıb.

Mən dini məsələlərə qarışmaq istəmirəm, çünki mütəxəssis deyiləm. Amma az-çox mən də «Tarixi-Nadir»i oxumuşam, hələ üstəlik Yunus Oğuzun «Nadir şah»ını da.

Əvvəla, Həsən və Hüseyni öldürənlərin nəsli idi xəlifə Məmun da, Mötəsim də. Afşin də onlara qulluq edirdi. Əgər Afşin qurban olduqlarım Həsən və Hüseyni belə çox sevirdisə istefa ərizəsini yazıb çıxıb gedərdi də, niyə Həsən və Hüseyni sevənləri qılıncdan keçirirdi? Söhbət Babəkin hansı məzhəbə qulluq etməyindən getmir, amma Babəkin qərargahı onda da, indi də şiyələrin yaşadığı ərazidi. Nə isə.

Elə öz içimizdə Babəki qılıncdan keçirənlər, Babəki nüfuzdan salmaq istəyənlər nə qədər desəz var. Hər gün də mətbuatda belə yazılara rast gəlirik. Özü də bu yazını yazanlar sıradan insanlar deyil. Heç demə, biri də Fransada peyda olubmuş və indi məlum olur ki, Babək hətta şeytanlarla oturub-durubmuş. Yəni, qısası, şeytan oğlu şeytanmış. Və biz də bu şeytan oğlu şeytanı sevirmişik.

Dərdə bax, millətə bax, zillətə bax, dirilərdən ölülər feyz alacaq. Az qala XXI əsri yarılamışıq, sabah yox, o birisi gün XXII əsrdi, camaat Marsda futbol oynayır, Günəşə kəllə atır, təzə planet kəşf edir, biz də cindən-şəyatindən danışırıq. Cinin şəklini çəkib paylaşırıq, cinlər haqqında məqalələr yazırıq, məzhəb davası aparırıq, hansısa müğənninin geyimini müzakirə edirik, divara düyü dırmaşdırırıq, yumurtanın üstündə bərk-bərk araşdırma aparırıq görək üstündə «Allah» sözü yazılıb, yoxsa yox.

Və sonda. Babəkin İslam dininə qarşı vuruşduğunu ön plana çəkən üzdəniraq tarixçilərimizə onu da xatırladaq ki, əvvəla, Babəki kiçiltməyin, nə din? Babəkin hərəkatı bir Azadlıq hərəkatıdı, işğala qarşı savaşdı. Cəfər Cabbarlı «Od gəlini»ndə Elxanın diliylə deyir ey, hər gələn deyir azadlıq gətirmişəm, istəmirəm sənin gətirdiyin azadlığı.

Babək öz azadlığını istəyirdi, indi Suriyaya, İraqa, Liviyaya, Yəmənə, Fələstinə gətirilən azadlığı istəmirdi.

Şok! Şok! Şok! Yox bir, hülü şəftəli!

Tarix
2017.01.26 / 15:28
Müəllif
Aqil Abbas
Şərhlər
Digər xəbərlər

Prezident: Qurbana zəng edin, deyin ki...

Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!

Kamal Abdulla bu yazını dərc olunmağa qoymadı

Pah, dünya dağıldı: rüşvət, korrupsiya...

Aqil Abbas Alışanova nahaq yerə təşəkkür etdi

Bakılı-rayonlu davası...

Olmayan Ağdam və olan Tovuz…

Ata milyonlarından imtina edən oğul

Ovladılar Tükiyəni tədbir ilə...

Şəhid talışların ruhuna

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla