Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Ermənilər hər gecə əlaqəyə çıxır bizimkilərlə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz dastanı...

"Cəmi bir avtomat, iki daraq götürüb gedəndə. Heç kəsə də bir söz deməyib. Keçib ermənilər tərəfə, birinci məntəqədə dörd nəfər keşik çəkirmiş, bir göz qırpımında dördünü də gəbərdib. Sonra onların silahını, qumbarasını götürüb, bir az da içəri gedib. Növbəti məntəqədə 8 ermənini cəhənnəmə vasil eləyib. Belə-belə, 5 məntəqə keçib, 40-a yaxın erməni öldürüb. Axırda hərbi hissəyə hücum çəkib. Ermənilər nə illah eləyiblər, öhdəsindən gələ bilməyiblər. Çarəsiz qalıb, hərbi təyyarələri göyə qaldırıblar, tanklarla, toplarla bütün ordu Mübarizin üstünə gəlib. Mübariz gecə səhərə qədər ordunun qarşısını kəsib tək canıyla, 80 erməni öldürüb. Axırda onun səngər qurduğu ətrafı bütünlüklə şumlayıblar.

Bilirsən Mübarizin meyitini niyə vermirlər? Çünki onun meyitini tapa bilmirlər. Mübarizin olduğu istiqamətdə hektarlarla ərazi büsbütün şumlanıb, ordan meyit tapılar? Hələ çox adam şübhələnir, deyirlər ki, Mübariz ölməyib, Qarabağdan Ermənistan tərəfə adlayıb. Ermənilər bu faktı gizlədirlər, ancaq dəyiblər bir-birlərinə, hər yerdə Mübarizi axtarırlar…"

Mübariz İbrahimov haqda ilk eşitdiyim rəvayət bu oldu – Gəncədə danışırmışlar…

***

"Cəmi 6 ay idi yaxındakı hərbi hissəyə dəyişmişdilər. Bircə dəfə çıxmışdı Naftalana, əsgər yoldaşlarıyla gəlmişdi. Ötəri gördüm, yadımda qaldı: boy-buxun, əzələ… Dəmir kimi oğlan idi, onu yaddan çıxarmaq olar? Elə uşaqlar adamın yaddaşına ilişib qalır!

Ermənilər hər gecə «ratsiya» əlaqəsinə girirlər bizimkilərlə. Müxtəlif səslər çıxarırlar, sonra da deyirlər ki, sizin ana-bacılarınız, Xocalıda əsir aldığımız qadınlardı, gətirmişik beş addımlığınıza, gözünüzün qabağında zorlayırıq. Uşaqlar danışır ki, ermənilər hər dəfə belə eləyəndə, Mübariz özünü saxlaya bilmirmiş, kənara çəkilib əsəbdən tir-tir titrəyirmiş, saatlarla özünə gələ bilmirmiş.

Ermənilər növbəti dəfə “ratsiya” ilə yenə qadın səsi çıxaranda Mübariz avtomatını da götürüb, heç kəsin xəbəri olmadan aradan çıxıb. Bizim əsgərlər atəş səsi, bir də “ratsiya”nın o başında qadın səsi çıxaran erməninin xırıltısını eşidiblər. Yalnız onda baxıblar ki, Mübariz yoxdu. Hay-haray düşüb, birdən “ratsiya”dan Mübarizin səsi gəlib. Uşaqlara mövqedən bir addım da kənara atmamağı əmr edib – Mübariz məntəqədə növbə çəkənlərin komandiri olub. Uşaqlar deyir ki, bu əmr olmasaymış, digər 6 əsgər də qarşı tərəfə keçəcəkmiş. Doğrudan elədi, mən o uşaqları yaxşı tanıyıram – hamısı əjdahadı!..

Hə, Mübariz bu əmri verəndən sonra deyib ki, mən getdim qisasımı almağa, sizsə vaxtınızı gözləyin. Yarım saat keçməmiş erməni tərəfdə dəhşətli atışmanın getdiyinin şahidi olublar. Atışma səhərə qədər davam eləyib. Deyirlər, səhər açılandan sonra da ara-sıra atışma səsləri gəlirmiş. Ona görə hamı elə bilir ki, Mübarizi ələ keçirə bilməyiblər. Bəlkə də elədi…"

Bunu Naftalanda, yaxınlıqdakı hərbi hissədə ciddi əlaqəsi olduğundan hamının həqiqəti bilmək üçün başına yığışdığı keçmiş döyüşçü danışırmış…

***

"Hər şey əsgərin ölümündən başlayıb. Ermənilər yenə atəşkəsi pozublar, snayperlə Mübarizin əsgər yoldaşlarından birini vurublar. Əsgər lap uşaqmış, 18 yaşında, Mübariz də dözməyib. Götürüb, komandirə bir məktub yollayıb. Yazıb ki, bilirəm, mənə görə səni çox incidəcəklər, mümkünsə, məni bağışla. Sonra ata-anasına, doğmalarına məktublar göndərib. Yəni hər şeyi əvvəlcədən planlaşdırıb, gecənin bir aləmi avtomatını götürüb, adlayıb düşmən tərəfə – əsgərinin qisasını almağa. Döyüşçü yoldaşları deyir ki, əsgər yoldaşının ölümündən sonra Mübariz özünə yer tapmırdı, deyirdi, əsgər komandirə amanatdı, bu müxənnətlər gözümüzün qabağında uşağı öldürdülər; cəzasını alacaqlar!

Təkbaşına bir neçə məntəqə alıb, ermənilərdən xeyli adam qırıb. And içibmiş ki, ölənədək vuruşacaq. Vuruşub da! Güc-bəla ilə Mübarizi zərərsizləşdirə biliblər.

Bilirsiz, Ağdərə əməliyyatında mən də iştirak edirdim – Maşallah müəllimin dəstəsində. Dəstəmizdə bir Çopur Akif vardı, yerlim idi. Döyüşün qızğın vaxtında onu vurdular. Geri çəkilmə əmri gələndə istədim Çopurun meyitini götürüm, amma fikrimdən daşındım. Dedim, onsuz da ölüb, ona görə özümü güdaza verə bilmərəm ki!

Demə, biz döyüş meydanından geri çəkilən kimi xüsusi təyinatlılar hücuma keçibmiş. O vaxtlar eləydi – ən kritik məqamlarda xüsusi təyinatlılar girirdi, 1-2 saata strateji yerləri götürüb təhvil verirdi bizim batalyonlara, dərhal da çəkilirdi, düşməni oturdandan sonra yaralıları, meyitləri də çıxardılar. Bizim Çopuru da onlar xilas etmişdi. Sən demə, ölməyibmiş, yaralanıbmış.

18 il keçib bu hadisənin üstündən, az qala hər gün Çopurla rastlaşırıq küçədə; hər dəfə də gülə-gülə söz atır ki, məni düşmən əlində qoymuşdun ha!

Bu vaxta qədər bircə dəfə də olsun bu hadisəyə görə narahat olmamışam. Daxilən, içimdə həmişə özümü haqlı sayırdım. Ancaq Mübarizin hərəkətindən sonra dərk elədim ki, 18 ildi özümü aldatmaqla məşğulammış, öz canımın hayına qalıb dostumu, kəndçimi düşmən əlində qoymuşammış. 18 il dildə çox görünür – əslində, bir göz qırpımında keçib-gedib. Nə dəyişib ki həyatda! Heç nə! Bir 18 il də beləcə keçib gedəcək, mən də öləcəm. Ancaq necə öləcəm? Xəstə, bəlkə də ümidsiz, düşük vəziyyətdə. Hardasa bir adam da tapılacaq, deyəcək ki, əşşi, gorbagor olsun Oqtayı – qorxaq, gərəksiz zavallının biriydi, öz yaralı dostunu düşmən əlində buraxıb tülkü kimi aradan çıxmışdı… İndi qanıram ki, Allah mənə də Mübariz kimi ölmək fürsəti vermişdi – döyüşə-döyüşə, mərd-mərdanə. Bu fürsəti dəyərləndirə bilmədim.

Mübarizdən sonra utanıram, Allah haqqı utanıram – Çopurdan da, camaatımızdan da! Bircə təsəllim var, bəlkə Allah Mübariz kimi ölmək şansını mənə bir də qismət elədi…"

Bunu, yaşının çox olmasına rəğmən fiziki imkanlar baxımından Mübariz İbrahimovdan heç də zəif görünməyən, başı, boynu və qol əzələsinin ölçüsü arasında fərq olmayan, keçmiş döyüşçü yoldaşlarının da qatıldığı Goranboydakı məclisdə gözləri nəm çəkən Oqtay danışırmış…

***

"Ermənilər bilirsiz Mübarizin meyitini niyə vermirlər? Çünki dəhşətə gəliblər ki, necə ola bilər, bir nəfər azərbaycanlı girir ermənilərin içinə, minə qədər əsgər qırır, erməniləri zəlil eləyir! Deyirlər ki, ermənilər xaricdən mütəxəssis gətiriblər, Mübarizin meyitini tədqiq eləyirlər. Bilmək istəyirlər ki, Mübariz nə qanı daşıyıb, damarında axan nə olub, ürəyi necədir! Yəni inana bilmirlər dünyada belə adamın olmağına. Ona görə meyiti vermək istəmirlər. Hələ deyirlər ki, Mübarizin qanından dərman düzəldib öz əsgərlərinə vurmaq istəyirlər, onlar da Mübariz kimi olsun deyə!

Daha fikirləşmirlər ki, çaqqala nə qədər canavar qanı vurursan, vur, xeyri yoxdur, çaqqal elə çaqqal olacaq! Canavar olmaq üçün canavar doğulmaq lazımdı. Hələ o çaqqallar bizim canavarlarımızdan birini gördülər. İnşallah, qoy, döyüş başlasın, Mübarizləri görüb dəli olacaqlar!.."

Bunu Yardımlıda mənə danışırdılar…

***

İndi Şəkiyə gedirəm – şübhə eləmirəm ki, orda da Mübariz haqda qeyri-adi söhbətlərin şahidi olacağam.

Hələ 21-ci yüzildi!

Hələ Mübariz qəhrəmanlığından bizi bir neçə həftə ayırır!

Hələ həqiqəti göstərən, yazan bu qədər kütləvi informasiya vasitələri var!

Amma xalq yazılanlara inanmır – düşməni duyuq salmayaq deyə, Mübarizin bir çox qəhrəmanlıqlarının yazılmadığını, deyilmədiyini, göstərilmədiyini düşünür.

İyirmibirinci əsrdə, gözümüzün qarşısında bir İGİD Əfsanələşir, Mübariz Əfsanələri yaranır.

Bu, bir xalqın öz tarixinə, ənənəsinə, təfəkkürünə uyğun yanaşmasıdır!

Bu, bir millətin az qala 100 ildi almaq istədiyi ÖCün başlanğıc səsidir!

Bu, torpağı işğal altında olan bir xalqın arzularına gedən yoldur; Xalq onu öz arzularına doğru aparan hər bir İgidini yüz illərlə bax, beləcə yaşadır, yaddaşına ömürlük həkk edir – Babək kimi, Koroğlu kimi, Qaçaq Nəbi kimi…

Ermənilər bir müddət «ratsiya» əlaqəsinə girib qadın səsləri çıxarmaqla üzbəüz mövqedəki Azərbaycan əsgərlərinin heysiyyatıyla oynamayacaqlar; gənc, sütül, bığ yeri yenicə tərləyən əsgərlərə snayperdən atəş açmayacaqlar…

Bir müddət!

Bu «bir müddət»in ömrü növbəti Mübariz İbrahimova qədərdir! Çünki Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov hamının qarmaqarışıq təsəvvür etdiyi Uğur zirvəsini göstərdi, özünü əbədi məşələ çevirib görə bilmədiyimiz qaranlıqları işıqlatdı!

İndi, görürsünüzmü o yanan məşəli? Mübarizin işıqlandırdığı yolu necə?..

Haydı, İşığa Doğru!..

Lent.az

2010

Tarix
2018.02.07 / 10:35
Müəllif
Anar Yusifoğlu
Oxunub
13 131
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Anar Yusifoğlunun Əli Həsənova – Şok müraciəti

Qoy, azərbaycanlılar məni bağışlasın… - Rus polkovnik

Bizi yerdən əzizlərimiz götürür...

Ölümə qarşı bir can kimi...

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Bu xoşbəxtlik uğrunda ölmək…

Niyə belə etdin ki!..

Ən qiymətli qızıl medal

Türkü və kürdü hər yerdə öldür!

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla