Yuxarı

Onun böyük ürəyi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyirxahlıq həyatımızın əbədi, ali məqsədidir.

L. N. Tolstoy

Ön söz əvəzi

2004-cü il mayın 1-də yeganə oğlu Orxan beyin qansızmasından dünyadan köçdükdə onun həyatı birandaca söndü. Gənc heç 30 yaşına çatmamışdı. O vaxtdan həyat Zərifə Quliyeva üçün “ondan əvvəl” və “ondan sonra”ya bölünüb.

Nə gizlədim, bu güclü, özünə inamlı qadın hansı andasa sındı, bütün həyat eşqini itirdi, özünə, duyğularına qapandı. Gündüzlər dişini dişinə sıxıb adam arasına çıxır, işə gedir, gecələr isə göz yaşlarına qərq olaraq uzun, həsrət və şəfqət dolu məktublar yazırdı, o dünyaya – oğluna. Yaşanmış faciədən baş çıxarmaq, oğlu ilə həyatlarında nəyin nə zaman səhv olduğunu anlamaq istəyiylə. O, dəfələrlə son çarəyə əl atmaq istəmiş, zira dünyada ən çox orada, öz Orxanının yanında olmağı arzulamışdır. Yalnız sevimli nəvəsinin yoxluğunu elə onun kimi acılarla keçirən yaşlı anasına gərək olmasının dərki onu bu yoldan saxlamışdır...

Xoşbəxtlikdən, yaxınları – bacısı və böyük qardaşı yanında idi. Bir də tale Zərifəyə arxa olan, onu həyata qaytaran, qüvvət verən gözəl qadın simasında bir Mələk göndərdi. Adının çəkilməsini istəməyən bu təvazökar xanım indi də ona arxadır...

Uzun aylardan sonra Zərifə nəfəsini tıxayan acı qəhəri udmağı bacardı və mövcudiyyətini sürdürməyə özündə güc tapdı.

Köklər

Zərifə xanımın atası – Quliyev Rzaqulu Hüseyn oğlu – qeyri-adi qabiliyyətə malik adam idi. Belələri üçün “özü-özünü yapıb” deyirlər. Əslən Qərbi Azərbaycanın Sisyan rayonundan olan bu nəcib insan qaçqınlığın acısını uşaq yaşlarından yetərincə dadmış, üç yaşında ikən atasını, bir il sonra isə anasını da itirmiş, lakin doğmaları və iradəsi sayəsində həyatda qalmışdır. “Atamı, Sisyandan faciəvi şəkildə didərgin düşdükdən sonra sağ qalmış bibim böyütmüşdür, - xatırlayır Zərifə xanım. – Ehtiyac içində yaşayırdılar, atam erkən yaşlarından varlıların təsərrüfatlarında muzdurluq edir, bibimin ailəsinə kömək etmək və öz qarnını doyurmaq üçün gecə-gündüz çalışırdı. Kənddə yalnız ibtidai sinifləri bitirə bildi, orta təhsilini isə artıq yetkin yaşlarında, Naxçıvanda başa vurdu”.

Rzaqulunun atası – Hüseyn ümummilli liderimiz Heydər Əliyevin anası İzzət xanımın doğma qardaşı idi. İzzət xanım uzun illər vətəndaş müharibəsinin od-alovunda həyatlarını itirmiş bacı və qardaşlarının xiffətini çəkib. Ona görə qardaşı uşaqları – Rzaqulu, Humay, Fatmayla gözlənilməz görüş ona tam mənasiyla həyat verdi. O onları öz böyük ailəsinə qəbul etdi. Rzaqulunun yeri isə onun üçün xüsusi idi. Dəfələrlə söylədiyi kimi bu uşaq onun üçün həlak olmuş qardaşlarının əvəzi idi. Rzaqulu onların evində, Naxçıvanda yaşamağa başladı, bibisinin təkidi ilə artıq yeniyetmə ikən İzzət və Əlirzanın uşaqlarının oxuduğu, internasional deyilən 1 nömrəli orta məktəbə daxil oldu. Oranı 1939-cu ildə, 24 yaşında bitirdi. Əlbəttə təhsillə yanaşı işləyirdi də, o zamanlar böyüklər ana-ata əlinə baxmağı ayıb sayırdılar.

Mən yenə də Zərifənin atası haqqında söhbətini dinləyirəm. “Atam gecələr çalışır, vaqonları boşaldırdı, günəmuzd işləyirdi. Gündüzlər isə oxuyurdu. Nəhayətdə ali təhsil aldı, yüksək vəzifələrə nail oldu. Və bütün bunlara öz əməyilə əldə etmişdi. Sonralar o, bütün həyatı boyu çətinliyi olan insanlara kömək edirdi. Çünki özü çox əziyyət çəkmişdi.

Uşaqlarına həmişə deyərdi: “İnstituta oxumağa gedəcəksiniz, işləyəcək, insanlarla münasibətdə olacaqsınız. Unutmayın hansı nəsildənsiniz və kimin qohumusunuz. Kiçik sözlə, xırda bir hərəkətlə belə, Heydər Əliyevlə qohumluğumuza ləkə gətirməməlisiniz”.

Heydər Əliyev uzun illər təhlükəsizlik orqanlarında birgə işlədiyi dayısını çox sevirdi. Rzaqulu müəllim 67 yaşı tamam olmamış vaxtsız vəfat edən zaman Heydər Əliyev Rzaqulu Quliyevi 2-ci Fəxri xiyabanda bütün əsgəri ehtiram qaydaları ilə dəfn etmək sərəncamı vermiş, özü tabutun altına girmiş, vida mərasimində ailə adından çıxış etmişdi.

Ata oğul və qızlarına tez-tez öz uşaqlığından söhbət açır, işində uğur qazananadək keçdiyi çətinliklərdən danışırdı. Rzaqulu müəllim uşaqlarına deyirdi: “Sizə bunları danışıram ki, başa düşəsiniz: siz də çətinliklərdən keçməlisiniz, amma öz əməyinizlə, uğuru himayə hesabına əldə etməməlisiniz. Mənə ümid bağlamayın. Öz ağlınızla yaşamağa öyrənin”. Bu dərsləri gənc Zərifə bütün ömrü boyu unutmadı...

Zərifənin anası – Zəri xanım İbrahimova əslən Naxçıvanda məşhur olan müəllim ailəsindən idi, atası Mirzə İbrahim kifayət qədər elmli insan olub. Zəri xanım tibb texnikumunu bitirib, lakin işləmək ona nəsib olmayıb, belə ki 18 yaşında ikən Rzaqulu müəllimə ərə gedib. Uşaqları dünyaya gəlib və Zəri xanım özünü büsbütün ailəsinə həsr edib.

“Anam iradəli, prinsipial, əməksevər və çox intizamlı qadın olub. Atam bizi belə öyrədib, - Zərifə xanım 2016-cı ilin sonlarında İctimai televiziyada gedən “Yadigarlar” verilişində xatırlayır. – Evimizdə həqiqətən hərbi intizam hökm sürürdü. Atam rayondan qayıdan zaman (Rzaqulu Quliyev Azərbaycan DTK rayon bölmələrinin rəisi işləyirdi) biz uşaqlar yerimizdə qımıldanmırdıq. Çörəyini yeyib, istirahət etməmiş heç kəs ona yaxın durmağa ürək etmirdi.

Atamın həmişə xidməti maşını, bəzən hətta ikisi olub. Lakin o, heç vaxt bunlardan şəxsi məqsədlər üçün istifadə etmir, deyirdi: “Siz o biri uşaqlardan artıq deyilsiniz. Hər yerə piyada getməlisiniz. Sizdən yoxsul, daha çox ehtiyacı olanlar var. Bunu yaddan çıxarmayın və özünüzü buna müvafiq surətdə aparın”. Bizi həm də hamıdan sadə geyindirirdilər ki, heç kəsdən seçilməyək. Atam bizi düz danışmağa, maneələr qarşısında geri çəkilməməyə öyrədirdi. O xalqa, dövlətə sədaqətlə xidmət edir, bizi də bu ruhda tərbiyə edirdi.

Bəzən məndən soruşurlar, -- “Atandan sənə nə qalıb?”Və mən cavab verirəm: “Atamdan mənə yaxşı ad qaldı”. Hara isə gedirəm, ağzımdan Rzaqulu Quliyevin qızıyam çıxan kimi, dərhal atam barədə xoş sözlər eşidirəm. Hətta, heç vaxt onun üzünü görməyən ikinci, üçüncü nəslin nümayəndələri belə onun haqqında atalarından eşitdiklərini söyləyirlər. İşimlə əlaqədar hansı rayona getsəm, hər yerdə atamı tanıyan, yaxud onun haqqında eşidən insanlarla rastlaşıram. Mən bununla fəxr edirəm. Muzeylərə, Heydər Əiyev mərkəzlərinə gedirəm, ümummilli liderin atamla şəkillərini görürəm. Bunlar ürəyimi qürur hissiylə doldurur”.

Həyat universitetləri

“Biz uzun müddət Naxçıvanda yaşamışıq, - deyə Zərifə xanım söhbətinə davam edir. – Atam Ordubadda, Noraşendə, muxtar respublikanın digər rayonlarında DTK-nın rayon bölmələrinin rəisi olub. Sonra cənub zonasında Əli Bayramlıda xeyli işlədi. 1969-cu ildə mən məktəbi elə orada bitirdim. Atam uşaqların tez-tez məktəb dəyişməsinin əleyhinə idi. Deyirdi: qoy mən çətinlik çəkim, qoy həftədə, on gündə bir mən sizin yanınıza gəlim, uşaqlar isə narahatlıq keçirməməlidirlər. Bax mən 1-dən 4-cü sinfə qədər Naxçıvanda, 5-dən 11-ci sinfədək isə Əli Bayramlıda oxumuşam. Məktəbi qızıl medalla bitirdim. Atamın arzusuyla həkim oldum, amma jurnalist olmaq istəyirdim. Gənclik çağlarımdan jurnalistikaya həvəs göstərir, divar qəzetinə məqalələr yazırdım, elə inşalarım da sinifdə hamınınkından fərqlənirdi. Amma atama “yox” deməyə ürək eləmədim, sənədlərimi Tibb institutuna verdim.

Zərifə böyük həvəslə oxuyur, gecələr histologiya, anatomiya dərslikləri üzərində yorulmadan çalışır, gündüzlər tələbə auditoriyalarında olurdu. İnstitut bitirərkən ortaya ixtisas seçimi məsələsi çıxdı. Onun məşhur qohumu Şamama Ələsgərova qıza ginekoloq olmaq, uzun illər rəhbərlik etdiyi Krupskaya adına doğum evində internatura keçməyi təklif edirdi. Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım istəyirdi ki, adaşı göz həkimi peşəsini seçsin. Amma Zərifənin ürəyincə daha çox can həkimi ixtisası idi. Öz əmək fəaliyyətinə 5 nömrəli klinik xəstəxanada elə bundan da başladı. Lakin 1984-cü ildə onun həyatı istiqamətini kəskin dəyişdi. Zəhmətsevər, insanlarla münasibət qurmağı bacaran, fəal vətəndaş mövqeyi ilə seçilən qız Azərbaycan KP MK-sində diqqəti cəlb etdi. Və ideologiya üzrə MK katibi Ramiz Mehdiyev söhbət üçün onu yanına dəvət etdi.

Görünür o söhbətin nəticəsindən razı qalmışdı, belə ki Zərifə Quliyeva tezliklə Nizami partiya rayon komitəsinə baş təlimatçı təyin edilmiş və 1989-cu ilədək orada səhiyyə, təhsil, mədəniyyət məsələlərinin kurasiyası ilə məşğul olmuşdur. Bu böyük idarəçilik təcrübəsi, əhalinin ən müxtəlif təbəqələri ilə ünsiyyət təcrübəsi olmuşdur və Zərifə xanım bunu böyük minnətdarlıqla xatırlayır. Az keçmiş o, ideologiya şöbəsinin müdir müavini olur və şübhəsiz partiya xətti ilə daha yuxarılara qalxacaqdı, əgər Heydər Əliyevin Siyasi Büronun üzvlüyü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefası olmasaydı. Bundan sonra respublikada Əliyev kadrlarının əməlli başlı “təmizlənməsi”nə başlanıldı. Onun qohumlarını da işdən çıxarırdılar. 1989-cu ildə növbə Zərifə Quliyevaya çatdı. Biləndə ki, onun yeganə “günahı” qəzəbə tuş gəlmiş Siyasi Büro üzvünün qohumu olmağıdır Zərifə xanım qısa və tutarlı cavab verdi: “Əgər məni Heydər Əliyevin adına görə vəzifədən götürürlərsə, mən bununla ancaq fəxr edə bilərəm. Bu mənim üçün böyük şərəfdir”. Və artıq söz demədən işdən çıxmaq haqda ərizə yazmışdır.

1987-ci ildən ailənin həyatında ağır sınaqlar dövrü başladı. Bəzi tanışlar Zərifə xanımla salam-kalamı kəsmiş, onu gördükdə isə küçənin o biri tərəfinə keçməyə tələsmişlər. Zərifə xanım bir müddət işsiz dolaşmış, sonra isə Keşlə maşınqayırma zavodunda 17№-li Tibbi-sanitar hissənin müdiri olmaq təklifini qəbul etmişdir. Zərifənin seçmək imkanı yox idi: anası, həmçinin oğluyla azyaşlı bacısı qızı gözlərini ona dikmişdilər. O, ailənin yeganə çörəkgətirəni idi. Çox olub ki, işdən çıxıb (zavod Moskva prospektində yerləşirdi, indi – Heydər Əliyev prospektidir), cibində əlinə xırda pul dəyib və qərara gəlib: yaxşısı budur evə piyada gedim. Maaşa qədər olan-qalan xırdaya isə 2 çörək alaram. Və Gənclik meydanında DTK işçilərinin evi yerləşən dairəyəcən bir neçə kilometr piyada gedirdi. XX əsrin 60-cı illərinin sonlarında atasına bu binada mənzil vermişdilər, Zərifə xanımın bütün ömrü elə bu binada keçmişdir. Buranı heç bir “Novostroyka”ya dəyişə bilməmişdir, axı ata evində hər xırda şey, hər xırda əşya ona valideynlərini və həyatdan vaxtsız köçmüş oğlunu xatırladır.

Zərifə xanım ümumiyyətlə çox sadiq insandır, seçdiyi prinsiplərə heç vaxt xəyanət etməz. 1992-ci ildə Naxçıvanda “Yeni Azərbaycan” partiyası yaradılanda, Zərifə xanım onun ən fəal təbliğatçılarından biri olmuşdur. O, Keşlə maşınqayırma zavodunda “Yeni Azərbaycan” partiyasının özəyini təşkil etmişdir. Sonra isə Xeyrulla Hümbətov adlı tanış cavan oğlanla (bu gün o, Azərbaycan dəmir yollarında “Yeni Azərbaycan” partiya təşkilatına başçılıq edir) Moskva prospektində yerləşən digər zavodlarda elə bu cür özəklər yaratmağa başlayır. Bir-birinin ardınca şifer, lampa, EVM zavodlarını, ət kombinatını və başqa müəssisələri dolaşır, fəhlələri yeni təşkilata yazılmağa təşviq edirdi. Partiyaya Heydər Əliyevin başçılıq edəcəyini eşidib, “Yeni Azərbaycan”a həvəslə üzv olurdular. Yorulmaq bilməyən zavod tibbi-sanitar hissə müdirinin fəaliyyətini isə bədxahlar diqqətlə izləməyə başlamışdılar. Bir dəfə axşamdan keçmiş Zərifə xanım zavodun giriş qapısından çıxarkən peysərindən taxta çubuqla güclü zərbə aldı. Qadın az qala huşunu itirəcəkdi. Sonra bir neçə gün evdə, başında güclü ağrılarla yataqda qaldı. Ayağa qalxdıqda isə təşviqat üzrə fəaliyyətini daha artıq fəallıqla davam etdirdi. Və düşmənlər ürəklərində zahirən incə, zərif qadının mərdliyinə heyran qalaraq geri çəkildilər.

Qəhrəmanımın hələ partiya işi zamanlarından qoşulduğu ictimai fəaliyyətinə toxunmaya bilmərəm. 1992-1993-cü illərdə Zərifə xanım zavod fəhlələrinin qan verməsini təşkil etdi, Qanköçürmə institutu ilə razılaşdı, səyyar həkim briqadaları yaratdı. O zaman onun təşəbbüsü ilə bu aksiyada minlərlə adam iştirak etdi, bunun nəticəsində cəbhə qospitallarına tonlarla qan göndərilirdi. Aksiya iki ilə yaxın – düz 1994-cü ildə atəşkəs elan olunanadək davam etmişdir.

Heydər Əliyevin hakimiyyətə qayıtmasının mənim qəhrəmanım üçün əsl bayram olduğunu söyləməyə ehtiyac yoxdur! Onun fəaliyyətinin yeni, daha məhsuldar dövrü başlandı...

1995-dən 2006-cı ilə kimi Zərifə xanım Nəsimi rayonu səhiyyə şöbəsinin müdiri işləmiş və onu tanıyan insanların söylədiyinə görə götürdüyü vəzifə yükünün öhdəsindən böyük ləyaqət və şərəflə gəlmişdir. Bu və ya digər problemlərinin həllinə (təkcə müalicə sarıdan yox) real şəkildə kömək etdiyi insanların sayı isə yüzlərlədir. O, çox şeyi vəzifə səlahiyyətlərinə görə deyil, qəlbinin çağırışına görə edib. Buna bir misal: 1994-cü ildə Bakı metrosunda baş vermiş partlayışda gənc qız nişanlısı ilə həlak olmuşdu. Qızın anası Nəsimi rayonu ərazisində yaşayırdı və 1995-ci ildə buranın, həssaslığı haqqında çox eşitdiyi yeni səhiyyə rəisinin yanına gəlir. O vaxt çətin dövr idi və ana Zərifə xanımdan xahiş edir ki, qızının qəbri üstünün götürülməsi üçün icraiyyə nümayədənlərindən kiməsə zəng etsin. Zərifə heç kimə zəng vurmur və həlak olmuş gənclərin qəbir üstünü öz vəsaiti hesabına layiqli şəkildə götüzdürür. Zərifə xanımın tamamilə tanımadığı insanlara bu cür təmannasız yardımından saatlarla misal çəkib danışmaq olar...

Səhiyyənin rayon bölmələrinin ləğv edilməsindən sonra Zərifə Quliyevaya Bakıda məşhur “Gözəllik İnstititutu”na rəhbərlik təklif edildi. Bununla yanaşı, Bakıda SEBA adında ilk şərq təbabəti klinikası yaradılırdı. Orada yüksəkixtisaslı Koreya həkimləri çalışırlar. Zərifə xanım bu tibb müəssisəsini bina edənlərdəndir və indi də ona rəhbərlik edir. Klinika çox populyardır və təkcə Bakıda yox. Bir misal çəkim: mənim “İlham Əliyev. Prezidentin dəyişikliklər fonunda portreti” kitabımın Moskvada təqdimat mərasimində məşhur Beynəlxalq münasibətlər institutunun rektoru Anatoliy Torkunov iştirak edirdi. İxtisasca o, koreyaşünasdır. Və Azərbaycanda müxtəlif sahələrin inkişafından danışarkən Anatoliy Vasilyevich 10 il ərzində çoxprofilli müalicə müəssisəsinədək genişlənmiş SEBA klinikasını ən xoş sözlərlə xatırladı. Bir çox məşhur həkimlər bu klinikada işləməyi özlərinə şərəf bilirlər və əsas odur ki, Koreyadan dəvət olunmuş mütəxəssislər məşhur şərq təbabətinin ən qabaqcıl metodlarını tətbiq edirlər.

Xeyirxahlıq etməyə tələsin!

Xatirimdədir, məşhur sovet dramaturqu Mixail Roşinin pyesi belə adlanırdı. Sanki bu pyes Zərifə Quliyeva barəsində yazılıb. O, uzun illərdir ki, xeyriyyəçiliklə məşğuldur. Və onun çoxşaxəli fəaliyyətinin bu yönü haqda Nəsimi rayonundakı bir çox ictimai təşkilat rəhbəri – istər Qarabağ əlilləri təşkilatı olsun, istər “Çernobıl əlilləri ittifaqı” ictimai birliyi – minnətdarlıqla xatırlayır. Məsələn, bu ittifaqın Nəsimi və Səbail filiallarının sədri Xələf Nəcəfov deyir ki, Zərifə Quliyeva həmişə -- qəmdə də, sevincdə də çernobılçıların yanında olub. O, Çernobıl AES-də qəzanı aradan qaldıranların bir çoxunun ailəsini şəxsən tanıyırdı, onlara maddi sarıdan yardım edirdi, paytaxtın tibb müəssisələrinə pulsuz müalicə, sanatoriyalara putyovkalar təşkil edirdi. Bayramlarda isə onlar üçün həmişə süfrə açırdı. Və bu ünsiyyət bu günəcən davam edir.

Respublika “20 Yanvar” ictimai təşkilatının Nəsimi rayonu filialının sədri Tofiq Allahverdiyevin söylədikləri:

“Zərifə xanım haqqında saatlarla danışa bilərəm, heyf ki, məqalənizin həcmi hər şeyi təfərrüatı ilə danışmağa imkan vermir. Onun kimilərini əvvəllər “şəfqət bacısı” adlandırırdılar. O, bu gün də problemlərimizlə maraqlanır, hər il yadetmə günlərində xeyriyyə aksiyaları təşkil edir. Mənim isə əsl xilaskarım olub: 2015-ci ildə səhhətim kritik idi. Diabetlə bağlı ayaqlarımın amputasiyası məsələsi ortaya çıxmışdı. Onda məhz Zərifə Quliyevanın vaxtında yardımı və dəstəyi sayəsində bəladan qurtula bildim. Mən bu qeyri-adi qadına ömrümün sonunadək minnətdar olacam. Bilirəm ki, həyatının müxtəlif illərində əl tutduğu onlarla, bəlkə lap yüzlərlə insan sizə buna bənzər hadisə danışa bilər”.

2008-ci ildə Zərifə xanım Nəsimi rayon Ağbircək və Fəal Qadınlar Şurasının sədri seçildi. Oradakı fəaliyyəti ilə o, Nəsimi rayonu icra hakimiyyəti başçısının (Milli Məclisin deputatı Nəsib Məhəmməliyev 10 ilə yaxın bu təşkilata rəhbərlik etmişdir) həqiqətən əvəzedilməz köməkçisi və məsləkdaşı olmuşdur. Həmkarım Zərifə Quliyeva haqqında danışanda üzünə təbəssüm çökür: “Zərifə xanım rayonun bütün ictimai işlərində təkcə fəal iştirak etmirdi, həm də bir çox humanitar xətlə xeyriyyə layihələrinin təşəbbüsçüsü idi. Biz onunla həm də bir insan kimi yaxın olduq, çünki baxışlarımız, dövlətçiliyə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideallarına münasibətimiz uyğun gəlirdi. O, bu ideyalara fədakarcasına sadiq insandır, başlıcası isə bu idealları səmimiliklə yayır ki, bu da simpatiya doğurmaya bilməz. Təəssüf ki, bu gün bizdə mesenat və xeyriyyəçilər azdır. O isə həyatda bir çox insanlara, xüsusilə xəstə və tənha insanlara, şəhidlərə, Qarabağ əlillərinə dəstək olmuşdur. Onun çox prinsipial və aydın vətəndaş mövqeyi var. Dəstəkləmədiyi heç bir humanitar təşəbbüs olmamışdır. O öz vətəndaşlıq borcunu 100 faiz yerinə yetirmişdir. Sonsuz dərəcədə xeyirxah, şəfqətli insan, önündə baş əyiləsi qadındır. Ümumiyyətlə isə o, çox vaxt əsl kişi kimi rəftar edir. Mən onun qəlbinin genişliyinə sadəcə heyrət edirəm. Bir də, o öz xeyirxah hərəkətlərini heç vaxt gözə soxmurdu. Bu özü də bizi yaxınlaşdırırdı”.

Nəsib Məhəmməliuevin son sözlərini şəxsən təsdiq edirəm. Qəribə işdi: mən Zərifə Quliyevayla kifayət qədər sıx-sıx ünsiyyətdə oluram, müxtəlif tədbirlərdə, ailə çevrəsində görüşürəm. Lakin ondan öz ünvanına tərifli bir söz yaxud xeyriyyəçiliklə fəal surətdə məşğul olmasına bir eyham belə eşitməmişəm. Halbuki, nə gizlədim, “mesenat” adlandırılan başqası kiməsə beş-on qəpiklik nə isə edir, sonra aləmə öz əlaçıqlığından car çəkir. Zərifə isə xalq məsəlində deyildiyi kimi, başqa prinsiplə yaşayır: Yaxşılıq et, at dənizə. Xalq bilməsə, xaliq bilər”.

“Yeni Azərbaycan” partiyası Nəsimi rayon təşkilatının rəhbəri Məlahət İbrahimqızı uzun illərdir ki Zərifə Quliyevayla tanışdır. O mənə bunları dedi:

“Mən Zərifə xanımı 30 ildən artıqdır ki, tanıyıram.... Hələ 1985-ci ildən o, Nizami rayon Kommunist Partiyasında baş təlimatçı idi... Həmin illər idi ki, gənc mütəxəssis kimi partiya sıralarına qəbul olunmağımda, eləcə sonrakı fəaliyyətimdə onun çox ciddi dəstəyini gördüm. Ürəyi çox kövrək və insanlara diqqəti ilə seçilən, Zərifə xanım öz işində hədsiz məsuliyyətli, ciddi və tələbkar idi. Tale elə gətirdi ki, hər ikimizin ictimai-siyasi və əmək fəaliyyətimiz bugünədək paralel davam edir. İlk gündən onu insanlara dəstək verməkdən zövq almaqdan yorulmayan br insan kimi tanıdım. Ən çətin və ziddiyyətli dönəmlərdə, qərəzlərin və ədalətsizliklərin onun özünə qarşı da olduğu dövrdə o, başqalarına kömək edirdi, əl tuturdu... Məhz o çətin, anarxiya və xaosun hökm sürdüyü 1987-1993-cü illərdə Zərifə xanımın qətiyyətini, prinsipiallığını, mövqeyini, mərdliyini və sədaqətini gördüm... Biz gənclər Zərifə xanım kimi (baxmayaraq onun özü də gənc idi) insanların köməyi və cəsarəti ilə o zamanlar ayaqda qala bildik. O bu gün də eyni prinsip, amal və əqidə ilə çalışır, fəaliyyət göstərir..”.

Təəccüb edirəm: bu qadın hər şeyə necə vaxt tapır! Həm iki klinikaya rəhbərlik edir, həm ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, həm də xeyriyyəçiliklə məşğul olur. SEBA klinikasında ona baş çəkirsən, elə bil Smolnıya düşürsən: baş həkimin kabineti taybatay açıqdı, Zərifə xanım eyni vaxtda iki telefonla danışır, paralel olaraq personala tapşırıq verməyə imkan tapır. Pasientləri qarşılayıb yola salır, o yandan da bu və ya digər otaqların yenidən təchiz edilməsiylə məşğul olan təmir briqadasına rəhbərlik edir.

Bunlar azmış kimi, bir də “Yeni Azərbaycan” partiyasının bütün tədbirlərində iştirakı! Yeri gəlmişkən, Zərifə xanım partiyanın 5 qurultayında və Azərbaycan qadınlarının 4 qurultayında nümayəndə kimi iştirak etmişdir. 2014-cü ildə isə YAP Qadınlar şurasının konfransında Zərifə Quliyeva bu təşkilatın idarə heyətinin üzvü seçilmişdir.

“Yeni Azərbaycan” partiyası Qadınlar şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva öz məsləkdaşı haqqında belə deyir:

“Hər bir insanın xarakteri – onun ailədə tərbiyəsinin nəticəsidir. Siz Zərifə xanımın hansı ailədə böyüdüyünü bilirsiniz. Təmkinli, dözümlü insanlar adətən çox dərin olurlar. Onlar hər insana düzgün qiymət vermək qabiliyyətinə malikdirlər. Və bunu səssiz-küysüz, təlaşsız edirlər. Mən uzun illərdir ki, Zərifə xanımı məhz bu cür tanıyıram. Onu təmkinliliyi ilə yanaşı, insanlara, ölkəsinə, Azərbaycan rəhbərliyinə böyük sevgi fərqləndirir. O, satqınlığı, paxıllığı qəbul etmir, etibarsız insanları həzm edə bilmir. O, ədalət və həqiqət uğrunda böyük mübarizdir. Və eyni zamanda, təbiətcə çox həssas və incə xarakterə malikdir.
Zərifə Quliyeva uzun illərdir ki, YAP fəalıdır, həmişə bu və ya digər tədbirin reallaşmasına kömək, yardım etməyə hazırdır. Və bunu həmişə təmənnasız edir. 2016-cı ilin aprelində cəbhədə döyüşlər zamanı Qadınlar şurasının idarə heyəti üzvləri yaralılara baş çəkmək üçün hərbi hospitala yollandılar. Əlbəttə, bu hadisələr hamını həyəcanlandırmışdı, lakin Zərifə xanım göz yaşlarını saxlaya bilmirdi. Bununla belə o, döyüşçülərlə elə ürəkdən, elə ruh yüksəkliyiylə danışırdı ki, yaralılar cavabında bizə deyirdilər: sağalan kimi dərhal cəbhəyə yollanacağıq.

Biz ümumiyyətlə onunla cürbəcür situasiyalarda – rayonlarda, müxtəlif görüşlərdə, siyasi aksiyaların keçirilməsində olurduq. Bilirsiniz, o, bu görüşlərdə insanların ürəyinə çox tez yol tapır, çünki həmişə səmimi, özü kimi olur. Zərifə xanım bütün qəlbi ilə Azərbaycan təbiətinin, insanlarımızın vurğunudur, dövlətçiliyimizlə fəxr edir. Və mənə çox xoşdur ki, məhz onun kimi – biganə olmayan, səmimi, fəal vətəndaş mövqeyinə malik adamlar “Yeni Azərbaycan” partiyası Qadınlar şurasının idarə heyətində mövcuddur”.

Son söz yerinə

Bununla belə, Zərifə Quliyeva bu qədər sevdiyi jurnalistikaya gəldi. O, məqalələri ilə dövri mətbuatda tez-tez çıxış edir, ölkənin müxtəlif ictimai və siyasi məsələləri ilə bağlı müsahibələr verir. Bundan başqa, onun tərəfindən, həyatdan vaxtsız köçmüş oğlunun xatirəsinə dörd kitab yazılmışdır. Bu kitabları oxumaq mümkün deyil, hər səhifəsi olmazın əzab və iztirabı təcəssüm etdirir. Orada Zərifə Orxanın şeirləri də var (o, oğlunun adını özünə təxəllüs kimi götürmüşdür), onlar da bir o qədər kəskin-kədərli və eyni zamanda onun nəsri kimi işıqlıdırlar.

…Müxtəlif ictimai və dövlət təşkilatlarının, kütləvi medianın, eləcə də “Yeni Azərbaycan” partiyası rəhbərliyinin Zərifə xanım Quliyevaya layiq gördüyü bütün mükafatları, fəxri fərmanları sadalamayacağam. Bu ictimai etirafdır, bu məhəbbətdir, əlbəttə, bunlar onun qəlbini isidir. Fəqət, bu dünyada yalnız bir şey ona rahatlıq gətirə, gözlərində məskən salmış əbədi kədəri sovuşdura bilər.

Mən inanıram ki, nə zamansa o “bir şey” baş verəcək. Ümid edirəm ki, Zərifə xanımın yeganə nəvəsi Ayxan, kiminlə ki onu körpəlikdən qəddarcasına ayırıb görməyə belə qoymayıblar, tezliklə cavan, müstəqil düşüncəli bir şəxs olacaq. Bir gün o, Zərifə xanımın yanına gəlib deyəcək: “Nənə, mən səni çox istəyirəm. Sən həyatda çox əziyyətlər çəkmisən, amma indi mən həmişə yanında olacam”. Və hərarətlə sevdiyi nəvəsinin bu etirafı nəhayət onu taleyin ziddiyyətləri ilə barışdıracaq, ömrünə uzun-uzun illər qatacaqdır. İnanıram ki, belə də olacaq!

Нələlik isə qəhrəmanıma həmişəki dözüm və mətanəti arzulayıram. Bir də insanlara xidmət etməyin çətin yollarını sonacan keçmək üçün möhkəm can sağlığı, uzun ömür. Zərifə xanım kimi insanlar ilıq, üryan qəlbləriylə həyatımızı daha işıqlı və daha təmiz edirlər. Axı bu dünya, necə olsa, kobudluq və kin üzərində yox, şəfqət üzərində dayanmışdır.

Tarix
2017.02.11 / 16:12
Müəllif
Elmira Axundova
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla