Yuxarı

Meriyada milyonlar yeyən gözəl necə həbs olundu?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğrudan oğruya halaldır?!

Dostum Tofiq Mamedovla, bir qayda olaraq, dənizkənarı bulvarda görüşürük. Bakı bulvarı bizim uşaqlığımızın, arzularımızın görüş yeridir. Hava yaxşı olanda, Bakı küləyi günəşin nəvazişi ilə əvəz olunanda, burda görüşməyi, dərdləşməyi sevirik.

Bu dəfə də söhbətləşmək, həm də çay içmək məqsədilə dənizkənarı bulvara gəldik. Təzəcə qış yuxusundan ayılmaqda olan bahar günəşi aləmi nura qərq etsə də, hələ qızdırmırdı, elə bil ki, donu təzə açılırdı. Onun şüaları dalğalarla oynayır, dalğalarsa göy qurşağının bütün rənglərilə günəşin nəvazişinə cavab verirdi. Sanki baharın gəlişindən sevinən qağayılar da dənizin sahilində əsil məclis qurmuşdular. Hava hələ soyuq olduğundan adam az idi. Biz həm sulara baxmaq, həm də “quş bazarı”nı seyr etmək üçün dənizə yaxınlaşdıq. Şıltaq Xəzər bu gün nisbətən sakit idi. Bayaqdan göy qurşağının hər rənginə çalan dalğalar burda, sahildə mazutdan qap-qara idi, dənizdən üfunət iyi gəlirdi. Ara-sıra sahilə doğru can atan dalğalar sanki öz görkəmlərindən utanır, tez də geri çəkilirdi. Xəfifcə əsən külək dənizdən gəlirdi və hər cür zir-zibili sahilə doğru sürükləyirdi. Qağayılar da deyəsən, məclisi yazın şərəfinə deyil, elə bu zir-zibilə görə qurmuşdular…

“Quş bazarı”ndan uzaqlaşdıq, söhbətləşə-söhbətləşə Hökumət Evinə doğru yollandıq. Ünvanımız dənizin sahilində yerləşən çayxana idi, orda yaxşı, mürəbbəli çay verilirdi. Sözümüz orijinal, hətta deyərdim ki, “ekzotik” bir mövzudan düşmüşdü, dahilərdən danışırdıq. Dostum Karl Marksı Allahın yaratdığı ən böyük dahi hesab edir, deyir ki, bu adamın beyni insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan gəmiyə bənzəyir. İstəsə, böyük alim, şair, hətta rəsam da ola bilərdi, amma inqilab yolunu seçdi, bütün ömrünü insan təfəkküründə bir inqilab olan “Kapital”a həsr etdi. Deyirəm hə də, onun davamçısı olan Lenin də böyük inqilabçı olub, dünyanın üçdən birində sosializm qurub. Dostum gülür, deyir Lenin doğrudan da, böyük adam olub, daim xaricdə yaşayıb, təhsil alıb, arabir də inqilabi məqalələr yazıb. Amma ömür boyu yeyib-içib, kef çəkib. Stalin də Bakıda neft milyonçularını soyub, pulunu Leninə göndərib. Deyirəm, bəs Rusiyada inqilab? Deyir, inqilabı Trotski öz tərəfdarları ilə həyata keçirib, Peterburqda “Qış sarayı”nı alıb. Bu vaxt Lenin xaricdə, Stalin sürgündə olub. Dərhal qayıdıblar, hazıra nazir olublar, sonra da Trotskini Rusiyadan qovublar. Qeyri-ixtiyari soruşuram: oğrudan oğruya halaldır?! Dostum gülür ki, bu, Leninin şüarıdır, o deyirdi ki, istismarçıdan istismarçıya halaldır...

Çayxanaya girib yerimizi rahatlayırıq, dəmli bir çay sifariş veririk. Çayçı oğlan stolun üstünü silir, mən isə söhbətimizin qırılmasına imkan vermirəm. Deyirəm, ay Tofiq, sən ömür boyu Moskva milisində çalışmısan, bu işlərlə yaxından tanışsan, yəni hər yerdə oğrudan oğruya halaldır, ya deyildiyi kimi, cinayət aləmində oğurlamaq haramdır?! Tofiq Mamedov bir anlıq fikrə dalır, adəti üzrə bir siqaret yandırır…

- Olsun ki, türmədə, həbs düşərgələrində və s. qapalı yerlərdə “oğrudan oğurlamaq haramdır” şərti saxlanılır, çünki sərt cəzalandırılır. Amma başqa yerlərdə, məsələn, kənd və şəhərlərdə yəqin ki, “oğrudan oğruya halaldır” prinsipi işləyir. Yaxşı yadımdadır, 90-cı illərin axırlarında, Moskva ətrafında, B şəhərində bu səpkidə qəribə, zəncirvari bir cinayət silsiləsi baş vermişdi. Əslində, bu hadisə hər yerdə, elə bizim Bakının özündə də baş verə bilərdi…

Bu zaman çayçı oğlan mürəbbəli çay dəsgahını gətirir. Səliqə-səhmanla hərəmizə bir çay süzür. Məxməri çay armudu stəkanlarda buğlanır, məni isə yeni “Milis hekayəsi” maraqlandırır. Səbirlə çayçının gəlməsini gözlədiyimiz kimi, getməsini də izləyirik. Sonra söhbətimizi davam etdiririk.

- Məlum olduğu kimi, 1996-cı ildə Rusiyada prezident seçkiləri keçirildi, kommunistlər məğlub oldu, Boris Yeltsin isə demokratların nümayəndəsi kimi yenidən dövlət başçısı seçildi. Təbii ki, dərhal mərkəzdə və əyalətlərdə demokratik islahatlar başladı və bunlardan biri də yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsi oldu. Moskvada, məlum olduğu kimi, keçmiş partokrat Yuri Lujkov mer seçildi. Moskva ətrafı şəhərlərdə də ona yaxın adamlar bu vəzifələrə gətirildi. Həmin dövrdə Moskva vilayətində sonsuz miqdarda sahibsiz torpaqlar vardı və Yeltsin dövrünün özbaşınalığından istifadə edən yerli hakimiyyət görünməmiş bir acgözlüklə bu torpaqları satmağa (sənədlərdə “uzun müddətli icarə” adlanırdı) girişdilər. Həmin illərdə torpaq satışından oğurlanan böyük pulları yalnız Rusiyada neft satışından qazanılan nəhəng pullarla müqayisə etmək olar. Məsələn, Lujkovun xeyir-duası ilə, həmin pulların tör-töküntülərindən faydalanmış vəzifəsiz Telman İsmayılov bir neçə ildə rəsmi milyarder olmuşdu. İndi gör vəzifəli cənablar nə qədər və nələr qazanıb?!

Deməli, həmin dövrdə Moskva ətrafında yerləşən B şəhərində Svetlana Gerasimova adlı gənc və gözəl bir qadın meriyada baş mühasib işləyirdi. Təbii ki, bu vəzifəyə gəlişində onun gəncliyi və gözəlliyi səbəb deyildi, yalnız vəsilə idi, Svetlana işini yaxşı bilirdi. Tez bir zamanda rəhbərliyin də, kollektivin də hörmətini qazanmışdı. Amma “bal tutuan barmaq yalayar” deyirlər. Svetlana da bir neçə ildə 5 milyon dollardan çox pul toplayır. Pulların mənbəyi haqda bilinən isə budur ki, əvvəllər baş mühasibin şəhər meri ilə yaxşı münasibətləri olub. Şübhəsiz ki, bu münasibətlərdə Svetlananın gəncliyi və gözəlliyi artıq vəsilə yox, əsas səbəb olub. Həmin vaxt Gerasimova şəhərin müxtəlif ərazilərində çoxlu torpaq sahələri əldə edə bilir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı Gerasimovanın məhkəmə çəkişmələri olub. Çox vaxt torpaqların başqa şəxslərə məxsus olması üzə çıxıb, baş mühasib məhkəmələrə çəkilib. Belə məhkəmə çəkişmələri uzun müddət şəhər və rayon məhkəmələrində araşdırılıb.

İddialara görə, Gerasimova Moskva meri Lujkovun yaxın çevrəsinə daxil olan şəxslə əlaqəsi hesabına əksər məhkəmə çəkişmələrindən qalib çıxıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi baş mühasiblə meriya rəhbərliyi arasında münaqişələrin yaranmasına gətirib çıxarıb. Mer mühasibini zəiflətmək istəsə də, gözəl qadına bata bilməyib. İddia edilir ki, torpaq söhbətinə görə onların arasında böyük davalar olub. Svetlana Gerasimovanın satdığı torpaq sahələrində isə villalar, mağazalar tikilib, hətta ticarət, istirahət mərkəzləri inşa edilib. Torpağı alan şəxslərə də vəd olunub ki, torpağın sənədləri onlara veriləcək, amma verilməyib. Çünki Gerasimova qazandığı pulları meriya rəhbərliyi ilə bölüşdürmək istəməyib. Torpaq sahibi biləndə ki, onun daşınmaz əmlakının yanından, məsələn, magistral yol xətt keçməlidirir, artıq gec olub. Həmin obyektlər sökülüb, mağazanın, ya villanın sahibi böyük ziyana düşüb. Amma baş verənlər Gerasimovanın torpaq biznesini davam etdirməsinə mane olmayıb. Və baş mühasib torpaq biznesindən milyonlarla gəlir əldə edib…

Burda Tofiq Mamedov sözünə ara verir, qara böyürtkan mürəbbəsindən qaşıqlayıb isti çaydan içir. Sonra sönmüş siqaretini yandırır, hiss olunur ki, yaddaşını səhmanlayır…

- Deməli, Svetlana Gerasimovanın Artyom Zubrov adlı ilk sevgisi olub, bir məktəbdə oxuyublar. Artyom Svetadan 3-4 yaş böyük olub, amma qəşəng oğlan gənc qızın saqqızını oğurlayıb. Sveta ona, necə deyərlər, qulaqlarının dibinə qədər vurulub. Hətta institutu bitirib evlənmək istəyiblər. Amma Artyom institutu bitirən kimi Dubaya, orda bizneslə məşğul olan atasının yanına gedib. Sveta isə öz gözəlliyi və qabiliyyəti hesabına irəliləməli olub, amma ilk məhəbbətini yaddan çıxarmayıb. Arada zəngləşiblər, görüşüblər, Sveta hətta bir neçə dəfə Dubaya səfər edib. Beləliklə, on ilə yaxın vaxt keçib. Gerasimovanın pullandığı və ilk məhəbbətini unutmağa başladığı məqamda Artyom gəlib çıxıb və qiyabi sevgilisinə əyani iş təklif edib. Konkret olaraq deyib ki, atam Dubayda biznesini genişləndirmək, brend ayaqqabı-paltar biznesini saxlamaqla, avtomomobil biznesinə keçmək istəyir. Bir sözlə, atamızla ikimizə 10 milyon dollar mayamız var, üçüncü olmaq istəyirsənsə, əsil fürsətdir. Sveta bir neçə dəfə Dubaya getmişdi, Artyomun atasının biznesi ilə yaxından tanış idi, onun Moskvada da butiklərinin olduğunu bilirdi, həm də Artyomla bir yerdə olmaq istəyirdi. Odur ki, dərinə getmədi, razılıq verdi. Təcili sənədləri hazırladılar və Sveta Dubay biznesində üçüncü oldu. Amma ruslar deyir ki, üçüncü həmişə artıqdır…

Sən demə, Artyomun Vətənə dönüşündə, B-yə gəlişində iş varmış. Onun atası artıq avtomobil biznesinə girişibmiş və əlində olan 5-6 milyonu bilmədiyi biznesin tanımadığı yollarında itiribmiş. Sadəcə olaraq, Dubayın «avtomobil əjdahalar»ı bazara «xam»ın girməsini narazılıqla qarşılayır və avtomobillərin satış qiymətini 5-10 faiz aşağı salır. Bu da Zubrovların biznesini məhv edir və onlara təcili «sponsor» (ruslar «lox» deyir) lazım olur. B şəhərinin yarısına atan, meriyanı əlində oynadan Svetlana Gerasimova da belə bir «sponsor» olur. Həmin vaxt başı məhkəmələrdən açılmayan və milyonlarını yaxşı yerləşdirdiyini güman edən Sveta çox gec ayılır. Bir gün görür ki, it də gedib, ip də. Ata-oğul Zubrovların Dubaydakı biznesləri böyük idi və onun çökməsi Rusiya mətbuatının diqqətindən yayına bilməzdi, Sveta da savadlı qadın idi, xəbəri eşidən kimi, təcili Moskvaya gedir və Zubrovun butiklərinin bağlandığını öz gözləri ilə görür. Təbii ki, məhkəmələrə müraciət edir, Moskva meriyasındakı tanışının yatağına girir, amma pullarını qaytara bilmir ki, bilmir. Belə ki, ata-oğul Zubrovlar ikili - Rusiya və BƏƏ vətəndaşlığına malik idilər və məhkəmələrin keçirildiyi müddətdə, sadəcə olaraq, Rusiyaya gəlmirdilər. Rusiya məhkəmələrinin çıxardığı qərarlar isə BƏƏ-də keçərli deyildi.

Sveta isə, təbii ki, dinc dayanmır, suda batan adam kimi, «saman çöpü»nə də əl atır. O zamanlar «Ded Xasan» ləqəbli məşhur qanun oğrusunun Moskvada, elə bütün Rusiyada «qanun» fırlatdığı zamanlar idi. Svetanın Moskvada olan imkanlı dostlarından biri onu Ded Xasanın adamları ilə tanış edir. Svetanı dinləyirlər və deyirlər ki, iş düzələn işdir, amma bir balaca xərci var. 100 min dollar, bir ay da vaxt lazımdır, yol uzaq, qiymətlər də bahadır. İntiqam hissi ilə yanan Sveta Moskvada yerləşən 3 otaqlı mənzilini satır və 100 min verir. Aylar, illər keçir, amma Ded Xasandan xəbər gəlmir. Günlərin bir günü Ded Xasanın özünü güllə ilə vururlar və Svetanın pulları ilə birlikdə ümidləri də batır…

Düzü eşitdiklərimə inana bilmirəm, deyirəm, yəni Ded Xasan da Zubrovlara bata bilmədi, Svetlananın 5 milyonunu ala bilmədi? Dostum gülümsəyir, siqaretin acı tüstüsünü ləzzətlə ciyərlərinə çəkir.

- O zaman digər məşhur qanun oğrusu Mixay hələ sağ idi və Dubayda günlərini sayırdı. Eşitdiyimə görə, Ded Xasan ona ismarış göndərir və Zubrovları sifariş edir. Doğrudur, Mixay ağır xəstə və cinayət aləmindən uzaqdı, amma Ded Xasanın sözünü yerə salmadı. Onun göstərişi ilə Artyomu Dubayda oğurladılar və 3 gün naməlum ünvanda məlum şəraitdə saxladılar. Sonra «butulka» ilə şəkillərini atasına göndərdilər və Svetlana Gerasimova məsələsinə görə Ded Xasanın 10 milyon istədiyini dedilər. Ata Zubrov dünyagörmüş adam idi, çətinliklə 7 milyon dollar düzəltdi və oğlunu xilas etdi…

- Bəs Svetlana, bəs onun pulları?!

- Pulları batdı, oğrudan oğruya halaldır, axı. Özünə gəlincə, eşitdiyimə görə, 2000-ci illərin əvvəllərində dələduzluq maddəsi ilə 7 il iş kəsiblər, indi çoxdan çıxmış olar…

Tarix
2017.02.22 / 14:46
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla