Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 İyun 2017


Tarixi qaynaqlar: Şah İsmayıla xristian demək...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şah İsmayıl şəxsiyyəti müasir mollalarla deyil, dövrün görkəmli fatehləri ilə müqayisə olunmalıdır.

Dünyada mövcud olan minlərlə xalq içində barmaqla sayılası xalqlar var ki, imperiya yaradıblar. Bunlardan biri də Azərbaycan türkləridir. XVI əsrdə dahi Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvi Səfəvi imperiyasını yaratmaqla Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil etdi. Səfəvi imperiyası Azərbaycan dövlətçilik tarixinin şah əsəridir.

Təəssüflər olsun ki, Səfəvilər dövrünün tədqiqatçısı olan və olmayan bəzi alimlər, xüsusilə də qeyri-tarixçilər Azərbaycan türklərinin yaratdığı bu imperiyanın üzərinə kölgə salmaqda, bu imperiyanın etnik və dini mahiyyətini təhrif etməkdə davam edirlər. Azərbaycan Səfəvi Türk Xanədanlığının dolayısı yolla iranlılara məxsus olduğunu iddia edirlər. Bu istiqamətli şəxslər Səfəvi imperiyasının mahiyyətini, dövlətin qurulmasında Azərbaycan türklərinin və qızılbaş əyanlarının rolunu, Azərbaycan əhalisinin minillərə söykənən davamlı dövlətçilik ənənələrini qulaq ardına vuraraq, dövləti yaradan Azərbaycan əhalisinin xidmətlərini arxa plana keçirir, Şah İsmayıl Səfəvinin etnik mənsubiyyətini və dini siyasətini primitiv üsul, fakt və metodlarla izah etməyə çalışırlar.

İstər dünya tarixçiliyində, istərsə də Azərbaycan tarixşünaslığında Azərbaycan Səfəvi imperiyasının etnik mənsubiyyəti, dini siyasəti, dövlətçilik sistemi haqqında ilkin mənbələrə əsaslanaraq yazılan yüzlərlə əsərlər var. Bu tarixi əsərlərdə Səfəvi imperiyasının qurucularının etnik mənsubiyyətinin və bürokratik sisteminin Azərbaycan qızılbaş türkləri olduğu birmənalı qəbul edilib, dövlətin dini təməlinin müasir İran şiəliyindən tamamilə fərqlənən – qızılbaşlıq-imamilik ideologiyası olduğu əsaslandırılıb.

Bu dövləti Azərbaycan türklərinin yaratdığını, dövlətin etnik sisteminin davamlı olaraq türk bürokratiyasından formalaşdığını və dini siyasətinin müasir İran şiəliyindən uzaq olduğunu əsaslandırmaq üçün bəzi tarixi qaynaqlara istinad etmək məcburiyyətindəyik.

Səfəvi dövlətinin qurucusu olan Şah İsmayılın ulu babaları olan Ərdəbil şeyxlərinin Cənubi Azərbaycanın Ərdəbil şəhərində yaşadıqları məlumdur. Təvəkkül ibn İsmayıl ibn Bəzzazın 1358-ci ildə tamamladığı “Səfvət əs–səfa” əsərində Şah İsmayıl Səfəvinin ulu babası Şeyx Səfiəddin “Ey piri-türk”(ey türk müqəddəsi), “türk gənci”, “türk oğlu” kimi göstərilib.

XVI əsrdə yazılmış “Aləm aray-i Səfəvi” adlı qaynaqda isə qeyd olunur: “Şeyx Zahid Gilani Şeyx Səfinin gəldiyini biləndə adı Şeyx Cəmaləddin olan böyük oğluna dedi ki, ey oğul, get bu gün içərisində cavan türk (Şeyx Səfiəddin) namaz qılır, ona de ki, ağam Şeyx Zahid səni çağırır”.

XVI əsrdə Şah Təhmasibin sarayında olan Venesiya səyyahı Mikel Membre də öz “Səyahətnamə”sində Azərbaycan əhalisini “sufilər”, yaxud “qızılbaşlar” adlandırıb.

V.V.Bartold qeyd edir ki, “Bu Ərdəbil dərvişləri şübhəsiz fars deyil, türk mənşəli idilər”.

XVIII əsr osmanlı mənbəsi “Zühuri-dövləti-Səfəviyan” əsərində Səfəvi dövlətinin Azərbaycan dövləti olduğu qeyd edilib: “...Sultan Bəyazid Vəli həzrətlərinin zamanında şərq məmləkətlərindən Azərbaycan ölkəsində Səfəvi şahları dövlətinin banisi olan Şah İsmayıl ibn Şeyx Heydər Cəmşid taxtına əyləşərək, Səfəvilər dövlətinin yaranmasına bais oldu”.

Qeyd edək ki, hətta İran tarixçiləri də Səfəvi dövlətinin yaranmasını fars dövlətçiliyinə və farsçılıq dünyagörüşünə vurulan zərbə kimi qiymətləndirirlər. İran tarixçisi Nəsrulla Fəlsəfi qeyd edir ki, “Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı... Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın fars əhalisindən yüksəkdə tutur, onları həqarətlə tatlar və taciklər adlandırırdılar”.

İslamın şiə məzhəbinin siyasi gündəmə gəlməsində Səfəvilər dövlətinin rolunu qeyd etmək doğru deyildir. Çünki tarixi mənbələrə istinadən Səfəvi sülaləsinin nəsil şəcərəsinə baxdığımızda səfəvilərin təriqət fəaliyyəti dövründə sufilik təriqətinin davamçıları olaraq islam dininin sünni məzhəbinə mənsub olduğunun şahidi oluruq. Şah İsmayıl, Səfəvi dövlətini yaratdıqdan sonra imamiliyi (imamilik anlayışı müasir İran şiəliyindən fərqli anlayışdır) dövlətin dini ideologiyasına çevirib.

Onu da qeyd edək ki, islam dininin məzhəblərə bölünməsi prosesi Səfəvilər dövlətindən çox əvvəllər - VII əsrdə ərəb-müsəlman cəmiyyətində baş verib və Səfəvilərə qədərki bir çox müsəlman dövlətləri bu məzhəb siyasətindən öz siyasi və dini məqsədləri naminə istifadə edib.

Təəssüflər olsun ki, bəziləri Səfəvi dövlətinin dini siyasətinə müasir dövrdə siyasiləşmiş və bəzi dövlətlərin maraqlarına xidmət edən şiəlik prizmasından baxaraq qiymət verməyə təşəbbüs edirlər. Bu cür yanaşma Səfəvi dövlətinin dövlətçilik tariximizdə oynadığı mühüm rola kölgə salır və müxtəlif siyasi və dini yanaşmalara yol açır.

Məntiqə söykənməyən primitiv iddialardan biri də Şah İsmayıl Səfəvinin ana tərəfdən nənəsi olan Trabzon imperatorunun qızı Dəspinə xatunla (Feodora) bağlılığını qabardaraq, bu dövləti xristianlara bağlamaq və səfəvilərin xristian təsiri altında olmasını qeyd etməkdir. Öncə qeyd edək ki, orta əsrlərdə istər Avropada, istərsə də Asiyada hökmdar xanımlarının müxtəlif xalqlardan olması faktlarına tez-tez rast gəlinir. Osmanlı hökmdarlarının əksəriyyətinin xanımının qeyri-türk olması tarixi həqiqətdir. Böyük Moğol dövlətində də bu tipli nikahlara rast gəlinir. Hətta Şah Təhmasibin xanımlarından biri də Çərkəz əsilli (Heydər Mirzənin anası) idi.

Bu faktlar dövlətin mahiyyətinə heç bir xələl gətirmir. Ümumiyyətlə, nikah əlaqələrinə görə dövlətlərin etnik mahiyyətinin təhlili metodikası tarix elmində yoxdur. Biz anlamalıyıq ki, dövlətin yaranmasında təkcə hökmdar deyil, dövlətin yarandığı ərazi, yerli əhali, dövlətçilik ənənələri, dövlət yaradan xalqın davamlı mədəniyyəti birmənalı iştirak etməkdədir. Dövlət bir sistemdir və vahid bir orqanizm funksiyasını daşıyır. Bu detallara nəzər yetirdikdə Azərbaycan Səfəvi imperiyasını Azərbaycan türkləri, Azərbaycan əhalisinin siyasi sütununu təşkil edən qızılbaş türk əyanları və zaman-zaman formalaşan Azərbaycan türklərinin siyasi, mədəni və mənəvi dəyərlər sistemi mühitində yetişərək formalaşmış Şah İsmayıl Səfəvi yaradıb. Bu baxımdan Azərbaycan türklərinin yaratdığı bu imperiyanı müxtəlif etnik ünsürlərə bağlamaq cəfəngiyyatdır.

Məlum olduğu kimi, Şah İsmayıl Səfəvi nadir hökmdarlardandır ki, onun dövlətçilik baxışları və dini siyasəti dünya tarixçiləri tərəfindən yüksək qiymətləndirilib və bu dahi Azərbaycan hökmdarı dövrünün digər fatehləri ilə müqayisə edilib. Hesab edirəm ki, Şah İsmayıl Səfəvinin şəxsiyyətinin müasir dövrün mollaları ilə deyil, dövrün görkəmli fatehləri ilə müqayisə olunması daha məntiqlidir.

... Bəli, həqiqətən də Şah İsmayıl müsəlman dünyası tarixində böyük bir inqilab etdi. Lakin bu inqilab VII əsrdə Ərəbistan yarımadasında başlayan və müsəlman dünyasını firqələrə parçalayan məzhəb inqilabı deyil, beşiyi Azərbaycan coğrafiyası olan, 3,5 milyon kv.km. ərazini əhatə edən böyük bir müsəlman dünyasını öz çətiri altında birləşdirən, burada yaşayan onlarla xalqın mədəniyyətinin, siyasi və dini-fəlsəfi təfəkkürünün formalaşmasında mühüm rola malik olan Mədəniyyət və Mənəviyyat İnqilabı idi.

Tarix
2017.03.09 / 13:17
Müəllif
Mübariz Ağalarov
Şərhlər
Загрузка...
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla