Axar.az
Yuxarı
30 Mart 2017


Daha bir dostumu itirdim…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetməlik, gənclik dostlarımdan birini də itirdim: İbad İbrahimov.

Altincı sinifdə oxuyanda, payon məktəblilərinin bədii olimpiadasında tanış olmuşduq. Xalq mahnılarını, muğamları və ya muğam təsniflərini yanğılı, yapışıqlı bir səslə oxuyurdu.

Mənim də yeni-yeni şeir yazan vaxtımdı, öz şeirlərimi və məktəb proqramındakı şairlərimizin şeirlərini söyləyirdim... Sonra iki il ard-arda həmin olimpiadaların Bakıdakı yekun müsabiqəsində və Şamaxıda, Cəngi meşəsində məktəblilərin respublika turist toplantılarında iştirak etdik. Buna görə də kəndlərimizdəki yeddillik məktəblərdən sonra Yardımlı qəsəbə onbirillik məktəbin 8-ci sinfində oxumağa gələndə aramızda yetərincə səmimi bir münasibət vardı. Bundan sonra onbirillik məktəbi bitirənədək keçən dörd il ömrümüzün ən xoşbəxt və ən unudulmaz illəri oldu. Həm təhsilin səviyyəsi, həm ictimai, milli şüuru biçimləndirməsi, həm də bir çox mənəvi keyfiyyətləri aşılamaq ənənəsi baxımından əsl bir universitet keçdik o dörd ildə.

Hər gün dağ yollarıyla kəndlərimizə getmək çətin olduğuna görə məktəbyanı internetin yataqxanasında qalırdıq. Bir növ müstəqilləşmiş və həyatı bütün acısı-şiriniylə, sevgisi-nifrətiylə dərk etməyə başlamışdıq. İlk sevgi, gələcəklə bağlı ilk planlar, oxumaq həvəsi və öz evinin altı-yeddi kilometrliyində yataqxanada yaşamaq sıxıntısı... Həyat öz sərt üzüylə qarşımızdaydı...

İbad köhnə atəşpərəstlik mərkəzlərindən olan Gavran adlanan kənddəndi. Yol yaxın oldugundan yataqxanada darıxanda ara-sıra ona qoşulub gedər və evlərinin ikinci mərtəbəsində, aynabənddə sabaha kimi söhbətləşər, arzularımızı bölüşməkdən yorulmazdıq. Burda onun el ağsaqqalı olan atası, ailəsi ilə tanış olmuşdum. Piyada yolu dağın yamacıyla dikəlirdi. Yuxarı qalxdıqca gözümüz önündə Peştəsər dağ silsiləsinin ruhu qanadlandıran görüntüsü açılırdı. Xüsusən aylı gecələrdə gümüş rənginə bürünən dağlar kosmik bir sehr saçırdı. Aşağıda yatağına sığmayan Viləş ərimiş qurguşun kimi vadi boyu qıvrılıb gedirdi. Burdan baxanda qəsəbədən aralıda təklənmiş, yoxsul, lakin şən yataqxanamız da görünürdü. Aşırımdakı qayaların üstündə otururduq və İbad xahişsiz, minnətsiz oxumağa başlayırdı. Sanki hiss edirdi ki, bu qərib gecələrin təkrarsız mənzərəsinin tamamlanması üçün çatışmayan yeganə şey onun səsindəki kədərdir. Bu səsi dinləyəndə gözüm dolub-boşalırdı...

Qum dənəsindən tutmuş gül ləçəyinə qədər hər şeyin bizə könül açdığı və ya bizim axşam mehinin, gündoğan şəfəqlərinin dilini anladığımız, duyğularımızın qanad açıb bizi dağlarımızın o üzündəki dünyaya, başımızın üstündə salxımlanan ulduzlara uçuran vaxtıydı. İçimiz ən təmiz və ən təmənnasız bir sevgiylə doluydu. İbad ürək dostum və sirdaşım idi. Bizə görə qohum əqrəbalarımız da yaxınlaşmışdı.

Sonra İbad müəllimlik kursunu qurtarıb kənddə müəllim işlədi, Bakı Pedaqoji İnstitutunda qiyabi oxudu. Mən Universitetə girib Bakıya bağlandım. Lakin müəllim işləsə də, rayonun mədəniyyət tədbirləri onsuz keçməzdi. Tədricən İbad ən gözəl muğam ustalarından biri, xalq mahnılarının bənzərsiz ifaçısı kimi bütün bölgədə məşhurlaşdı və hətta müəllimlikdən uzaqlaşmağa məcbur oldu. O zaman qolundan yapışan olsaydı, ölkənin ən usta və təkrarsız muğam ustası məqamına yüksələrdi. Ancaq o öz taleyi ilə barışdı. Yardımlı, Lerik, Masallı, Lənkəran və Astarada yüzlərlə gəncin toy-düyün məclisini öz səsiylə, iştirakıyla canlandırdı, ailələrin əziz qonağı oldu. Həyat yoldaşı olacaq qızla tanışlığı da belə toy məclislərindən birindən başlanmışdı. Lənkəran qızları hökmlüdür, onu Yardımlıdan qoparıb apardı. Lənkəranda özünə gözəl ev-eşik qurdu, şəhərin sevilən mədəniyyət xadimlərindən biri kimi sayğı qazandı, sevildi, üç qız, bir oğul atası oldu. Lakin sonra birdən-birə qəfil tale rüzgarı onun nizamını pozdu və ömrünün yaşlı illərini Bakıda çox böyük çətinliklərlə keçirdi.

Vətəndaş Həmrəyliyi Partiyasının fəallarındandı. Ömrünün sonuna bir gün qalmış partiyaya gəlibmiş, hamıyla görüşüb, zarafatlaşıb, mənə mane olmasın deyə görüşmədən gedib…

Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki, kəndə qayıtsın, çox sevdiyi dağların gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin...

Bu dəfə həmişəlik qayıtdı. Məzar yerini öncədən göstərmişdi, dag döşündəki qəbiristanda, cavan bir nil ağacının yanında...

İbad son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dost idi...

Onu yola salmağa çox adam gəlmişdi. Onun sevdiyi adamlar...

Bütün ömrü boyu oxuduğu mahnıların kədəri çökmüşdü üstümüzə...

12. 03. 2017

Tarix
2017.03.13 / 11:42
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Buyurun – biz türk olaraq hədəfinizdəyik…

Rafael Hüseynov, sən bir özünə bax…

Polad Bülbüloğlunun kədəri

“Dəfnimdə deyəcəyini indi de…”

Biz üç dost idik, indi…

Yeni nəsil əzilib? – Alimlərə cavab

Biri pul qazanır, biri…

Onlara görə Rəcəb İvedik kimi zırrama…

İmansızlar və cahillər sürüsü…

Canımız hesabına pul qazanırlar – Xalq şairi yazdı

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla