Yuxarı

Günahkar erməni deyil

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz guya öz aləmimizdə ermənilərin saxta təbliğatına qarşı mübarizə aparırıq. Necə?! Məsələn, hər il Xocalı faciəsi günü beş-on ölkədə olan səfirliyimizdə təbdir keçiririk, sonra yerli TV-lərdə Xocalı ilə bağlı vay-şivən qoparıb ağlayırıq, dünyanın hansısa hüquq təşkilatlarına göstərmədiyimiz tarixi faktları oxuyub bir günü yola verərək işimizi bitmiş hesab edirik.

Beləcə, oluruq vətənpərvər!

Amma vallah, bunun adı vətənpərvərlik deyil, vətənşivənlikdir...

Çünki biz nə vətən dediyimiz yeri qoruya bilirik, nə də onu qorumaq istəyənləri qorumağı bacarırıq.
Ermənilər onların haqqını müdafiə edən "Daş yuxular" əsərini düşmən hesab etdikləri ölkənin yazarının qələmindən çıxmasına baxmayaraq, Nobelə təqdim etdilər. Niyə, çünki bu əsər onların işinə yarayırdı.
Amma Rusiyadakı səfirlikdən Rus tarixçisinin Qarabağ həqiqətləri və ermənilərin saxtakarlığı ilə bağlı yazdığı kitabın təqdimatına kimsə qatılmadı, kimsə bu əsərin müəllifi Oleq Kuznetsovun işini təqdir etmək bir yana dursun, lazımlı belə saymadı.

Hələ iştirak etmək nədir, hətta bunun səbəbini soruşmaq üçün səfirliyə zəng edəndə "səfirin təlimatı var ki, bu tədbirə kimsə qatılmasın" deyə cavab veriblər.

Bəlkə düşünək ki, Polad Bülbüloğlu, musiqiçidir, siyasətçi deyil, ona görə belə bir kitabın əhəmiyyətini anlaya bilməyib?

Ya da bəlkə özümüzü aldadaq ki, olanların hamısı təsadüfdür?

Məncə, həqiqətlə baş-başa qalsaq, daha yaxşı olar. Əgər əzab çəkiriksə, onsuz da çəkirik, heç olmasa həqiqətlərin əzabını çəkək.

Bu həqiqətsə ondan ibarətdir ki, erməniləri saxtakarlıqda, yalançı xəbərlər yaymaqda günahlandırırıq, amma əslində, biz işləmirik. Ermənilər yalanla bizdən daha yaxşı təbliğat qurursa, onun günahı deyil bu, bizim vecsizliyimiz, laqeydliyimizdir.

Erməniləri saxtakarlıqda günahlandırmaq yerinə özümüzü laqeydlikdə və tənbəllikdə, biveclikdə qınasaydıq, indi yəqin ki, bir çox naqislikdən xilas ola bilərdik.

Zülm olunan zülmə dözürsə, demək ki, zülmü haqq edir.

İndi biz də saxta təbliğatın qarşısında acış qalmışıqsa, demək ki, bacarıqsızlığımızla bu acizliyi haqq edirik.
Gəlin, bir anlığa təsəvvür edək ki, bir yabançı alim ermənilərin həqiqət hesab etdiklərindən kitab yazır?! Nə baş verdiyini təsəvvür etmək üçün dərin təhlillərə lüzum yoxdur. O alimi əl üstündə gəzdirəcək ermənilərin qarşısında biz də bir kitabın təqdimatına qatılmırıqsa, ermənilər nə etsin?

O işini görəndə məgər bizim əl-qolumuzu bağlayır?

Vallah, biz Qarabağda döyüşlərdə uduzmaqda özümüz günahkar olduğumuz kimi, elə təbliğatda da uduzmağımızda günahkar bizik...

Sadəcə, erməniləri günah keçisi düzəldib bivecliyimizi bunun arxasında gizlətməyə çalışırıq.

Hər ölkədə təmsilçiliyimiz olanlar görəsən Qarabağ adına daha çox iş görürlər, yoxsa şəxsi biznesləri üçün?
Sözün qısası, Polad Bülbüloğlu müğənnidir deyib keçməyək.

Vallah, bu millətin müğənnisi siyasətçi ola bilir, siyasətçisi də müğənni... Amma gərək bu dəyişmə, çevrilmə üçün mütləq "şəxsi maraq" deyilən zəhər ortada olsun. Şəxsi maraq olandan sonra bu ölkədə özünə gün ağlamaq üçün kim nəyə desən çevrilə bilir.

Nə deyim, görünür ancaq özünə gün "ağlayanlar"ın ağlamaqdan gözləri tutulub ki, həqiqətləri görə bilmirlər.

Tarix
2014.04.24 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

Artıq ölə bilərəmmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla