Axar.az
Yuxarı
30 Mart 2017


Hamı günahkardı, Mövlud

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminəm, görmüsünüz - ən azı filmlərdə, televiziya verilişlərində: Meşədə, bir vahədə qəfil şaqqıltı, ya da ovçu görən ceyran olur ha, təhlükəni hiss edincə bir anda gözləri necə vahiməylə dolur...

İndi ağlıma gəlir: son vaxtlar o, ceyran kimi baxırdı... Ürkək-ürkək. Təhlükəni hiss edən, ovçusunu görən ceyran kimi...

Heyf, o vaxt fərqində olmadım. Heç birimiz fərqində olmadıq. Onun baxışlarındakı dəyişikliyi görmədik, duymadıq...

Əslində o baxışlar çox şeyi deyirdi.

Hər şeyi deyirdi!

O qədər peşmanam, Mövlud... Niyə əllərindən tutmadım, niyə hara getsəm, səni də özümlə aparmadım, niyə səni qorumadım...

Elə bilərdim, bir balam da sənsən, axı həmişə zarafatla onsuz da “gərək sən mənim oğlum olaydın” deyirdim.

Sən də gözlərinə qədər gülürdün...

Gözlərindən gülüşün yoxa çıxdığını görürdüm axı!

Mövlud... Bala... Dayanmadın, mübarizə etmədin, çarpışmadın, sənə problem kimi görünənlərin üstünə çıxmadın, səni ölümə sürükləyən səbəbləri ayağının altına almadın...

Və öz ölümünlə bizi – dostlarını, doğmalarını, səni sevənləri məğlub etdin. Bir orduluq adamı uduzdurdun - səni öldürən səbəblərə; səni öldürənlərə...

İndi bunu məğlub kimi yazıram... Yazıq-yazıq yazıram... Məğlubiyyətin etirafı kimi yazıram... Səninlə dərdləşirmiş kimi yazıram.

Axı sənin hərdən gəlməyin vardı, oturub dərdləşməyimiz vardı, hər kəsdən, hər şeydən bölüşməyimiz vardı...

İndi xatırlayıram, o vaxt bizim qəzet bağlananda, əməkdaşlarımızın xeyli hissəsi ixtisara düşəndə ən çox sən təsəlli verirdin mənə... Yadıma salıram, gülümsəyirəm, əziz dost, elə işgüzar tövrlə, elə entuziazmla danışırdın, özü də Yuxarıya – Göyə, naməlum bir nöqtəyə baxa-baxa danışırdın. “Hər şey yaxşı olacaq e, ürəyinizi sıxmayın, əlimizdən gələni edəcəyik, lazım gəlsə, 5 nəfərin də yerinə işləyəcəm, amma gücdən düşməyəcəyik, həmişəki kimi sözümüz kəsərli olacaq”. Sən deyirdin.

Deyirdin, ədəbiyyat səhifəmizi yaradacağıq, Fəxrini, Azəri, Hikməti (Fəxri Uğurlu, Azər Qaraçənli, Hikmət Sabiroğlu – A.C.) dəvət edərik, Salam Sarvan da bizi qırmaz, gələr, Salam müəllimin elə başımızın üstündə olmağı bəsdi, onun əvəzindən də özüm işləyəcəyəm, eləcə yanımızda olar...

Sən danışırdın, mən qanadlanırdım...

Sən elə ürəkli oğlan idin ki, Mövlud!

Sən elə işıqlı oğlan idin ki, Mövlud!

Bu işıqla, bu ürəklə sən Günəş idin, Mövlud!

Səni “Gündəlik Teleqraf”a Taleh Şahsuvarlı gətirmişdi. Özünə demişəm, yenə deyirəm, sənin səllimi həyat tərzindən qopub yazı masası arxasında oturacağına, intizamlı, düzənli bir redaktor olacağına inana bilməmişdim onda. Qayğılandığımı Talehə bildirəndə, “Qətiyyən narahat olma, - demişdi. - Mövlud çox istedadlı oğlandı, Əli Kərimdən sonra Azərbaycan ədəbiyyatına gələn nadir talantdı, tapıntıdı, bizi yarıdacaq, peşman olmayacaqsan...”

Səninlə bir yerdə işləməkdən heç vaxt peşman olmadım, Mövlud!

“Gündəlik Teleqraf” qəzetinin ən intizamlı, ən məhsuldar, ən zəhmətkeş əməkdaşı oldun. Ən önəmlisi, hər gün yazdın... Gözəl yazdın...

Sən təkcə bizim itkimiz deyilsən, Azərbaycan ədəbiyyatının itkisisən...

Sən dayanmadan, nəfəs dərmədən yazıb yaratmalıydın, hekayələrini çap etdirməliydin. Sənin romanlarınla yeni nəfəs gəlməliydi ədəbiyyatımıza, gözəl gözlüm...

Yazılarını oxuyanda çox təsirlənirdim, işdəyəmsə, çağırırdım, deyiləmsə, zəng edirdim, öyürdüm, tərifləyirdim...

Qanadlandığını görürdüm...

İçindəki çocuğu görürdüm...

Fərəhlənirdim...

Özün boyda Fərəh idin!

Səni çinar ağacına bənzədirdim, Bahar oğlum... Sən əlində dirijor çubuğu varmış kimi havanı cızdıqca o cızıqların şəkillənib nəyə bənzədiyini sezməyə çalışırdım.

Bəlkə də əlindəki fırçaydı, havada rəsm çəkirdin; O cızıqlar budağıydı bəlkə də. Sən də o budaqlara yarpaq çəkirdin.

Mən o yarpaqların xışıltısını eşidirdim, oğlum!

Yarpaqların yamyaşıldı...

Sən heç vaxt Qış olmadın ki!

Sonbahar da olmadın...

Bahar idin sən!

İndi sənin çinar boyuna, yaşıl yarpaqlarına yaraşmayan bapbalaca məzarına baxa-baxa düşünürəm ki... Sən... “Başı kəsik gözəl kötük”sən, oğlum!

Səni... Çinar Ağacını böyüməyə, yüksəlməyə, budaqlarını ucalmağa, ipək-ipək yarpaqlarını yellənməyə qoymadılar...

Kəsdilər Çinar ağacını, oğlum.

Ağacımızı kəsdilər... Qolumuzu kəsdilər...

Başımızı kəsdilər...

“Başı kəsik gözəl kötük”. Sən Ramiz Rövşəni çox sevərdin... Niyə elə çox sevərdin?

Üzünü görmədiyin Elçibəydən ötrü ağlayardın... Niyə ağlayardın?

Sevərdin... Ağlayardın...

Sevməyi-üzülməyi, ağlamağı-bağlanmağı nə çox sevərdin...

Özümü elə günahkar sayıram, Mövlud... Lap o mahnıda deyildiyi kimi,

Ellər günahkar,

dillər günahkar,

bir çağ yanğını bu

bütün dünya günahkar...

Kino lenti kimi gözümün önündən keçir: hamımızın dostu Qəzənfər Əhmədli zəng elədi, “Mövludun halı hal deyil, - dedi. - Özünə qəsd edəcək. Elə hey intihardan danışır. Bu gün də bütün günü telefonuna zəng çatmayıb...”

Axtarıram, deyirlər, bu gün işə gəlməyib, telefonuna zəng edirəm, sönülüdür, hövllənirəm. Tez Arazı Mövludgilə göndəririk. Beş dəqiqə çəkmir ki, geri qayıdır, “evdədir, təkcə oturub”deyir. Bir azdan özü də gəlir... Solğun, hürkmüş, ceyran kimi baxa-baxa...

Səni nə qədər danışdırdım, dilə tutdum, dərdini dinləməyə çalışdım. Dinmədin, danışmadın, problemlərinin olduğunu boynuna almadın...

Axı niyə inana bilmədim ki, sən doğrudan da canına qıyarsan.

Nələr etməzdim sənin üçün, Mövlud...

Səni üzənlərin səni üzməməsi üçün nələr etməzdim...

Vallah da, billah da indi ağlıma gəlir: dərhal səni uzaqlara, lap elə İstanbula – Dilqəm Əhmədin yanına göndərərdim.

İstanbulun gözəlliyi səni bürüyərdi bəlkə. Uzaqlaşardın. Unudardın buraları, səni ağrıdan hər şeyi... Yaran acıtmazdı...

Gözəl Çinar, niyə yaşamaq, böyümək, göylərə ucalmaq istəmədin?.. Sən öz başını niyə kəsdin?

Anan danışır ki, son vaxtlar Bakıda bir hadisə baş verən kimi tez zəng edərmişsən ki, aşkım, narahat olma, sağ-salamatam.

Bəs on yeddinci mərtəbəyə qalxa-qalxa ananı xatırlamadınmı?

Niyə yenə də zəng etmədin, demədin ki, qorxma, bir dənəm, ölmərəm. Öldürmərəm səni...

Niyə, ay Mövlud, niyə?

Yadındadır, Sumqayıtda bir uşaq hündür mərtəbəli bir binanın balkonundan yıxılanda həmin an oradan keçən bir qadın havadaca tutmuşdu. Düşməyə qoymamışdı uşağı...

Keşkə, bir Qadın... Güclü bir qadın, Anana bənzəyən bir qadın, Tanrıya bənzəyən bir Tanrı həmin an orada, o binanın on yeddinci mərtəbəsinin altında olsaydı... Səni görsəydi... Bütün gücünü toparlayıb səni havadaca tutsaydı...

Qolun qırılsaydı, ayağın qırılsaydı... Binanın sakinləri səsinə tökülüşüb gəlsəydilər. Bir köhnə “Təcili yardım” maşınında tanımadığın adamlar səni xəstəxanasına çatdırsaydılar... Tanımadığın həkimlər pul ummadan yaranı sarısaydılar...

Biz də sabahadək sənin qırılmış ayağın üçün ağlaşaydıq...

Sən özün atın qırılmış ayağı üçün səhərədək ağladığın kimi...

Hamının günahı var, Mövlud...

Amma hamı özünə belə cəza seçmir, oğlum...

Sən Ramiz Rövşəni buna görəmi çox sevirdin?

Gözəl kötük,

yaraların köz bağlasın, sağalsın,

Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...

Hə, Mövlud?..

Tarix
2017.03.19 / 11:55
Müəllif
Aynur Camalqızı
Oxunub
6 179
Şərhlər
Digər xəbərlər

Mövlud, səni öldürdülər!

Möhtəşəm qadın

Ermənilərə bu şansı verə bilmərik...

Şərə qarşı döyüşən adam

Onu görəndə heyrətdən donmuşdum...

Sənin yaşın, bir də ayrılığın yaşı...

Bu, onların haqqıdır!

Mən artıq qorxmağa başlamışam...

Ərdoğandan daha çox “ərdoğançı...”

Sınaq – sınmamaq üçündür

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla