Yuxarı

"Camaat nə deyər?" prinsipi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

BİZDƏ MENTALİTET VARMI?

Bu yazıda belə bir şərti bölgüdən istifadə olunacaq: dünyanın sarışın və qarayanız tərəfi.

Məlum, ictimailikdə ibtidailik var. O, tarixin dərinliklərindən gəlir – insanların sürü halında ov ovlayan vaxtlarından, sürü halında müdafiə olunmaq məcburiyyətindən.

Məlum, indiki insanda heç nəyin ictimaisinə sevgi yox: nə ictimai rəyə, nə ictimai nəqliyyata, nə ictimai-iaşə obyektlərinə, nə də ictimai tualetə...

Amma burda bir əmma: dünyanın sarışın tərəfi ictimai rəynən, ictimai qınağla tənzimlənər. Məsələ də bundadı ki, dünyanın qarayanız tərəfində ictimai rəy yox.

Bəs nə var? Saxta məhkəmə-tibbi-ekspertiza rəyləri var, kitablara boğazdanyuxarı resenziyalar var, yaradıcı birliklərə bir qonaqlığa zəmanətlər var, Həsən keçəlnən keçəl Həsən arasında heç bir fərq qoymayan standart xasiyyətnamələr var, ancaq ictimai rəy yox.

Dünyanın sarışın tərəfi rəy sorğularıyla idarə olunmaqda. Amma dünyanın qarayanız tərəfində rəy sorğularının nəticələrini sorğu keçirən təşkilatın rəhbəri təkbaşına müəyyən eləyər. Düzdür, hərdən başqa cür də olur. Məsələn, QHT sədrlərindən biri yanıb-tökülürdü ki, bizim camaat anonim sorğularda da öz ürəyinin istədiyi cavablara “quş” qoymur.

Dünyanın qarayanız tərəfində məsələ belədir: O şey ki, kollektiv həll olunmalıdır, onu fərd həll eləyir: kolxoz – kolxoz sədri sistemindəki kimi. O şey ki, fərdi həll olunmalıdır, onu kollektiv (tayfa-nəsil) həll eləyir: iki gəncin evlənməsindəki kimi. Buna poeziyada çərxi-fələyin tərsinə dövran eləməsi deyirlər.

Əslində, “camaat nə deyər” prinsipiylə yaşamaq gərəkli bir şey. O halda ki, camaatın birgəyaşayış qaydaları haqqında ortaq rəyi, dəyəri olsun. Hanı bəs? Dünyanın qarayanız tərəfində ayrı-ayrı sosial qrupların avtonom baxışlarıdır meydan sulayan. Ona görə də “gənclər bunu necə qəbul eləyər?”, “yaşlı nəsil bu məsələyə necə baxar?”, “dindarlar nə deyər?”, “mentalitetimiz nə fikirləşər?” və sair açar deşiklərindən dikilmiş baxışların qarşısında hərəkət mümkünsüz.

Bu deşiklərdən bizə süzgün, xumar, mehriban baxışlarla baxılmır, bizə baxan o gözlər bərəlmiş gözlərdir.

Bərəlmiş gözlərin yaratdığı “ictimai rəy” qınamır ki. Çırpır, bıçaqlayır, daş-qalaq eləyir.

Günah mentalitetdədirmi?

Bu barədə düşünəndə dəhşətli bir qənaətə gəldim ki, dünyanın qarayanız tərəfində mentalitet də yox!
Bəs nə var? İnstinktlər var. Dünyanın qarayanız tərəfinin insanı nə dinə, nə mentalitetə, nə də qanuna hörmətlə yaşayır. Onu idarə eləyən instinktlərdir.

Dünyanın qarayanız tərəfinin insanının vəziyyətini ekzistensial vakuum hesab eləmək mümkün. O istəyir, ancaq nə istədiyini bilmədiyindən başqalarının istədiyini istəyir. Başqalarından yeganə fərqi isə burasındadır ki, o, başqalarının istədiyinin ən yekəsini istəyir.

O eləyir. Ancaq mentalitet olmadığından ənənələr ona diktə eləmir ki, nə eləməlidir, nə eləməyə borcludur. Ona görə də başqalarının ondan istədiyini eləyir.

Dünyanın qarayanız tərəfinin geridəqalmışlığına islamın səbəb olmasıyla bağlı düşüncələr, məncə, yanlış. Bax da, çoxdandır ki, dünyanin intellektual məkanında bir sual dolaşmaqda. Ki, toplumun əqli vərdişlərinin, mənəvi quruluşunun formalaşmasında din səbəbkardır, yoxsa xalq artıq malik olduğu mentalitetə uyğun mənəvi konsutitusiya – din seçir? Başqa sözlə, buddist qarışqanı buddist olduğuna görə tapdamır? Yoxsa buddizmi ona görə seçib ki, Allahın yaratdığı qarışqaya da mərhəmət diktə eləyən milli xüsusiyyəti belədir?

Lap başqa sözlə, din əvvəldir, yoxsa mentalitet? Bu sualın aksiomasayağı cavabı bu: əlbəttə ki, mentalitet!

Hanı bəs? Dünyanın qarayanız tərəfində hanı o mentalitet?

Milli-mənəvi dəyərdən danışanda, məsələn, bizimkilər üç-dörd anlayışı bir-birinin yanına düzüb lovğalanmaqda: “saz”, “böyük-kiçik yeri”, “qonaqpərvərlik”, “namus-qeyrət”. Bax mübahisəli məqam da elə burada: bu, mentalitetdir, yoxsa hər yerdən bir detal götürərək özünə mentalitet düzəltmək cəhdi?
Mentalitet – bir baxışlar sistemi, bir düşüncə tərzi. Lap elə bu fransız sözünün hərfi mənasındakı kimi.
Məsələn, özbəklərin, türkmənlərin, ərəblərin bir-birindən fərqi yalnız xırda məişət məqamlarında. Tutaq ki, birinin toyunda cücəni plovun üstünə qoyurlar, o birinin toyunda altına. Ona qalsa məişət baxımından bir rayonumuzun iki qonşu kəndi arasında da belə fərqlər mövcud.

Sual isə çox kəskin: qarayanız tərəfdəki xalqların dünyanın gedişatına baxışlar sistemində fərq varmı? Yox! Niyə? Ona görə ki, bu baxışlar sistemi kökündən yox. Onlar dünyanın gedişatına, ümumiyyətlə, baxmırlar, bu gedişat haqqında düşünmürlər. Bunların hərəkətləri dünyanın gedişatı qarşısında instinktiv.

İndi, bəlkə, belə də demək olar: dünyanin qarayanız tərəfinin ciddi qüsurları mentalitetdən yox, mentalitetin olmamasından irəli gəlir. Nədən ki, instinktlə hərəkətdə səhvlər labüd, qaçılmaz.

Məhz dünyanın qarayaniz tərəfində din xurafatının hegemonluğu da mentalitetin yoxluğuyla bağlı. Həmin tərəfdə din xurafatı ona görə insana çox yaxınlaşa bilir ki, dinlə insan arasında iki vacib çəpər yox – qanuna hörmət və mantalitet.

Tarix
2017.03.30 / 16:00
Müəllif
Salam Sarvan
Şərhlər
Digər xəbərlər

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

Fikir müharibələri - 1

Bu toplumu özbaşına buraxsan...

Xalqa dərs keçmək

Xiyar məsələsi - Məzəli

Pozğun bir yazı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla