Yuxarı

Göydə gəzən avtomobillər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Ələkbər Sabir bir vaxtlar özünə əməlli-başlı dərd etmişdi ki, əcnəbilər göydə balonlarda gəzir, bizsə hələ avtomobil minmirik. Amma indi, ilin–günün bu vaxtı baxıb görürsən ki, Sabirin rahatsız olmasına heç gərək yoxmuş... Allaha şükür avtomobil də minirik, hələ üstəlik onu göydə balon kimi də xəyal edirik.

Yerdə sürülmək üçün nəzərdə tutulan avtomobili kosmik sürətlə sürüb, sanki göyə çıxmağa çalışan "qəhrəmanlarımız" var maşallah!

Son vaxtlar mətbuatda bir-birinin dalınca məmur balalarının "avtoşluq" sevdası haqqında xəbərlər eşidirik. Sən demə, bahalı maşınlarda adi sürətlə getmək daha bu balalara bəs etmir, onlar yerdə sürülmək üçün nəzərdə tutulan maşınlara qanad taxmaq istəyirlər, bu da alınmayanda onu elə bir sürətlə sürürlər ki, maşının təkərləri yerdən üzülür.

Bir vaxtlar maşın sürən əcnəbiyə həsəd aparan Sabirin açığına indi nəinki maşını sürürük, hətta onu təyyarə kimi də istifadə etməyə qalxırıq. Və beləcə, dünyaya da, Sabirə də sübut etmiş oluruq ki, biz cahil-filan deyilik, əməllicə inkişaf etmişik.

Özü də hər sahədə...

Məmur balalarını niyə tənqid edirik, bilmirəm, nə pis iş görürlər ki... Hətta onlara təşəkkür belə düşür. Çünki Sabirin rahatsızlığını aradan qaldırıblar. Digər tərəfdən də axı bu yazıqlar gənclik enerjisini bir yerə xərcləməlidirlər, ya yox! İndi deyirsiniz ki, bunlar belə cavan vaxtlarında vətən, millət düşünsünlər, ya da ciddi-ciddi oturub elmlə, mədəniyyətlə məşğul olsunlar. Heç belə də iş olarmı?

Nələrinə lazımdır bunlar, adam niyə elm öyrənir, yaxşı iş tapmaq üçün, yaxşı işi nə edir, yaxı pul qazanmaq üçün. Bunlarınsa yaxşı ataları var, əvəzlərinə də yaxşı pul qazanır. İndi bunların pulu və yaxşı ataları varsa, onları qınamalıyıqmı?!

Yox, vallah, bu əməllicə paxıllıq etməkdir.

Paxıllıq edirik ki, onların heç bir problemi yox, toxdurlar, nə istəyirlərsə, anında əldə edirlər. Belə yaşamaq olar, adamın sıxılmaqdan bağrı çatlayar. Bir adam ki, hər gün qalxanda dərd çəkmədi, nə yeyəcəyini, övladlarının gözünə necə baxacağını, xəstədirsə, hansı pula dərman alacağını düşünmədisə, onun darıxmaqdan bağrı çatlayar axı...

İnsan ki, bütün günü əlləşib-vuruşmadı, nə etsin, darıxmaqdan, toxluqdan canını necə qurtarsın? Axı biz onlardan tələb edə bilmərik ki, pulunuz varsa, bir uşaq evi açdırın. Kasıba əl tutun, yoxsulu sevindirin, ya da ən pis halda bir tələbənin təhsil pulunu ödəyin. Edə bilərikmi, yox, adama deməzlərmi ki, sənə nə mənim pulumdan, xalqın pulu deyil ki, atamın halal yolla qazandığıdır, necə istəyirəmsə, elə də xərcləyirəm.

Ya da mədəni şəkildə həyəcan yaşamağın yollarını öyrədək bəlkə bu gənclərə? Məsələn, deyək ki, həyəcan yaşamaq istəyirsən, get Afrikaya, Misirə, dünyanı öyrən, müxtəlif insanlarla tanış ol, nələrisə bilməyə çalış.

Ya da enerjini elm öyrənməyə sərf et.

Beləmi deyək? Olmur axı, biz bu gəncləri qorumağa çalışmalıyıq, çünki onlar məmur atalarının idarəetmə təcrübəsini yaxşı öyrəniblər və Azərbaycanın gələcəyi də bu gəncliyin əlindədir.

Yoxsa istəyirsiniz ki, gələcəyimiz elmli, mədəni, rüşvət almağı bacarmayan, "avtoşluq" etməyənlərin əlində olsun da, ermənilər bizi lağa qoysunlar ki, əfəl millətik?!

İndi deyirsiniz ki, "Aldanmış Kəvakib"dəki kimi Yusif Sərrac gəlsin, daha kəsilmiş baş, asılmış adam görməyək? Əstəğfirullah, bunlar nə idi dilimə gəldi? Demək istəyirəm ki, hər gün qəzetləri, saytları açıb "avtoşluq" edən, həyəcan yaşayan gəncliyimizi görməyək.

Tarix
2014.04.28 / 14:10
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

Artıq ölə bilərəmmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla