Yuxarı

Sanki içimə it bağlayıblar…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gül kimi yazıçı idim, əməlli-başlı istedadım vardı. İçimdəki diri sözün, bir də ədəbi hirsin ölümünə gözüm görə-görə qol çəkdim. Elə bil hər şeylə barışdım. Məncə, jurnalistikanın bir prinsipi də budur, hər kəsə üzdə də olsa, eyni gözlə baxmaq, istedadlıya da, istedadsıza da. Əslində, buna görə çox sevinirəm, indi ədəbiyyatla bağlı içimdə nə bir qram həvəs var, nə də iddia.

İki roman yazmışam, “Çöl” və “Səkkizinci gün”. Alan olsa, hər ikisini dəyər-dəyməzinə sataram. Heç biri pis əsər deyil. “Çöl” haqqında 50-dən çox məqalə yazılıb. Romanımı kim alsa, məqalələri də üstündə hədiyyə verəcəyəm.

Əslində, “Səkkizinci gün” daha yaxşı əsərdir. Amma haqqında hələ ki, mənfi, yaxud müsbət fikir deyən olmayıb. Təbii, belə şeylər əsərin qiymətini aşağı salır. Eybi yox, aşağı-yuxarı bir qiymət danışarıq.

Düzü, heç bu yazını da yazmazdım. Güclə yazıram. Həvəsim yoxdur. Elə bir vəziyyətdəyəm ki, məni ən çox yazının qonorarı düşündürür. Daşkəsəndə balaca bir evimiz var. Hər yay istirahətə gedirəm. Çox gözəl yerdir. Havası elə təmizdir. Ancaq getməyə işdən imkan tapa bilmirəm. Müsahibə almaq, köşə yazmaq, reportajlar, sorğu və açıqlamalar əsas işimdir. Təbii, bu da Daşkəsəndə mümkün deyil. Ona görə çətin vəziyyətdə qalmışam.

Bayaq atam zəng eləmişdi. Deyir, evdə interneti bağlayıblar. 25 manat pul ödəməliyəm. İnternetin pulunu bir ay atam ödəyir, o biri ay mən. Bu dəfə mənim növbəmdir. Atam əl çəkmir. Axşam evə gedəndə vəziyyət necə olacaq, bilmirəm. Yəqin yenə məni anlamayacaq.

Bir tərəfim istidən yanır, o biri tərəfim üşüyür. Evin içində də qorxa-qorxa gəzirəm. Elə bilirəm, evdə məni maşın vuracaq. Bir var ürəyin döyünür, bir də zoqquldayır, bir də var, nə döyünür, nə də zoqquldayır, elə bil içinə it bağlayıblar. Günahkar-zad da axtarmıram. Sadəcə, həyat çətindir. Məişət qayğıları adamı məhv eləyir.

Mən böyük bir vəzifə sahibi olsam da, milyonlarla pulum olsa da, yenə darıxacağam. Darıxmaq xasiyyətimdir. Bir az içimdə həssaslıq var deyə, dözmək olmur. Adam o qədər yorulur ki, ağlına pis-pis fikirlər gəlir. Məsələn, yox olmaq. Amma o da mümkün deyil. İndi balaca bir qızım var. Jasmin. Başdan ayağa həyatdır. Balaca barmağını burnumun üstünə qoyub mənə deyir, ata, sən pişiksən. Sonra gülə-gülə qaçır. Yeriyəndə özünü güclə saxlayır. Qaçır, qaçır, bir də görürsən, yıxıldı yerə. Tez mən də yıxılıram ki, qızım gülsün. O da uğunub gedir. Sağlıq olsun, bu ayın maaşı ilə qızıma velosiped və top almaq istəyirəm. “Çöl” romanımı alan olsa, velosipedin, topun və ayrı oyuncaqların pulu tez həll olunardı.

Bütün çətinliklərə baxmayaraq, qızım olan dünyada hər şeylə razıyam. İmam haqqı, ayda 1 manat 40 qəpik maaş bizə çatar. Hətta 1 manat da bəsdir, vallah. Onsuz da nə qızımın, nə də mənim iştaham var. Allaha and olsun, həyat çox gözəldir. Quran haqqı, düz deyirəm, mənim heç nədən narazılığım-zadım yoxdur. Ölkəmiz də günü-gündən çiçəklənir.

Dünən bir şairdən müsahibə almışam. Sağ olsun, yaxşı qalmaqallı fikirlər deyib. O fikir ətrafında sorğudan-zaddan eləyib sayta qoyuruq, birtəhər başımızı qatırıq. Guya ciddi nə var ki? Sorğu üçün fikir öyrəndiyim başqa bir yazar mənə deyəsən ki, sən niyə o şairi reklam edirsən? Başımı yellədim. Fikirləşdim ki, bu adamın işi-gücü yoxdur. Ya o xəstədir, ya da mənim başım çatmır. Axı nə vecimə kim kimi təriflədi, yaxud kim kimi pislədi. Mən jurnalistəm. Mənə material lazımdır. Bunu o adama necə başa salım? Mümkün deyil. Bezirsən. Yorulursan. Yatırsan.

Səhər yuxudan durursan. Yenə eyni üzlər, eyni adamlar, eyni şairlər, eyni fikirlər, eyni günəş, eyni ağac, eyni dəniz... Bircə qızım hər dəfə fərqli olur. Gah saçı üzünə dağılır, gah qızdırması olur, gah qrip olur. Qızımı çox istəyirəm. O, mənim istinad nöqtəmdir. Qızım məni qalın bir kəndir kimi həyata bağlayıb. Qızımın gözləri elə qəşəngdir. Stolda oturanda ayaqlarını havada yelləyir. Guya futbol oynayır. “Çöl” və “Səkkizinci gün” romanlarımı alan olsaydı, qızıma top alardım, ata-bala oynayardıq.

Qızımın şəklini Feysbukda profilimə qoymuşam, örtüyə qoymuşam, kompüterimin ekranına qoymuşam, otağıma qoymuşam, iş yerimə qoymuşam, cibimə qoymuşam, atamın maşınına qoymuşam, atamın feys profilinə qoymuşam, telefonumun ekranına qoymuşam, çay içdiyim fincanın üstünə qoymuşam, yaxınlarda kitabım çıxacaq, orda da qoyacağam. Bayaqdan yer axtarıram ki, qızımın şəklini daha hara qoya bilərəm. Allahdan bir az ağıl istəyirəm...

Tarix
2017.04.06 / 11:50
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla