Yuxarı

Cərrah, yoxsa gilyotin bıçağı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Yevlaxda faciəvi hadisə baş verib. Doğuş zamanı ana və uşaq dünyasını dəyişib. Səhiyyə nazirliyi hələ ki, araşdırma aparıldığını bildirib. Ola bilsin ki, nazirlik adından nəsə deyilsin. Bu cür faciəvi hallara münasibət həmişə elə olur ki, sanki insan iradəsindən kənar, qeyri-ixtiyari bir qəza baş verib və nəticədə də bədbəxt hadisə meydana gəlib.

Halbuki, heç bir həyati təhlükəsi olmayan xəstəliklərə və ya tibbi əməliyyatlara görə ölkənin səhiyyə sistemi bütövlükdə məsuliyyət daşıyır. Çünki səhlənkarlıq və ya qeyri-peşəkarlıq üzündən əgər bir insanın həyatına son qoyulursa, bu, artıq qatillik, insana qarşı vandal münasibətin nəticəsidir. Bu gün mədəni saydığımız dünyada səhiyyənin məqsədi xəstəliklərin yaranmasının qarşısını almaq, onu ilkin vaxtda aşkara çıxarıb aradan qaldırmaqdır. Bu təkcə həkimlərin peşəkarlığı, dərmanların keyfiyyətli olması məsələsi deyil, həm də səmərəli işləyən tibbi sığorta sisteminin yaradılması ilə bağlıdır. Vətəndaşın məsuliyyətliliyindən asılı olmayaraq tibbi sığorta şirkəti məyyən etdiyi vaxtda öz müştərisinin qarşısında vaxtlı-vaxtında müayinə olmaq şərti qoyur və beləcə, hər kəs bundan faydalanır. Ancaq keçmiş sovet səhiyyəsinin mirasını daşıyan bu günkü səhiyyəmiz xəstəliklərin qarşısını almaq məqsədi ilə deyil, insan xəstələnəndən sonra onun müalicə etmək prinsipi əsasında fəaliyyət göstərir.

Müalicə də ki, nə müalicə...

Bu yaxınlarda öyrəndim ki, İran bizim Biləsuvar keçid məntəqəsinə yaxın ərazidə böyük xəstəxana kompleksi inşa etməyə başlayıb. Məqsəd Azərbaycandan gələn xəstələri qəbul etməkdir. Çünki bu sahədə sifarişlər o qədər böyükdür ki, artıq İran hökumətinin diqqətini cəlb edib. Bu fakt bizi çox ciddi düşündürməlidir. Səhiyyəmiz niyə bu qədər insanların nəzərində etibar və güvənini itirib?

Çeşidili səbəblər var. Həkimlərin peşəkarlığının aşağı olmasından tutmuş dərmanların keyfiyyətsizliyinə qədər çoxsaylı məsələlərin hər biri üzərində ayrıca durmaq olar.

Ancaq həm də məsuliyyət çatışmazlığı bu məsələdə çox neqativ təsir göstərir. Deyək ki, həkim səhlənkarlığı üzündən xəstə dünyasını dəyişib. O halda müvafiq qurumların bu məsələni araşdırıb səhlənkarlığı ilə neçə insanı bədbəxt etmiş həkimi məsuliyyətə cəlb etmək əvəzinə himayə etməsi insan həyatının dəyərini və həkim məsuliyyətini arxa plana keçirir.

Bir faktı xatırlatmaq istərdim… Son aylar oxucularımız həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişmiş iki uşaq anası, Elnarə Tofiqızının qətli barədə çox yazıb. Ancaq öz səhlənkarlığı ilə bir insanın ölümünə, iki uşağın anasız qalmasına səbəb olmuş həkimlərin günahkar olması ilə bağlı ekspertiza rəyi olmasına baxmayaraq, onlar bu günə qədər cəzalandırılmırlar.

Bir çox reallıqları başa düşdük, axı bunlar ki, "toxunulmazlar" zümrəsinə daxil deyillər. Bu cəzasızlıq insan həyatına etinasız və məsuliyyətsiz yanaşmaq üçün bir mühit yaradır. Əgər etdikləri səhvlər üzündən insanlara zərər vurmuş həkimlər bu gün qanun qarşısında məsuliyyətə cəlb olunsalar, o zaman savadsız və səhlənkar şəxslər insanların həyatını bu qədər təhlükəyə atmaqdan çəkinərlər.

Ya özlərinə başqa peşə tapar, ya da ki, daha məsuliyyətli olarlar.

Ancaq hələ ki, insanlarımız əllərdəki cərrah bıçağını gilyotin bıçağına çevirmişlərin güdazına getməkdədirlər. Bu üzdən dünyasını dəyişənlərin və onların arxasınca gözü yaşlı qalanların ahı pafoslu çıxışların gurultusu içində itib-batmaqdadır.

Tarix
2014.05.03 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

Artıq ölə bilərəmmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla