Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2017


İlk görüşdən aşiq olmaq mümkünmüş...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan bir ölkəyə ilk görüşdə aşiq ola bilərmi?

(Qənirə Paşayeva ilə addım-addım Yaponiya, 1-ci yazı)

İnsan bir ölkəyə, bir topluma ilk görüşdə aşiq ola bilərmi?

Ola bilərmiş...

Məsələn, mənim kimi...

İlk getdiyimdə doyunca seyr etdim, baxdım, gördüm, toxundum, hiss etdim, havasını ciyərlərimə çəkdim və anladım ki, mən bu ölkəyə aşiq olmuşam.

Sanki xəyallarımdakı filmi seyr edirdim...

Hüzurun arandığı yerlərdən biridir bu ölkə. Canında, qəlbində, ruhunda yorğunluq hiss edənlər dar Kyota küçələrində gözlərini qapayıb özünü sonsuzluğa təslim etməli, Zen fəlsəfəsi ilə salınan gözəl bağçalara sahib restoranların birində qəhvə içərək dincəlməli və hiss etdiyi hüzuru heç bir şeyin pozmasına izn verməməlidir. Telefonları söndürüb yağmur damcılarının otlar üzərində düşərkən çıxardığı o hüzur dolu səsi duymalıdır. Bu bir başqa duyğudur. Anlatması çox çətin olan...

Bir sözlə, yorğun insanların hüzur aradığı yerdir Yaponiya...

Bu yazıdakı duyğuları yaşamaq istəyirsinizsə, özünüzə bir çay və ya qəhvə hazırlayıb, ləzzətlə içərək oxuyun bu yazını. Çünki Yaponiya sadəcə gəzib-görmək üçün maraqlı bir ölkə deyil. Həm də tarixi, mədəniyyəti, yeməkləri ilə möhtəşəm bir ölkədir. Bir dəfə görmək və ya 10-15 gün qalmaq belə çox azdır Yaponiyanı tanımağa. Bu, bambaşqa dünyaya sahib ölkəni yaxından tanımaq üçün bir neçə dəfə gəlməlisən məncə...

Amma bir dəfə gəlmək imkanı olanlar ən azı 10 gününü ayırmalıdır. Bu gözəl ölkəyə ikinci dəfə Dünya Qadın Zirvə toplantısı üçün gələcəyimi bildiyimdə özümə “yay aylarında belə heç zaman tətilə çıxmırsan. Konfrans günlərindən başqa 3 gün özünə tətil ayır və bu gözəl ölkəni bir az da yaxından tanı” dedim. Və belə də etdim. Artıq Yaponiyadayam. Paytaxt Tokioda.

Dünyanın ən sıx paytaxtıdır Tokio. Bu şəhərdə 35 milyondan çox insan yaşayır.

Dünyada atom bombası atılan tək ölkədir Yaponiya.

Dünyanın ən qədim mədəniyyətlərindən biridir yapon mədəniyyəti.

Bu ölkədə ev heyvanlarınını sayı uşaqların sayından çoxdur.

Elektrik-elektronik məhsulların istehsalında dünyada 1-ci yerdədir.

Savaş və saldırını rədd edən bir Konstitusiyası var.

Hər il 1500-dən çox zəlzələ olur.

200-dən çox vulkanık dağ vardır.

18 Nobel mükafatı qazanan vətəndaşı olan bir ölkədir.

Budizmin ən yayğın qolu Zen Budizmini Yaponiyada görə bilərsiniz.

Yamaikanın qəhvə istehsalının 85%-ini yaponlar alır.

Dünyanın ən böyük balıq bazarı Sukji Tokiodadır və gündə 2000 ton balıq işlənir.

Balıqçılıqda ən inkişaf etmiş ölkə olmasına baxmayaraq, yenə də balıq idxal edir.

Dünyanın tam vaxtında gələn qatarları Yaponiyadadır. Ortalama gecikmə müddəti ən çox 18 saniyə olur.

Basaşi (çiy at əti) və suşi (çiy balıq) bol-bol yeyilir.

Sadəcə Kyotoda 2.000-dən çox dini məbəd vardır.

Əhalinin 23 faizindən çoxu 65 yaş üzəridir.

Bir çok şirkət işçiləri üçün səhər idmanı təşkil edir.

Yapon kökənli olan kareoke çox məşhurdur və “orkestrsiz” anlamındadır.

***

Yaponiyaya yolunuz düşsə, bunları etmədən dönməməlisiniz.

Çox böyük bir sıyahıdır. Amma buralara yolunuz düşsə, bunları sizlə paylaşdığım üçün mənə qəlbinizdə təşəkkür edəcəksiniz.

1. Ən azı 1 festival görmədən;

2. Suşi və bölgəsəl yeməkləri dadmadan;

3. Ən azı 1 dəfə onsenlərdə (hamam) çimmədən;

4. Şəhəri qarış-qarış gəzmədən;

5. Kiçik baxçalarda oturub qəhvə içmədən;

6. Yağışda küçələrdə itmədən…

İllərlə bu mədəniyyətlə həqiqətən də maraqlanırsansa, suşi və digər yapon yeməklərini çox sevirsənsə, dünyada qəribə bir mədəniyyət və millət görmək istəyirsənsə, fərqli bir dinə aid mədəniyyəti yaşamaq istəyirsənsə, “inkişaf etmiş ölkə nə deməkdir” düşünürsənsə, Uzaq Şərq sənətinə marağın varsa, filmlərdə göstərilən küçələri görmək arzusundasansa, mütləq Yaponiyaya getməlisən. Məndən hər dəfə Yaponiya barədə “necədir?” soruşduqlarında hər zaman cavabım belə olur: Film kimi... Küçələrin təmzliyi, insanların sayğısı, texnologiyanın inkiafı, yeməkləri ilə, uşaqların şirinliyi ilə çox gözəldi. Elə ruhuma, ağlıma, qəlbimə hakim olmuş bu ölkə! Çünki, inanın, o küçələri gəzərkən, əlinizdə çətirinizlə, yağış damlalarını çətirin üzərində çıxardığı səsləri dinləyərək dolanmaq insanı o qədər xoşbəxt və hüzurlu hiss etdirir ki!

Yaponyanın ən gözəl zamanı - Sakura zamanında gəlmişdim ilk səfərimdə. İndi də maydır, amma bu dönəmdə də Yaponiya çox gözəldi. Bəzi şeyləri dedikləri kimi yaşayıb təcrübəyə döndüyündə qiymətli olur. Xəyal ilə belə bir müddət sonra unutulduqdan sonra, yaşanmış həyatlar sadəcə xatirələrinizə deyil, ruhunuzun, qəlbinizin ən dərinliklərinə sirayət edir. Bəzi şeylər dedikləri kimi, yaşanıb xatirəyə dönüncə qiymətli olur.

Yaponiya getdiyim ən gözıl ölkələrin başında gəlir. Gördüyüm təmiz küçələr, söhbət etdiyim mehriban və səmimi insanlar, gözəl mətbəxi, sevimli uşaqları ilə çox maraqlı bir ölkədən bəhs edirəm. “Yaponiyada haraya getməli? Yaponiyada gəziləcək yerlər haradır?” - deyə soruşmadan öncə bilməli olduğunuz ən önəmli şəhəri deməyim lazımdır. O şəhər Kyotodur. Dünyanın ən yaxşı şəhərlərindən biri seçilən Kyotonu mütləq ilk sıraya qoyun. Yaponiyanın ən tarixi şəhəri olan Kyoto atom bombalarının təsirinə məruz qalmadığı üçün ölkənin ən tarixi şəhəri olmaq özəlliyini qoruyub saxlaya bilib. Günümüzdə belə 2000-dən artıq məbədləri və gözəlliyi ilə sizin də çox sevəcəyiniz yerlərdən birisi olacaqdır. Zen Buddizmi ilə bəzənmiş olan Kinkakuji və Ryoanji kimi məbədləri və Gion bölgəsini mütləq görməlisiniz.

Tokioda Ümumidünya Qadın Konfransı bitincə 1 gün ayırdığım yer yenə bu şəhər olacaq.

Yaponiyada istəsən, məbədlərdə qala biləcəyinizi bilirdinizmi? Bunu edən turistlər də var.

***

1. Yaponlar çox təmiz insanlardır. Yəni ən azından mənim gördüyüm qədər. Bu təmizlik duş ədəbinə də təsir göstərmişdir.

2. Bir inək düşünün. Yaxşı bəslənmiş olanlardan. İndi o inəyə bir pivə içirin. Bir tərəfdən də bu inəyi masaj edin. Rahatlasın heyvancığaz. Xəyal edə bildinmi? Başda mən də edə bilməmişdim. Amma xəyal et, dostum. Dünyanın ən yaxşı və ən bahalı əti olaraq bilinən Kobe əti də eyni ilə dediyim şəkildə bəslənən inəklərdən Yaponiyada əldə edilir. Klassik musiqini dinləyərək özəl bir pivə ilə bəslənirlər. Bu pivə ətin gözəl və balanslı olması üçün içirilir. Heyvan yağlanmır. Masaj edilərək əzələ almasının qarşısını alırlar. Beləliklə, ət yumşaq olur. Kilosu neçəyədir? 1000 dollar xaricdə. Lakin yerində, yəni Kobedə yeyirsənizsə, bir payı (200 qram) təqribən 4.800 yen, yəni 40 dollar. Dəyərmi? Turistlərin əksəriyyəti dadmadan geri dönməz...

3. Yaponların ən sürətli qatarlara sahib olduqlarını duymusunuz. 500 km-dən artıq sürətlə gedən qatarlar. Yox belə bir keyfiyyət, yox belə bir rahatlıq!

4. Tokio çox böyük şəhərdir. Elə böyük, elə qarışıqdır ki... Amma özəlliklə bir bölgəsi var ki, hesab edərsən, o xaotik şəhərdə deyil, bambaşqa bir torpaqlardasan. Burası Sensoji. Tokionun ən çox turist cəlb edən və təbiiliyini qoruyub saxlaya bilmiş bir yer olan Sensoji əslində bir buddist məbədidir.

5. Dünyanın ilk atom bombası atılan şəhəri olan Xiroşimada görəcəyiniz muzeylər sənin də içini yandıracaq, canını sıxacaq, ürəyin parçalanacaq. Dünya tarixinə bir qara ləkə olaraq düşən bu olayı və təsirlərini gördükdə üzüləcəksiniz.

6. Olduqca ucuz 10 suşi 4 dollar civarındadır. Bu qədər məşhur olmasının səbəbi: Adamların topraqları yox. Ətrafdakı münbit okeanlardan ovladıqarı balıqları yeməklərində istifadə etmişlər. Beləcə, çoxlu istehlak etdikləri suşi, düyü sirkəsi və şəkər əlavə edilmiş düyü (şari) üstünə və ya içinə balıq, digər dəniz məhsulları və ya səbzə kimi məhsullar (neta) qoyaraq servis edilən bir yemək növüdür. Bildiniz kimi, çiy balıqdır özü də. Amma bu suşinin bir çox çeşidləri var. Maki, California roll, nigiri, ebi bunlardan sadəcə başlıcaları və ən çox istehlak edilənləridir…

P.S. Bugünədək onlarla səyahət yazısı qələmə aldım, bəziləri səhifələrlə dolu, bəziləri bir neçə paraqrafdan ibarətdir. Fəqət, iş Yaponiya və Tokio haqqında bir şeylər söyləməyə gəlincə, sizə hardan başlayacağımı, necə bir giriş edəcəyini bilmirəm doğrusu. Bu ilk yazını yazmaq belə onlarla dəqiqəmi aldı, çünki Yaponiya fərqli bir ölkə deyil, fərqli bir planetdir. Fərqlilikləri çox olduğu kimi, bu kiçik ölkə və balaca adamları haqqında söylənəcək bir o qədər şey ortaya çıxır ki... Tək deyə biləcəyim bugünədək Qərbə alışdığımızdan, mədəniyyəti və texnalogiyanı orda axtaran insanlar olaraq Uzaq Şərqi hər zaman görməzdən gəlmiş olduq, lakin Tokioda sadəcə bir gün keçirdikdən sonra mədəniyyətin, texnalogiyanın, insanlığın və daha artığının Qərbdə deyil, əksinə Uzaq Şərqdə axtarılması lazım olduğunu anlayırsınız. Bu yazımda Yaponiyaya, Tokoya və yapon insanlarına dair müşahidələrimi, orada yaşadıqlarımı anlatmağa çalışacağam.

Axşam saatlarında çatdıq Tokoya. "Sağlamlığın qorunması" İB-nin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Kəmalə Paşayeva, Arzu Bağırova, Lalə Bağırova, Tehran Nağıyevadan ibarət heyətimiz digər üzvləri ilk dəfə Yaponiyada olduqlarından daha çox həyacanlı idilər. Təyyarədən endiymizdə Yaponiyada ilk görüş də maraqlı müzakirələr də bu ölkədəki səfirimiz Gürsel İsmayılzadə və səfirliyimizin dəyərli əməkdaşları ilə oldu. Yaponca çox gözəl danışan səfir Gürsel İsmayılzadə Azərbaycanın Yaponiyada səfirliyinin açılmasının ilk günlərindən burada çalışıb, əməyi az deyil və bu ölkəni çox yaxşı bilən mütəxəssislərdən biridir. Onunla Yaponiya, Azərbaycanla bu ölkə arasında əməkdaşlığın daha da genişlənməsi istiqamətində söhbətlər etdik və əlaqələrin surətlə inkişafından böyük məmuniyyət duyduq. Bu barədə gələn yazılarımızda geniş yazacam.

Ümumdünya Qadın Sammitinin başlamasına 1 gün vardı və Tokionu daha geniş tanımaq üçün bundan gözəl fürsət ola bilməzdi və bunu dəyərləndirərək, bu gözəl şəhəri yaxından tanımaq üçün onun tarixi yerlərini ziyarətə başladıq.

Yaponiyanın əhalisi 130 milyon, sahəsi 377,944 kvadrat metrdir. Özəllikllə 35 milyona yaxın əhalisi ilə paytaxt Tokioada yaşıl işıq yandığı anda qarşıdan-qarşıya keçən insanları, ya da metro vaqonlarına minən insanları itirən “ittirmə görəvliləri”ni bir dəfə olsun görmüsünüzmü televiziya və ya videolarda? Həqiqətən də vəziyyət belədir. Özəlliklə ingilis dilində “rush hour”, yəni işə gediş və işdən çıxış saatlarında mərkəzi nöqtələrindən bunlara bir daha şahid oldum. Buna baxmayaraq, nə bir səs-küyə, nə də davaya şahid oldum.

Parlamentli monarxiya ilə idarə edilən Yaponiyanın bir də imperatoru var. İmperator Tokionun mərkəzində bir parkın içərisində bir neçə balaca binadan ibarət olan İmperator Sarayında yaşayır. Yüzlərlə adadan ibarət olan ölkənin şimalında isə Ainu olaraq tanınan ənənələrinə sıx bağlı bir xalq yaşayır.

Yaponiyanın pul vahidi yapon yenidir. Bol sıfırlı bu pul vahidinin 100-ü, yəni 100 yeni təqribən 1 manata bərabərdir.

***

Hamımız gerçək dünyada deyil, özümüz yaratdığımız gerçəklikdən uzaq bir dünyada yaşayırıq. Gerçəyin fərqli biçimdə qəbul edilməsinin səbəbləri həddindən artıq həvəs və istəklər, yalnış təəssüratlar, gerçək olmayan duyğular, dəyərləndirmələr və tutqulardır. Yaponların inandığı Zen fəlsəfəсi bu günü belə anladır.

Sabah çox erkən oyandım. Tokio sabahları bir başqa gözəldir. Axşamdan dostlarla Zen fəlsəfəsi üzərinə etdiyimiz müzakirələrin təsirindən hələ də tam çıxa bilməmişdim. Bütün gecə çox inandığım bu hikmətin daha da dərinliyinə enmək istədim. “Bu həyatda yaxşı olsan, sonrakında da yaxşı olarsan, pis olsanız, qarşılığında da pislik taparsınız. Hərəkətləriniz sizi əks-səda və ya kölgə kimi təqib edər” .

Sabah bu müsbət enerji ilə başladım paytaxt Tokio ilə illər sonra yenə başbaşa bir gün keçirməyə, addım-addım dolaşmağa, daha çox toxunmağa, hiss etməyə, anlamağa… Zen fəlsəfəsində söyləndiyi kimi “Hər nəfəsin, hər hərəkətin, hər duygu və düşüncənin, qısası, özümüzlə bağlı və əlaqəli hər şeyin fərqində və bilincində olmalıyıq”.

Tokio 35 milyonluq əhalisi ilə Yaponiyanın ən qələbəlik bölgələrindən biridir. Tokio şəhərinin insanları gülərüz, kübar, bir o qədər də utancaqdır. Bu şəhər indiyə qədər gördüyüm ən gözəl və yaşana bilən şəhərlərdən birisidir. Samuray mədəniyyətinin yaşandığı, məşhur filmlərin çəkildiyi, sima güləşlərinin vətəni, nəhəng balıq bazarlarının olduğu, Tokionun elektronik dünyasını, metropol həyatının nəhəng tikililərini görəcəksiniz. Bir-birindən gözəl parklarını, məbədlərini gəzəcəksiniz. Dünyada çox az sayda qalmış pandaları görəcəksinis. Sadəcə, Yaponiyada yeyə biləcəyiniz təamları dadacaqsınız. Sadəcə, Yaponiyada görə biləcəyiniz bir-birindən maraqlı kafeləri görəcəksiniz. Pişik kafeləri, manga kafeləri, maid kafelər... Sayğılı insanlar görəcəksiniz. «Bir şəhər necə olmalıdır» sualının cavabını görəcəksiniz. Və bir çox yapon mədəniyyətinin ən diqqətə çarpan şəkildə yaşandığı nəhəng şəhər Tokioyaya xoş gəldiniz!

“Zen içində olan anı sevgiylə, şəfqət və mərhəmətlə dolu-dolu yaşamaqdır” deyir bu fəlsəfənin daşıyıcıları. Biz də Tokionu bu fəlsəfəni və onun daşıyıcılarını anlamaqla daha yaxından tanımağa çalışırdıq.

Tarix
2017.05.19 / 09:51
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Загрузка...
Digər xəbərlər

Afaq xanıma görə Türkiyədən hərbçi zəng etdi...

Aristotel məntiqini alt-üst edən azərbaycanlı

Bunu dəhşət içərisində oxudum...

Bu gün ən gözəl günlərdən birini yaşadım…

ABŞ bu şəhərə atom atmaq fikrindən niyə daşındı?

“Heçdən gəlir, heçə gedirik…”

Onlar xoşbəxtliyin yolunu necə tapdılar?

8 min azərbaycanlı ora yollandı...

"Mənim gəncliyimi oğurladı..."

Sürünərək ona yaxınlaşdım – Qandonduran olay

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla