Yuxarı

O, həm də həyatın özüdür...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazını İsmayıllı səfərindən sonra yazmaq istədim. Ucalıqları müqayisə edərək...

İsmayıllının ən hündür ağacları, dağları, sıldırım qayaları da Musa Yaqub əzəmətinin qarşısında kiçik görünür. Buludun Musa Yaqub həsrətinə tökdüyü göz yaşı onun görüşünə gələnlərlə ara verdi. Təbiət daha gözəl görünsün deyə, hava, ağaclar, dağlar yuyulub təmizləndi. Bu təbiəti sevən şairə təbiətin sevgisi idi.

Şairin səsini eşidən ağaclar yarpaq pıçıltısını dayandırdı, dilindən şeirini eşidən şəlalə səsini içinə çəkdi. Bu sevgiyə düzənlər qırmızıya büründü. Banuçiçəklər, Turallar lalələrin arasında itdi. İsmayıllı hələ belə coşqu görməmişdi. “Qız qalası” sözün sehrinə düşmüşdü.

Təbiət şairin səksən yaşını, onu sevənlər söz bayramını qeyd edirdilər. Bu gün burda göy üzü, təbiət dupduru idi. Onun şeirləri kimi. Hamı bu duruluğun içində təmizlənirdi. Durulurdu. Ruhlar təzələnirdi. Yeni bir ovqata köklənirdi. Musa Yaqub ovqatına.

Onunla təmasda, ünsiyyətdə olanda elə bilirsən ki, təbiətin qoynundasan. Uca bir ağacın sərin kölgəsindəsən. Qayaya söykənmisən. Təbiət səninlə aram-aram danışır.

Musa Yaqubun dilindən şeir dinləmək ayrı bir xoşbəxtlikdir. Onun ləzzəti tam başqadır. Öz doğmalığıyla. Cazibəsiylə. Səsinin ahəngiylə.

Pıçıldaşan misralar bir anın içində coşur. Bilirsən ki, həmin an dağlara yağış yağır, sel-su, çayın səsi aləmi bürüyüb. Sonra şeir yenə aram-aram, öz axarıyla gedir. Musa Yaqub yaz havalı şairdir. Hərdən payıza, yarpaqların rəngarəng çalarlarına köklənsə belə.

Tez-tez tənhalığa çəkilsə də, cəmiyyət adamıdır. Sözü kimi özü də adamları özünə çəkir. Başına yığır. Başına yığılırlar. Arı pətəyə yığılan kimi. O, gəlişiylə məclisə yeni bir ovqat, yeni ruh gətirir.

Sözləri ürəyə yatan şairin özü də sözü kimidir. Sözü kimi özü üçün də darıxırsan. Onunçün darıxmamaq olmur. “Öyrətmə özünə, öyrətmə məni”, - deyən şair, hamını özü üçün darıxdırır. (Antitəbliğatın üzü də bir təbliğatdır.)

Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!

Onun sevgisi də özü kimi safdır. O, bu yaşda da tərtəmizdir. Hissləri, duyğuları, sözü ilə, özü ilə bir mənəviyyat, əxlaq adamıdır.

Tək bənövşə bitib lap yaxınında,

Mənə deyəcəyin gizli sözündü-

Xırda ləçəklərlə titrəyir səsin.

Atam da, anam da yatır yanında,

Necə danışaq ki, eşidilməsin.

Budur Musa Yaqub. Musa Yaqub təbiətin özü, bir parçası olmaqla bərabər, həm də həyatın özüdür. Onun reallıqları ilə birlikdə. Hər şeyin təbii düzənini sevən şair haqsızlığa, ədalətsizliyə dözə bilmir:

Azadlıq nə gəzir bu yer üzündə,

Azadlıq gəzirəm elə özüm də.

...Qartal caynağında quş azad deyil,

Saray divarında daş azad deyil.

Nə qədər qurd ağzı, şir pəncəsi var,

Cüyürlər qıçını qatlaya bilməz.
Azadlıq nə gəzir bu yer üzündə.

Onun şeirlərini yayın istisində, aranda oxuyanda, dinləyəndə elə bilirsən ki, dağın döşündə, meşənin dərinliyində, sakit bir çayın kənarında dayanmısan. Suyun səsini eşidirsən... Şeirlərində təbiət adamın gözündə canlanır. O yola düşüb nəinki sevdiyi bulağı, onun sevdiyi bütün ağacların içində o dediyi yarpağı tapa bilirsən.

İsmayıllı dağları, meşələri, qayaları, daşları Musa Yaqub üçün insanlardan daha çox darıxır. Vəsf olunmaq üçün. Yenidən sevilmək üçün.

O, təbiəti elə təsvir, elə tərənnüm edir ki, təbiət qayıdıb özü-özünə vurulur. Təbiətin göyərməyən qara daşına, özü-özü ilə sakitcə danışan gecəsinə, ağacına, dağına, adamına yazdığı şeirlər vurğunluq nümunəsidir.

Sən Allah, bu gülün keyfinə dəymə,

Çevirmə üzünü qüruba sarı.

...Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma.

Gülə ancaq Musa Yaqub belə yanaşa bilər. Səsiylə, sözüylə, baxışıyla təbiəti canlandıran, insanlara yeni ruh, yaşam həvəsi verən, həyatı, dünyanı şeiri kimi nizama səsləyən, sevgilər içində, əhatəsində olan Musa Yaqubun ömrü təbiətin ömrü qədərdir.

Nə əvvələm, nə indiyəm,

Səksənimin içindəyəm.

Axırıncı keçiddəyəm -

Keçidimi keçim gedib.

O bulaqdan çox içmişəm,

Bu çeşmədən içim gedim.

...O qapıdan girmiş idim,

Bu qapıdan çıxım gedim -

deyən şairə şeirləri kimi sevgi dolu sakit bir səslə pıçıldayırsan: “İsmayıllıya gedin, Bakıya gedin. Uzağa getməyin. Həmişə yanımızda olun. Darıxmağa qoymayın bizi, Musa Yaqub...”

Tarix
2017.05.31 / 08:30
Müəllif
Rəfail Tağızadə
Şərhlər
Digər xəbərlər

Hamı Ağdamda keçirdiyim hissləri soruşur...

Ağdamda 10 ballıq erməni zəlzələsi...

Onu dinləmək sevincdir…

Uzaqdan gələn doğma qadın...

Tək ayağın addım səsi...

Qarabağ videoları bizi izləyir, utanırıq...

Ölüləri basdırmağa yer axtarıram...

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

“Rey” kod adlı döyüşçü nələr yazdı?

Amansız müharibələr əfsanəvi qadının gözü ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla