Yuxarı

Bizim uşaqlığımız o gün dəfn olundu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mənim həyatımda çox şeylər dəyişəcəkdi. Məktəbə gedəcəkdim, ən əsası isə tək deyil, bacım kimi sevdiyim dayım qızıyla birlikdə eyni sinifdə oxuyacaqdım. Bunu da bilirdim ki, hələ aprel ayıdır. Sentyabra isə uzun bir vaxt var. Bu müddət ərzində dayım uşaqları ilə birgə olacam. Hər halda altı yaşında bir uşaq üçün öz dostları ilə birgə olmaqdan sevindirici hal olmazdı.

Mən daha bir başqa səbəbdən dolayı da sevinirdim. Bizim yeni evimiz babamgilin evinin yanında idi. O, söz verib ki, bizi özü məktəbə aparacaq. Deməli, mən həmçinin, baba qayğısını da görəcəkdim. Axı onu çox gec-gec görürdüm. Bu fikirlərim məni xəyallar aləminə elə aparmışdı ki, gözümü açanda mənzil başına çatdığımızı gördüm. Babam köç maşınının qabağına çıxmışdı və həyət darvazaları taybatay açıq idi. Mən maşından elə sürətlə tullanıb, babamın qucağına qaçdım ki, anam mənə “yavaş ol” deməyə vaxt tapmadı.

Mən ailəmizin Mahmud babası ilə elin Mahmud Ələsgəroğlusunun arasındakı böyük fərqləri görürdüm. Ailənin dirəyi olan Mahmud baba sərt və ciddi xarakterə malik idi. Onun özünün tərbiyə üsulu vardı. Elin Mahmud Ələsgəroğlusu isə səmimi, mehriban, söhbətcil və sadə idi. Babam- Şirvan aşıq məktəbinin aparıcı simalarından biri, bir neçə dastanın müəllifi… Fəxr edirdim onunla. İncə cizgilərlə cizilmiş siması, vüqarlı davranışı məni hələ lap uşaqlıqdan valeh etmişdi. Onun el sənətkarı olması isə bir başqa ovsunlamışdı məni. Babamı dayım uşaqlarına həmişə qısqanırdım.

Dayım övladları Sevinc və Ələsgər də babamla eyni evi paylaşırdılar. Baba ocağında, baba qucağında böyüyürdülər. Onları babama qısqansam da, bir-birimizə müxtəlif hislər bəsləsək də (qısqanclıq, sevgi, həsəd, bəzən kin) dayım uşaqları ilə çox gözəl üçlük idik. Tez-tez adi bir şeyin üstündə dalaşsaq da, zarafatyana bir-birimizə söz atıb barışardıq. Köçümüzün gəldiyi ilk gündən evdəkilərin baş qarışıqlığından istifadə edərək yeni oyunların planını cızdıq. Biz üçümüz nə ilə məşğul olaq? Hər yeri, hər köşəni süzdükdən sonra nə edəcəyimizi tapdıq. Evin yuxarı hissəsində, həyətə giriş üçün istifadə edilən darvaza tərəfdən qonşu həyətlə arakəsmə rolunu oynayan hasarda tikintidən qalma daş çıxıntılar vardı. Onlar adət üzrə sonradan kəsilməli idilər. Ancaq tale bizim üzümüzə gülmüşdü və o çıxıntılar bizim layihəmizin bünövrəsini təşkil etdi. Biz bu çıxıntılar vasitəsilə divara dırmaşacaq və hasarüstü oyunlar oynayacaqdıq. Nə edək, axı yer bizə kifayət etmir? Bizim hər gün davam edən məşqlərimiz oyunumuzu adiləşdirir, çətin məqamlarını aradan qaldırırdı. Bəzən, hasarın üzərində bardaş qurub evcik-evcik oynayardıq. Tut ağacının yarpaqlarını yığıb palçıq dolması edirdik. Çəpərə ya babamız yatanda, ya da evdə olmayanda çıxırdıq.

Onun hər gün evə gəlişini xatırlayıram. Darvazanı açmaq uğrunda yarışırdıq. Babanı kim birinci öpəcək? Nəinki öpmək, üzündəki nuru görüb öpüşümüzün nuruna zərər vuracağından qorxurduq. O maşından düşürdü və ehmallıca növbə ilə üçümüzün başımıza sığal çəkirdi. Dünyanın ən gözəl sığalı idi bu. Əlinin qabarmış cizgiləri saçımızı oxşayanda qəlbimiz fərəh hissi ilə dolurdu... “Hansımızı daha çox istəyir” deyə mübahisələr edirdik.

Baba evdədirsə, sakit olmaq lazımdır. Oyunlarımızda da bunu nəzərə almalıydıq. Onun yorğun, çökmüş gözlərini görəndən sonra yuxudan oyandırmağa heç ürəyimiz gəlməzdi. Hər gün tezdən oyanır, axşamacan həyətdə oynayır, günortalar yemək süfrəsinə gəlir, axşamüstü babadan pul çırpışdırır, onunla özümüzə kiçik ziyafət təşkil edirdik.

Babanın dəcəl balaları idik. Axşamüstülər küçənin ortasında əl damından çırpışdırdığımız şişlər ilə pomidor kababı çəkirdik. Ziyafət süfrəsində babamızın maliyyə dəstəyi ilə dondurma, sərin su, xoruzşəkilli şirin konfet, qarğıdalı çubuqları olurdu. Bu hər gün belə davam edirdi. Hər gün eyni ssenaridən yorulmurduq, çünki babamız bizə uşaqlığımızı yaşadırdı.

...Günlərdən bir gün biz boruüstü məşqlərimizi başa vurub evə qayıdırdıq. Bu dönüş zamanı biz işlərimizlə düz getməyən bir hal ilə üz- üzə qaldıq. Babamız maşınını həyətə daxil edərkən bizim üçün pilləkən funksiyasını yerinə yetirən daş çıxıntılar maşınını cızmışdı. Hətta cızmaq sözü yüngül qalırdı. Kişi elə hirslənmişdi ki, elə oradaca o çıxıntıları kəsməyə üz qoydu. Niyə də hirslənməsin ki? Əziyyətinin bəhrəsi bizim daş çıxıntılarımız tərəfindən əzilmişdi. Biz bu hadisəyə o qədər məyus olmuşduq ki, sanki canımızdan can gedirdi. “Bəlkə, babaya yalvaraq ki, onları kəsməsin?”- deyə çox fikirləşdiksə də, buna heç cür cürət edə bilmədik. Bununla onu daha da əsəbləşdirəcəyimizi anlayırdıq. Amma onun üzündə gördüyümüz o pərişan ifadə bizi istəyimizdən daşındırdı. Onun üzündəki məyus ifadəni bir daha görmədim.

İyun ayı yeni girmişdi. Biz hamılıqla babagildəydik. Babam isə nənəm və xalamla kəndə getmişdi. Orada bir neçə işi var imiş. Nənəmin anası da bizimləydi. Sükut çökmüşdü. Biz üçümüz səssiz bir küncdə oturmuşduq. Evdəkilər televizora baxsa da, biz oturduğumuz yerdə nə isə barədə müzakirə aparırdıq.

Gözlənilmədən sükut pozuldu. Qışqırıq səsləri evi başına aldı. Hər kəs özünü itirmişdi. Evdəkilər nə edəcəyini bilmədiyi üçün evin gah yuxarı, gah da aşağı başına dövrə vururdular. Biz heç bir şey başa düşmürdük. Axı birdən-birə nə oldu?! Dayım qapıdan içəri yeni girmişdi. Səs-küy onu da çox qorxutmuşdu, bizim kimi nə baş verdiyindən xəbərsiz idi. O da evdəkilərin halını görüb “Nolub?” deyə qışqırdı. Axı birdən- birə evdə niyə belə səs-küy qalxdı?! Dayım bir daha, yüksək tonla yenidən qışqırdı: “Nə olub?!” Nənəmin anası ağlaya- ağlaya dayımın yaxasından yapışdı. Və birqərara, dayanmadan deməyə başladı:

- Yıxıldı, yıxıldı! Balamın evi yıxıldı! Yıxıldı...

Dayım qorxdu:

- Nolub axı, ay arvad?!

Böyük fəlakət baş veribmiş... Babamızın qəfil ölüm xəbərini biz də dayımla bir öyrəndik. Deyiləcək heç bir sözümüz qalmamışdı. Bütün hislərimiz sükut içərisində yanağımızdan axan yaşla ifadə olunurdu. Dərdimiz böyük, yaşımız isə bu dərdi daşımaq üçün həddindən artıq az idi. Nə edəcəyimiz, kimə baxacağımızı, kimdən suallarımıza cavab istəyəcəyimizi bilmirdik. Kiminsə eşitdiyimizi inkar edəcəyini gözləyirdik. Kimsə zəng vuracaq, ya içəri daxil olacaq ki, “yalandır”!

Evdəkiləri gecə ilə kəndə getdilər. Kəndə çox güclü yağış yağırmış. Bizi aparmadılar babamızla son görüşə. Ancaq yenə də inanmırdıq. Gözləyirdik ki, evə gözəl xəbərlə qayıdacaqlar. Bu fikirlə gecəni necə yuxuya getdiyimi xatırlamıram. Gecə boyu gördüyüm yalnız bir yuxu yadımda idi: babam çarpayıda uzanıb. Başında yun papaq, əynində qalın köynək və adidas şalvar var. Şalvarın ətəyini corabın içinə salmışdı (onu heç vaxt belə görməmişdim). Başına hamı yığışıb. Və yalnız mən ondan uzaqdayam. Heç nə demədən ona baxıram. Sevincliyəm, çünki onun sağ olduğunu görürdüm. Yavaş-yavaş ona yaxınlaşdım:

- Baba, nə olub sənə? Dedilər ki, ölmüsən...

- Yoox (gülür), bir az əlim yanıb, - sağ əlini göstərərək dedi. O, bu əli ilə hər axşam evə gəldiyi zaman başıma sığal çəkirdi.

O, heç vaxt mənimlə dialoqda olmamışdı. Yarım qalan işini tamamlamaq üçün yuxuma gəlmişdi sanki.

Səhər açılanda gördüklərimin bir yuxu olduğunu anladım. Anladığım daha bir şey vardı: heç nə əvvəlki kimi olmayacaq! İşıq saçan çırağımızı, hər anımızda kürəyimizi söykədiyimiz dayağımızı, başımıza sığal çəkən babamızı itirmişdik.

Kəndə yağan yağış babam üçün yağırdı. Buludların göz yaşı idi o yağış. Buludlar da Mahmud babanın eldən gedəcəyi üçün ağlayırdı.

Daha sonra onun yas mərasiminə biz də qatıldıq. Həyatımızda qatıldığımız birinci və ən ağır yas mərasimi… 6 yaşlı uşaqları Allaha asi çıxardacaq qədər pis təsir etmişdi bu hadisə bizə. Canını tapşırdığı yerə baxırdım. “Onu burada cərəyan vurdu”, “Əlinin arxası ilə toku yoxlayırmış, toku ovucuna alanda cərəyanı buraxıblar” biz bu sözləri dəfələrlə eşitdik.

Allahı sevmirdik artıq. Çünki o bizdən babamızı almışdı. “Baba axı bizə bir söz vermişdi!” Sözünün üzərində durmağa isə həyat ona izn vermədi.

Babamın yasında bütün kənd ağlayırdı. Tanımadığım yüzlərlə insan var idi bəlkə. Onların gözündən axan yaşla bizim göz yaşımızın eyni olmadığını görə bilirdim. Biz babamızı itirdiyimiz üçün ağlayarkən, onlar el sənətkarının 56 yaşında gözlənilmədən, qəfil onları tərk etməsinə görə ağlayırdılar.

Mən babamın kim olduğunu dəfnində anladım. Babamı sevən neçə-neçə insanın necə yaralı-yaralı ondan bəhs edərkən tanıdım.

Bu illər ərzində hər zaman eşitdiyim bu oldu: “Mahmud böyük sənətkar, gözəl insan, vəfalı dost, qeyrətli oğul idi, yeri behişt olsun!”

Mənə görə, Aşıq Mahmud Ələsgəroğlu kəndimizin Baba Kahası idi. Hər şey ondan başlayıb, onunla sona çatdı. Onunla sona çatanda isə...:

“Dərd də azar kimi gələndə batmanla gəlir....”

Dərd də azar kimi gəldi...

...Mənim xatirəmdə qalan, uşaqlığımın bir parçası olan bu hadisədən bu gün artıq 15 il ötür. 15 ildir ki, o hadisə mənim gözümün önündə tez-tez canlanır. Şirvan əhlinin, onun dostlarının, əlinin qabarı, alnının təri ilə qurduğu ocağına toplaşmasından, onun son mənzilə yola salınmasından bizlər üçün qərinələrə bərabər uzun bir vaxt ötüb. Ancaq vaxtsız dünyadan köçən Aşıq Mahmud Ələsgəroğlunun səsi, şirin avazı bu gün də yaddaşlardadır.

Tarix
2017.06.03 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Maduronun daha 3 əsgəri qaçdı

Gürcüstana qayıtmağa hazıram – Saakaşvili

Soçidə keçmiş deputatı öldürdülər

Türkiyə bu sahədə ən ciddi rəqibinin adını açıqladı

Ukrayna gəmilərinə hücum: Rusiya Su-25-ləri qaldırdı - Video

Rusiya 3 deputatını bu qıza görə Türkiyəyə göndərir

S-400-lərin qiyməti açıqlandı: ABŞ raketindən çox ucuz...

8 nəfərin öldüyü dəhşətli qəzanın - Videosu

Mehriban xanım qazimizlə bağlı dərhal göstəriş verdi

Məşhur futbolçudan böyük şairimizə qarşı - Təxribat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla