Yuxarı

Cahillik sindromu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük günah cahillikdir.

Nəimi

İllərdir Azərbaycanda və dünyada cəmiyyətin kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq.

Hər bir xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır. Söhbət psixoloji, mənəvi xəstəlikdən gedirsə, burda problemin həlli – xəstəliyin əlacı - səhvin etirafından başlayır. Əvvəlcə, gəlin özümüz üçün müəyyənləşdirək ki, cahillik xəstəliyi nədir? Bu xəstəliyin əlamətləri nədir? Necə yayılır və inkişaf edir? Profilaktika və müalicə yolları hansılardır?

Cahillik bilgisizlikdir. İnsanın mədəniləşməsində və inkişafında beyinin və vicdanın rolu böyükdür. Cahil insan bu keyfiyyətlərin hər ikisindən xəbərsizdir. Cahil yalnız öz fiziki və cinsi tələbatını ödəmək üçün yaşayır və qarşısına çıxan problemləri beyninin yox, fiziki gücünün hesabına həll etməyə çalışır. Cahilin eqosu özündən böyükdür və vicdanın olduğunu unudaraq, digər insanları əzməkdən, zülm etməkdən çəkinmir.

Əlbəttə, heç bir insan cahil olaraq doğulmur. İnsanı cahilləşdirən onun ailəsidir. İnsanın varlı və yaxud kasıb olmasının da, ali təhsil alıb-almamasının da fərqi yoxdur. Cahil cahildir. Hətta cahilin ən qorxulusu intillektual və varlı olanıdır.

Ailə qurmaq üçün xususi icazə lazım olmadığı üçün valideyn statusunu istənilən fərd əldə edə bilir və bu da cəmiyyətdə cahilliyin yayılması riskini daha da yüksəldir. Uşaq cahil bir ailədə doğulanda, tərbiyə və təhsili düzgün qurulmayanda cəmiyyət üçün zərərli bir fərd kimi formalaşır.

Cahillik xəstəliyinin ən qorxulu simptomlarından biri cəmiyyətin demək olar ki, hər bir üzvünün daxilində bu virusun olmasıdır. Onu əhatə edən cəmiyyətin və hadisələrin təsiri ilə istənilən şəxs potensial cahilə çevrilə bilər.

Cahillik sindromunun formalarını üç qrupa bölmək olar. Birinci qrup: yüngül forması. İkinci qrup: ağır forması. Üçüncü qrup: qorxulu forması - maskalı cahillik.

Cahilliyin yüngül forması demək olar ki, hamımızda var. Bundan bircə xilas yolu mövcuddur - özünü mənəvi cəhətdən zəngiləşdirmək. Analiz edərək oxumaq.

Cahilliyin ağır forması savadsızlıq, vicdansızlıq, kobudluq, əxlaqsızlıq, mədəniyyətsizlik və digər mənfi keyfiyyətlərdə özünü göstərir. Bunlar cəmiyyətdə sadəcə özlərinə bənzər cahillərlə ünsiyyətdə olur, çox nadir hallarda digər fərdlərlə münasibət qururlar.

Cahilliyin ən qorxulu forması intillektual cahillərdir. Cahillik xəstəliyindən qurtulmaq üçün əllərinə keçən ədəbiyyatı mahiyyətinə varmadan oxuyur, cəmiyyətdə hətta yüksək vəzifələrə də gələ bilirlər. Bunların əzbərçilik, təqlidcilik və yaltaqlıq keyfiyyətləri çox yüksək olduğu üçün cəmiyyətdəki ziyalıların arasında alaq otu kimi kök sala bilirlər. İntillektual cahillər əldə etdikləri vəzifədən süi-istifadə edərək, tabeliklərində olan insanları mənən əzir, sahib olduqları dəbdəbəli maşınlarla, ev, maşın və digər mal varlıqları ilə qürrələnərək maddi gücü silah kimi istifadə edirlər. Güvəndikləri sadəcə maddi güc olan bu cahillər mənəvi terrorçulardır. Cəmiyyəti idarə etmə gücü əldə etdikdən sonra özlərindən qat-qat mənəvi zəngin insanlardan iftiralar, şər-böhtan və şantaj etməklə, maddi və mənəvi zərbələr vurmaqla intiqam alırlar.

Amma zamanla bu cahillər ətraflarına yığdıqları özükimilərin əli ilə və yaxud gördükləri işlərlə istər-istəməz ifşa olunaraq, cəmiyyət tərəfindən məhv edilirlər. Qudurğanlıq, vicdansızlıq bu harınlamış cahillərin də axırına çıxır.

Məncə, cahillik sosiologiya və psixologiya sahəsində olan alimlər tərəfindən rəsmən xəstəlik kimi qəbul edilərək, araşdırılıb tədqiq edilməli və geniş anlamda müalicə-profilaktika tədbirləri görülməlidir. Problemin nəticəsini yox, yaranma səbəbini həll etmək lazımdır.

Ailə qurmaq üçün insanlara onların maddi və mənəvi keyfiyyətləri test edilərək icazə verilməlidir. Cəmiyyətdə müəyyən əxlaq və mənəvi kodekslər müəyyən edilməli, xusisi ədəbiyyatlar hazırlanmalı, cəmiyyətdə davranışla bağlı maarifləndirici işlər görülməlidir. Elm və təhsilin daha əyləncəli, daha maraqlı təbliğat formaları tapılmalıdır. Cəmiyyətdə fiziki güclə deyil, əqli güclə qələbə qazanılan yarışlar olmalıdır.

Cəmiyyət səhv edən fərdini ictimai qınamadan öncə, ictimai tərifləməyi bacarmalıdır. Səhv edən fərd cəmiyyətin ona obyektiv yanaşmasına inanmalıdır. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq.

Uğurlar hər kəsə ...

Tarix
2014.05.23 / 17:48
Müəllif
Eltən Qədimbəyli
Şərhlər
Digər xəbərlər

Həyat Müəllimlərimdən birini itirdim…

İnsan olmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla