Ana səhifə Yazarlar |
Həmişə kitab mağazalarının, kitab tədarükçülərinin, kitaba sərmayə qoyanların tərəfində olmuşam. Çünki bu adamlar daha gəlirli olan meyvə-tərəvəz də sata bilərdilər. Amma onlar kitab satırlar. Kitab sahəsində bir çöp belə tərpətmək istəyəni maarifçi kimi qiymətləndirmək lazımdı. Ancaq elə şeylər var ki, haqq qazandırmaq mümkün deyil.
Mağazada əhvalat
Türkiyədə çox satılan Ahmet Batmanın kitabları ölkəmizdə də bir anda çox satılanlar arasına girdi. Dedim, görüm hələ bu nə kitabdır. Adətimdir, kitab haqqında minimum məlumat almaq üçün kitabın arxasını oxuyuram. Diqqətlə baxanda gözlərim alacalandı, sanki yazılar axırdı. Əvvəl elə bildim gözlərimdə bir problem var. Sonra fərqinə vardım ki, kitabın qalaqramı da yoxdur. Satıcıya müraciət etdim: "Yox xanım, nə danışırsınız? Bu kitablar Türkiyədən gəlib".
Satıcı ya pirat kitabın nə olduğunu bilmirdi, ya da oxucunu yola verirdi. Əlbəttə, kitabı almadım. Bu hadisə mənə çox pis təsir etdi. Kitabların bizə öyrətdiyi doğruluq-düzgünlük, haqq-ədalət kimi hissləri biz kitabın özünə qaytara bilmirik. Bu yaxınlarda Xalid Hüseyininin kitablarının piratları ortaya çıxması mətbuatda da, sosial mediada da etiraz doğurmuşdu. Eyni diqqət isə ölkəyə kənardan gətirilən kitablara ayrılmır. Türkiyədə çox satılan bir kitabın orda dərhal piratları çıxır. Bakıdakı bəzi "çoxbilən" kitabçılar da onları alıb gətirir. Adlı-sanlı mağazalardan tutmuş keçidlərə, piştaxtalara qədər hər yerdə piratları görmək olar.
Bir kitabçıdan öyrəndim ki, pirat kitabların Türkiyədən 1 lirəyə, təxminən 50 qəpiyə gətirilir. Orjinalı ilə eyni qiymətə satılır. 50 qəpiyə alınan kitabın qiymət etiketində 9.50 azn yazılmışdı. Hər kitabdan 9 azn haqsız qazanc.
Əziz oxucular və kitabsevərlər
Sadəcə, bir saniyənizi ayıraraq kitabın pirat olub olmamağına diqqət edin. Sevdiyimiz, ideallaşdırdığımız, hisslərimizə, dünyagörüşümüzə təsir edən o yazarlardan oğurluq edən bir vəziyyətə düşməyək. Bir kitabın hazırlanması prosesinin arxasında çox sayda insan var. Yazıçının, redaktorların, rəssamların, nəşriyyat işçilərinin saatlarla zəhmətləri var. Bu zəhməti qarşılığı bizim kitaba ödədiyimiz puldur ki, bunu da yanlış yerə ödəməyək. Əlinizi bu pirat kitablara atanda həvəslə aldığınız bu kitabın müəllifini düşünməniz kifayətdir.
Əziz kitabçılar
Gördüyünüz bu iş çox önəmli və şərəfli işdir. Kiçik bir qazanc üçün ona ləkə vurmayaq. Unutmayaq ki, ağ ləkəni ən tez götürən rəngdi.
P.S. Sonda "gəlin pirat kitablara qarşı mübarizə aparaq" deyəcəkdim ki, eşitdim metroda kitab satışı qadağan olunub. Vur deyəndə öldürən məmləkətimdə piratlı-orjinallı mübarizə başlayıb.
Tarix
2013.11.20 / 14:06
|
Müəllif
Arzu Məmmədova
|