Yuxarı

Axundovun erməni dostu, Yusif Vəzirin xəyanəti...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vurğun polemikası ilə bağlı çox hörmətli Mehriban Vəzir yazır: “Aydınlaşma mühümdür və davam etməlidir. Özü də hər kəs üçün keçərli olmalıdır. Xüsusilə, ədəbiyyat və siyasət adamları üçün”.

Mehriban xanıma birmənalı haqq verirəm.

Əvvəla ona görə ki, Azərbaycanın son yüz illik tarixində çox qaranlıq mətləblər, ziddiyyətli məsələlər var. Bu problemlərin çözülməsi, hər kəsə layiq olan dəyərin verilməsi, dönəmin və şəxsiyyətlərin obyektiv araşdırılması vacibdir. Bizim etirazımız “Səməd Vurğun mənasız şairdir, çoxlu adam satıb” kimi isbat edilməmiş fikirlərin ortalığa atılaraq sağlam müzakirələrin qarşısının alınmasıdır.

Çünki məsələyə sevdiyimiz və sevmədiyimiz şəxsiyyətlər baxımından yanaşsaq, heç zaman obyektiv ola bilməyəcəyik. Mən mühacirət tarixi ilə bağlı araşdırma apararkən qarşıma çıxan bir çox məsələlərin üzərindən bilərəkdən keçirəm. Çünki bunların müzakirəsinin indiki halda doğru olduğunu hesab etmirəm. Bu mənim tamamilə subyektiv addımımdır. Amma ortada reallıq var ki, mühacirətdə siyasilərimiz arasında ciddi qarşıdurmalar olub, indi də oxuyanda təəssüf hissi keçirdiyimiz yazılar, kitablar nəşr edilib. Bu barədə Ankarada tanınmış mühacirətşünas Ömər Özcan bəydən fikrini soruşarkən konkret dedi ki, obyektivliyi gözləmək, tərəfsiz olmaq lazımdır və unudulmamalıdır ki, həmin şəxsiyyətlər də bizim kimi insan olublar, güclü tərəfləri ilə yanaşı hansısa məsələlərdə zəiflik göstərə biliblər.

Amma hamı Ömər bəy kimi bu məsələlərdə obyektiv deyil. Konkret misallara keçək, “26-lar” öldürüləndə Səməd Vurğunun cəmi 12 yaşı vardı, nə onların kimliyini bilirdi, nə də ki cinayətlərini. Şair bu adamlara poema həsr edəndə isə onlar rəsmi tarixdə qəhrəman kimi təqdim olunur, qəzetlərdə mütəmadi fotoları, həyatları haqqında yazılar çap edilirdi. Əgər SSRİ dağılmasaydı, hələ də bu cür davam edəcəkdi. Kənddən Bakıya gələn birinin 1918-ci il mart soyqırımı haqqında bilgisinin olması mümkün idimi? Müstəqillik illərinə qədər bu barədə kim danışa bilərdi ki? Ona görə də bizim arzuladığımız odur ki, Səməd Vurğun və ya qeyrisi tənqid edilərkən sağlam dəlillərlə və məntiqlə tənqid edilsin.

Başda Rəsulzadə olmaqla bütün siyasilər, Mirzə Fətəli olmaqla bütün ədəbiyyatçılar araşdırılıb aydınlaşdırılmalıdır. Amma bu düşündüyümüz qədər asan məsələ deyil.

Götürək Mirzə Fətəlini. Əgər bizim məqsədimiz Hikmət Hacızadə kimi bir adamı tamamilə sıradan çıxarmaq olsa, o zaman bu arqumentlərimizi ortaya qoyacağıq: Mirzə Fətəli İslam dinini məhv etmək üçün çarlıq rejiminin və İrandakı fəramüşxanaların təmsilçilərinin dəstəyi ilə əsərlərini yazırdı; Mirzə Fətəli paniranizmin banisidir, əsərlərində və məktublarında Sasani səltənətini arzulamasını, özünü də iranlı və zərdüşti adlandırması buna sübutdur; Mirzə Fətəli ermənilərlə daimi münasibətdə olub, ən yaxın dostu, ruhul-qüds adlandırdığı erməni Mirzə Melkum xandır.

Mehriban xanım, əmin olun ki, Azərbaycanda öz həqiqətlərinə görə Mirzə Fətəlini sevməyən, ona nifrət edən böyük kəsim var. Amma mənim həqiqətlərimə görə, Mirzə Fətəli Azərbaycanda maarifçiliyi başladan, yeni ədəbiyyatın əsasını qoyan, Şərqi zülmətdən ayırmaq üçün əlifba islahatının vacibliyini başa düşən nəhəng bir insandır.

Yusif Vəziri götürək. Mənə görə, Cümhuriyyətin Türkiyə səfiri olması, modern Azərbaycan romançılığının əsasını qoyanlardan biri kimi qiymətli şəxsiyyətdir. Amma Yusif Vəzir eyni zamanda cümhuriyyət davasına sona qədər tab gətirə bilməyən, Sovet Azərbaycanına dönərək yazılarında Lenini tərifləyən, bolşevik mətbuatında Rəsulzadəni tənqid edən bir adam olub.

Üzeyir Hacıbəylini götürək. Cümhuriyyət dönəmində dövlət himnini yazıb, rəsmi “Azərbaycan” qəzetinin redaktoru olub. Bu dövrdəki məqalələri cümhuriyyətin tərənnümü ilə bağlıdır. Amma ömrünün 28 ilini Sovet Azərbaycanında keçirib, Azərbaycanda musiqi məktəbinin əsasını sovet dönəmində qoyub, “Koroğlu” kimi əsərini, musiqi ilə bağlı kitablarını bu illərdə yazıb. Arada yazılarında Müsavat hökumətini quldur adlandırıb.

Mikayıl Müşfiqi götürək. O da Səmədlə yaşıd olduğu üçün “26-lar” haqqında şeir yazıb, ömrü boyu bolşevik rejimini tərənnüm edib. Amma həm də güllələnib.

Abdulla Faruq, Sabit Rəhman, Süleyman Rüstəm, Mirvari Dilbazi kimi şairlər də Müsavat hökumətini ağır sözlərlə tənqid edib, “26-lar” haqqında şeir yazıblar.

Mehriban xanım, siyahı o qədər uzundur ki, biz hər şəxsiyyəti bu cür analiz etsək, sabah Azərbaycan tarixində bir dəyər tapa bilməyəcəyik.

Bu hal bu günümüz üçün də keçərlidir. Məsələn, elə Hikmət Hacızadə Səməd Vurğun polemikasını ortaya atanda, vaxtilə onunla eyni hökumətdə təmsil olunan şəxslərdən biri onun Rusiyanın agenti olduğunu, NKVD arxivlərində bu barədə məlumat olduğunu yazdı. Hikmət bəy bunu nə qədər inkar etsə də, lağa qoysa da, tarixə bir qeyd düşdü artıq. Necə ki, bu gün Hikmət bəy 61 il öncə ölmüş adam haqqında heç bir sənəd ortaya qoymadan rahat fikir yürüdə bilir.

Mehriban xanım, aydınlanmadan söz düşmüşkən, elə Hikmət bəyin təmsil olunduğu hökumətin özü də aradan keçən 25 il ərzində aydınlaşdırıla bilinməyib. 25 ildir mətbuatda həmin hökumətdə təmsil olunanlar bir-birilərini ittiham edir, heç kim günahını boynuna almır, KQB arxivlərində sənədlərin olduğu iddia olunur. Yəni ki, “aydınlaşma olsun” demək o qədər asan məsələ deyil. Bu gün sizin də cəllad kimi qəbul etdiyiniz Mircəfər Bağırovun müsbət obrazının yaradıldığı kitablar yazılır, nəvəsi isə onu az qala mələk kimi təqdim edir. Nəriman Nərimanov bir tərəfdən Dağlıq Qarabağın ermənilərə verilməsinin qarşısını alan şəxs kimi təqdim edilir, təriflənir, amma digər tərəfdən cümhuriyyətin işğalında önəmli rol oynayan, düşmən qüvvələrini hədiyyələrlə qarşılayan bir şəxs kimi tənqid edilir.

Bu gün İran parlamentində türk dilinin müdafiəsi ilə bağlı çıxışında urmiyalı millət vəkili Səməd Vurğunun şeirini oxuyursa, bu bizim üçün bir dəyər olmalıdır. Söhbət həmin şeiri kimin yazmasından, zəif və ya güclü olmasından getmir. Söhbət o andakı reallıqdan gedir.

Mən bu gün mühacirət mətbuatını da, sovet mətbuatını da eyni maraqla oxuyuram. Hər iki tərəfdəki şəxsiyyətləri özüm üçün təhlil edir, nəticələr çıxarmağa çalışıram. Səməd Vurğunun Hüseyn Cavid haqqında yazdığı, Müşfiqin Quranı təhqir edən şeirini görüb üzülürəm, amma eyni zamanda Müşfiqin sevgi şeirlərini, Vurğunun Azərbaycan haqqında yazdığı şeirləri də görüb bəyənirəm. İnsanların üzərindən birdəfəlik xətt çəkməyin mümkün olmadığı düşüncəsindəyəm. İnsanlar tənqid olunarkən obyektivliyin gözlənilməsindən yanayam.

Yazının başlığına gəldikdə isə, şəxsiyyətlərin həyatından müxtəlif hadisələri götürüb içinə subyektivlik qatmaqla günlərlə gündəmi məşğul etmək, dava-qırğın salmaq mümkündür. “Səməd Vurğun çoxlu adam satıb” demək kimi...

Tarix
2017.07.21 / 14:33
Müəllif
Dilqəm Əhməd
Şərhlər
Digər xəbərlər

Doğmalar və yadlar arasında doğma

Xosrov Paşa qayası, Həşimov stansiyası

Ordumuz Qarabağ cəbhəsində - 100 illik foto

Tağıyevin Ənvər Paşaya bağışladığı bina... - Vəsiyyət

Cümhuriyyət ili və medalı...

Əvvəl almanlara, sonra isə ruslara qarşı döyüşən şərurlu...

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

Topçubaşovla Ziya Göyalp nəyi müzakirə ediblər?

Bakının daşı daş üstündə qalmayacaqdı

Rəsulzadənin Stalinə məktubu: Mənim xilas olmağım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla