Yuxarı

Hamı mələkmiş, bir vecsiz millət türklərmiş?...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güntay Gəncalpla söhbətimizin davamı

II silsilə

6. Keçmişdən gülə-gülə ayrılmaq, nifrətlə yox...

Bu məsələlərə yanaşmada mövqeyimiz birdir. Fikrimizin ayrıldığı yer - sənin bu geriliyin və milli simasizlaşmanın bütün günah və məsuliyyətini türklərin boynuna qoyub, qonşuları günahsızlaşdırmaq, təmizə çıxarmaq təşəbbüsündədür. Sanki fars şovinizminin başında biz dayanırıq, onun gizli doktrinasını da biz hazırlamışıq. (Bu işdə qismən bizimkilərin iştirakını da inkar etmirəm).

Güntay bəy, farsların bu məsələlərdə heçmi günahı yoxdur, min ildə İran və müsəlman dünyasının geri qalmasının tək səbəbi elə yalnız bizmiyik? Molla Nəsrəddin demiş, bu oğrularda zərrəcə suç yoxmu, suç yalnız biz evi, ruhu, dili, mədəniyyəti ogurlanan bədbəxt ev sahibi - türklərdəmi? Nizamülmülklərdən, “Şahnamə”dən başlanan açıq və gizli fars siyasətinin və onlara dəstək verən, İran türk dövlətini farslaşdırmaq üçün ikiyüz ildən artıq bir vaxt ərzində neçə cür ssenari yazıb həyata keçirmiş ingilis imperializminin hecmi günahı yoxdur?

Biz QİÇS xəstəliyinə tutulmuşuq, müqavimətimiz azalıb, immunitetimiz itib, anladiq; bunu mən də yazmışam: ("SPİD-ə yoluxmuşlara elegiya"). Bəs bizim düşmənlər? Sənin yazından belə çıxır ki, bu bölgədə üzləşdiyimiz hər kəs - rus da, fars da, erməni də, ingilis də mələkmiş, bir dənə düşmən və vecsiz millət varsa, o da biz türklərik. Yazıq türklər! İki min il öncəyə, əslində, türklərlə təmaslara qədər dünyanın ən əxlaqsız toplumu olan, ana, bacı bilmədən heyvan kimi insktiktiv ilişkilərlə artıb çoxalan Kəmbis törəmələri mədəniyyət daşıyıcısıymış, yəni tezis, bizsə dağıdan - antitezis. Fars da erməninin tayıdır (İranın keçmiş Xarici İşlər nazirlərindən biri olan Xərrazi erməniləri İranın qan qardaşı sayırdı) və türklə müqayisədə mənəvi və əxlaqı baxımdan nə qədər aşağıda dayandığı barədə dünyada yazılanları toplasaq, ayrıca kitab olar. Milləti, tarixi sorğulamaq belə olmaz! Bu, fars-erməni-Batı üçgəninin tələsinə düşməkdir. Özünü bu bəladan qoru!

Onu da deyim ki, elə bir elm sahəsi yoxdur ki, məkanı və zamanı bütün ölçüləri və əbədi hərəkəti ilə, bütöv görüb göstərə bilsin. Tarix haqqında yazılanlar da bütün hallarda onun yalnız bir kəsiminin, kiçik bir parçasının şəklidir. Bütün texniki və elmi fikir bir qum dənəsinin çevrəsində fırlanır. Keçmişin, mədəniyyətin, yaşayışın min illərlə mövcud olmuş mifini dağıtmaqla biz onu nə qədər "reallaşdırırıqsa", bir o qədər də dayazlaşdırıb kökündən və mahiyyətindən qoparırıq. Buna görə də “protoreallıq” axtarışı yeni eranın aydın görünən əlamətlərindən biridir. Demək olar ki, bütün millətlərdə müşahidə olunan keçmişəqayıdış, milli-mənəvi yaddaşın bərpası, real düşüncə ilə əski mifik təfəkkür arasında yeni körpülər salmaq cəhdi dünyada baş verən nəhəng dəyişikliklərlə bağlıdır və bu yerdə bəşəriyyətin üzü yenidən Şərqə çevrilir; Şərqin müdrikliyi yenidən cilvələnir, çünki Şərq, o cümlədən qədim Azərbaycan həmişə kainatla insanı, miflə reallığı bütöv görüb. Dünya vəhdəti-vücud ideyasının böyüklüyünü dərk etmək üçün yenidən keçmişə qayıtmaq məcburiyyətindədir. Belə bir durumda bizim öz keçmişimizə və Şərqə daha anlayışlı yanaşmaqdan başqa yolumuz qalmır. O böyüklüyü inkar etməklə təfəkkür ənənələrimizdən üzüldük. Biz bütöv ağacı görmədən öz yarpaq təfəkkürümüzün və yarpaq ərazilərimizin qayğısı içərisində çabaladıq. Buna görə də Sakit okeanla Aralıq dənizi arasında Avrasiya üzərində möcüzəli bir yol keçmiş xalqın tarixini Qafqaz dağlarının ətəyinə sıxışdırılmış bir "köçəri" tayfanın tarixinə çevirmək istədilər və bu cəhd hələ də davam edir. Bu düşmənçilik bütün humanitar elmimizə saxta bir hava gətirdi. Yüksək rəmzlərlə, İlahi bir sehrlə dolu olan dilimizi yavaş-yavaş unutduq.

Bu gün uşaqlarımızı nə şəkildə tərbiyə etdiyimizi düşündükdə adam dəhşətə gəlir. Bu baxımdan yanaşanda Azərbaycan tarixi və mədəniyyəti torpağımızdan qat-qat artıq işğala və qarətçiliyə məruz qalıb.

Tarixi sorğularkən bu durumu unutmaq olmaz.

Ulusal inkişaf keçmişin inkarından, bölücülüyə yol açan təxribatçlıqdan yox, keçmişin ibrət dərslərini öyrənməkdən, milli dövlətin, ulusal sərmayənin, ulusal şüurun, barışın və vətəndaş həmrəyliyinin güclənməsindən keçir.

Aydınlar, tarixçilər, özəlliklə bizim kimi çox həssas bir dönəmdən keçən xalqın ziyalıları yazdıqlarının cəmiyyətin dirçəlişində, ulusal şüurun inkişafında hansı rol oynayacağını dəqiq bilməlidirlər. Daş üstə daş qoya bilirsənsə, buyur, yoxsa ayağımın altındakı daşı da çəkmə!.. Bu barədə böyük tarixçilər çox yazıb: araşdırdığın mövzunun xeyri olacaqsa yaz, olmayacaqsa vazkeç, ayrı mövzu axtar! Bu, tarixi bu günə uyğunlaşdırmaq, bu günün siyasətinə qurban vermək deyil. İlk məktublarımda yazdığım kimi, hər dövr, hər cəmiyyət, hətta hər şəxs tarixə öz çıxarlarına uyğun, dövrün sosio-kültürəl, siyasi, milli şərtləri nəzərə alınmaqla yanaşır.

Onsuz da düşmənlərimiz bizə yüzlərlə damğalar vurur, kiçik bölgələrin və ya kilsələrin lokal, uydurma tarixlərini qutsallaşdırıb bizi tarixi olmayan, mədəniyyətsiz, vəhşi, dağıtmaqdan başqa bir iş bacarmayan, feodal düşüncəli bir toplum kimi tanıtmağa çalışırlar... Biz onların bu böhtanına yaşıl işıqmı yandırmalıyıq? Ləyaqəti olan hansı insan böyüklərinin nəcib ruhunu incidən bu sərsəməmələrə qoşula bilər?

Bu gün savaş təkcə cəbhədə və silahla aparılmır, həm də söz və mənəviyyat savaşı gedir. Torpaqlarımız hədəfdəykən keçmişimizi, tariximizi, böyüklərimizi də hədəfə çevirməyək. Neçə müddətdir televiziyalarda mübahisələr gedir, Babək türkdür, yoxsa yox, Səfəvilərin babaları türkdür, ya türk deyil? Anlamaq olmur, keçmişimizə atılan bu gizli lağımlar nə niyyətə xidmət edir, bu ibtidai təfəkkür, goreşənlik hardan qaynaqlanır? Və arada sən də bu mübahisələrə qoşulursan. Söhbət min yüz il əvvəldən gedirsə, kimin etnik kökənini dəqiq bilmək olar və bu, kimə lazımdır? Uzağa niyə gedirik? Bizim iyirmi birinci yüzildəki Milli Məclisin deputatlarının və ya vəzifə sahiblərinin neçəsinin türk, neçəsinin qeyri-türk olduğunu müəyyənləşdirə bilirikmi? Və bu, ümumiyyətlə, lazımdırmı? Məsələn, kim Həzi Aslanovun etnik kimliyiylə maraqlanır? Hamının nəzərində o, Azərbaycanın qəhrəman oğludur. Bu yetmirmi? Babək də beləcə! O, bu torpağın igid oğludur. Və məncə, Cəfər Cabbarlının onu üstünə gələn Afşinin qardaşı olaraq təsvir etməsi də əsassız deyil.

Ancaq indi bütün bunlar mənasız mübahisələrdir. İndi normal dövlətlərdə vətəndaşlıq prinsipi və kimin özünü hansı ulusdan sayması əsas götürülür. Bir çox tarixi şəxsiyyətlərimizi belə gülünc yanaşmalarla təftiş etmək milli inam və birliyi sarsıdır; indi bizim buna heç ehtiyacımız yoxdur!

Yol başqadır: Vətənlə və etnosla bağlı olan tarixi bəlğələri səbirlə, ideoloji və siyasi basqılardan azad bir şəkildə, ümumtürk və ümumşərq kontekstində incələmək, ulusal tarixçiliyi milli maraqlar və müstəqil dövlətçilik müstəvisinə keçirmək!

Doqquzuncu yazında tarixi şəxsiyyətlərlə “məsələni bitirib” Cənubi Qafqaz türklərinin qurduqları respublikaya, yəni bizim bugünkü dövlətimizə verilən Azərbaycan adını sorğulayırsan. Doğrudur, 1918-ci ildə qurulan bu dövlət milli kimliyi ifadə etsə, deyək ki, “Azərbaycan Türk Respublikası” adlandırılsa, daha yaxşı olardı. Dünyada belə örnəklər var. Bu mümkün olmamışdır. Buna baxmayaraq, sənin verdiyin hökmü, yəni: ”...Qafqaz türkləri qamuoyu Azərbaycan adı ilə tanış deyildilər” fikrini də əsassız sayıram. O vaxt ad məsələsi geniş müzakirə olunmuşdu. Ən uyğun variant seçilmişdi. Çünki türk milli kimliyi ilə ortaya çıxmaq da çətin idi və ölkənin uluslararası ilişkiləri, tanınması baxımdan yeni sorunlar yaradardı.

Qafqaz türkləri Azərbaycan adını öz vətənlərinin adı kimi çoxdan bilirdilər. Azərbaycan adına toxunmayaq! Çünki “azər” sözü də “türk” sözü qədər doğmadır və ən qədim türk-turan xalqlarından birinin adıdır. Bu qədim adın Atropatena-Matropatenaya heç bir aidiyyəti yoxdur və mən hələ 33 il öncə tarixçilərimizin diqqətini bu məsələyə cəlb etmişdim. Sonralar dəyərli alimimiz Firudin Ağasıoğlu da bu haqda “Azər xalqı” adlı sanballı kitab yazmışdı. İranda kiçik bir etnosa “azəri” deyiblər deyə, biz öz gözəl “azər” sözümüzdən imtina etməli deyilik. Biz türkük, konkretləşdirmək gərəkəndə Azərbaycan türkü və ya türkazərik!..

Azərbycanı “İrani-bozorgun” tərkib hissəsi saymaq, Arazın quzeyindəki torpaqları Azərbaycan yox, Alban-Aran bölgəsi hesab etmək köhnə “siyasətdir”. İstəyir Alban, istəyir Aran deyilsin, bu torpaqlar neçə min ildir türk torpaqlarıdır; hətta bəlli dönəmlərdə Abşeron-Dərbənd arası yerlərə Türküstan deyildiyini də bilirik. İranda da türklərin hansı coğrafiyada yaşadıqları hər kəsə bəllidir. Unutmaq olmaz ki, Azərbaycan deyəndə həm də Turan düşünülür. Firdovsi min il öncə İrandan və Turandan danışırdı. Biz turanlıyıq, Alp Ər Tonqanın nəsliyik. Az ərlər, türklər Şərq tarixinin elə qədim qatlarından gəlirlər ki, onda hələ bu bölgədə fars-tezik tanıyan yox idi.

“Az” sözünün yayılma arealına baxmaq yetərlidir. Mən öz kitablarımı və araşdırmalarımı bir kənara qoyub, islam alimləri üçün mötəbər mənbələrdən biri olan İslam Ensiklopediyasına göz yetirirəm. 1979-cu ildə nəşr edilmiş İslam Ensiklopediyasında yazılır ki, Azərbaycanın cənub hüdudu Sisər bölgəsi daxil olmaqla, Qızılüzən çayı, şimal hüdudu isə Dərbənddir. Bütün Aran Azərbaycana daxil olub, Bərdə şəhəri “Yuxarı Azərbaycan” adlandırılmışdır... “Ərəblər də Azərbaycan ilə Ərməniyyə, Şirvan və Aran idarəçiliyini birləşdirib bu ölkənin heyyəti-ümumiyyəsinə Azərbaycan, yaxud Ermənistan adını vermişdilər. Bu zamanlarda Azərbaycan cənubda Həmədan məntəqəsindən başlayıb şimalda Dərbəndə qədər uzanan böyük bir ölkə olmuşdur. İstəhri isə Erməniyyə ilə Aran və Azərbaycanın toplu xəritəsini vücuda gətirərək buna “Azərbaycan xəritəsi” demişdir. Bu zat Xəzər dənizi xəritəsini çəkərkən də Dərbəndə qədər uzanan bütün sahəni Azərbaycan olaraq göstərmişdir. İlhanlılardan sonra Azərbaycanın tamamilə türkləşməsi və hər yerdə eyni ləhcədə danışması səbəbindən Aran və Şirvan tərəfdəki türklərə Azərbaycan türkləri, yaxud Azəri türkləri deyilməyə başlamışdır. Övliya Çələbi Qarabağa “kiçik Azərbaycan” dediyi kimi, rus tarixçisi P.Budkov Şəki, Gəncə, Şuşa, Şamaxı, Bakı, Quba xanlıqlarını Azərbaycan xanlıqları adlandırmışdır.... Türklər görünür miladdan öncə yeddinci əsrdə sakların səfəri əsnasında buraya gəlib hakim zümrəni təşkil etmişdilər... Müaviyyənin “Azərbaycan harasıdır?” sualına Übeyd b. Sariya ismində biri “Bu, əskidən türklərə aid bir məmləkət idi” cavabını vermişdi...”

Bunlar İslam Ensiklopediyasında əksini tapıb. Buna bənzər yüzlərlə misal şəkmək olar. İndi neyləməliyik? Qədim mənbələrə və İslam Ensiklopediyasına inanaq, yoxsa XXI əsrdə Azərbaycan adını unutdurmağa çallışan kəsrəvilərin, mahmudilərin, İnayətulla Rzaların davamçılarına, yalançı islamçılara?

Tarixə yanaşmadan danışarkən böyük filosoflardan birinin sözünü xatırlayıram: “Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır”. Gülə-gülə! Gülmək olar, ancaq nifrət etmək olmaz! Bütün orta əsrlər türklüyünü, bütün qəhrəmanlarımızı və ya indiyədək qəhrəman kimi tanıdıqlarımızı bu şəkildə aşağılamaq, gözdən salmaq, bütün heykəlləri uçurmaq omaz. Çünki uçurulan heykəllərin yerinə bütlər qoyulacaq və biz yenidən ibtidai səviyyəyə qayıdacağıq.

Mən keçmişimə gülə bilərəm, lakin ona nifrət edə bilmərəm. Çünki o keçmiş atalarımızın keçmişidir. Çünki nifrətlə heç nəyi dəyişmək olmaz. Çünki bu ulusun hər şeydən çox sevgiyə ehtiyacı var! Kaş son ikiyüz ildə bu xalqı söydüyümüz və döydüyümüz qədər də ona ürəyimiz yanaydı və onu təmənnasız sevə biləydik!

Bizim borcumuz tarixdəki səhvləri, faciələri göstərməklə yanaşı, yeni səhvlərin meydana çıxmasına imkan verməmək, onu təkrar etməməkdir.

Mən yarananları yıxmadan, gələcək nəsillərə müqayisə imkanı saxlamaq tərəfdarıyam. Doqmatik, zorlama bir şüur formalaşdırmaq, xalqın əlindən sərbəst seçim özgürlüyünü almaq olmaz.

Tariximizə məhkəmə qurmağı və ya böyüklərimizə əxlaq dərsi verməyi xeyirli iş sayanlar çoxalıb; bunun əleyhinəyən, belə düşünmürəm və bunu son dərəcə ziyanlı iş hesab edirəm. Əxlaq dərsini gələcək nəsillərə vermək lazımdır. Keçib getmiş karvanların ardınca qışqırmaq yox, gələcək karvanların yükü haqqında düşünməliyik.

Bu baxımdan özün də doqquzuncu məktubunda çox dəqiq bir qənaətə gəlirsən: Milli dövlət qurmaq istəyənlər “Tarixə fərar etmək yerinə, yaşadığı çağın əqli imkanlarına dayanaraq yeni orqanizasion təsis etməlidirlər”; Və yenə doğru olaraq yazırsan ki, bundan ötrü “Azərbaycan Respublikası gövdə olaraq kiçik olsa da, ruh olaraq böyüməlidir”. Bununla və bölgənin gələcəyi ilə baglı verdiyin təkliflər, türklüyün inkişafı və türk dünyasının Avpasiyada söz sahibinə, etkili gücə çevrilməsi üzərinə düşüncələrin son dərəcə əhəmiyyətlidir və proqram xarakteri daşıyır. Sayqılarla...

Tarix
2017.08.21 / 10:03
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla