Yuxarı

Heydər Əliyevin yanına getdim, xahiş etdim ki...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güntay Gəncalpla dialoqumuzun davamı

2-ci silsilə. 9-cu məktub

Ağır durum və acınacaqlı taledir.

Təsəlli yeri xalqın keçib gəldiyi yollar və tarixin təcrübəsidir. Ümid yenə xalqın özünədir. Ağqoyunlu dövlətinin sultanı Uzun Həsənin (1453-1478) hakimiyyətindən bəhs edən və ölümündən 8 il öncə yazılmış “Kitabi-Diyarbəkiriyyə”də göstərilir ki, Uzun Həsənin nəsil şəcərəsi oğuzların ulu babası Oğuz xandan başlanır, yəni Uzun Həsən Oğuz xanın uluq-turuqlarındandır. Uzun Həsənin babası Qara Yuluk Osman Oğuz xaqanın 52-ci, Uzun Həsən isə 54-cu törəməsidir. Kitabda bu bağlılıq xüsusi bir qürurla vurğulanır.

Qara Yürük 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin çağdaşı olmuş, 70 il hökmranlıq etmişdir. Məhəmməd peyğəmbərin Qara Yulukdən 7 əsr əvvəl yaşadığını və 7 əsrdə 20 nəsil dəyişildiyini nəzərə alaraq, ən bəsit hesablama aparsaq bəlli olur ki, Oğuz xan Uzun Həsəndən 18-19 əsr əvvəl, yəni bizim eradan əvvəl VII-VI əsrlərdə yaşamışdır.

Mən də “Göy Tanrı” romanımda Oğuz xaqanın təxminən b.e.ə. 6-cı yüzildə yaşadığını və Qorqudun da onun nəvələrindən biri olduğunu yazmışam. Oğuz xaqanın saklar dönəminin hökmdarı olduğu, həmin dövrdə yaşadığı bədii təxəyyül deyil, real faktlara və hesablamalara söykənir. İndi bu barədə geniş danışmaq niyyətim yoxdur. Ancaq “Kitabi-Dədə Qorqud”un mifik başlanğıcı, baş verən olaylar, dastanın dili, Oğuz türklərinin tarixləri haqqında bilgilər bu mülahizələrimizin havadan götürülmədiyini və reallığa uyğun olduğunu göstərir. Təbii ki, Dədə Qorqud boyları ağızdan-ağıza keçdikcə dəyişikliyə uğramış, hər keçən zaman ona öz möhürünü vurmuşdur, lakin ilkin tarixlərin izini tamamilə silə bilməmişlər.

Azərbaycanın ilk böyük kitabı, türk ruhunun və varlığının ilk abidəsi olan Dədə Qorqud boylarında sərhədləri aydın görünən, Dərbəndi, Göyçə gölünü, Trabzonu, Diyarbəkiri, Van çevrəsini, indiki Güney Azərbaycanın bütöv ərazilərini içinə alan bir oğuz xəritəsi var.

Azərbaycan xalqının vətən, el-ulus ilkəsi, bugünkü dillə desək, ideyası Dədə Qorqud boyları adlı “Ana” kitabımızla yaşıddır. Dədə Qorqud kitabı qəhrəmanlıq eposudur. Burada bütöv xalq qəhrəmandır.

Türklərin folklorunun, qədim dastanlarının iki əsas mövzusu var: sevgi və qəhrəmanlıq. Bu iki xətt həm də xalq ruhunun əsas mənbəyidir və Dədə Qorquddan başlayaraq dastanlarımızın çoxunda davam etdirilən başqa bir ideya - ulusun əxlaqıdır: böyüyə hörmət, ata-anaya sevgi, vətənə, torpağa, ailəyə bağlılıq, namus, iman, vəfa, etibar və s.

Dədə Qorqud kitabında və qədim dastanlarımızda Avesta ilə səsləşən dualizim, yəni yer üzündə xeyirlə şərin, yaxşılıqla pisliyin əbədi mübarizəsi də geniş yer tutur. Yaxşılığın və xeyirxahlığın tərənnümü folklorumuzun baş mövzularındandır. Dədə Qorqud kitabı türk-oğuz coğrafiyasında yaşayan insanların qədim ruh, inanc, əxlaq, mənəviyyat sərhədlərini də çəkir. Azərbaycan xalqını yönəldən, səfərbər edən, igidliyə sövq edən genetik bağları və tərbiyə gələnəklərini göstərir.

Uzun əsrlər keçib, həmin yurd, ulus sevgisi, ruh, mənəviyyat ucalığı yaşayır, qabarmaların, çəkilmələrin, yüksəlişi və çöküşlərin təsiri ilə yıpranmalar olsa da, ana xətt öz yerindədir.

Təməli Dədə Qorqudda qoyulan və ana dilimizin bütün gözəlliyi ilə ifadə olunan bu ulusal ilkə və ümumxalq düşüncə, əməl düsturunu yüzildən- yüzilə daşıyan əsas vasitə qılınc və qələm olmuşdur. Bu yüzillərin işıqötürənləri, mayakları, durna çıraqları qılınc və qələm qəhrəmanlarıdır.

Azərbaycan mürəkkəb bir coğrafiyanın adıdır. Minillər öncədən başlanmış İran-Turan savaşı, şimaldan rus-slavyan təzyiqləri, daxildə erməni xəyanətləri, saysız axınlar, Qarabağın dünyanın ən böyük orduları üçün düşərgə yeri olması və s. amillər Azərbaycanın taleyinə və tarixinə təsirsiz qalmadığı kimi, onun etnik yapısına da izlərini buraxıb.

Azərbaycan xalqının toplum və xalq idealları, dediyim kimi, Dədə Qorqud kitablarından müstəqil dövlətimizin bərpa illərinin bədii-publisistik proqramlarından olan “Ömür kitabı”na qədər bir yol keçmişdir. Bu ideya Babək əyilməzliyindən, Nizami düşüncəsindəki kainat genişliyindən, Xaqani üsyankarlığından, Xətai cəsarətindən, Koroğlu mərdliyindən, Mirzə Fətəli Axundzadə idrakından, Aşıq Ələsgərin sazından, Üzeyir Hacıbəylinin musiqi sehrindən keçmişdir.

Bu ideyada “Tanrıdan güc alan” oğuz bəylərinin saf inancı, “xalqın dərdinə qal, ona həmdəm ol” deyən Məhsəti Gəncəvinin rəhmdilliyi, “Ərənlər ər yolunda ər tək gərək, meydanda erkək kişi nər tək gərək“ deyən Qazi Bürhanəddinin döyüşkənliyi, “nitqi-Allah mənəm” deyən Nəsiminin ucalığı, “kimsə açmaz qapım badi-səbadən qeyri” deyən Füzulinin kədəri, “qoy var olsun türki-zəban” deyən Qurbaninin ana dili heyranlığı, “mən cahan mülkində mütləq doğru halət görmədim” deyən Vaqifin ittihamı, “xadimi dövlət verməz bir içim su sana ta almaya dərya” deyən Zakirin ədalət axtarışı, “gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı” deyən Seyid Əzim Şirvaninin yenilik arzusu, “yox millətimin imzası imzalar içində” deyən Hadinin ürək ağrısı, “qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmətdir” deyən Cəlil Məmmədquluzadənin yorulmaz əməyi, “bir səfa bulmadım bu aləmdə, başqa bir aləmə varıb gedəlim” deyən Sabirin qəfəslər qıran iradəsi, “uzaq ulduzlara göz gəzdirməkdən az qala kor oldum, ey dan ulduzu” deyən Cəfər Cabbarlının işıq və həqiqət axtarışı , “el bilir ki, sən mənimsən” deyən Səməd Vurğunu iftixar və vurğunluğu qovuşub millətin qranit heykəlini yaradıb. Üz bəlli, ruh bəlli, xarakter bəlli... Bu, türkün heykəlidir.

Azərbaycan ideyasında ana südü ilə dağ çiçəyinin möcüzəsini görən bir ağıl, vətənə durnalar ilə salam göndərən bir həsrət, dağa, daşa, dumana, ağaca, bulağa, aya, ulduza, çayın daşına və çölün quşuna, sərhədə dönən çaylara, sınıq körpülərə, bələdçi bozqurdlara, etibarlı sərçələrə, sevdalı bülbüllərə, tənha yurd yerlərinə, ziyarətçisi olmayan məzarlara, ayrılıqla görüş arasındaki sonsuz iztirablara, gedib qayıtmayan igidlərin vəfa heykəlinə dönən sevgililərinə, itkilərin göz yaşları və görüşlərin tükənməz ümidinə, ocağa, ailəyə, yurda bağlılığın sarsılmaz gücü, inam və etiqadı var.

Tarixə etinasızlıq bütün bunların üstündən xətt çəkmək və milləti kor qoymaqdır. Bu gün bütün təhsil və tərbiyə sistemi, milli dövlətin ideologiya axtarışları bu böyük mənəviyyat okeanından, gələnək və görənək xəzinəsindən kənarda düşünülə bilməz. Bunlardan kənarda nə doğulacaqsa, köksüz və etibarsız olacaq.

Təəssüf ki, bu boyda böyük mənəviyyat və ruh abidələri, böyük ideya təməlləri olan xalqımız öz dəyərlərini ümumiləşdirərək, hamı tərəfindən qutsal tutulan bir milli proqrama, doktrinaya çevirə bilməmişdir; elə bir proqram ki, bütün xalq tərəfindən dərk edilsin və insanlarımızı vahid bir orqanizmə çevirmək yolunu aydınlatsın.

Bunu deməklə böyüklərimizin zəhmətini yerə vurmaq və ya inkar etmək niyyətində deyiləm. Yazımda bu ideya üzərində baş sındıran, ömürlərini fəda edən, çeşidli əsərlər yazan filosof və yazarlarımızın bəzilərini xatırlatmışam.

İdeal sözünü vaxtilə fəlsəfəyə Kant gətirib və bu sözün arxasında dünya xalqlarının siyasi birliyini nəzərdə tutub. İndi dövlətlər birliyindən danışılır. Heç biri real görünmür. Bu yazıda məni daha çox öz millətimin və ulusumun idealı düşündürür.

Təəssüf ki, həm dinimiz, həm qurduğumuz dövlətlər, həm tərkibində olduğumuz imperatorluqlar yüz illər boyu Azərbaycan-türk ideyasını unutdurmağa, bu ruhu öldürməyə səfərbər olmuşlar. İslam “qardaşlığı” - etnik özünüdərkə qarşı, ümmətçilik - ulusalçılığa qarşı, Quran dili - Allahın verdiyi ana dilinə qarşı, fars “şirinliyi” - türk hünərinə qarşı, İran şiəçiliyi - inanc və millət bütövlüyünə qarşı, əzənlərin zorakılığı - əzilənlərin xoşgörüsünə qarşı, riyakar, vətənsiz, hiyləgər yalan - Azərbaycan saflığına qarşı...

Tarixdən bu dediklərimlə bağlı adamın içini parçalayan çox sayda acı örnəklər göstərmək olar. Uzağa getmək lazım deyil, son yüzildə Arazın quzeyində və güneyindəki gedişata baxaq. Bəzi sadəlövh tarixçilərimiz elə düşünürlər ki, Azərbaycanın quzeyindəki müstəqil dövlətimizi Rusiyanın işğalına borcluyuq. İddia edirsən ki, ruslar bu ölkəyə mədəniyyət gətirdi. Sanki biz yüz illər bu torpaqlarda böyük mədəniyyət qurmuş xalq deyilik, qulyabanı kimi meşələrdə dolaşırmışıq. Tam tərsinə, ruslar bir çox mədəniyyət dəyərlərini türklərlə qonşuluğa və uzun sürən təmaslara borcludurlar və mədəniyyət də təkcə teatrdan ibarət deyil. Düzdür, Quzey xanlıqlarının Rusiyaya birləşməsi və Avropaya açılan yollar azərbaycanlıların taleyində müəyyən iz buraxmış, maarifçiliyin, demokratiya axtarışlarının genişlənməsinə təsirsiz qalmamışdır. Lakin həmin dövrdə başqa xalqlar da yerində saymırdılar, Rusiya ilə əlaqəsi olmayan xalqlar da inkişafdaydı.

Bu, yüzlərlə, minlərlə fikir adamımızın qanı bahasına əldə edilmişdi və bu bölgənin Şirvanşahlar dönəmindən başlayan təbii potensialının nəticəsi idi. Quzey Azərbaycan aydınları öz ağıl və istedadları ilə bütün Rusiya müsəlmanlarının maariflənməsi və milli varlıqlarını dərk etməsinə yardım etmişdir. Bu gün həmin böyük insanlarımızın - Əlibəy Hüseynzadə, Əhməd Ağaoğu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyli, Cəlil Məmmədquluzadə, M.Ə. Sabir və adları hamıya bəlli olan digər böyük mütəfəkkirlərimizin keçdikləri məşəqqətli həyat yollarını düşünəndə müstəqil dövlətimizin dəyərini daha yaxşı anlayırıq. Qısa müddətdə yetişmiş bu insanlar kölə durumuna salınmış bir millətin qanında mövcud olan böyük ruhu diriltdilər; lakin bolşevik Rusiyası bunu bağışlamadı və 1920-ci ildən 50-ci illərə qədər yüzminlərlə Azərbaycan aydını vəhşicəsinə qətl edildi. Təkcə Selevki əsirləri haqqında yazılanları, yaxud Hüseyn Cavidlə bərabər Sibirdə əsir olan bir dəstə Azərbaycan türkünün qəhrəmanlığını əks etdirən “Onlar türklərdi” kitabını xatırlamaq yetərlidir ki, həmin ruhun qeyri-adi dərəcədə yüksəkliyini, əyilməzliyini, ölmədiyini görək. O dövrlərdə baş verən faciələr millətimizin düşünən beyinlərinin necə planlı şəkildə və ardıcıl məhv edildiyini də göstərir.

Bu mənada çarizmin və fars rejiminin siyasətləri çox bənzərdir. Son yüzildə düşmənlərimizin apardığı savaşların və siyasətin mahiyyəti aşkardır: ya Azərbaycan türklərini bir xalq olaraq yer üzündən silmək, ya da pozub, qanını və ruhunu dəyişib simasız bir sürüyə çevirmək.

Məhz bu məqsədlə tarixi mövzulu əsərlərimiz min cür maneə ilə qarşılanırdı, hətta Dədə Qorqud boylarının nəşri və oxunması qadağan edilmişdi. Əhməd Cavadın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, hətta Nəriman Nərimanovun adını çəkmək və kitablarını nəşr etmək olmazdı. Maraqlıdır ki, bu gün də orta məktəb proqramlarında hər cür köhnəlmiş, mənasız söz yığınına yer var, müstəqillik ruhuna qida vermiş, yüksək bədii pafoslu, milli ruhlu, uşaqların heysiyyətli böyüməsinə kömək edəcək əsərlər az xatırlanır.

1918-ci ildə erməni və bolşeviklər tərəfindən törədilmiş soyqırım, 1920-ci ildə Qırmızı ordunun kütləvi qırğınları, Azərbaycan aydınlarına qarşı on illərlə davam edən Stalin repressiyası, tarixi torpaqlarımızdan kütləvi şəkildə qovulmağımız, sürgünlər, üstəlik millətin adının, soyadının, əlifbasının dəyişdirilməsi, onu öz kökündən qoparmaq üçün ardıcıl şəkildə həyata keçirilən mənəvi repressiyalar... nəhayət, 1988-ci ildə başlayan Qarabağ işğalı. Bütün bunlar düşünülmüş bir siyasət faciəsinin ayrı-ayrı pərdələridir. Mən sonuncu “Akademikin son əsəri” adlı romanımı məhz bu genetik savaşa həsr etmişəm. Azərbaycanın soylu ailələrinin yox edilməsi, uzun ömürlülərin yaşadığı Ermənistanın yaylalarından və dağlıq ərazilərimizdən Sibirə, Qazaxıstana sürgünlər və mənəvi aşındırma planları... hamısı bu genetik savaşın tərkib hissələridir. Sən də durub-durub eyni bolşeviklərin təbliğatının davamı kımı “ruslar bizə mədəniyyət gətirdi” - deyirsən. Bunun əvəzinə, “Çar Rusiyası mənim torpağımda Ermənistan dövləti qurdu və bugünkü Qarabağ faciəsi də o siyasətin davamıdır”, - deməliyik. Rusiya bütün 19-cu yüzil boyu Azərbaycan türklərinə Qafqaz xristianlarından fərqli bir baxış sərgilədi, sünni-şiə ayrılığını körüklədi, gənclərimizi ordudan kənar saxladı, tariximizi saxtalaşdırdı, qəzet-jurnal açmağa, milli oyanışa imkan vermədi, Cənubi Qafqazı türklərdən təmizləmək xətti tutdu, qədim qonşular olan ermənilərlə türkləri, gürcüləri dəfələrlə qanlı savaşlara sürüklədi.

Bu yolu Stalin də davam etdirdi və təəssüf ki, köhnə ətalətlə bu prosesin bəzi əlamətlərini müstəqillik dövründə də durdura bilməmişik. Hələ də adımızı, soyadımızı, dilimizin adını bərpa edə bilmirik. Görünür, Stalin yetirmələrinin davamçıları, Şaumyanın törəmələri gizli şəkildə öz fəaliyyətlərini davam etdirirlər.

Mən bizim dialoqumuzda sonadək səmimiyəm və doğrudan da nəticədə müəyyən həqiqətləri olduğu kimi görməyimizə yardım etmək istəyirəm. Təəssüf ki, sənin Feys statuslarında türkü və keçmiş dövlətlərimizi ardıcıl bir aşağılamaq və düşmən dəyirmanına su tökmək meyli var. Bu, bizim söhbətimizin ruhunu dəyişdirir.

Güntay! Bu dünyada heç kim, hətta türkləri sevməyən ermənilər də klassik türk ədəbiyyatını masqara, söz yığını adlandırmağa cəsarət etməmişdir. Bu, o qədər ədalətsiz, əsassız, yekəxana yanaşmadır ki, mən bunun tərsini sübut etməyi gülünc bir iş sayıram. Lütfən, insan sevgisinə və ruhuna ölməz nəğmələr qoşmuş dədələrimizin ruhuna dil uzatma! Keçmişinin, dilinin, böyüklərinin qədrini bilməyən yaddaşsız aydınların cəzasını bütün millət çəkir.

Burda 1995-ci ildə baş vermiş bir olayı xatırlatmaq istəyirəm. Mətbuat və İnformasiya naziri idim. Konstitusiyanın müzakirəsi zamanı mərhum prezident Heydər Əliyevin yanına getdim. “Xahiş edirəm, Konstitusiyada dilimizin adı dəyişdirilməsin, türk dili olaraq qalsın”, - dedim və bununla bağlı bir xeyli arqument gətirdim. O, məni dinləyib, “Səni başa düşürəm, ancaq bu məsələdə fikir ayrılıqları var. Mən ictimai rəyi öyrənməliyəm. Bu günlərdə bu məsələni Akademiyada müzakirə edəcəklər”, - dedi.

Doğrudan da Akademiyada iki günlük müşavirə keçirildi və orada dilin adının Konstitusiyada Azərbaycan dili olaraq göstərilməsini təklif edənlərə qarşı mənim də çox sərt bir çıxışım oldu. Bundan sonra Heydər Əliyev Azərbaycanın elm və mədəniyyət xadimlərini, yazıçılarını, dilçi alimlərini Prezident Aparatına dəvət edib, geniş bir müzakirə keçirdi. 35-ə yaxın adam danışdı. Əvvəldən bəyan etdi ki, Akademiyada danışanlara Prezident Aparatında söz verməyəcək; qoy təkrarçılıq olmasın. Yusif Səmədoğlunun “Mən türkcəni başa düşmürəm” deməsini və türkçü kimi tanıdığımız bəzi ziyalılarımızın açıq-aşkar saxtakarlıqlarını heç cür anlaya bilmirdim, buna görə də yerdən qalxıb söz istədim. Heydər Əliyev nəyisə düşünüb, “yaxşı, Akademiyada danışanlardan tək sənə, istisna olaraq, söz verirəm”, - dedi.

Çıxışımda, “ziyalılarımızın mövqeyini anlamıram, - dedim. - Ərəblər 20 ölkədə yaşayır, amma dillərinin bir adı var, ingilis dili neçə ölkənin dilidir, amma Kanada dili, Avstraliya dili deyilmir, ingilis dili deyilir”. Nəhayət, Heydər Əliyevi yumşaltmalı olan ən ciddi arqumentimə əl atdım, dedim, “Siz repressiya qurbanı olan Hüseyn Cavidi Sibirdən öz vətəninə qaytardınız, dilimizin adı da Cavidlə yanaşı repressiyaya uğrayıb və bu adı qaytarmaq da Hüseyn Cavidin vətənə qayıtması kimi bir böyük işdir və böyük tarixi şəxsiyyət kimi bunu siz etməlisiniz”.

O, sözümü kəsdi və bizim ikilikdə olan söhbətimizi xatırlatdı:

- Axı sənə dedim ki, mən ictimai rəyi öyrənirəm. Burada dinləyir və qeyd edirəm. İndiyə kimi çıxış edənlərin 15-i Azərbaycan dili, 14-ü türk dili tərəfdarıdır.

Çıxış edənləri yaxşı tanıyırdım. “Heydər bəy, bizdə ictimai rəy yoxdur! Azərbaycanda ictimai rəy Heydər Əliyevin fikridir. Siz türk sözünün tərəfdarı olduğunuz barədə xırda bir işarə versəniz, Azərbaycan dili deyənlərin hamısı bir anda fikrini dəyişəcək”, - dedim.

Bu yerdə mənə söz atan da tapıldı: “Bizi təhqir edirsən!”

Təbii ki, mən də söz altda qalmayıb, “Sizlər 1939-cu ildə latın əlifbasının bir gündə kirilə keçirilməsinə səs verən adamlarsınız. Təhqirə layiq olanları təhqir edərlər”, - dedim.

Sonralar mən bu məsələni fikrimdə çox götür-qoy etdim. Heydər Əliyev mənim mövqeyimi bilirdi, Akademiyadakı çıxışımdan da xəbərdar idi. Bəs niyə qərarını pozub istisna hal kimi mənə söz verdi? Əgər o, birmənalı şəkildə Azərbaycan dili tərəfdarı olsaydı, mənə söz verməməliydi. Deməli, doğrudan da tərəzinin hansı gözünün ağır olduğunu yoxlayırdı və mənə söz verməklə türk dili tərəfdarlarının sayını artırmaq istəyirdi.

Bu hadisəni xatırlatmaqda məqsədim var; bu da 20-ci ilin əvvəllərində yox yerdən bir müstəqil dövlət qurmuş, onun ideologiyasını, bayrağını, dövlət dilini, sərhədlərini qorumuş bir ovuc aydınla indi adını ziyalı qoyanlar arasında nə boyda fərq yarandığını göstərməkdir. 30 ilə yaxındır Azərbaycan müstəqildir, amma bunların çoxu ən xırda bir şeyi öz soyadlarından rus yamağını atmağı belə bacarmamış və ya bundan qorxmuşlar. Qul itaətkarlığı ilə yuxarıdan tapşırıq gözləyirlər.

Milləti yönəldən, onun elitası, qabaqda gedənləridir. Azərbaycanda bu təbəqənin çoxu hələ də öz ana dillərini və milli mədəniyyətlərini pis bilirlər, milli ideyalarımızı yetərincə dərk etmirlər, bəziləri ömürləri boyu min beşyüz illik Azərbaycan ədəbiyyatından bir nümunə oxumamışlar.

İrandakı ziyalıların da durumunu sən məndən yaxşı bilirsən. Buna görə də bizim dərdimiz təkcə xarici işğalçılara qarşı savaş deyil, həm də içimizdəki kimlikləri bəlli olmayanlarla savaşdır.

Bu gün təkcə meyvələrin və digər qida məhsullarının genləri dəyişdirilmir. Həm də millətlərin geni dəyişdirilir, “toxum-sperma bankları”nın yetirmələrinin sayı ildən-ilə artır; adı azərbaycanlı olan, amma kimlikləri bəlli olmayan, vətən üçün savaşmağı ağıllarının ucundan belə keçirməyən yeni bir nəsil yetişdirilir.

Savaş vaxtı bir dövlətin və millətin içində düşmənə fürsət verən mövzular anındaca qapadılmalıdır, zorakı yolla yox, problemin həlli yolu ilə. Otuz ildir soyadların milliləşdirilməsi söhbəti gedir, yuxarılarda kimsə istəməyə bilər, lakin vətəndaşın öz qeyrəti hardadır; bu söhbət varsa, həll olunmalıdır, qulaqardına vurmaqla iş bitməz. Bunun qarşısını gizli və ya açıq şəkildə almaq nə deməkdir? Millətlə siçan-pişik oyunu oynamaq olmaz. Çox “xırda” məsələdir, əslində isə məmurların kimliyini və işimizdəki boşluğu göstərən problemlərdəndir. Etnik söz-söhbətləri aradan qaldırmaq üçün Azərbaycan türklərinə qarşı açıq saymazlığa və qəzəb doğuran aşağılamağa son qoyulmalıdır. Bu sözlər sənə də aiddir.

Milli intibah milli mənliyin dərkindən və yazdığım kimi, milli əxlaqdan, milli ideyanı yaşatmaqdan, vətən sevgisindən və həqiqətin gözünə düz baxmaqdan keçir. Mənim görüşümdə milli əxlaq yalnız fəlsəfi kateqoriya deyil, doğumdan ölümə həyatın demək olar ki, bütün sahələrini əhatə edən bir dəyər, keyfiyyət ölçüsü, bir dirilik eliksiridir. Buna görə də bir milləti məhv etmək istəyəndə ilk növbədə onun əxlaqını pozmağa, tarixini unutdurmağa, ürəyində yarımçıqlıq, ikinci dərəcəli olmaq duyğusu göyərtməyə çalışırlar. Millətin gələcəyi yüksək əxlaqlı bir cəmiyyətin qurulmasından, tərbiyəsi və yetişdirilməsindən başlanır.

Bu işdə ilk dahiyanə addımları Mirzə Fətəli Axundzadə atmışdır. Sonra XIX yüzilin sonunda və XX yüzilin ilk iyirmi ilində yaşamış bütün böyük ziyalılarımız, yazarlar, qəzetçilər, ictimai-siyasi xadimlər bu idealın sərhədlərini müəyyənləşdirmək, onu dünya siyasətinə uyarlı bir hala gətirmək və xalqa çatdırmaq yolunda yorulmadan çalışıblar. 1918-ci ildə Xalq Cumhuriyyəti bu ideal üzərində qurulub. Lakin 1920-ci ilin işğalı bu ideala düşmən kəsildi, onu yaradanların, təbliğ və tətbiq edənlərin, tərəfdarlarının nəsli kəsildi. 70 il pambıqla baş kəsən, tez-tez dəyişilən və ölkə əhalisini çaşqınlıq içində buraxan bir sovet ideologiyası dövrü başlandı. Lakin xalqımızın müstəqillik və azadlıq idealını tamamilə unutdura və məhv edə bilmədilər.

Azərbaycan türk millətinin idealı millətçilik üstündə köklənməyib və xalqı da zorla belə ayrımçılıq havasına kökləmək olmaz. Yuxarıda sadaladığım kimi bizim milli xarakterimizin ən vacib özəlliklərindən biri bizim qardaşlıq ruhumuzdur. Azərbaycan politrası çoxrənglidir, burda xeyli azsaylı xalq yaşayır. Onları vahid Vətən sevgisi, vahid istək və mədəniyyət birləşdirir, biz eyni böyük irsin, eyni tarixin, eyni ağrıların, eyni sevincin və kədərin övladları və sahibləriyik. Çoxdan qaynayıb-qarışmışıq, qaşınmayan yerdən qan çıxaranlar olmasa, heç bir ayrı-seçkiliyimiz yoxdur, əksinə ənənə üzrə, azsaylı xalqların nümayəndələrinə həm elmdə, həm idarəçilikdə daha çox qayğı göstərilir; hər birinin haqqı qorunur və qorunmalıdır. “Azərbaycanlı” milləti vətəndaşlıq kimliyidir və biz bu kimliyin şərəfini bir yerdə və hər kəsin alt kimliyinə sayğı göstərə-göstərə qorumalıyıq.

Türkçülük bir irqçilik, müstəsnalıq, özünü başqalarına qarşı qoymaq deyil! Türkçülüyün ulusal varlığın dərki yolu ilə dövlətin dayaqlarının qorunmasına xidmət etdiyini bir daha xatırladıram. Türkçülük Türkiyə, İran, Mərkəzi Asiya və bütövlükdə türk dünyasını və Avrasiyanın böyük bir hissəsini birləşdirən, yaxınlaşdıran güc olaraq dərk edilməlidir.

Millət olaraq – yeni, tələbkar, ayrı-seçkilik bilməyən, yüksək mənəvi dəyərlər aşılayan qədim əxlaq dərsimizi unutmamalıyıq. Uşaqdan-böyüyə hər kəs, şəxsi tərbiyədən başqa bir də milli əxlaqa, milli ideyaya yiyələnməlidir.

Düzgünlük, mərdlik, halallıq, cəsarət, nəfsi toxluq, fədakarlıq, xoş görü və ən başlıcası Vətən və insan sevgisi... əxlaq məktəbinin əsas dərsləri bunlardır. Tarixən türklərə və Qafqaz xalqlarına xas olan bu tip gözəl xüsusiyyətlər dirçəldilməlidir.

Əxlaqlı insan və ya cəmiyyət, ədalətli ictimai sistem həmişə rəğbət doğurur. Belə dövlətlər dünya xəritəsində yerlərini və ölümsüzlüklərini - insan haqları, demokratiya, azadlıq və ədalətlə qoruyurlar. Belə dövlətlər cazibə mərkəzinə dönür, dostları çoxalır və dar gündə hamı onun müdafiəsinə qalxır. Hər şey zora bağlı olsa, Avropada balaca Lüksemburq və ya İsveçrə, Asiyada Sinqapur necə yaşaya bilərdi. Müsəlmanların, o cümlədən azərbaycanlıların cahil, kütbeyin, əyri, pulbaz obrazı ilə dünyanı özümüzdən iyrəndirəndən sonra nə qədər sərvətin, silahın, yüksək binaların olsun, kimsə bizi müdafiə etməz...

İnsanı yaşadan tək qolunun gücü deyil, həm də ağlının gücüdür.

Azərbaycan Respublikası dövləti bizim ən böyük sərvətimiz və xoşbəxtliyimizdir, onillərcə gözlədiyimiz bir qismət və dünya azərbaycanlılarının ümid yeridir.

Onu qorumaq hamımızın borcudur. Lakin qorumaq anlayışını hərə bir cür başa düşür. Mən səhvlərimizi gizlətmədən, xəstəliklərimizi sağalda-sağalda, fikrimizi açıq, mərdliklə deyə-deyə, xalqın mənafeyini qoruya-qoruya yaşamağın tərəfdarıyam və həmişə də belə yaşamışam.

Məncə, bu gün təhsil müəssisələrimizin ən böyük problemi milli ideologiyanı millət sevgisi müstəvisindən iqtidara xoş gəlmək müstəvisinə keçirməsidir. Diqqətlə düşünsələr, bunun hakimiyyətə zərbə və nadanlıq olduğunu görərlər. Sevgini, sədaqəti işlə bildirərlər, boğazdan yuxarı məddahlıqla yox. Məncə, biz öz kişilik, mərdlik, düzgünlük ənənələrimizə daha sıx bağlanmaq istəyiriksə, bütün çoxmərtəbəli yaltaqlıq epitetlərinə son qoyulmalıdır, insan şəxsiyyətinin ucalığı qorunmalıdır və bu işin əmri də birbaşa ölkə rəhbərliyindən gəlməlidir.

1 sentyabr 2017

Tarix
2017.09.06 / 09:27
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla