Yuxarı

Sonuncu məktub: İtmə, bizə lazımsan!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güntay Gəncalpla dialoqumuzun davamı

II silsilə. 10-cu, sonuncu məktub

Nə qədər çətin olsa da, hər tənəzzüldən, hər çətinlikdən bir çıxış yolu var.

Almanlar Birinci Dünya müharibəsindən sonra çox ağır mənəvi- psixoloji vəziyyətə düşmüşdülər. Lakin özlərində güc tapıb on-onbeş ildə dirçələrək Avropanın liderinə çevrilə bildilər.

Bizim də yüksəliş patensialımız böyükdür, sadəcə hərəkətverici qüvvələr tapılmalı və işə salınmalıdır.

Azərbaycanın dirçəlişi bir çox xarici və daxili amillərdən asılıdır. İlk növbədə dünyanın mürəkkəb münasibətlər sistemində öz yerimizi dəqiq müəyyənləşdirməliyik. “Yeni dünya düzənində” Azərbaycanın yeri harda olacaq? İran-ABŞ münaqişəsi Quzey və Güney arasındakı ayrılığın aradan qaldırılmasına təsir göstərə bilərmi? Biz bu coğrafiyanın taleyini dəyişmək istəyənlərin diqqətini necə cəlb etməliyik, belə bir dəyişiklik bizə sərf edirmi və həmin proqramların alt niyyəti nədir? Beynəlxalq sərmayə Azərbaycana münasibətdə nə qədər insaflıdır və aparılan sərvətimizin yerində nə qoyub gedəcək?

Roma Katolik Kilsəsinin, masonluğun, beynəlxalq sionist təşkilatların, evangelistlərin göstərdiyi islam düşmənçiliyi nə vaxta qədər davam edəcək və nəylə sonuclanacaq?

Türkiyə və türk dövlətləriylə əlaqələri iqtisadi siyasi birliyə çevirmək yolunda hara qədər irəliləyə bilərik? Ermənistanın işğalına hansı yollarla son qoya, torpaqlarımızı necə azad edə bilərik? İran və Güney Azərbaycanla münasibətlərimizi necə quracağıq?

Nəhayət, düşdüyümüz vəziyyətdə dünyadakı Azərbaycan türklərini hansı gücün, qüvvənin ətrafında toparlamaq, bu pərakəndəlik içində ulusal birliyi necə qorumaq olar?

Türk xalqlarında assimilyasiyaya meyilin güclü olduğunu nəzərə alsaq – Azərbaycanda və Mərkəzi Asiyada türklərə qarşı yeni işğalçılıq siyasətinin başında beynəlxalq sərmayənin dayana biləcəyindən ehtiyatlanmalıyıq. Bununla belə, bu sərmayənin milli burjuaziyanı və nəticədə, milli dirənişi gücləndirməsi də qaçılmazdır və yeni imkanlar açır.

Millətin mənliyi onun dövləti ilə qorunur. Yeni yaranan türk dövlətləri öz birliklərini gücləndirməklə həm də dövlətlərini gücləndirəcəklər. Bu işdə milli psixologiya nəzərə alınmalıdır. Dünya tarixində ayrıca bir türk formasiyası da olub. Öz böyüklüyümüzü bilməyincə, tariximizi, mədəniyyətimizi öyrənməyincə, özümüzə sənin kimi aşağılayıcı bir gözlə baxdıqca fəlakətlər bizi izləyəcək. Bu gün türk dövlətlərinin zirvə toplantılarının qərarlarında bizim vaxtılə yazdığımız və Uluslararası Türk Dünyası Konfranslarında - Türkiyədə, ABŞ-da dediyimiz bir sıra ideya və təkliflər öz əksini tapıb.

Nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün real mexanizmlər qurulmalıdır. Avrasiya deyilən ideyanın mərkəzində türk dünyası dayanmalıdır. Bu bölgədə rus, çin, fars iddialarını susdurmaq, tarixi ədaləti bərpa etmək və dəngələri qorumaq üçün Ayropa Birliyinə bənzər Türk Birliyinin qurulmasının vaxtı çatmışdır. Türk aləminin zəngin sərvəti, böyük insan ehtiyatları, yaşamaq üçün gözəl şəraiti imperialist güclərə dinclik vermir. Sovetlərin neçə yerə böldüyü Türküstan 25-30 ildə birləşmək, yaxınlaşmaq istiqamətində uzun məsafə qət edə bilməmişdir. Burada qurulan dörd türk dövləti arasında süni surətdə yaradılmış konfliktlər onların inteqrasiyasına əngəl törədir və köhnə SSRİ xiffətini gücləndirir; İran cənubdan, Çin şərqdən öz nüfuzunu bu bölgədə yaymağa can atır. Bütün bu cəhdlərin, əzələ nümayişlərinin tək cavabi Türk Birliyinin qurulmasıdır.

Belə bir birliyin işlək mexanizmlərinin yaradılması ləngiyir.

Türk məmləkətlərinin kültür siyasəti hazırlanmalıdır. Hansı ölkə hansı mədəniyyət sahəsini daha yaxşı qoruyursa, o sahənin mərkəzinə çevrilməlidir. Türk respublikalarında bu sahələrdə görülən işlər ümumiləşdirilməli və əlaqələndirilməlidir.

Mən Türkviziyanın (Türkvizion) iki mahnı yarışında qonaq olmuşam. Tam məsuliyyətlə deyirəm: Avropa mahnı yarışından qat-qat zəngin, parlaq və təsirli idi.

Ayrıca türk mədəniyyət biblioqrafiyası yaradılsa, yaxşı olar.

Ümumtürk ədəbi dili, ortaq əlifba zəruridir. Bu iş gözləməklə görülməz, dəfələrlə dediyim kimi, özək olaraq Türkiyə türkcəsi götürülməli və bütün türk dövlətlərində ibtidai məktəblərdə öyrədilməlidir; sonra bu dil yerli ləhcələr hesabına daha da zənginləşəcək və hər şey qaydasına düşəcək...

Ortaq dil mərkəzi yaradıla bilər.

Əlifba siyasət işidir. Bu işi dövlət başçıları həll etməlidir. Alimlərin ümidinə buraxılsa, ləhcə fərqlərini tam əks etdirən onlarla əlifba variantı yaranacaqdır. Bu elmi, milli və siyasi cəhətdən ziyanlı bir yoldur. Belə əlifbanın kirildən heç bir fərqi olmaz.

Bölmələri bütün türk dövlətlərində olan Vahid Türk Dünyası Mərkəzi qurulmalıdır.

Böyük türk ensiklopediyasına ehtiyac var.

Ümumtürk informasiya sistemi, müştərək qəzet, dərgi və televiziya sadaladığımız məsələlərin həlli üçün zəruridir.

Güney Azərbaycan üzərinə siyasətdən uzaq, yalnız türk dili və mədəniyyətini öyrədən bir uşaq və gənclər televiziyasının açılması tarixi bir iş olar. Çin, rus, hind, fars, ərəb aləmində, Avropa ölkələrində türk mədəniyətinin izləri öyrənilməlidir.

Xarici ölkələrdəki çoxsaylı türk kültür dərnəklərinin əlaqələndirilməsi zəruridir.

Dünya muzeylərində İran adına sərgilənən türk eksponatların ümumi kataloqu nəşr etdirilib, həmin muzeylərə göndərilməli və yayılmalıdır. Bu əsərlərin geri qaytarılması yolları araşdırılmalıdır.

Türk dövlətlərinin məktəbləri üçün vahid tarix, ədəbiyyat, mədəniyyət, coğrafiya dərslikləri, müqayisəli lüğətlər hazırlanıb nəşr etdirilməlidir.

Vahid elmi-mədəni terminalogiya sistemi qurulmalı və dillərimizin bundan sonrakı termin yaradıcılığı əlaqələndirilməlidir.

***

... Mən bu təklifləri, bir az da geniş şəkildə (bəzi istəklərim öz həllini tapıb), 1993- cü ilin dekabr ayında İstanbulda keçirilən Türk Dünyası Konfransında səsləndirmişdim. İrəli sürdüyüm bu təkliflərin və türk ellərindən gəlmiş başqa dostlarımın arzularının həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür, Türk Parlament Assambleyasının, Türk Akademiyasının, Türk Konseyinin yaradılması böyük uğurdur, lakin bu iş ciddi siyasi iradəylə sona çatdırılmalıdır.

Bütün hallarda geriyə yol yoxdur. Bütün hallarda, itkilər hesabına olsa belə, türk dünyasının yeni intibahı başlanacaqdır.

Yeri gəlmişkən, bu günlərdə assimilyasiyaya haqq qazandıran bir yazın sataşdı gözümə. Yenə fərqli düşünürük. Miqrasiyalar, köçlər, kimyadakı kimi diffuziya, bir-birinə qaynayıb qarışma təbii prosesdir. Lakin “nə qədər tez əriyib itsək, o qədər yaxşıdır” prinsipi doğru deyil və sənin indiyə qədər yazdıqlarına ziddir, özün-özünü inkar edirsən. Allahın nizamı və təbiətin məntiqi hər bir yaranmışın qorunmasını tələb edir, sürətlə başqalaşıb hibritə çevrilməsini yox. Bizimkilər (o cümlədən sən) getdikləri yerlərdə nə qədər diri qalsalar, güclü olsalar, Vətənin tanınması və mənafelərimizin qorunması sahəsində o qədər çox iş görə bilərlər. Bütün bülbüllər sərçələşə, bütün çinarlar bənövşələşə bilməzlər...

Dünyanın bizə münasibətini və dünyanı, milli psixologiyamızı, yaşam tərzimizi birdən-birə, bir neçə yazı və bir neçə kitabla dəyişdirmək olmaz; irəlidə ağıl, iradə, fədakarlıq istəyən, uzun və məşəqqətli bir yol var. İndiki status-kvo fəlakət yoludur. Güney ildən-ilə farslaşdırılır. Quzeyin torpaqları Rusiyadan təmənnasız axan erməni silahının, ruhumuz isə ulusal düşüncəni məhv edən pul hərisliyinin, yabançı olan hər şeyin, iyrənc dəblərin və “brend”lərin işğalı altındadır.

Böyük güclər və onların əlində olan sərmayə Azərbaycanın fikrini və ruhunu da öz təsiri altına almağa çalışır. Mətbuatın, qeyri-hökumət təşkilatlarının, siyasi qurumların bir hissəsi bu sərmayənin təhlükəsi ilə üz-üzədir.

Buna baxmayaraq, özümüzü uduzmağa yox, uyğarlığın yeni aşamasında yüksəlişə hazırlamalıyıq.

Ölümdən asan iş yoxdur. Var olmaq, qalmaq, yaşamaq, yüksəlmək, özünü təsdiq etmək çətindir. Ləyaqəti və milli heysiyyəti olan heç kim işlərin belə getməsi ilə, özünü itirib başqalaşmaq, başqasının yemi və köləsi olmaq, yəni diri-diri ölməklə barışa bilməz... Öz kökümüz üstündə varlığımızı qoruyaraq yaşamaq istəyiriksə, çalışmalı, mübarizə aparmalı, zehni və fiziki potensialımızı bütünlüklə ortaya qoymalıyıq. Böyük Atatürkün altun hərflərlə yazılmalı olan sözləri həmişə qulağımızda səslənməlidir: “Milli mənliyini bulmayan millətlər başqa millətlərin şikarı olur”.

Hər şey evdən, anadan, ailədən, tərbiyədən başlanır. Nə qədər primitiv görünsə də, bu həqiqətdən qaçmaq olmaz! Təəssüf ki, bizim ailələrdə uşaqların vətənpərvvərlik tərbiyəsi, ana dilinə sevgi, torpağına bağlılıq, fədakarlıq, maddiyyata uymamaq duyğusunun egitimi bərbad durumdadır. Çünki valideynlərin özləri bu fənni zəif bilirlər, likbez başa çatmayıb. Bu iş üçün ciddi bir proqram hazırlanmalı və bu milli ruh savadsızlığına son qoyulmalıdır. Azərbaycan təhsil sistemi yenidən qurulmalı və əsil vətəndaşlıq məktəbi olmalıdır... Bizim indiki dərsliklərlə və təhsil sistemiylə milləti bütün səviyyələrdə təmsil edə bilən əsil vətəndaş yetidirmək çətindir.

Bizim böyük güclərlə savaşmağa, onların kapitalının, texnologiyalarının, silahının qarşısına çıxarılmalı adekvat gücümüz yoxdur. Texniki gücə qarşı mənəvi güclə dayana bilərik.

1988-ci ildə Bakıya yeridilən Rus-Sovet tanklarının lülələrinə qərənfil taxmağımız, Qərblə Şərqin, zorakılıqla xoşgörünün, vəhşiliklə rəhmdilliyin, heyvanlıqla insanlığın, Azəbaycan düşmənlərilə Azərbaycanın böyük ruhunun təkrarsız və heç vaxt unudulmayacaq bir təzadı idi. 1988-də qərənfil qalib gəldi; 1990-da barrikada quranda isə biz uduzduq.

Meşələr sultanı aslan gücü və yırtıcılığı ilə şöhrətlənib: qazandığı qorxudur. Arılar və qarışqalar zəhmətkeşliyi ilə şöhrətləniblər: qazandıqları rəhm və sevgidir.

Biz nə arıyıq, nə qarışqa. Ancaq onlar kimi səbirlə və zəhmətlə öz ruhumuzun və yurdumuzun bütün guşələrini balla doldura bilərik. Bu yolla özümüzü özümüzə və dünyaya sevdirərik.

Bu işin yalnız mənəvi tərəfidir.

Xarici ölkələrlə münasibətdə Azərbaycan ardıcıl barış siyasəti aparmalıdır. Şübhəsiz, ilk növbədə türk dövlətləri və qonşularla ilişgilər möhkəmləndirilməlidir.

Azərbaycan-türk ideyasının təkcə bizim daxili işimiz yox, bölgənin və dünyanın problemi olduğu dərk edilməlidir. Azərbaycançılığa qapılıb qalsaq, Azərbaycandan kənara çıxa bilmərik, bu dövlətin sərhədlərindən kənarda qalan soydaşlarımızla yollarımız ayrılar; nəinki Güney Azərbaycandan, həm də bütölükdə türk dünyasından uzaq düşər, təklənər və gələcəyimizi itirərik.

Buna görə də Azərbaycanın milli ideyasının və dövlətçilik ideologiyasının mərkəzində türkçülük dayanmalıdır.

Xalqların tarix meydanına çıxışı, yaşam tərzləri, mövcüd olmaq uğrunda mübarizələri bəlli bir toplum bilinci, mənəviyyat, din, əxlaq dəyərlərinin, inamın, iradənin mürəkkəb şəbəkəsini yaradır. Bu da dolayı yolla həmin xalqların sifətini, xarakterini müəyyənləşdirir.

Azərbaycan dünyada öz mərdanəliyi və kişi sifəti, mənəvi kamilliyi və dönməzliyi ilə tanınmalıdır. Moskva bazarlarında çoxluğumuzdan utanmaq lazım deyil. Bu vəziyyətin cavabı var: bizi o bazarlara Moskva özü qovub - Ermənistandan, Dağlıq Qarabağdan, Bakıda dağıtdığı və dağıtdırdığı zavodlardan, rayonlarımızda ləğv elətdirdiyi üzüm bağlarından. Lakin bizi bazar əhli təmsil eləmir. Bizim ruhumuz Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun müsiqisindədir... Bizim sifətimiz Böyük Vətən müharibəsini udan Bakı neftçiləridir, müharibədə böyük qəhrəmanlıqlar göstərən Həzi Aslanovlar, Ziya Bünyadovlar, Cəmil Əhmədlilər, İsrafil Məmmədovlar, Qarabağ Müharibəsinin qəhrəmanı Mübariz İbrahimoblardır. Bizi Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun səsiylə, Səttar Bəhlulzadənin, Tahir Salahovon, Mikayıl Abdullayevin, Mircavadın fırcasıyla, Ömər Eldarovun tişəsi, Rüstəm İbrahimbəyovun filmləri, Lütfi Zadənin elmi ilə tanıya bilərlər...

Milli tərəqqi haqqında çox yazılıb.

Lakin, nədənsə, bu barədə əzilənlərdən çox əzənlər yazıblar: qazandıqlarını qorumaq, zulm və işğallarına zərurət donu biçmək, cəlladlıqlarına mələk paltarı geyindirmək üçün son yüz ildə avropalıların, rusların xeyli əsərləri var. Demək olar ki, bütün böyük filosofları, alimləri, yazarları milli taleləri haqqında düşünüblər.

Etnik-ulusal-milli ideyalarla dövlət maraqlarını önə çəkmək istəyən, xalqın qurtuluşu şuarları ilə hakimiyyətin ömrünü uzatmaq istəyənlərdən başlayaraq, ənənəyə sadiqlik ideyası adı altında dini qabardıb, cəmiyyətin yeganə xilası kimi təqdim edənlər də olmuşdur. Belələri üçün əsas müqayisə yeri Avropanın insanları yalqızlaşdırması, adamların ürəyində Allah sevgisinin öldürülməsi ilə başlanan anarxiya və əxlaqsızlıq, mənəvi dəyərlərin ard-arda yoxa çıxmasıdır. Belələri xilas yolunu dinə, tanrıya dönüşdə görürlər.

Bizdə də düşünənlər olub: onların bir qismi çıxış yolunu Avropaya qaynayıb qarışmaqda, bir hissəsi islam birliyində görüb. Aydınlarımızın böyük əksəriyəti müstəqil dövlətin bütün sorunları həll edəcəyinə ürəkdən inanırdılar. Lakin iki illik Xalq Cümhuriyyətində də, indiki respublikada da problemlərin böyük bir hissəsi həll edilməmiş qalır. Deməli, müstəqil dövlət qurmaq hələ işin bir tərəfidir, əsas o dövlətə sahib çıxan, onu idarə edə bilən, onun üçün savaşan, onun yolunda qurban getməyi bacaran, öz mənafeyinə yox, millətin xoşbəxtliyinə xidmət edən insanların olmasıdır. Əsas olan tək-tək adamların yüksək təhsil alması və varlanması deyil, millətin ümumi savad və yaşayış səviyyəsinin yüksəldilməsidir. Müstəqil dövlət onu bütün gözlənilməz vəziyyətlərdən çıxara bilən bacarıqlı kadrlar yetirməli, onları sevməli, qorumalı və onların yüksəlişinə hər cür şərait yaratmalıdır.

Hakimiyyətlər dəyişilir, solçu, sağçı, demokrat, liberal, güclü, gücsüz, yumuşaq, sərt adamlar gəlib-gedir, problemlərsə dərinləşməktə davam edir. İqtisadiyyat yüksəlir, büdcə şişir, iqtidar xoşbəxtlik mürgüsündə uyuyur, mətbuat nala-mıxa vurur, ziyalı ənam peşində oyalanır, lakin problemlər də göz qabağındadır. Yalnız ağılsız adamlar bu vəziyyətlə barışıb sakitləşə bilərlər.

Vicdan və məsuliyyət düşünməyi və yollar axtarmağı tələb edir.

Milli ideya ətrafında ən ardıcıl düşünənlərdən, bu yolda ən çox çalışanlardan biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur: Onun gəldiyi sonuc milli təsanüd, yəni milli həmrəylik və azərbaycançılıq idi. Biz milli təsanüdü Vətəndaş Həmrəyliyi müstəvisinə keçirib etnik fərq qoymadan bütün vətəndaşlarımızın birliyinə çalışdıq.

Elçibəy milli ideya düşüncəsinin mərkəzinə Bütöv Azərbaycan birliyi xəttini gətirməyə çalışdı. Heydər Əliyev isə azərbaycançılığı dövlət ideologiyası kimi təqdim etdi. Azərbaycançılıq, yəni dövlətə və millətə sevgi.

Lakin burada dayanıb durmaq olmaz. Çünkü öz-özlüyündə nə milli təsanüd, nə vətəndaş həmrəyliyi, nə Bütöv Azərbaycan birliyi, nə azərbaycançılıq deməklə iş bitməz. Bunların hər biri çağdaş imkan və ulusal hədəf nəzərə alınmaqla, bütün ayrıntıları və nəzəri-praktiki bölmələri ilə işlənib mükəmməl doktrinalara çevrilməmişdir. Nisbətən ətraflı araşdırılan və haqqında kitablar yazılan azərbaycançılıqdır, lakin onun mahiyyətini düzgün anlamayanlar azərbaycançılıqla türkçülüyü qarşı-qarşıya qoyur və yenə Stalin dönəminin mövqeyini təkrarlayırlar. “Azərbaycanlı” anlayışı bütün alt kimlikləri inkar etmədiyi kimi, türk etnik kimliyini də qorumalıdır; onu silib ata bilməz.

Azərbaycançılıqla türkçülük arasında ziddiyət yoxdur. Azərbaycan-türk milliyətçiliyi ölkəmizdəki bütün azsaylı qardaş xalqlara qucaq açan, hamını bir gözdə görən, inanc, dil, etnik fərq qoymadan bütün vətəndaşlarımızın bərabərliyini qoruyan bir ideyadır.

Son əsrlərdə ölkələrin əsas hədəfi iqtisadi yüksəliş, maddi rifah, pul və kapitaldır. Lakin bunlar milli inkişaf və dirçəliş üçün zəruri şərtlər olsa da, əsas deyil.

Ruhunu və mənəviyyatını itirmiş bir toplumu sərvət xilas edə bilməz. Kökündə həqiqət, xeyirxahlıq, gözəllik və sevgi dayanmayan təbliğat üsulları xeyir vermir.

Biz milli ideologiyamızın bayrağımızda əksini tapan formatını sayğı ilə qorumalı və onu inkişaf etdirməliyik.

Türkçülük və türk dünyasının inteqrasiyası barədə fikrimi dedim.

Çağdaşlıq və Avropaya yaxınlaşmaq Avropanın əsirinə çevrilmək deyil. Avropa Birliyində qurulan sistem doğrudan da gözəldir. Lakin azadlıqdan sui-istifadə, yüz illər boyu formalaşmış əxlaqi dəyərlərin, ənənələrin itirilməsi, şəxsiyyət azadlığı adı altında ailənin dağılması, Allahın və təbiətin iradəsinə zidd bir şəkildə, kişinin kişi ilə, qadının qadınla evlənməsinə yaşıl işıq yandırılması, Şərqə və özəlliklə türk-islam dünyasına ikili standartlarla yanaşılması, insanlıqdan danışa-danışa insan faciələrinə yol açan konfliktlərin və terrorizmin dəstəklənməsi, Avropanın dünyanın mərkəzi sayılmaq xəstəliyi... bu qitəyə olan ümüdləri sarsıldır. Düzdür, hələ də miqrasiya axınlarının üzü Avropayadır, lakin bunun bir səbəbi Avropada rahat həyat şərtlərinə qovuşmaqdırsa, digər və ən başlıca səbəbi miqrantların gəldikləri ölkələrdəki siyasi və iqtisadi durumun ağırlığı, postsovet xaousunun davam etməsi, Şərq ölkələrindəki diktatura və dini rejimlər, eyni zamanda, Avropanın özünün körüklədiyi savaşlardır.

Ən çətin sahə üçüncü istiqamət – yəni islam faktorudur. Bugünkü durumu ilə islam, təəssüf ki, cəhalətin, geriliyin, terrorun ekvivalenti kimi təqdim edilir. Şərqin böyük mütəfəkirlərinin islamda islahat təklifləri və cəhdləri mühafizəkar din xadimləri tərəfindən həmişə süngü ilə qarşılanmışdır. Lakin bu şəkildə dinimizin nüfuz və hörmətini qorumaq çox çətindir. Din həyatımızın əsas cəhətlərindən biri olaraq qalır. Mahiyyəti etibari ilə islam sevgi, xeyirxahlıq, haqq və ədalət, zülmə dözməmək dinidir, lakin əksər islam ölkələrində o bir ayrımçı gücə, münaqişə mövzusuna və cahil din xadimlərinin eybəcər təbliğat vasitəsinə çevrilirsə, burda dinin özündən çox onun təşkilatlanması, təhsil sistemi, ehtiyac olmadan həyatımızın hər sahəsinə müdaxiləsi günahkardır.

İnancsız cəmiyyət və insan olmaz. Allahsız insan və cəmiyyət şeytanın yeminə çevrilər. İnsanın ürəyindəki Allah sevgisi qorunmalıdır və bu duyğu uşaqlıqdan tərbiyə edilməlidir. Lakin inanc təkcə ibadət deyil, insanların ruhunu kosmik genişliyə bağlamaq, Allahı kənarda yox, insanın özündə axtarmaqdır və hər kəsin “ənəlhəqq” deməsinə şərait yaratmaqdır. İnanc yeri, göyü, insanı, təbiəti, Vətəni sevdirmək məktəbi, inam, etiqad, ümid mənbəyi olmalı, insanları ucaltmalı və bir-birinə qardaş eləməlidir. Bu yoxdursa, inancın heç bir mənası qalmaz. İnancın vicdan işindən çıxıb siyasətə çevrilməsinə, dövlət işlərinə qarışmasına yol vermək, dindarların olduqları məclislərin yəhudi, ərəb, fars mifologiyasının eybəcər bir şəkildə təkrarlanmasına şərait yaratmaq olmaz. Buna görə də dini ayinlər sadələşdirilməli, dini ədəbiyyat ana dilimizə çevrilməli və mükəmməl təhsil görməmüş din istismarçıları bu sahədən uzaqlaşdırılmalıdır.

İslamın düşmənləri onun sonunu gətirməyin və gözdən salmağın yolunu tapıblar. İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin din sistemi, kimlərin layihəsi olur olsun, islamın sonu deməkdir. Çünki bu ölkələrdə din çoxdan mahiyyətini itirib rejimlərin alətinə çevrilmişdir. Onların islama vurduğu ziyanı heç bir Səlib müharibəsi və ya xristian ölkəsi vura bilməzdi. Allah yollarını açıq eləsin! Bəlkə onların sayəsində biz də bu cəhalətdən qurtara bildik.

Bundan sonrakı dönəmdə əsas diqqət ölkə daxilində vətəndaş həmrəyliyinin qorunmasına, dünya azərbaycanlılarının Vətən sevgisi ətrafında sıx birləşməsinə, millətimizin mənəvi dünyasının və milli xarakterinin qorunmasına, barış siyasətini genişləndirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün savaş hazırlıqlarının gücləndirilməsinə və türk dövlətlərinin Avropa Birliyinə bənzər bir birliyinin yaranmasına yönəldilməlidir.

Millətə savaşı unutdurmaq yox, Vətəni qorumaq üçün savaşın qaçılmaz olduğu təbliğ edilməlidir.

Çox deyilib, lakin həqiqətin təkrarından qorxmaq lazım deyil. Vətəndaş dövləti qoruduğu kimi, dövlət də vətəndaşı qorumalıdır. Müharibə və iqtisadi böhran bəhanəsiylə insanları öz yurdundan küsdürmək olmaz. Bu gün Azərbaycandan xaricə bir axın var; bəzən yüksək təhsilli, böyük intellekt potensialı olan gənclər gedir, qaçırlar işsizlikdən, haqsızlıqdan...

Gələcəyimizi kimə etibar edəcəyik?

İnkişaf istəkdən başlanır. İnkişaf etmək istəyən ağıllı başları qoruyur və dəvət edir, bizsə qovuruq...

Mən dünyanın bütün qitələrində yaşayan azərbaycanlılarla, özəlliklə gənclərlə tez-tez görüşürəm. Vətənə dönmək, burada bacarığını ailəsi, milləti üçün sərf etmək hamısının ən böyük arzusudur. Onlara şərait yaratmalıyıq. Qoy çalışsınlar, ən qeyri-adi, fantastik layihələrini ortaya qoysunlar. Lazım olanda silaha sarılsınlar. Lakin gənclərin bir hissəsi təhsildən sonra qayıda bilmirlər. Ailələrindən başqa onları gözləyən yoxdur. Sən də deyirsən, qoy başqalarının içində əriyib getsinlər.

Mən bütün bunları bu milləti, bu torpağı dəli bir eşqlə sevən, Vətənin boz sərçəsi olan və taleyini əbədilik bu yerlərə bağlayan bir adam kimi yazıram. Sevə-sevə, ürəyi ağrıya-ağrıya yazıram... Sevginin gözü kor olur deyirlər. Ancaq mən hər şeyi görürəm. Lakin bura mənim ocağımdır və nə qədər çatışmazlığı olsa da, mənə əzizdir. Dünyanın ən inkişaf etmiş ölkələrində on-onbeş gündən artıq qala bilmirəm... Çünki Azərbaycan bütün sorunları ilə, savaşı, yenməsi və yenilməsi ilə, geriqalmışığı, dini, imanı, yaxşısı, pisiylə mənimdir... Dədələrimin yadigarıdır. Bu yadigarı sözümlə, işimlə, mübarizəmlə qorumaqdan şərəfli iş bilmirəm...

Azərbaycan varlığı və Azərbaycan ruhu bütün maneələri aşıb yaşamışdır və yaşayacaq.

Dəyərli Güntay! Burda məktublarımı bitirirəm. Bu, bizim dialoqumuzun sona varması demək deyil. İlişgilərimiz davam etməlidir. Ancaq statuslarında rastlaşdığım hər ziddiyyətli fikrə cavab verməyə vaxtım olmayacaq. Əlimdə başqa bir yazım var, onu bitirmək istəyirəm.

Təəssüf ki, hər şeyi sorğulamaq, hər şeyə şübhəylə yanaşmaq, orijinal, fərqli görünmək istəyi bəzən zərərli nəticələrə, səhvlərə gətirib çıxarır. Bizim Avropada sənin kimi dilləri bilən, Şərqdən, Qərbdən məlumatlı, çağdaş təfəkkürlü, ən əsası, yaza bilən adamlarımız çox azdır. Buna görə də sən öz biliyindən və imkanlarından, indiki durumumuzu nəzərə almaqla, daha səmərəli istifadə eləməli, gücünü gələcək Azərbaycanın quruculuğuna sərf etməlisən. Millətimizin acı taleyi bizım içimizi qəzəblə doldurub. Hamımız tənqidə köklənmişik. Bu da lazımdır. Yerində və qədərində! Mən şəxsən urəkdəki sevgini nifrətə qapdırmağın tərəfdarı deyiləm. Aydınlar millətin böyüyü, öndərləridir. Atalarımız ailənin bütün yükünü mətanətlə daşıyar, övladlarına hiss etdirməzlərdi. İnsanlar işığa can atır, qaranlığa yox. Bizim olan hər şey qara görməyək. Qanadımız yoxdur, uçub hamıdan irəliyə qona bilmərik, addım-addım gedəcəyik, amma gedəcəyik. Gedəcəyik və bütün hədəflərimizə çatacağıq. Çünki içimizdəki nəciblik yox olmağa deyil, yaşamağa və böyüməyə hesablanıb. İran türklərini aydınlatmaq işi ilə daha ardıcıl məşğul olmalıyıq. Tariximizin elə mühüm dönəmləri var ki, haqqında çox az şey bilirik. Bəlkə də bu yerdə sənin qələminə ehtiyac var. Bu barədə təkliflərimi sonra yazaram (Səlcuqlar və Nadir şah haqqında kitab yazmağına sevindim). Avropada bizə ən yaxın olanlar macarlarla finlərdir, ancaq onlara da qarışma, itmə! Sən türksən və bizə lazımsan!..

Sayğılarla…

Son

4.09.2017

Tarix
2017.09.07 / 09:07
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla