Yuxarı

Naxçıvandan İrəvana zərbə və itirilən müstəqillik

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dördgünlük Aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli “İskəndər” raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər. Onların versiyasına görə, Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı. Doğrusu, reallıqda rus generaliteti üçün Qazaxıstan və Belarusla hava məkanının birgə qorunmasına dair razılaşmaları başa vurandan sonra cənub cinahında - Ermənistanda hərbi dayaqlarını möhkəmləndirmək zaman məsələsiydi. Ancaq dünənə qədər Türkiyə ilə 30 milyard dollardan artıq ticarət dövriyyəsinə nail olub, hətta Putinin sözləri ilə desək, Ankaranın NATO-dakı müttəfiqlərinin belə vermədiyi iqtisadi-siyasi preferensiyaları Ərdoğana peşkəş edəndən sonra Gümrüdə onlara qarşı qanadlı raket sipəri çəkmək də düzgün olmazdı. Cənubi Qafqazda hərbi çəkisini artırmaq üçün daha köklü səbəblərə ehtiyac dulurdu.

Nəhayət, 24 noyabr 2015-ci ildə Su-24 qırıcı təyyarəsinin vurulması ilə pozulan müttəfiqlik bir neçə ay içərisində iki ölkə arasında soyuq müharibəyə çevrildi və “Türk axını” da daxil, onlarla layihə qarşılıqlı sanksiyaların altına düşdü. Ərdoğan iqtidarının Birləşmiş Ştatların fitvasıyla İŞİD terrorçularına hərbi və maliyyə dəstəyi verdiyini sübuta yetirmək üçün kosmik müşahidə və kəşfiyyat strukturlarını işə salan Kreml texnoloqları İrəvanda Qərb əleyhinə yeni cəbhə açmaq üçün daxili və xarici informasiya məkanında geniş təbliğat kampaniyasına start verdilər. Hər halda Çeçenistandan İraqa və Suriyaya xilafət qurmaq məqsədi ilə gedən 3 mindən artıq yaraqlını Ağrı dağının ətəklərində gözləmək daha effektli olardı. Qalırdı qərarı birtərəfli verməmək üçün erməni xalqının formal da olsa, razılığını almaq, o da Qarabağ cəbhəsində 22 ildir davam edən atəşkəsdən sonra baş verən ən böyük hərbi eskalasiya ilə həyati zərurət kimi təqdim olundu.

Tarixi xronikanın belə sadə olduğunu düşünənlərə ötən ilin ortalarından Razdan meydanında Moskva əleyhinə yüz ilin aksiyalarını keçirən və “dekolonizasiya”ya müqavimət göstərənlərin Putinə qarşı irəli sürdükləri ittihamlardan yalnız birini xatırlatmaqda fayda var. Sən demə, yenə konspirativ nəzəriyyələr İrəvana qarşı işə düşübmüş. Yoxsa, belə “qəfil hücuma məruz qaldıqları”nı nə ilə əsaslandırmaq mümkün olardı?

Hər zaman olduğu kimi, özünün səs-küylü açıqlamaları ilə Sərkisyan rejimini və ictimai gündəmi onunla hesablaşmağa vadar edən məşhur Nikol Paşinyan “aprel xəyanəti”ni Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü üçün Kremllə razılaşdırılmış ssenarisi adlandırdı və itirilmiş hərbi yüksəkliklərin hesabını da “düşmənə silah satan” dövlətdən soruşmağı tələb etdi. Artıq günahkarın tapıldığı və kütlə şüuruna yeridilmiş təxminlər, gümanların həqiqətə çevrildiyi bir vaxtda Rusiya-Ermənistan arasında birgə hərbi qruplaşmanın yaradılması qərarı Qərbdə yeni himayədarlar axtarmağa qalxmış yüz minlərlə erməni üçün əsil şoka çevrildi. Onlar müstəqilliyə can atarkən, başlarının üstündə yeni qılıncı gördülər. Ağdərədə əldən verilmiş torpaqların hesabına üsyana qalxmış asiləri Putin təzə müqavilə ilə qarşıladı. Bəli, 800 hektar yerin siyasi işğal ölçüsü daha böyük oldu.

Xatıraladaq ki, oxşar hərbi birliklər müstəqilliyi çox az dövlət tərəfindən tanınmış Abxaziya və Cənubi Osetiya ilə də mövcuddur və orada da Gümrüdəki kimi bazalar yerləşdirib. Sual yaranır ki, Qafqazda 3 mühüm nöqtədə silahlı birləşmələrə malik paytaxt nədən ermənilərlə vahid orduya ehtiyac duyur? Təhlükələr o qədərmi artıb, axı erməni siyasi spektirinin və cəmiyyətin verdiyi reaksiyalara baxsaq görərik ki, yaradılmış yeni silahlı qüvvələrə bir millətin ordudan, hətta dövlətçilikdən məhrum edilməsi kimi yanaşanların sayı daha çoxdur.

Yeni birlikdən qorxanların arqumentləri nə dərəcədə əsaslıdır? Əvvəla, bütün hava məkanı, silahlı qüvvələr bloku, sərhəd qoşunları və gömrük strukturlarının tabeçiliyində dəyişilik edir. Hər hansı təhlükə yarananda Rusiyanin Baş Qərargah rəisi və ya onun Cənub dairəsi tərəfindən necə hərəkət etməyin gərəkliyi razılaşdırılır. Məgər, Ermənistanın 5-ci ordusu olmadan bu işi yerinə yetirmək olmazdımı? Yaxud, Türkiyə və Azərbaycanın hərbi təhdidləri halında da son dərəcə amorf bir vəziyyət meydana çıxır. Belə ki, əvvəlcə Bakıya 5 milyard dollarlıq silah satırsan, sonra onun qarşısını almaq və çəkindirici mexanimzlər qurmaq üçün Gümrüdə yeni rus-erməni ordusu formalaşdırırsan. Ona görə də vitse-spiker Eduard Şarmazanov ölkəsinin təkbaşına öz müdafiəsini həyata keçirə bilmədiyini deyərkən, ona qarşı süngü ilə çıxanlar sərt arqumentlərini irəli sürürlər. Onlar deyirlər ki, Birgə qruplaşma İrəvanı xarici təhlükədən qorumayacaq, əksinə, əlavə problemlər yaradacaq və əsil həqiqətdə Gürcüstanda NATO-nun dayaqlarının möhkəmlənməsinə və genişlənməsinə qarşı sipər kimi nəzərdə tutulduğundan əlavə gərginlik mənbəyinə dönəcəkdir. Yəni burada altruizm-təmənnasız yardımın göstərilmədiyi hamıya məlumdur. Üstəlik, Ermənistana platsdarm-bufer zona kimi yanaşan Moskvanın müxtəlif beynəlxalq mənafeləri üzündən burada süni toqquşma səhnələrini təşkil edəcəyindən ehtiyatlananlar da yetərincədir. O üzdən parlamentdə əslində hakim rejimin siyasətini başqa formada ifadə edən müxalif “Çıxış” blokunun təmsilçiləri energetika, nəqliyyat, gömrük siyasəti sahəsindəki müstəqilliyini əldən verən bir ölkənin son addımını müstəqil ordudan və dövlətçilikdən məhrum edilməsitək dəyərləndirirlər. Gerçəkdən də əgər suverenlikdən danışıb öz sərhədlərini başqa əsgərlərə tapşırırsansa, onda NATO və Avropa Birliyini buna necə inandıracaqsan?

Parlamentdə məlum qanun layihəsinin ratifikasiyası zamanı hakim partiya təmsilçilərinin gətirdikləri dəlillərin sırasına Azərbaycanın Naxçıvan bölgəsindən onları gözləyən təhlükəyə daha çox diqqət çəkməyə çalışırdılar. Yeri gəlmişkən, rusiyalı ekspert camiyəsi də son aylar ərzində bu strateji bölgəyə xüsusi yer ayırırlar. Hələ də Lenin-Atatürk razılaşmasını lənətləyənlər üçün Naxçıvanın tarixi “Qars müqaviləsi” ilə təhlükəsizliyinin 3-cü dövlətlər tərəfindən də qorunduğu yaxşı məlumdur. Erməni rəhbərləri son illər ərzində Türkiyənin iqtisadi, siyasi və hərbi cəhətdən “Şərq qapısı”nda möhkəmlənməsindən xoflanırlar və orada keçirilən birgə təlimlər İrəvana hücumun baş məşqi hesab olunur. Hər halda nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Naxçıvan regionuna yüksək siyasi və hərbi status verərək oradakı hərbi birləşmələrin səlahiyyətlərinə, sayına və malik olduğu texnikaya, texnologiyaya 90-cı illərdən fərqli bir strategiya ilə yanaşdığını ortaya qoyub. Türk generallarının yaxından cəlb olunduğu bölgədə əldə olunmuş sabitlik və inkişaf onu İrəvan üçün qorxu mənbəyinə çevirir. Erməni paytaxtına cəmi 62 km məsafədə yerləşən və qala kimi istehkama çevrilən bir diyar Yaxın Şərq cəbhəsində savaş aparan Türkiyə üçün də möhkəm arxa cəbhədir. Lakin Qarabağ bölgəsinə bütün hərbi resurslarını yönəltməyə çalışan ermənilərin bir qism qoşun birləşmələrini və iqtisadi ehtiyatlarını özünün digər yaxın sərhədlərinə toplaması hərbi baxımdan rəqibin xeyrinə işləyir. Rəsmi Bakının ondan ayrı düşmüş bir məkanı gücləndirərək, siyasəti əleyhinə qoyulan Qarabağ işğal bölgəsinə qarşı sanki Naxçıvanı gücləndirməklə cavab verməsini görməmək mümkün deyil.

Nəticədə, erməni ordusuna rəhbərliyi sonuncu müqavilə ilə tam əlinə götürən Rusiya hərbi-siyasi rəhbərliyi “Naxçivan təhlükəsi” adı altında Ermənistanın müstəqilliyini və ordusu üzərində hakimiyyəti ələ keçirdi. İndiki reallıqda bunun özü Naxçıvanla bağlı Bakının siyasi planlarının uğurlu olduğunu söyləməyə əsas verir.

Lakin sadə ermənilərin nəzərində birgə hərbi qruplaşma Kremlin İrəvana təyin etdiyi satrapları qorumağa xidmət edəcək və Rusiyaya təhlükə zamanı hərəkətə keçəcək. Daxildə xalq üsyanlarını yatırmaq daha önəmli olduğundan erməniləri Putin istəyəndə Suriya döyüşlərinə də göndərə bilər.

Çünki Ermənistanın Abxaziya və Cənubi Osetiyadan fərqli olan müstəsna dövlətçilik keyfiyyəti qalmadı. Qarabağda qalib gəlməyin hesabı bax belə ödənir!

Tarix
2017.10.12 / 16:23
Müəllif
Zahid Oruc
Oxunub
6 464
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla