Yuxarı

Qərb Türkiyəni tək qoydu, Əliyev dərhal hərəkətə keçdi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrin ən mühüm layihəsi - qədim İpək yolu, Asiya ilə Avropa arasında yüzillər əvvəl mövcud olan marşrut xəttində dəmir şəbəkələrlə yenidən istifadəyə verildi.

Açılış mərasimində ev sahibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Özbəkistan, Türkmənistandan gələn bir sıra dövlət rəsmisi və Gürcüstanın baş naziri iştirak etdi.

Bakı-Tiflis-Qars “Dəmir İpək Yolu”nun uzunluğu təxminən 840 km-dir.

Layihə səlahiyyətliləri verdiyi açıqlamada dəmir yolu ilə birinci il ərzində bir milyondan çox sərnişin və 6.5 milyon ton yük, 5-10 il ərzində isə 3.5 milyon sərnişin və 50 milyon ton yük daşınmasının planlaşdırıldığını deyiblər.

Türkiyə, Gürcüstan və Qazaxıstanın da daxil olduğu və gələcəkdə Aktau-Bakı xəttinin sistemə daxil olması ilə Çindən Avropaya daşıma xidmətlərinin həyata keçəcəyi layihənin əsas sərmayəçisi Azərbaycandır. Pekindəki ilk stansiyasından başlayan, Londondakı sonuncu stansiyaya qədər davam edən səyahət 15 gün çəkəcək.

Dünya üzrə əhəmiyyətli bir layihəyə imza atan Can Azərbaycan başda olmaqla, bütün layihə iştirakçıları olan ölkələri təbrik edirəm.

Dərbədər ruhumun Turan coğrafiyasına mütəmadi səyahəti, ulu babalarımızın karvanla keçdiyi o yerlərdən qatarla keçmək möhtəşəm bir hiss olmalıdır. Qısa müddətdə bunu həyata keçirmək istəyimi bir kənara qoyaraq, praqmatik yöndən işin siyasi və iqtisadi istiqamətləri üzərində dayanaq.

İlham Əliyevin inkaredilməz diplomatik uğuru olan, Azərbaycanın bölgədəki geosiyasi əhəmiyyətini artıran dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa və eyni zamanda ən təhlükəsiz nəqliyyat dəhlizidir.

Yaxın Şərqdə baş verən və gün keçdikcə yalnız bölgənin deyil, dünyanın taleyini dəyişdirəcək hadisələrin yaşandığı bir vaxtda üzərində şahmat oynanılan coğrafiyada Azərbaycan ciddi bir gediş etdi: Bakı-Tiflis-Qars “Dəmir İpək Yolu” layihəsi ilə İlham Əliyev üzərinə böyük risk götürərək, 10 il ərzində bir sıra maneə və çətinliklərə rəğmən, israrçı oldu və Türkiyə-Gürcüstan əməkdaşlığı ilə bunu bacardı...

Bu layihə ilə tarix yazanlara salam, Azərbaycan Prezidenti İlham Əliyevə halal olsun!

Avropa ilə Asiyanı birləşdirmək, yəni bu iki qitəni müştərək zəmində ortaq maraqları üçün bir araya gətirmək faktı Avrasiyaçılıq fəlsəfəsidir. Gözəlim ölkəmdə bu fəlsəfə Duqin və Perinçeklə birgə anılır. Halbuki əsrin əvvəlində klassik avrasiyaçılıq fəlsəfəsinə əmək verən N.S.Trubetskoy, R.O.Yakobson, P.N.Savitskiy, P.P.Suvuçinskiy, G.V. Florovskiy, G.V.Vernadskiy, N.N.Alekseyev, V.N.İlyin, Prens D.Sviatopolk-Mirskiy kimi mütəfəkkirlərdən sonra Lev Qumilyovdur.

Qumilyov nəzəriyyəsinin əsas ideyası Avrasiyaçılıq idealizminin inkişaf etməsini təmin edən pasionarlıq nəzəriyyəsidir. Türk ananın övladı olan Qumilyovun Avrasiyaçılıq düşüncəsində bərabərliyi vurğulaması əsas fikirlərdən biridir. Başqa sözlə, Avropa qitəsi ilə əməkdaşlıqda Asiyanın əsas faktoru olan türklüyün parçalanmadan(dağılmadan) davam etməsini müdafiə edir.

Qumilyovun xələfi ilk Rusiya müsəlmanları partiyasını yaradan, təkbaşına bir orduya yetəcək qədər yaşadığı ölkədə türklüyə xidmət edən, sağlığında qiymətini bilmədiyimiz, Avrasiyaçılığı etno-siyasi və iqtisadi-sosioloji baxımdan regional tərəfdaşların sərbəstliyi olaraq görən rəhmətlik Heydər Camalın tələbəsidir Duqin.

Kilsə camaatının öndəri Duqinin qəhrəman kimi təqdim edildiyi ölkəmizdə həyatını Türk-İslam fəlsəfəsinə həsr edən, Tanrı dağlarının ətəklərində dəfn edilməsini vəsiyyət edən Heydər Camalı tanıyanların sayı bir əlin barmaqlarını keçmir.

Yenidən mövzuya qayıdaq:

Prezident İlham Əliyev Qərb dünyasının işğalçı Ermənistan dövlətini himayə etməsindən yola çıxaraq, torpaqlarının 20 faizi işğal edilmiş Azərbaycanı fərqli yöndən cazibə mərkəzinə çevirən siyasi platformalar yaradıb. Yəni Qumilyovun nəzəriyyəsini praktikaya çevirib.

İlham Əliyev beynəlxalq əlaqələr üzrə mütəxəssis olmasından və siyasi tarix elmləri doktorluğunu tamamlamasından əlavə, Rusiyada keçən təhsil illəri onun empatiya qurmasını asanlaşdırıb. O, bölgədə tarazlığın hakim olmasına maksimum səy göstərərək, Türkiyə ilə bir millət, iki dövlət, İran ilə isə 35 milyon soydaşımızın yaşamasını unutmadan iki qonşu dövlət siyasəti yürüdüb. Avropa ilə neft investisiyalarını ortaq həyata keçirərək, yaxşı münasibətlər quran bir dövlət kimliyi yaradıb.

ABŞ və Avropada erməni diasporunun təsirini nəzərə alsaq, bütün bunların heç də asan olmadığını vurğulamalıyıq.

İlham Əliyev prezidentliyinin ilk günlərindən etibarən qonşuları ilə əməkdaşlığın inkişaf etdirilməsində yeni formatlı birləşmələrə olan ehtiyacı gündəmə gətirib. Regional və qlobal problemlərdə koordinasiyalı, çoxyönlü, əhatəli və çoxtərəfli əməkdaşlığı vurğulayıb. Bu ifadələri hakim düşüncə olaraq topluma təlqin edib: siyasətin, iqtisadiyyatın, cəmiyyətin quruluşunun, sənayenin inkişafının, bu hakim düşüncənin tətbiq olunmasının mümkünlüyünü ortaya qoyub.

Açılışı baş tutan Bakı-Tiflis-Qars “Dəmir İpək Yolu”nu bu baxımdan dəyərləndirmək lazımdır.

Bu, eynilə 2016-cı ildə Bakıda İran və Rusiya prezidentlərinin iştirakı ilə baş tutan üçtərəfli zirvə görüşü kimidir. O günlərdə Türkiyə-Rusiya arasında problemlər yaşanırdı. İlham Əliyevin belə bir vaxtda İrana səfəri və İranla hərbi, strateji əməkdaşlığı I Pyotrun dövründən günümüzə qədər fasiləsiz davam etdirməkdə olan Rusiyanın da daxil olduğu üçərəfli əməkdaşlıq məsələsi üçün araşdırmalara başlaması Azərbaycan prezidentinin xarici siyasətdəki uğurlu addımıdır.

Əliyev bir ay sonra, 2016-cı ilin martında Ankarada baş tutan teraktdan sonra böyük jest edərək Türkiyəyə gəldi. Qərb dövlətlərinin tək qoyduğu Prezident Ərdoğana ən böyük dəstəyini sadəcə çıxışı ilə deyil, eyni zamanda, onu qucaqlayaraq sübut etdi.

Azərbaycan bütün bu baş verənlərin fövqündə Rusiya ilə münasibətləri poz(dur)madan ərazidə tarazlıq, (Ermənistan xaricində) dostca, beynəlxalq aləmdə isə dünyanın bütün dövlətləri ilə qlobal münasibətlərə uyğun siyasət yürütmək bacarığını ortaya qoya bildi.

Əliyev Türkiyə-İsrail münasibətlərinin ən çətin dönəmlərində İsrail ilə Suriya arasında problemlərin olmasına rəğmən, həm Suriya, həm İsrail ilə diplomatik münasibətləri ölkə mənfəətinə zərər vermədən davam etdirməsi nümunəsində olduğu kimi, Rusiya-Türkiyə böhranının yaşandığı günlərdə də Türkiyəyə qardaşlıq sərgiləməkdən imtina etmədi. Amma Rusiya ilə də düşmən olmadı və iki ölkə arasında münasibətlərin normallaşması üçün maksimum səy göstərdi.

Tarixi “Dəmir İpək Yolu” layihəsinin həyata keçməsi ağıllı həmlələrin, strateji uzaqgörənliyin nəticəsidir.

Tarixdən əmanət aldığımız İpək yolu səyahətimiz xeyirli, daimi, bərəkətli olsun!

Tarix boyunca Asiyadan Avropaya daşınan məhsullar (ədviyyat, təbii qaz, neft, enerji xətləri) bu marşrutdan keçib.

İndi isə hədəfdə Rusiya və İranın dəstək verdiyi, ötən il Bakıda keçirilən zirvədə imzalanmış “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi var. 7 min 200 km uzunluğunda olan dəhliz Hindistandan başlayır, İran, Fars körfəzi ölkələri, Azərbaycan, Rusiya, Şimal-Qərbi Avropaya qədər davam edir.

Ötən il Azərbaycanın ev sahibliyi etdiyi Bakı zirvə görüşündən sonra yazdığım yazını belə bir sualla tamamlamışdım:

“Qurğusu mükəmməl, iddiası yüksək, adı məqsədinə uyğun bir formada hazırlanmış bu təmtəraqlı layihəni həyata keçirməyi bacarıb, nəticə əldə edə biləcəklərmi?”

Bu günlərdə Bakı-Tiflis-Qars “Dəmir İpək Yolu”nun açılışı o sualı cavablandırdı: Şükür, bacardılar!

Tarix
2017.11.01 / 18:38
Müəllif
Aygün Attar
Oxunub
10 030
Şərhlər
Digər xəbərlər

İlk dəfə xəcalətimizdən başımızı əymədik

Birinci Xanımın uğur hekayəsi

Bakı küçələri çılpaq qadın cəsədləri ilə...

Səhərə qədər orada qaldıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla