Yuxarı

Qarabağda səngərlər torpaqla dolur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tələbələrin oktyabrın 25-də parlamentin binası qarşısında “Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz aksiyası kifayət qədər ciddi mətləblər üçün ipucudur. Qarşılıqlı münasibətlər sistemində, gündən-günə daha kəskin şəkildə diqqət çəkən sərt qabarmalar cəmiyyətin əsas aparıcı qüvvəsi sayılan gənclər tərəfindən güzəştsiz təpkilərlə xarakterizə olunur və stimullaşdırılır. İndi onlar təmsil etdikləri xalqın ən etibarlı tribunası, əsas söz sahibi qismində çıxış edir.

Qabarmalar isə çəkilmələrlə müşayiət olunmur.

Əslində, baş verən hadisələrin ümumi fonunda vəziyyətin aybaay, ilbəil gərginləşəcəyini ehtimal etmək məntiqin danılmaz gerçəkliyinə çevrilmişdi və tamamilə gözlənilən idi. İllərlə davam edən müşahidələrimiz öz başlanğıcını bu gerçəkliyin start nöqtəsindən götürür. Torpaqları yağmalanmış Azərbaycan üçün burada düşmən düşərgəsinin düzənini müəyyənləşdirəcək, bu düzənin ən zəif yerlərinə ayna tutacaq ciddi faktlar yer alıb.

Dinc erməni əhalisi illərdir öz kürəyində ağır yük hesab etdiyi Qarabağ problemini sabaha daşımaq zorunda deyil!

Bu xüsusda onun Sərkisyan iqtidarına ünvanladığı mesajlar sadədən mürəkkəbə, ibtidaidən aliyədək ağır mərhələlərdən keçib, ideoloji faktorlarla ölüm-dirim savaşına atılıb və hər dəfə öz mövqeyini qismən möhkəmləndirib. Bununla da rəsmi İrəvanın siyasi prioritetlərinin təməl sütunlarına ağır zərbələr endirmiş olub. Çünki bu prioritetlərin dövlətçilik prinsipinə söykənməsi məsələsi artıq sadə əhali tərəfindən də konkret fakrlara əsaslanan şübhələrlə, ciddi etirazlarla, bir sözlə, inamsızlıqla qarşılanır. İqtidar komandasının heç bir üzvü isə özünü bu şübhələrin qarşısını almaq zorunda görmür. Hər dəfə siyasi karyera naminə atılan bütün dekorativ addımlar cəmiyyət tərəfindən birmənalı şəkildə növbəti məkrli illüziya kimi dəyərləndirilir.

Məsələn, noyabrın 7-də Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan tələbə hərəkatının nümayəndələrini qəbul edib. Lakin bu, erməni tələbələrin elan olunmuş növbəti etiraz aksiyasına adekvat cavab kimi qarşılanmayıb, çünki “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvləri görüşdə iştirakdan boyun qaçırıb.

Erməni saytlarında “Kiçik maxinasiyalar və böyük yalanlar: Vigen Sərkisyanın növbəti fiaskosu” kimi dəyərləndirilən bu görüş bədbin notlarla şərh olunub.
SİTAT: “Vigen Sərkisyanın taktikası aydın idi: o, mübahisənin çoxluqla azlıq arasında getməsi barədə illüziya yaratmaq istəyirdi. Çünki əgər ÇOXLUQ - qiyama qalxmış tələbələr Müdafiə Nazirliyinə gəlsəydi, AZLIQ - hakimiyyətin komsomolçuları bir-birinin sözünü kəsə-kəsə guya Müdafiə Nazirliyinin “vətənpərvərlik” təşəbbüsünü dəstəkləmək məqsədilə Vigen Sərkisyanı tərifləyəcək, bununla da onlara danışmaq imkanı verməyəcəkdi. Yəni, tələbə hərəkatının rəhbərləri o qədər ehtiyatlı dəbərdilər ki, Vigen Sərkisyanın təbliğat piarında iştirakdan imtina etdilər”.

DİQQƏT! Bundan dərhal sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan sosial şəbəkələrdə paylaşdığı statusla vəziyyətin daha da gərginləşdiyinə, ümidsizliyin bir qədər də artdığına ciddi eyham vurdu.

SİTAT: “Təəssüf, “Elmin inkişafı naminə” təşəbbüs qrupu bizim təklifimizi yerə saldı. İkiqat təəssüf doğuran məqam isə budur ki, qrup müdafiə nazirilə görüşmək istəsə də, bu görüşdən imtina etdi. Digər ali məktəblərin tələbə şurasının iki üzvünə də hər qrupdan dörd nəfərin görüşdə iştirakı ilə bağlı razılıq verilmişdi, amma onlar da uzun tərəddüddən sonra bu görüşdən boyun qaçırdılar”.

Artsrun Ovannisyanın bəyanatından dərhal sonra 1in.am saytının tanınmış şərhçisi Sərkis Artsruninin özünü çox gözlətməyən cavabı isə kifayət qədər sərt oldu! Gərgin məqamlarla izlənilən bir şəraitdə Vigen Sərkisyanın hərəkətlərinə heyrətləndiyini dilə gətirən müəllif əsas diqqəti müdafiə nazirinin bir-birini izləyən kobud səhvlərinə yönəltməklə onun siyasi karyerasının şübhə altında qaldığınu bildirdi.

SİTAT: “Belə getsə, Vigen Sərkisyan yaxın vaxtlarda öz vəzfəsilə vidalaşmalı olacaq. Çünki tələbələrin haqlı səsinə dəstək vermək əvəzinə, onların dialoqdan yayınması haqqında süni təsəvvür yaradılır. Hər halda, nazirliyin mətbuat xidməti rəhbərinin son statusu belə düşünməyə əsas verir. Gerçəkdə isə irəli sürülən tələblər nazirlə görüşdə əsas müzakirə mövzusu kimi müəyyənləşdirilməmişdi. Əks-təqdirdə nazir “Elmin inkişafı naminə” təşəbbüs qrupu ilə ayrıca görüş təyin etməli idi. O isə tələbə şurasının rəhbərlərini - iqtidarın “komsomol”çularını seçdi!..”

Nəticədə İrəvan Dövlət Universitetinin tələbələri noyabrın 7-ni etiraz tətili günü elan edərək dərsə getmədi. “Möhlət olacaq!”, “Müəllimlər, bizə qoşulun!”, “Mənasız yerə üç il hərbi xidmət etmək istəmirik”, “Bu qanun təhsil imkanlarımızı məhdudlaşdırır” kimi şüarlar səsləndirildi. Mitinqlərə toplaşan gənclərə töhmət verilməsi isə gərginliyi azaltmadı, əksinə, ehtirasları daha da qızışdırdı.

Çünki bütün bunlar əslində aysberqin yalnız görünən tərəfidir. İddiaların əsas predmeti daha ciddi səbəblərdən qaynaqlanır. Erməni tələbə gəncləri möhlət hüququnun ləğvi ilə bağlı tələblərində yalnız gələcək karyeralarının şübhə altında qaldığını diqqətə çatdırmır, ümumiyyətlə, orduda xidmət etmək istəmədiklərini bildirirlər. Ermənistan iqtidarının bundan xəbərsiz olduğunu “düşünənlər” isə hər gün bu gənclərin daha sərt təpkisilə geri çəkilməyə vadar edilir.

O üzdən ixtisaslaşmış ekspertlər də vəziyyətin daha kritik hal alacağına eyham vurur, axının güclənəcəyini labüd proses kimi xarakterizə edirlər. Çünki etiraz dalğasının arxasında orduda baş verən və gündən-günə artan özbaşınalıq, ölüm halları, başıpozuqluq dayanır. Heç kim bu prosesin qurbanına çevrilmək istəmir. Hətta ordudan tərxis olunanlar da xidmət illərinin acı xatirələrinin təsiri altında uzun müddət özünə gələ bilmir, mənəvi-psixoloji təzyiq altında çırpınırlar. Bu mənada nüfuzlu hərbi ekspert kimi tanınan Cavid Camalyanın son açıqlaması xüsusilə diqqəti çəkir.

SİTAT: “Etirazçı tələbələrin genişmiqyaslı aksiyasının mütəşəkkil hal almasının gerçək səbəbi son zamanlar Ermənistan ordusundakı özbaşınalıq və intihar hallarının daha da artmasıdır”.

Beləliklə, gənclər hərbi xidmətdən boyun qaçırmaqla əslində ordunun komplektləşdirilməsi prosesini də ciddi problemlərlə üz-üzə qoyur. Bir tərəfdə öz yaşam haqqını qorumağa çalışan gənclər, digər tərəfdə isə siyasi karyerasını mühafizə edən, xalqın haqqını yeyən iqtidar dayanıb. Ermənistan camiyəsində gərgin hüquqi döyüşlər gedir. Bu döyüşlər yad yurdunda – Qarabağda süni təmas xəttini – səngərləri asta-asta torpaqla doldurur. Dayaz səngərlər isə öz haqqı uğrunda döyüşən Azərbaycan xalqının hücumlarına çətin tab gətirər...

Tarix
2017.11.10 / 10:59
Müəllif
İbrahim Rüstəmli
Oxunub
7 258
Şərhlər
Digər xəbərlər

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

Mən bu rəzalətə görə üzr istəyirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla