Yuxarı

Bu ölkədə partlayış olacağını demişdim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sirlər dünyasına səyahət – Misir

(“Qənirə Paşayeva ilə addım-addım Misir”. 1-ci yazı. Ruhlarla səyahət və ya sirlər dünyasında gördüklərim)

Misir! – Bu ölkə, hələ uşaqlıqdan mənim üçün sirli, müəmmalı, rəngli nağıllar diyarı idi. Orta məktəbdə dünya tarixini öyrəndikcə dünyanın ən qədim mərkəzlərindən biri olan Misirə marağım durmadan artırdı. Sonra islam tarixini, qüdrətli türk imperatorluğu Osmanlının tarixini dərindən öyrəndikcə bu ölkəyə səyahət etməyi, onu bir Övliya Çələbinin ruh varisi kimi gəzməyi qarşıma məqsəd qoydum. Bu əlçatmaz arzumu həyata keçirmək mənə yalnız 35 yaşımda qismət oldu...

...Təyyarəmiz Aralıq dənizinin üzərindən uçur, mən səfər qrafikimdə son tamamlama işləri aparıram; bir dəqiqə belə vaxt itirə bilmərəm. Çünki görmək istədiyim yerlərin, rəsmi görüşlərin sayı olduqca çoxdur. Üstəlik, insan alveri ilə mübarizəyə dair beynəlxalq konfransda iştirak etməliyəm. Səfərimi əvvəlcədən planlaşdırmışam, görmək istədiyim yerlərin, abidələrin hamısının siyahısını tutmuşam. Təyyarədə siyahıya bir də göz gəzdirib, yenidən Misir haqqında kitabı vərəqləmək istəyirəm ki, illüminatordan Misir görünməyə başlayır. Təyyarə əvvəlcə yamyaşıl bir vadiyə, oradan da səhraya doğru səmt alır. Minlərlə metr yüksəklikdən bir neçə dəqiqə içərisində mavidən yaşıla, yaşıldan açıq qəhvəyi rəngə həyəcanlı keçidlər edirik. Qahirəyə göydən baxırıq, daha doğrusu, həmin an bu qədim, əfsanəvi şəhərə yalnız yuxarıdan baxmağa məcburuq... Nəhayət, təyyarə Nilin sahillərindəki yaşıl zolaqları arxada qoyub səhraya doğru can atır. Uzaqdan səmaya doğru sivri ucları ilə boy verən üç nəhəng qüllə görünür. Biz artıq burdayıq, piramidaların Vətənində!

Bura Giza bölgəsidir! Fotolarını, videogörüntülərini çox görmüşəm. Budur, bir az aralıda boz bulud topası altında gizlənmiş qoca Qahirə görünür! Eynən nağıllardakı kimi! Sonradan öyrəndim ki, bu əfsanəvi yerlər göy üzündən ziyarət edilsin deyə bir sıra uçuşlar Giza bölgəsi üzərindən edilir. Sonra təyyarə Qahirəyə enir və necə deyərlər, torpaq ziyarəti başlayır.

Misir həm də piramidalar ölkəsidir. Göy üzündən piramidalara baxdıqca məşhur türkünü xatırlayıram:

Qürrələnmə insan oğlu, səni də bir yaradan var...

Bu mənzərələrə tamaşa edə-edə özünü Tanrı elan edən fironlar barədə düşünürəm. Tanrı ölümsüzdür. Yerdəki “tanrılar” özlərini ölümsüz olduqlarına inandırmaq üçün əvvəlcə mumiya icad etdilər, sonra bu nəhəng piramidaları ucaltdılar! Məqsədləri bəlli idi - ölümə meydan oxumaq! Nə yazıq ki, piramidaların yüzillər boyu (elə günü bu gün də) özündə ehtiva etdiyi ən güclü mesaj ölümün qaçılmazlığı və insanoğlunun ölüm qarşısında acizliyidir! Başqa sözlə desək, piramidalar ölümü öldürə bilmədi, amma ölümü xatırladan abidəyə çevrildi.

Bunları düşünürdüm ki, təyyarə Qahirə hava limanında yerə endi. Sirli və əsrarəngiz Misir torpağına qədəm qoyduq...

İki qitədə - Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşən Misir Ərəb Respublikasının ərazisi, nə az, nə çox – düz 1.001.450 kv/km-dir. Şərqdə Qırmızı dəniz, şimalda Aralıq dənizi suları ilə əhatə olunan Misir qərbdə Liviya, cənubda Sudan, şimal-şərqdə Fələstin və İsraillə quru sərhədlərinə malikdir. Ölkə torpaqlarının kiçik bir qismi (3%) Asiya qitəsindədir. Çox dar Süveyş kanalı ilə Afrika qitəsindəki torpaqlarından ayrılan bu yer məşhur Sinay yarımadası olaraq tanınır.

Misir tarixlə həmyaşıddır

Misir tarix boyunca bir-birindən fərqli mədəniyyətlərin beşiyi olub. Qədim Misir Sezarın hakimiyyəti illərində - b.e.ə. 30-cu ildə Roma imperiyası tərəfindən ələ keçirilib. Eramızın VII yüzilində isə ərəblərin hökmranlığı altına düşüb. 1517-ci ildə Misir Osmanlı imperiyası tərəfindən fəth edilsə də, imperiya zəifləyəndən sonra - 1882-ci ildə İngiltərənin koloniyasına çevrilib. 1922-ci ildə Misir Krallığına çevrilən ölkə 30 illik krallıq dövründən sonra 1952-ci ildə respublika elan edilməsi ilə bugünkü sisteminə qovuşub.

Misir Quzey Afrikada Nigeriyadan sonra əhalinin sayına görə ikinci böyük ölkədir. Əhalinin böyük bir hissəsi Nil çayı boyunca məskunlaşıb.

Qədim dövrün izlərini axtrmaq, yadigarlarını ziyarət etmək, o dövrün havasını duymaq üçün Misir əvəzsiz ölkədir. Bu ölkənin şüarında yazıldığı kimi: Misir dünyanın anasıdır.

Tarix kitablarında oxuduğum “Aşağı Misir”, “Yuxarı Misir” ifadələri mücərrəd anlayış kimi beynimdə dolaşırdı.

Dünyanın ən uzun çayı olan Nilin bu ölkəni iki yerə necə böldüyünü görüncə, bu ifadələrini yerində işləndiyini düşünürəm.

Misirə ilk səfərim zamanı hələ inqilab (2011, “Ərəb baharı”) baş verməmişdi. İnqilab mənim səfərdən qayıdışımdan 2-3 ay sonra baş verdi. Amma mən inqilab sözü işlətməsəm də, səfərdən qayıdandan sonra dostlarıma bu ölkədə bir partlayışın olacağını demişdim. Bu barədə sonra....

Qayıdaq sirlər dolu Misirə və onun qəribə, sehrli mistikasına... Əvvəldə dediyim kimi, mən uşaq vaxtı oxuduğum nağıllarda Misiri xəyalımda qarış-qarış gəzmişdim, əlimi Nilin sularında yumuşdum, fironlar yaşayan dəbdəbəli sarayları ziyarət etmişdim və o zamanlar ağlıma da gətirməzdim ki, bir gün Misirə səfər edib uşaq vaxtı xəyalımda canlandırdığım Misirdən daha möhtəşəm, daha əzəmətli və daha əsrarəngiz bir Misiri ziyarət edəcəm. Xəyallarım gerçəkləşib, Misirdəyəm. Səfərimə paytaxt Qahirədən başlayıram...

Gözəlliyin başqa adı – Qahirə

Qahirə hava limanında sanki kiminsə məni izlədiyini hiss edirəm. Ətrafa nəzər salsam da, şübhəli kimsə gözə dəymir. Amma mən o gözəgörünməz kimsənin sanki nəfəsini, hənirtisini duyuram. Dönüb ətrafıma bir də baxıram, heç kim yoxdu...

O, bütün səfər boyu məni müşayiət elədi, izlədi, bir an olsun gözdən qoymadı. Bu hissin adı nədir, bilmirəm, anlamıram... Misirin bir çox sirləri kimi, duyduqlarım da mənim üçün sirr olaraq qalır...

Misir tarix boyunca fironlarla xatırlansa da, Həzrəti Ömərdən bu yana islam dünyasının əsas mərkəzlərindən biri olub. Bu yerdə tarix dövrlərlə iç-içə, nəfəs-nəfəsədir. Qədim Qahirəni hər dövrün öz izləri ilə gəzməlisən, yoxsa zaman tunelində azacaqsan.

İslam Qahirəsi, piramidalar, Qədim Misir mədəniyyəti, əzəmət, allahlıq iddiası və bu torpağa həyat verən Nil! Qədim bir torpaqda bu qədər təzad və gözəlliyin başqa adı məncə əsrarəngizlikdir...

Əvvəlcə, Qahirəni islam mədəniyyətindən sonrakı dövrün izləri ilə gəzməyə başlayırıq. Yüz illərin o üzündən əsən İlahi bir ab-hava var bu yerlərdə. Bunu o dəqiqə hiss edirsən və insanda çox qəribə mənəvi rahatlıq yaradır. Sanki nə zamansa bu yerlərdə olmusan, nələrisə xatırlayırsan kimi doğma bir hiss...

Ərəb ölkələrinin çoxuna səfər etmişəm, bəzilərinə jurnalist kimi çalışdığım vaxtlarda, bəzilərinə millət vəkili dönəmimdə. Qahirədə digər ərəb ölkələrinin paytaxtlarına bənzər bir mənzərə, xaos və qarışıqlıq var.

Şəhəri gəzməyin ən rahat yolu taksilərdir. Misrdə taksi qiymətləri çox ucuzdur. Çoxu köhnə model taksilər olsa da, sürücülərin mehribanlığı, şirin söhbəti, müsafirlərə qarşı diqqəti taksilərin narahatlığını hər kəsə unutdurur. Əcnəbi turistlərə (müştərilərə) burada xüsusi diqqət göstərilir, çünki onlar taksi sürücülərinə qarşı daha səxavətlidirlər. Taksilərin çoxunda taksometr ya yoxdur, ya da işləmir. Taksilərin bir çoxuna əyləşən kimi radiodan Qurani-Kərimi dinləməyə başlayırsan ki, bu da insana xoş duyğular yaşadır...

Ardı var

Tarix
2017.11.12 / 21:44
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla