Yuxarı

Qoca Fədayə dastanı və ya Allah Marka necə uduzur...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anabioz — orqanizmin yuxu halıdır. Bu hadisəni ilk dəfə heyvanlarda 1701-ci ildə hollandiyalı təbiətşünas Antoni van Levenhuk aşkar edib. O, dam novlarından tam quru qumu yığır və şüşə boruda su ilə qarışdırır, sonra isə özünün mikroskopunda baxırdı. Alim bu şüşə boruda aktiv üzən canlı varlıqları - kiçik qurdları (rotatori) gördü. Anabioz - canlıların təkamül prosesi nəticəsində qazanılmış, xarici mühitin əlverişsiz şəraitindən onların salamat qalması üçün bioloji uyğunlaşmasıdı. Orqanizmlər anabioz halına ətraf mühit temperaturunun kəskin dəyişməsi, rütubətin yoxluğu və digər səbəblərdən düşürlər.

Bəşəriyyətin yaddaşında anabioz halında məqamlar var. Ya vəlvələdən, ya zəlzələdən – yuxuya getmiş.

Biri bu yaxınlarda ayıldı. “Qoca Fədayə” dastanını deyirəm. “Qaçaq Nəbi və Həcər” əhvalatının 2017-ci il versiyası. Fikir verin. yüz il yuxulamış dastan “əlverişli şərait” tapan kimi cücərdi. O ayrı söhbətin mövzusu ki, Həcərin Nəbini qazamatdan qurtarması olayı istisna olmaqla, Qoca Fədayə ilə Qaçaq Həcər arasında heç bir oxşarlıq yoxdur.

XVI əsrdə katolik kilsələsində indulgensiya satılırdı. Daha doğrusu, indulgensiya alınması barədə şəhadətnamə verirdi. Nədir indulgensiya? – “Cənnət qəbzləri” - cəzalardan azad olunma haqda arayış. 500 il əvvəlin söhbətidi.

Bəşəriyyətin yaddaşında yuxulayan anabioz məqam oyanıb. – Necə? – Feysbukda. Katolik kilsəsinin cənnət qəbzlərini indi Mark satır. Elektron formada.

Mark cənnət qəbzini sosial şəbəkələrdəki fəaliyyətə görə verir.

Təkcə bu deyil, istəsən, ölümün neçənci baharda gələcəyi, evləndiyin adamın xarakteri, görünüşü haqda da məlumat ala bilərsən.

Anabioz. Fikir verin, XVI əsrin “cənnət qəbzi”ylə XXI əsrdə elektron formatda rastlaşırıq.

Deməli, mahiyyət etibarilə heç nə dəyişməyib. Biz hələ XVI əsrdəyik təfəkkürən. Mark da yaxşı tutub söhbəti. Bir qığılcım və alov. Cəhaləti kapitala çevirir adam. Virtual qurbanlar yaradır. Özü formalaşdırır, istədiyi kimi idarə edir.

Bu virtual infeksiya iradəsi əlil adama psixoloji travmadı. Götürək əmioğlu Bədahəti. Markın sorğusunda iştirak edib, axırda “fal”dan cəhənnəm xəbəri çıxıb. Qorxu düşüb canına.

Hələ Hacı Qəfəri demirəm. Bir gecəyə saçın tökdü dağ boyda kişi. Gündə beş vaxt namaz qılan, nəzir-niyaz paylayan, Allahla oyanan, Allahla yatan dəstəmazlı adamdı bizim hacı. Bunun “qəbzi”nə “cəhənnəm” yazıb Mark qəbzolmuş. Bir də gördüm mesaj-mesaj dalınca. Hacı Qəfər yazıb ki, qələtim var, özü də böyük. Bəs mən Fatmaxanımın böyük qızı Firavanla... – Cavan adamdı da, canı sulu. Deyir, elə burda mesajlaşırdıq. İndi Mark bilər, özü bilər nə yazıb, neyniyib, cəhənnəmə vasil edib Hacını.

Kimdi Mark? – Hamının zəifini, qara-qura işini, xər-xəyanətini bilən adam. Mark hazırda harda olduğunuzu da bilir. Kimə yazdığınızı, nə yazdığınızı... Markın əlində dosyelər var ki... Kim kimin evindən çıxır, kim kimin evinə girir, kim kimə işləyir.

Kimdi Mark? – Allah. Bəli. Mark insan yaradır? – Yaradır. Mark öldürür? – Öldürür.

XVI əsrdə katolik kilsəsinin satdığı qəbzlər sırf pul qazanmaq məqsədli fırıldaq idisə, Markın qəbzində zərrə yalan yox. Markın virtual imtahandan sonra verdiyi qəbz təyinatından asılı olaraq real təsir edir. Qayıdaq Molla Qəfərə. Molla Qəfər cəhənnəm xəbərindən sonra əsl cəhənnəm yaşayır. Ki, birdən bilən olar, bəlkə kimsə görüb? Bəs evdəki? Qorxu düşüb qarnına. Bunca şübhənin gərginliyi cəhənnəm əzabıdı elə. Ya ki əksinə: cənnət müjdəsinə endorfin partlaması...

Allah əgər qeyri-müəyyən gələcəkdə baxacaqsa işimizə, Mark elə bu gün, bir paylaşımla həll edir məsələni.

İkinci yanaşma nədir? – Mark və markkimilər bu cür oyunbazlıqla sadəcə pul qazanır. Əyləncədir.

Nəticə?

Allah Marka uduzur. Artistliyə gərək yoxdu. Şəxsən mən Markdan daha çox qorxuram. Nəinki Allahdan. Qeydiyyatdan da keçdim. İmtahandan üzü ağ çıxdım.

Cənnətliyəm, inşallah!

Tarix
2017.11.14 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla