Yuxarı

Nəcəfovun qarnında gəzdirdiyi ev

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxt elə bilirdim bütün varlı adamlar Bakıda yaşayır, hər səhər üzü dənizə oyanırlar: bir fincan qəhvə əllərində, sarıfiltir siqaret damaqlarında, xalatda, çəkələkdə eyvana çıxıb dənizi salama dururlar.

İndidən deyim, ömrümü özüm üçün hissələrə bölmüşəm, məsələn, 5-ci sinifə qədərki zaman “Allah göydə olan vaxtdı”.

Birinci dəfə şəhərə əmimgilə getmişdim, Yasamala. Dörddə oxuyurdum, onda Allah göydəydi. Əmirqaladan, Küpüc dağının ətəyindən şəhərə gələsən, kənddəki tualetimiz boyda otaqda gecələyəsən. Əmirqala ki var, balaca təpədi, yox, sonradan balacalaşdı, nazildi. Yoxsa, əlini uzat, Allahın çiyninə sal, qol-boyun ol, ulduz-ulduz gəzin göy üzündə. Əmirqalanın üstündə səma əyilib yerlə birləşirdi. Dünyanın bir ucu bura, bir ucu da Rəşid kişinin çəpəriydi. Göyün bir ucu da o çəpərin dalında əyilirdi. Atam deyirdi, gündüz oldumu, ulduzlar Əmirqaladakı ağaclara enib istirahət edir, gecə yenə qalxırlar göyə. Ulduzlar yol göstərir – deyirdi atam, mən də o dedikcə, ulduzun necə ağaca enməyini, ayaqlarını yuyub uzatdığını, uzanan kimi də yuxuladığını təsəvvür edirdim. Bir qaşıq dünya, bir dünya xoşbəxtlik.

Kaş ki çıxmazdım Əmirqalaya. Heç bilmirəm necə oldu. Qoyunmu qaytarmağa çıxmışdım, yoxsa şəlmi gətirəcəkdim... Qalxdım. Nəfəsimi dərdim, başımı qaldırdım ki, nə çəpər, nə dağ, Rəşidin evindən o yana bir kənd, ondan o tərəfə binalar, bu tərəfdə təzədən evlər. Dünya yekələndikcə, balacalaşdım.

Həqiqətlə üzbəüz qalanda kiçilir, nazilir, pərt olur adam.

Qayıdaq Yasamaldakı balaca, rütubətli, ağcaqanadlı kibrit qutusuna. Nə dəniz, nə də qağayı, səhər xlorsatan xalaların cır səsinə oyandım. Otaqdan çıxanda əmimi mətbəxdə gördüm: sağ çiyni deşik, kirli maykada idi. Nə xalat, nə də qəhvə, əlindəki çuqun aftafanı doldurub tualetə getdi.

Siqaret çəkmişdi tualetdə, içəri girəndə tüstüdən gözüm yaşardı...

Çoxdan unutmuşdum bu travmanı, dünən Nəcəfov xatırlatdı. Adını da bilirəm Nəcəfovun. Di gəl, Nəcəfov mahiyyətcə soyaddan ibarətdi. Siz elə fərz edin ki, Nəcəfov addır. Fikir vermişəm, adların enerjisi var. Adam adını yox, ad adamı formalaşdırır. Tale ada bağlıdır. Taleyə bax, ömrə bax, Nəcəfov adın yox, soyadın qurbanı olub.

Qonşudur. Daha doğrusu, evi yoxdu, eləcə köhnə vaqondan başına dam düzəldib, daldalanır, yaşayır. Yaşayır? Yox, qalır. Ya da yaşayır – nə bilim?!

Xülaseyi-kəlam, bir qəribə adamdı Nəcəfov.

Elə bil, bir-birindən fərqli üç irqin üç adamını doğrayıb-biçib, üçünün ətindən, sümüyündən düzəldiblər onu.

Sifəti yastı, yanaqları qaramtıl, ərik tumuna bənzər gözləri ətli qapaqlarının altında sərxoş.

Danışanda sözdən çox dodaqlarının marçıltısı eşidilir. Dişlərini görməzsən, yoğun, bas səsi var, zəhmli olmaq üçün bir az da boğazında qaynadır.

Bir də böyük qarnı var ki, deyərsən, Hətəm kişinin əl işidi. Deyəcəksiz, yenə uzadır, amma Hətəm kişini tanımırsız axı. Ağdamlıdı. Mingəçevirdə yaşayır. Əvvələn evin eyvanını artırıb, yan-yörəsini yaxşıca hamarlayıb. Eyvandan bahalı mətbəx hazırlayıb. Sonra həmin mətbəxə eyvan artırıb. Bir payız bundan əvvəl getdim ki, mən görən eyvanı nəvəsi üçün yataq otağı eləyib. Bu yay haman yataq otağına təzədən eyvan artırdı.

Nəcəfovun əlinə qələm düşdümü, salfet olsun, qəzet olsun, fərqi yoxdu, imzasını çəkir. Xətti o qədər də yaxşı deyil, bir gözünü qırpsan, cızma-qaranın altında “Nəcəfov”u oxuyarsan. Vəzifə psixozudur, bəlkə də sevgi...

Makler işləyir, bir dəfə dedi ki, heç vaxt mənim olmayacaq evləri tərifləməkdən bezmişəm.

İçimdən qatar keçdi.

Nəcəfov rusun rus vaxtı yaxşı vəzifədə işləyib. Yaxşı da ailəsi olub. İki qızı, bir oğlu. Dəfələrlə ev növbəsinə durub, hər dəfə də adına ev düşüb. Hamısından imtina edib. Ona görə yox ki, ürəyiaçıqdır, dünya malında gözü yoxdu. Fikirləşib ki, bəlkə gələn dəfəki ev daha böyük olar, üzü dənizə, yaxşı bir yerdən.

Bir də gözünü onda açıb ki, qızları oğul-uşaq sahibidi, oğlu gedib Piterə. Həyat yoldaşı öləndən sonra oğul-uşaqla münasibət də soyuqlayıb, oğlan o gedəndi, qayıtmayıb. Qızları ayda-ildə bir dəfə görür. Yad kimi.

Hələ də makler işləyir.

Deyir, bir dəfə Sahil bağı tərəfdən ev düşdü, üzü pəncərəyə, böyük işıqlı zalı, geniş mətbəxi, pəncərərləri lay şüşə, balkondan dənizin ortasınacan görünürmüş. Qağayılar, gəmilər...

Çox müştəri gəlib, deyib, kirayə ev yoxdu.

“Özüm vermirdim, - deyir: - Öz evim kimi”. Açarı da özündə olub. Bir dəfə çaxır, ayın-oyun alıb gedib ora. Səhərə qədər içib. Elə divandaca yatıb.

Özü də necə, ev yiyəsinin kostyumunu geyibmiş, səhər də kofe dəmləyib, kişinin xalatını geyib çıxıb balkona. Bir siqaret yandırıb. Deyir, balkondan adamlar ordan elə balaca görünürdü ki...

Sonrasını bilmirəm, bura qədər danışıb ağlamışdı.

Mənə elə gəlir, Nəcəfov qarnında arzuladığı evi gəzdirir; eyvanıyla, dəniziylə, qağayısıyla…

Bəzən olur, bir də görürsən arzuları adamın bir hissəsinə çevrilir.

Nənəm yayın ortasındaca öldü. 80 yaşında. Deyirdi, mənə Küpüc dağından qar gətirin, anam da soyuducudan buz götürüb qoyurdu ovcuna. Hər dəfə də atırdı yerə. Küpücün qarı deyə-deyə köçdü dünyadan nənəm, yayın ortasındaca. Əllərini tutdum, əlim dondu. Əlləri qar kimiydi, Küpücün qarı kimi...

Tarix
2017.11.19 / 10:16
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla