Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2017


Qızlar, özünüzü 3 quruşluq etməyin, kişilər utanır...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

-Əmrahın otağına qalxa bilərəm? Necə qalxa bilərəm? Hansı girişdən keçmək olar indi? Təcili lazımdır mənə ora girmək, çox tez. Ora mütləq qalxmalıyam ee, noolar, kömək edin mənə. Özü olmasa da köməkçisi, prodüseri, hər kimsə birini görməliyəm...

Mühafizəçiyə, gənc bir qızın bir nəfəsə belə müraciət onu bərk esəbləşdirdi...

- Ay qız, siz necə adamsınız, utanmırsınız? Bezdik biz axı... Səhədən bura “skoru” gəlib, polis gəlib, bəs deyil?!..

Qiz bir şey anlamadı. Axı təkdir. Hikkəli tonda bunu biruzə də verdi:

- Anlamadım!..

- Deyirəm, yəni, cavan qızsan, ayıb deyil, utanmrsan?!

- Nə ayıbı var ki?!

- Məndən ayıb olmaya bilər ee, bəs özündən ayıb deyil?

- Yox, ayıb deyil, mən özümə cavabdehəm, Əmrahın otağında diktofonum qalıb, bayaq brifinqdə bashabas düşdü, hamı avtoqraf alırdı, diktafonumu götürdüm, sonra deyəsən bloknotumun arasından sürüşüb düşüb, onu götürməliyəm, jurnalistəm mən, siz nə başa düşdünüz?!..

...Keyfiyyətli diktafon jurnalistə hava-su idi onda. Mənim diktafonumusa atamın yaxın dostu Almaniyadan gətirtmişdi, yəni həm də dəyərli adamdan hədiyyə idi.

- Jurnalistsən?

- Bəli...

Mühafizəçi oğlan susdu. Bir az da utandı, deyəsən.

Bu o zamanlar idi ki, məşhur “İnturist” mehmanxanası hələ sökülməmişdi. Məni o qədər də sevməyən redaktorum bilə-bilə məşğul olmadığım sahə üzrə redaksiya tapşırığı vermişdi. Azərbaycana ilk dəfə gələn türk aktyor-müğənni Kiçik Əmrahın keçirdiyi brifinqdə iştirak etməliydim. Xoşuma gəlməyən sənətçidir, amma işin adı tapşırıqdırsa, həm də mənə sərt münasibəti olan rəhbər tərəfindən verilən tapşırıqdırsa, əməl eləməliydim. Qaldı tapşırıq məni niyə acıtmışdı, deyim. İndi də o adam ifa eləyəndə ağlımda bir köhnə qapı canlanır. Könhəlikdən, yorğunluqdan ağır bağlanır, cırıldayır, həmişə bəxbəxtdir, narazıdır, şikayətçidir, dərdlidir, ən vacibi monoton ifaçıdır. Onun brifinqinə bir də ona görə getmişdim ki, anlaya bilmirdim yaşıdım olan gənc qızların bu K(k)içik Əmrah sevdasını, ehtirasını, coşqunluğunu, hətta göz yaşlarını...

Yuxarıdakı aqressiya dolu dialoqsa Əmrahın Azərbaycan səfərinin təşkilatçıları tərəfindən mehmanxananın qarşısına gətirilən onlarla mühafizəçidən biri ilə idi. Və əslində aqressiyasına bir az əsas da vermək olardı.

- Siz bilirsinizmi biz burda üç-dörd gündür nə əzab çəkirik?

- Nə?!.

- Utanırıq. Bizim millətin qızlarını ələ salırlar. Sonra da bizə baxıb gülürlər, sizin qızlar elədir, belədir...

Əslində nə deyildiyini o mənə demişdi, mən bura yazmağı etik saymadım. Amma gerçəkdən də görünən mənzərə odur. Yəni deyilən real mənzərə doğrudan elədir, adam deməyə söz tapmır. Əslində bizim xanımların, qızların tam kimliyinin göstəricisi olmasa da bərbad təəssürat yaradan mənzərədir.

Bu mənzərəni bir də Burak Özcivit adlı gənc türk kino ulduzunun Bakıya son səfərində gördüm. Ağlayan kim, sızlayan kim, ürəyi gedən kim, mühafizəçilərin itələyib kənara tulladığı kim, hələ arada söyülənləri də olurdu... Ah, qızlar, ah...

Burak Bakıya çəkildiyi filmin təqdimatına, qala gecəsinə gəlib. Yeri gəlmişkən, altını xətləyərək xatırladım, o filmdə Azərbaycanın son dövrlər üzdə olan, uğurlu hesab edilən, bir kino aktyoru da rol alıb, Kamran Ağabalayev. Türkiyədən kimlərə-kimlərə pul töküb Azərbaycana cəm edən “iş adamları”, bir nəfərə, özümüzün olan Kamrana o sırada yer ayıra bilməyiblər. Bu da ayrı biabırçılıqdır. Özümüzə bapbalaca baxmaq, saymamaq...

Lap deyək ki, bu da o yana dursun, səviyyəsiz təşkilatçılıq da. Burakı, Muradı görmək, onlara toxunmaq üçün ürəkləri gedən, mühafizəçilərin başlarına çıxan azərbaycanlı qızlara baxmaq da çox ağır idi. Ay qızlar, sizə kim deyir ki, fanat olmayın, olun! Sizə deyən varmı sevməyin, sevin, lap aşiq olun, yanıb yaxılın, nəfəsiniz qurusun, amma sevginizi iyənc formada göstərməyin, bu qədər çirkinləşməyin. Bir də mənim nə Burakdan, nə Əmhardan geridə olmayan öz millətimdən, dövlətimdən olan sənətçim olmalı idi orada, Kamran Ağabalayev. Yetərincə yaraşıqlı, xarizmatik. Onun seçilib, sayılıb çağırılmadığı qalada iştirak edib özümü əskiltmək kimi istəyim də yoxdur. Qaldı bizə olan ümidlərə. Orda hələlik optimist ola bilmirəm. Çünki biz nə özümüzə, nə də özümüzün olana dəyər verə bilmirik. Bir gün haqqa gəlib, dəyər versək, bəlkə onda bizdən nəsə oldu. Yox əgər həmişə başqasına baxıb eləcə tərif edib, həsəd yaşayacağıqsa, heç zad, götürsün bizi biri vursun divara, bununla da məsələ tamamlansın...

...Qaldı mənim diktafonuma... nəinki mənim, heç o mühafizəçi oğlanın özünün də yuxarı qalxmasına rəisi icazə vermirdi. Amma o qalxdı, diktafonumu da tapıb gətirdi. Əmrahın mehmanxanadakı otağına tək buraxmadı məni. Bir də dedi ki, “əlin çatan qızlara de ki, bunlara belə eləməsin, dinə bilmirik, alçalırıq”...

İndi mən də sizə səslənirəm, qızlar, ay qızlar, başqalarını da, özünüzü də belə alçaltmaq nəyə lazımdır ki?!

Musavat.com

Tarix
2017.12.02 / 10:57
Müəllif
Jalə Mütəllimova
Şərhlər
loading...
Digər xəbərlər

El bilir ki, sən müəllimsən!..

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla