Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2017


Mustafanın dərdi məni alıb...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağlar bizə torpaqlar, dağlar, dərələr, daşlar

Zinhar, edəlim xidmət insanlığa, yoldaşlar

Qeyrət, a vətəndaşlar, hümmət, a vətəndaşlar...

Mirzə Ələkbər Sabir

Allah sənə rəhmət etsin, Mirzə Ələkbər Sabir, nə qədər uzağı görsən də, bu dövrün yaratdığı yeni tip insanlardan xəbərin olmayıb. Sənə bir az onlardan danışacam.

Elə bunu demişdim ki, ağlıma bir fikir gəldi.

Dedim, bir möcüzə ola, bu dövrün ədəbi mühiti ilə o dövrün ədəbi mühiti yerlərini dəyişə. Təsəvvür edin ki, Sabir “Qızıl qələm” mükafatını hələ almayıb, heç “xalq şairi” də deyil. Bir yandan da yeni şeir yazmağa başlayan blogger Mustafa Qızılbaşı da gül kimi həyatından aparıb tullayıblar 19-cu əsrin sonuna, yazıq çapalayır orda.

Allah uzaq etsin, dilimdən-ağzımdan yel alsın, dedim heç deməmiş olum. Mustafa dəhşətdir, gedib Sabirin də şeirlərin götürüb yazar öz adına, kişinin yanında biabır olarıq.

Qaytardım hər kəsi öz yerinə...

Sabir mükafatı neynir?! Sabirin elə qələmi qızıldan idi. Sabir xalqının şairi idi, yoxsa gəlib bu dövrə çatmazdı. Məni Mustafanın dərdi alıb, Mustafanın.

Mustafanın heç yerdə yeri yoxdur - özünü necə sübut etsin? Bir-iki ondan, bir sətir bundan; bir az cızmaqarası var. Odur, qərara gəldim ki, Mustafaya bir mükafat hazırlayım...

Dünyanın dərdi bir yanadır, bu mükafatbazların dərdi bir yana. Mustafa bu işdə hələ yenidir, hələ bu işlərin yolunu bilmir.

Təqdimatı belə gülməlidir. Bir də görürsən, ədəbi məclislərə elə bu sayaq insanlar gəlir - bir-birini tərif edən. Kitabların təqdimatı, görünüşü... - min göz istəyr baxa. Gəlib məqam çatanda, kitabın ağzın açanda ilk sətirdən bilirsən hansı əsərin süjetini azərbaycanlaşdırıb, hələ eləsi var, heç onu da etmir, elə halda yazır ki, kitab böhran yaşayır - bu düşüncələri sinəsində daşıdığına görə.

Bir də ən gözəllərini seçmək üçün bu yalançı müsabiqələr.

Beləliklə, məşhurlaşmağın da öz planı var. Bu yolda olsa-olsa, sənin köməyinə mükafatların çatar. Sən yazını neynirsən, bir ikı cızmaqara var, bəsindir. Bir də sənin özəlliyin də olmalıdır. Bağıra-bağıra şeir demək bacarığı. Bacarmırsan? Demək ki, əfəlsən.

Sən bir o iddialı yazara bax! Elə deyir filankəsəm, filanam. Mükafatları da yerindədi. Sən də elə ol. Heç nədən hər şey olmaq üzrə peşəkar. Bunun da peşəkarı var.

Gül dəstələri içində boy-boy şəkillər, videoçarxlar... Mükafatbazların bir-birinı mükafat verməyi də başqa aləmdir.

Əşşi, təki adı yazılsın. İstəyirsən mükafatda yazılsın ki, ən yaxşı tenor ifaçısı. Kimdir o mükafatı oxuyan ki, bu şairdir, nasirdir, ya vokalist. Əsas həmin o toplumun içində olmaqdır.

Qərəz, sözüm odur ki, heç kim öz həyatını yaşamır, hamı özgənin sevincini oğurlaya-oğurlaya yaşayır. Ədəbiyyatın rəngini boğublar, səsini batırırlar. Elə onun üçün deyirəm ki, elə bil son zamanlar bu ədəbiyyata qarışqa daraşıb. Hələ mövzu oğruları, şeir oğrularını, xarici ədəbiyyat plogiatlarını, ədəbiyyat qruplarını demirəm. Bu boyda ədəbi mühitdə çox kiçik və yalnız olmaq çətindir, mütləq özünüzkimilərlə birləşib toplum yaradıb güclənməlisiz. Çünki özünüzü başqa yöndən hec cürə heç qırx il bundan sonra da ifadə edə bilməyəcəksiz. Başa düşürəm.

Yalnız siz də bilin ki, bu işdə mürəkkəblik axtarmaq lazım deyil, Allahın, ruhun, istedadın əlində olan işlərdi. Bundan biri yoxdursa, kimin yanında gizlənsən, onsuz da yarı yolda qalacaqsan.

Söhbətimin sonunda burdan Mustafaya səslənirəm. Ay qardaş, gəl mükafatını götür, ona çərçivə də almışam. Apar ən görünən yerdən as. Sənin yaradıcılığının təməl daşı qoyuldu...

Tarix
2017.12.03 / 19:24
Müəllif
Aysel Fikrət
Şərhlər
loading...
Digər xəbərlər

Bağışla, Pərviz

Ahıl vaxtı sevgilisini tapmış kişi

Bir az insaf, bir az sevgi…

Kafka, qəhvə və uzaqlara baxan şəkil...

Bir qadın sevmədiyi işə gedir...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla