Yuxarı

Silikondodaq ananın balası Şuşaya belə gedəcək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim təsəvvürümdə bir ana obrazı var. O ana hər bir bəzək-düzəkdən, rənglərdən, kosmetikalardan uzaqdır, yayda da, qışda da başında yaylıq olur. Utana bilir, həmişə öz ərindən bir addım arxada yeriyir. Onun gözəlliyi əllərinin qabarı və üzünün qırışıdır. O ana laylay deyəndə təkcə qılçının üstündəki uşaq yox, bütün kənd, rayon, qəsəbə mürgiləyir, inəklərin, atların, toyuq-cücələrin də yuxusu gəlir. O ananın adı nə olsa yaxşıdır? Urza, Məruza, Xənsənəm, Hamayıl, Bilqeys, Xatun...

Bu analar sözün ironiyasız mənasında kişi kimi qadınlardır, odun da doğrayır, daş da daşıyır, təndirdə çörək də bişirirlər. O anaların ayağında heç vaxt dikdaban ayaqqabı görməzsən, həmişə qaloşda gəzərlər. Adam içinə çıxanda, rayona bazarlığa gedəndə isə altı düz, parçadan hazırlanmış ayaqqabılarını geyinirlər. O analar həmişə sağlam, gümrah olurlar, həkimə-zada da getmərlər, bir dəfə doğular, bir dəfə də ölərlər. O analar 8 Martın ayın neçəsinə düşdüyünü bilməzlər. Küsmək nədir, naz nədir, xəbərləri yoxdur. Dodaq büzməyə isə gecələr göydə günəş görüblərmiş kimi məəttəl qalarlar.

Ən əsası isə mən 8 Martın ayın neçəsinə düşüyünü bilməyən o analara və onların övladlarına çox inanıram. Bilirəm ki, sabah müharibə olsa, torpaqlarımızı sona kimi o anaların oğulları qoruyacaq. O oğullar mərd olurlar, qorxmurlar, çünki içlərindəki bütövlük, kişilik anadangəlmədir. Azərbaycanın ərazi bütövlüyü, sərhədləri, müstəqilliyi məhz Urza, Məruza, Xənsənəm, Hamayıl, Bilqeyis, Xatun kimi anaların doğduğu oğulların çiynində dayanıb və dayanır. Nə qədər şəhid tanıyıram, hamısının anası o analardandır. Mən hələ bir şəhid anasını bu obrazdan kənarda görməmişəm.

Mənim təsəvvürümdə başqa bir ana obrazı da var, onlar isə il uzunu sosial şəbəkələrdə dodağını büzüb şəkil çəkdirən, silikon dodaqlı, linza gözlü, mini ətəkli müasir qızlarımızdır. Hələ yeni nəsildirlər, tam yetişməyiblər. Mənə elə gəlir, yetişməyəcəklər də. Adları nə olsa yaxşıdır? Ayka, Nurka, Günka, Vüska... Onlara baxıb fikirləşirəm ki, İlahi, bunlar da ana olacaq, bunlar da uşaq doğacaq, əsgər yola salacaqlar? Ümumiyyətlə, bu qızlar laylay deyə bilirmi? O qızların içindəki əxlaq, mənəviyyat vətən üçün, torpaq üçün oğul böyüdə bilərmi? Teksun yağı ilə böyümüş Aykaların, Nurkaların, Günkaların balası bu vətəni, bu torpağı, bu yurdu öz çiyinlərində daşıya biləcəklərmi?

Təbii, ata, eşşəyə ancaq şəkil çəkdirmək üçün baxan Nurkalar, Aykalar, Günkalar da bu vətənin övladlarıdır, o heyvanlarla kilometlərlə yol qət eləyib su gətirən, hamilə-hamilə odun daşıyan Məruzalar, Uruzalar, Xatunlar da. Təsirlisi isə budur ki, Nurkalar, Aykalar elə bilir ki, dağlar ətəyində selfi eləmək üçün yaranıb, Məruzalar, Urzalar isə orda qoyun otarırlar, mal-qara saxlayır, o dağ ucalığını öz içlərində yaşadırlar. Və ən dəhşətlisi və dözülməzi də budur ki, mən bilirəm, Nurkaların, Aykaların uşaqlarından bu vətənə oğul olmayacaq, ancaq tale elə gətirəcək ki, Məruzaların, Urzaların balaları Qarabağ uğrunda sona kimi vuruşacaq, canlarını qurban verəcəklər, Aykaların, Nurkaların, Günkaların gədələri isə Şuşada, Xankəndində villalar ucaldacaqlar, Cıdır düzündə atla, eşşəklə, toyuq-cücə ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşacaqlar.

Tarix
2018.01.04 / 09:13
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla