Yuxarı

Elə bil quyuya düşdüm...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinif yoldaşım Nazim olduqca zirək və mərd oğlan idi, heç vaxt dediyindən dönməzdi. Sinifdə onun qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da Nazimin üstünlüyü vardı; onun qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. Bu qabiliyyətinə görə Nazim çox tanınırdı, məktəblərarası futbol yarışında da onun hesabına çempion olduq.

Biz orta məktəbi bitirib ali məktəbə imtahan verəndə sinif yoldaşlarımızın əksəriyyəti qəbul oldu, amma Nazim oxumadı. Hələ bircə dəfə onun əlində bir kitab, ya çiynində çanta görməmişəm. Mən görməmişəmsə, deməli, heç kim görməyib. Yəni Nazimlə bu qədər yaxın olmuşuq. Dəfələrlə deyirdim ki, niyə universitetə hazırlaşmırsan? Xeyri olmadı. Axırda mən universitetə, Nazim isə əsgərliyə getdi.

Nazim Beyləqanda xidmət eləyirdi, əsgərliyin ilk aylarında telefonla danışırdıq, bir dəfə yanına da getmişdim. Həmin oğlan idi, heç dəyişməmişdi. Boynumu necə qucaqladısa, qollarının yeri çiynimdə hələ də sürünür.

Görən kimi məndən Leylanı soruşdu.

– Getdi?

– Hə, imkanlı bir oğlan aldı.

Nazim düz 10 il sevmişdi Leylanı. Amma qız onu istəmirdi. Axıra kimi də istəmədi. Nazim nə qədər məktublar yazdı, amma cavab gəlmədi. Düzdü, dostumun təsirli sözlər yazmaq qabiliyyəti yox idi, məktubların çoxunu mən düzüb-qoşurdum. Bir məktuba ürək şəkli çəkmişdim, bir ox da qoydum, guya ox ürəyi dəlib keçir. Qırmızı qələmlə qan damcıları göstərdim. Məktubun arasına bir-iki damcı ürək dərmanı – karvalol tökdüm. Bunların hamısı mənim fantaziyam idi...

Sən demə, Leyla məktubları heç oxumurmuş, oxusaydı, bəlkə təsir eləyərdi. Nə üçün oxumurdu, bilmirəm. Bircə onu bilirəm ki, bir-iki dəfə rəfiqələrinə deyib, ölsəm də Nazimi sevə bilmərəm.

– Niyə?

– Çünki o oğlan mənim tipim deyil.

Nazim sonda hər şeyi başa düşdü və yavaş-yavaş Leylanı unutdu. Dəqiq bilmirəm, bəlkə unutmamışdı, hələ də sevirdi. Bircə onu bilirəm ki, qarşılıqsız sevgilər çətin unuduur.

Beyləqan hərbi hissəsində soyuq Nazimin üzündəki ifadəni də dondurmuşdu, yoxsa hər şeyi üzündən oxumaq olardı ki, sevir, yoxsa sevmir...

– Xidmət necə gedir?

– Hərdən atəşkəs pozulur, cavab veririk, həm də bir-birimizi möhkəm qoruyuruq.

Nazimin sinəsi çox dərin idi, səngərə oxşayırdı, ayrılanda məni necə qucaqladısa, elə bil quyuya düşdüm.

– Özündən muğayat ol, beş-altı ayın qalıb... – Nazimə dedim.

Dostumun üz-gözündən öpüb əlini sıxdım, kürəyinə bir-iki əhsən yumruğu vurdum. Mənim yumruğum da nə yumruq, elə bil, kürəyində milçək vızıldadı.

Zarafatımdan da qalmadım:

– Sən getmisən, Bakı yetim qalıb.

Nazimin yanından qayıdandan cəmi beş-altı gün sonra arxamca qara bir xəbər gəldi. Dedilər, onu vurublar. Düz səhərə qədər it kimi uladım. Anası Səlimə xala oğlunun tabutunun qarşısında qəflətən qol götürüb oynadı.

Düzdü, adamlar ananın oynamağına ayrı bir don geyindirdilər. Guya Səlimə xala ona görə qol açıb oynayır ki, oğlu subay ölüb. Mən bu fikirlə razı deyildim. Səlimə xala nə elədiyini bilmirdi və inanın ki, bu daha dəhşətlidir.

Sonralar Səlimə xala özü də mənim fikrimi təsdiqlədi:

– Hə, bala, neylədiyimi özüm də bilmirdim, tabutu görəndə ağlıma oynamaq gəldi...

Ölümünün səhəri günü qəzetlərdə xəbər oxudum ki, Nazim qəhrəmancasına şəhid olub. Yaxın bir əsgər dostunun nişan alındığını görən Nazim durduğu yerdən sıçrayaraq özünü güllənin qabağına atıb. Güllə düz ürəyindən dəyib.

Nazim əsl qapıçı idi, sonuncu topu isə sinəsi ilə saxladı, qoymadı durduğu qapıdan vətənə güllə keçsin...

Tarix
2018.01.17 / 14:43
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla