Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Prezident dərsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının bizə dedikləri və açıq demədikləri haqda

Bazar günü Prezident İlham Əliyev şəhər kənarındakı iqamətgahında bizimlə görüşdü. Ölkənin əksər aparıcı KİV rəhbərləri dəvət olunmuşdu. Şənbə günü axşam bu barədə mənə də məlumat verildi və dəvət olundum. Düzdür, Prezidentə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimiydi. Əslində isə dövlət başçısı media rəhbərləri ilə görüşüb bəzi mesajlar vermək ehtiyacı hiss etmişdi. Bizim də Prezidentə deməli sözlərimiz vardı. Bizdən asılı olmayan səbəbdən deyəcəklərimizin hamısını deyə bilmədik; tənqidçi media adından çıxışı Rauf Arifoğlu etməliydi və etdi də. Yayımda yaranmış problemləri ətraflı şəkildə izah edə bildi. Ancaq təəssüf ki, həbsdə olan jurnalistlərlə, qəzetlərə qarşı məhkəmələrlə, medianın informasiya əldə etməsindəki çətinliklərlə, reklam bazarı ilə bağlı problemləri demək mümkün olmadı.

Bir çoxları bu görüşü tənqid etsə də, düşünürəm ki, faydalı təmaslar idi. Çünki media və bu sektorda çalışanlar daim basqı altındadırlar. İndiki məqam da tənqidçi medianın ən ağır durumda olduğu dönəmlərdən biridir. Prezidentlə görüş bu basqıları müəyyən qədər və müəyyən müddətə də olsa, xəfiflədir. Bu, məsələnin bir tərəfidir. İkinci cəhət odur ki, media ilə dövlətin zirvəsi arasında dialoq imkanı yaranır. Prezident də bu görüşü faydalı saydı. "Deyə bilmərəm ki, tez-tez görüşürük, amma görüşüb danışırıq" deməsi belə təmasların daha da artacağı ehtimalını və ümidini yaradır. İki onillikdir, müxalifət iqtidarla dialoq istəyir. Və zaman-zaman hakimiyyətin çox aşağı səvəyyələri ilə müxalifət liderlərinin görüşü olub. Adını dialoq qoyub söhbətləşiblər. Amma Prezident səviyyəsində dialoq hələ ki, yalnız media rəhbərlərinə nəsib olur. Ona görə də redaktorların Prezident İlham Əliyevlə görüşünə irad tutanlar Əli Həsənovla və Əli Əhmədovla görüşlərini xatırlasınlar. Biz siyasətçi deyilik, hakimiyyət davası aparmırıq. Jurnalistik və hər bir jurnalistin də ən böyük arzusu ölkəsinin rəhbəri, başqa dövlət adamları ilə şəxsən görüşüb informasiya almaq, öz düşüncələrini bölüşmək imkanı qazanmaqdır. Biz də bu görüşdən çox faydalı məlumatlar aldıq. O məlumatların bir hissəsini həmkarlarım artıq cəmiyyətlə bölüşüb. Mən də bəzi məlumatlarımı, təəssüratlarımı və qənaətlərimi bölüşmək istəyirəm.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək. Bu sammit Azərbaycan, eləcə də, Ukrayna, Gürcüstan, Ermənistan, Belorus və Moldova üçün yeni geosiyasi qərarlar vermək məqamıdır. Azərbaycan üçün bu ölkələrdən hər birinin mövqeyi mühüm məna kəsb edir. Bu sammitin bəyannamə layihəsi artıq açıqlanıb və təfərdaş ölkələrdən bəzilərinə Avropa perspektivli ölkə statusu vəd olunur. Bunlardan biri də Azərbaycandır. Veriləcək qərarlar üç hissədən ibarətdir: Assosiasiya Sazişi (AS), Dərin və Hərtərəfli Azad Ticarət Zonası Paktı (DHATP) və Viza Sazişi. Buna alternativ olaraq Rusiya Avrasiya İttifaqı və Avrasiya Vahid İqtisadi Məkanı, Gömrük İttifaqı təklif edib. Rusiya ilə siyasi ittifaqın ilkin bazası var – MDB. Eləcə də, bu altı dövlətin hər biri ilə vizasız gediş-gəliş rejimi də var. Ona görə Moskva MDB üzvü olan 5 dövlətin, eləcə də, Saakaşvilidən sonra quruma qaytarmaq istədiyi Gürcüstanın Avropa İttifaqına siyasi, iqtisadi və humanitar inteqrasiyasının qarşısını almaq üçün bütün mümkün olan və olmayan təsir rıçaqlarını işə salıb.

Azərbaycanın qərar verməsini çətinləşdirən məqamlardan biri Ermənistanın Gömrük İttifaqına qoşulması və Ukraynanın da Avropa İttifaqı ilə AS və DHATP imzalamağa yaxın olması di. Azərbaycan Prezdenti seçildikdən sonra ilk səfərini Türkiyəyə, sonra isə Ukraynaya etdi. İki əsas strateji müttəfiqinin mövqeyi onun üçün önəm daşıyırdı. Azərbaycan hakimiyyəti nə Avropa ilə siyasi və ticarət sazişlərinə, nə də Rusiyanın Gömrük İttifaqına daxil olmaq istəyir. Bunu ölkənin müstəqil siyasət kursunun sonu kimi dəyərləndirir. Bu baxımdan, Türkiyənin dəstəyinə və Ukraynanın geosiyasi seçiminə çox önəm verir. Onu da deyim ki, Şərq Tərəfdaşlığı Sammitinin bəyannamə layihəsində dondurulmuş münaqişələrlə bağlı Azərbaycanı qane edə biləcək heç nə yazılmayıb. Üstəlik də Rusiyanın danışıqlarda vasitəçi missiyasını faktik olaraq dondurması, münaqişə yenidən alovlanarsa, Ermənistanın yanında yer alacağını aşkar deməsi, eləcə də, Ermənistanla hava hücumundan vahid müdafiə sistemi haqda qərar, Putinin böyük heyətlə Ermənistana səfərinin hazırlanması, bu ərəfədə Ermənistandakı rus hərbi bazasına əlavə 3 min hərbi qulluqçu göndərməsi Azərbaycanı çox narahat edir.

Ona görə də ABŞ-ın patronajlığı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə də durumu zondaj etmək cəhdi kimi baxıldı – Azərbaycan bilmək istədi ki, Avrointeqrasiyanın xeyrinə qərar verəcəyi təqdirdə onu münaqişə bölgəsində hansı perspektiv gözləyir – sülh, müharibə və ya indiki kimi nə sülh, nə müharibə variantı. İndiki şərtlərlə sülh Azərbaycanın xeyrinə deyil, müharibə variantında Rusiya və dolayısı ilə İran Ermənistana dəstək verəcək, Qərb də müharibə istəmir. Ona görə bu dönəmdə nə sülh, nə müharibə vəziyyətinin davam etməsində maraqlıdır. Bu ərəfədə Azərbaycanın 5 rayonunun qaytarılması qarşılığında Türkiyə Ermənistanla sərhədi açmaq təklifini gündəmə qaytardı (Ermənistan Vyana görüşündə bəlkə mövqeyini yumşalda deyə). Ancaq rəsmi İrəvan birmənalı olaraq Rusiyanı seçdi. Ukrayna isə öz mövqeyni qəflətən dəyişib Avrointeqrasiya yolunun ortasında dayandı və Gömrük İttifaqı ilə bağlı Rusiya ilə danışıqlara qərar verdi. Bu, Azərbaycanın mövqeyinə yaxındır. Çünki Azərbaycan Aİ ilə yalnız viza sadələşdirməsinə razıdır ki, bunun analoqu olan sənədi Türkiyə ilə imzaladı. Demək istədi ki, ən yaxın demokratik müttəfiqim olan Türkiyədən yalnız iş adamlarının və ictimai xadimlərin viza almaq sorunu ortadan götürülürsə, daha uzaq müttəfiqlərə bu məsələdə daha liberal rejim təklif edə bilməz.

Bu arada İranla yaranan sərhəd-keçid gərginliyinin də səbəbi bu idi – Tehran belə bir sazişin Türkiyə ilə imzalanacağını əvvəlcədən bildi və Culfada sərhəddə provokasiya törədərək iki sərhəd-keçid məntəqəsini bağladı. Türkiyə ilə Azərbaycan arasında vizanın tam ləğvinə imkan verməmək üçün rəsmi Bakını Naxçıvanın blokadası ilə təhdid etdi. Çünki İran da Azərbaycandan onun vətəndaşlarına münasibətdə vizanın götürülməsini uzun müddətdir ki, tələb edir. Azərbaycan isə manevr edərək Ankara ilə sadəcə vizanı yumşaltdı və bundan sonra İran sərhədi açdı. Amma gərginlik hələ də qalır; İran özünə qarşı da bu addımı gözlədiyini göstərir və təzyiqi yumşaq formada sürdürür. Rusiya da xüsusilə, Ukraynanın, eləcə də, Azərbaycanın və Gürcüstanın Aİ ilə tərəfdaşlıqdan daha dərinə getməsindən narahatdır – Aİ qərbdən və cənubdan onun sərhədlərinə daha da yaxınlaşmış olur. Bu ölkələr və ya onlardan ən önəmliləri Avropanın azad ticarət təklifinə razılıq verərsə, bu da Rusiyanın geoiqtisadi maraqlarına təhdid kimi dəyərləndirilir.

Odur ki, Ukraynadan və Avstriyadan dönən Azərbaycan prezidenti Bakıda Belorus prezidentini qəbul etdi. Lukaşenko əslində daha çox Putinin Bakıya verdiyi sualların cavabı üçün gəlmişdi. Türkiyə Prezidenti Abdullah Gül hazırda Rusiyanın amansız təzyiqləri qarşısında qalan İlham Əliyevə "Dövlət Nişanı" verməklə ona ən yüksək dəstəyini ifadə etdi, arxasında duracağını sərgilədi. Ukrayna və Azərbaycan prezidentləri isə dövlətlərinin ali mükafatlarını bir-birinə verdilər – diplomatiya dilindən çevirəndə bu: "Biz eyni mövqedəyik, bir-birimizi müdafiə edəcəyik" deməkdir.

Bu məqamda Azərbaycanda Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı verildi və o, ölkəsinin ictimai rəyini idarə edən Azərbaycan mediası rəhbərləri ilə görüşərək cəmiyyətinin başqa kəsimlərinə də səsləndi. Məlum məsələdir ki, Avrointeqrasiyanı strateji kurs kimi seçmiş Azərbaycana ən sərt və ən davamlı təzyiq Rusiyadan gəlir. Əgər Avropa Azərbaycanın daxilindəki satellitləri vasitəsilə ictimai təzyiq edirsə, Rusiyada azərbaycanlılara qarşı sözün gerçək anlamında müharibə aparılır. Orxan Zeynalovun o cür həbsi və daxili işlər nazirinin qarşısına əl-qolu bağlı əsir kimi gətirilməsi bu müharibənin elan edilməsi idi. Bu mənada Prezidentin və bütövlükdə dövlətin Azərbaycan mediasının dəstəyinə önəm verməsi aydındır. O, müxtəlif siyasi baxışların, ölkənin inkişafına dair fərqli fikirlərin olmasına rəğmən, hamının ümummilli məsələlərdə bir mövqedən çıxış etməsini istədi. Media rəhbərləri vasitəsilə bu istəyini müxalifətə də, başqa kəsimlərə də ünvanladı.

İlham Əliyevin dediklərindən gəldiyim qənaətlər budur: Azərbaycan mediası xarici KİV-də çıxan və "Azərbaycana qarşı qara piar" olan tənqidi materialları daxili auditoriyaya çatdırmasın. Özü tənqid edə bilirsə, tənqid etsin. Eyni zamanda Azərbaycan jurnalistləri ölkənin idarəçiliyi, ölkədəki durum haqda tənqidi yazılarla xarici mətbuata çıxmasın, əksinə xarici mətbuatın yazdıqlarına cavab verməyə çalışsın. Müxalifət və hüquq müdafiəçiləri ölkədəki problemləri başqa dövlətlərin hakimiyyətləri ilə deyil, Azərbaycan hakimiyyəti ilə müzakirə etsin. Yəni Prezident səviyyəsində belə, ola biləcək dialoq təklif edilir. Bu şərtlə ki Azərbaycanın mediası və ictimai-siyasi qüvvələri xarici dairələrə apelyasiya etməsin. Bir sözlə, İlham Əliyev xarici dövlətlərin Azərbaycan müxalifətini və mediasını Azərbaycanın özünə qarşı silaha çevirməklə, istədiyi vaxt cəmiyyəti qarışdırmasına qarşıdır və bu yöndə hər kəsi həm təhlükədən xəbərdar etdi, həm də noyabrın sonunda Avropaya, dekabrın ortasında Rusiyaya veriləcək cavablardan sonra yaranacaq çətin durumda – hər iki cinahdan olası ağır pressinq zamanı bütün cəmiyyətin öz dövlətinə birmənalı dəstək olmasını istəmiş oldu.

Bu görüşə dair kimin hansı fikirdə olmasından asılı olmayaraq, ölkənin birinci şəxsinin ümummilli məsələ haqda siyasi qərar verməzdən əvvəl öz mediası ilə, cəmiyyəti ilə məsləhətləşməsi və dəstək istəməsi yeni, müsbət, maraqlı və hamı üçün faydalı addımdır. Qocaman jurnalist, Azərbaycan mediasının patriarxı və canlı əfsanəsi, professor Şirməmməd Hüseynov bu görüşü və İlham Əliyevin mesajlarını "Prezident dərsi" adlandırdı. Bu ifadə ilə razılaşıb-razılaşmamaqda hər kəs azaddır.

Bahəddin Həziyev, "Bizim Yol" qəzetinin baş redaktoru

"Bizim Yol" qəzeti

Tarix
2013.11.25 / 22:31
Müəllif
Bahəddin Həziyev
Şərhlər
loading...
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla