Yuxarı

Mən araq içim, sən namazını qıl...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim cəmiyyət düşüncə baxımından müxtəlif hissələrə parçalanıb. Bu da təbiidir. Hamının eyni şəkildə düşünməsi anormallıq olar. Amma pis odur ki, bu parçalanan qruplar təxminən, qəbilə icmasını xatırladır. Hərə bir qəbilədə özünə düşüncə hakimiyyəti qurub, yuxarıdan da öz bayrağını asıb, konstitusiyasını qəbul eləyib və orda ancaq öz qanunları işləyir. Parlamentləri də var, Nazirlər Kaibinetləri də, İcra hakimiyyətləri də... Ağzın nədi çəkilən cızıqdan kənara çıxasan, o qəbilənin qanunlarını pozasan?

Hər qəbilənin öz şairləri, öz yazıçılar var, öz bəstəkarları, alimləri, öz qəhrəmanları, düşüncə adamları var. Tutaq ki, qəbilə üzvləri dindardırlar və deyirlər ki, dinini tanımayan adama bizim aramızda yer yoxdur. Qayıdırsan ki, qardaş, sən namazını qıl, mən də arağımı içim. Axı mən sənə namaz qıldığına görə bir söz demədiyim kimi, sən də mənə içki içdiyimə görə irad bildirməli deyilsən.

Razılaşmırlar.

Sonra özün fikirləşirsən ki, doğrudan da, mənim bunların arasında nə işim var?

Başqa bir qəbiləyə üz tutursan, baxırsan ki, orda da ateistlər öz düşüncə hakimiyyətlərini yaradıb. Yenə öz qəhrəmanları var; ideoloqları, şairləri, yazıçıları, ziyalıları və s. Ağzın nədir onlar arasına burnunu soxasan? Adamı parçalayarlar. Deyirlər, Allah yoxdur. Qayıdırsan ki, mənə elə gəlir ki, var. O saat hücuma məruz qalırsan və qəfil anlayırsan ki, sənin bunların da arasında yerin yoxdur. Bəs hara gedəsən, harda yaşayasan?

Bizdə qəbilələr var ki, bəşəri dəyərlərlə yaşayır, başqa bir dəstə isə onların dəyərlərinə gülür, öz milli hisslərini təbliğ eləyir. Sənin bəşəri dəyərlərlə yaşayanlarla da razılaşmadığın məqamlar olur, milli hisslərlə yaşayanların isə çoxu ilə düz gəlmirsən. Ona görə də bəri başdan, mübahisə etmədən cer-cehizini yığıb bunların da yanından baş alıb gedirsən. Axı gözün qırılıb.

Təbii, yenə deyirəm, bu qəbilələri düşüncə azadlığı kimi qəbul eləmək olar, burada qeyri-adi heç nə yoxdur. Amma bir qəbilə digər qəbilənin düşüncə azadlığını tanıyırmı, hörmət edirmi, tolerant yanaşırmı? Əlbəttə, qəbul eləmir, hörmət eləmir, tolerant da yanaşmır. Cəhənnəmə hörmət eləsin, cəhənnəmə tanısın, heç olmasa, əl-qol atmasın. Burdan da çıxıb gedirsən...

Hakimiyyətin hər hansı bir addımını doğru hesab edirsən, o saat yaltaq hesab olunursan, bir müxalifət nümayəndəsinin fikri ilə razılaşanda isə əks tərəfin gözündən düşürsən. Yenə nə edəsən, hara gedəsən? Siyasətə qarışmamaq da mümkün deyil. Kim deyirsə ki, siyasətə qarışmıram, bu o deməkdir ki, o adam ümumiyyətlə, həyata qarışmır. Heyvanların da arasında siyasət var. Təmsillərimizdə belə nümunələrlə rastlaşmaq mümkündür.

Vəziyyət doğrudan da çox təhlükəlidir. Bir yazı yaza bilərsən, bir ifadə işlədə bilərsən, durduğun yerdə üstünə şər atarlar ki, sənin damarlarından erməni qanı axır. Bircə dəqiqənin içində türk millətinin düşməni elan olunarsan. Deyərlər ki, o adam öz xalqına nifrət eləyir, atasını da tanımır və s. Bütün bu total hücumları görəndə isə istər-istəməz fikirləşirsən, nə yaxşı ölkəmizdə ciddi nizam-intizam var, dar ayaqda köməyə çağırmağa polislərimiz var. Nə yaxşı ki, heç olmasa, kasıbla kasıb arasında qanunlar işləyir. Yoxsa, vallah, kasıblar bir-birinin dərisini soyar, ətini yeyər, qanını da içər. Adını da qoyar ki, qanı erməni qanıdır. Qardaş, erməni qanı belə dadlıdırsa, niyə gedib Qarabağda qatqısız, təbii qan içmirsən? Mənim qanım ki, təbii deyil.

Fikir azadlığının olmadığı yerdə heç bir şey olmur, nə ədəbiyyat yaranır, nə mədəniyyət formalaşır... Təsəvvür edin, bir kitab arası açırsan, bir ədib oxuyursan, səndə fikirlər yaranır, bunları isə dilə gətirə bilmirsən. Özü də hakimiyyət nümayəndələrindən qorxub nəyisə dilə gətirməmək elə-belə şeydir, bunu anlamaq, başa düşmək, hətta həzm eləmək də olur. Çünki hədəf özünsən! Amma kütlənin hücumunda hədəf təkcə özün olmursan, atan da, anan da, bacın, qardaşın, oğlun, qızın, arvadın da hədəf olur...

Və sonda fikirləşirsən ki, ən yaxşısı səhrada yaşamaqdır. Məcnun kimi heyvanlarla dost olmaq necə də gözəldir. Amma bilirsən ki, bir müddət sonra darıxmağa başlayacaqsan. Çünki insansan, hisslərin, duyğu və düşüncələrin diridir, ölməyib. Təzədən insanların arasına qayıdacaqsan və görəcəksən ki, qəbilələr bir-birini qırmaqla, çapıb-talamaqla, söyməklə məşğuldur.

Təzədən cəmiyyətdə istinad nöqtəsi axtaracaqsan, yenə tapa bilməyəcəksən...

Tarix
2018.01.23 / 22:09
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla