Yuxarı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsəvvür edin, hündür mərtəbəli bir binadır, qabağında bir çayxana var, 200-250 adam yığışıb nərd oynayır, domino çırpır. Birdən sənə qeybdən səs gəlir ki, bu bina beş dəqiqədən sonra uçacaq, həyətdəki adamlar isə uçqunun altında qalacaq, məhv olacaqlar. Tez qaranəfəs gəlirsən, deyirsən ki, ay camaat, dağılışın, kölgəsində oturduğunuz bu bina beş dəqiqədən sonra dağılacaq, hamınız daşın-qayanın altında qalacaqsınız. Hətta yalvarırsan ki, durun, tez olun, durun!

Adamlar mat-mat sənin üzünə baxır, deyir ki, alə, uç başımızdan, xəstənin bir xəstə, biz sənin üçün uşaq-zadıq? Avaraya bax, bu boyda kişilərlə oyun oynayır.

Sən onların inandıqları dildə and içirsən, deyirsən ki, imam haqqı, Allah haqqı, ölənlərimizin goru haqqı, bu bina bir azdan uçub dağılacaq, durun dağılışın.

Yenə xeyri olmur. O yandan ağırtaxta bir kişi ağır-ağır üstünə gəlir, yaxınlaşıb sənə deyir ki, bala, mən sənin üç yaşın qədər ömür yaşamışam, sən bizimlə oyun oynayırsan? Deyirsən ki, ağsaqqal, nə qədər yaşamısan, bilmirəm, bundan sonra nə qədər yaşayacaqsan, onu da bilmirəm, amma canımçün, bu bina uçacaq, mən sizə görə deyirəm.

Xeyri olmur.

O biri yandan saqqallı bir cavan oğlan əlində təsbeh oynada-oynada gəlib deyir ki, qaqaş, bu nə hoqqadır çıxarırsan? Burda mənim ağsaqqallarım oturub.

Bu cavanın üzünə baxırsan, görürsən ki, onda ağıldan başqa hər şey var. Boy-buxun, yaraşıq, əyin-baş, əzələ... Deyirsən ki, qardaş, vallah, düz deyirəm, bina uçacaq. Qayıdır ki, alə, mən haçandan sənin qardaşın oldum?

Ürəyin partlayır. Hirsindən başını divara vurmaq istəyirsən. Vaxt isə ildırım sürəti ilə gedir, bilirsən ki, bina artıq uçmaq üzrədir. Sənin isə bu qədər boş-bekar, günahsız, saf və ağılsız insanlara yazığın gəlir.

Bir tərəfdən də fikirləşirsən ki, nə olsun ağılları yoxdur. Bunlar da insandır, hissləri, duyğuları var, ürəkləri var, arvad-uşaqları var, yaşamaq haqları var. Bu qədər insan bir dəqiqənin içində məhv olsa, ölkəmizdə matəm olacaq, onların ailələrində nələr-nələr olacaq. İlahi, bəs mən bunları necə xilas eləyim, onlara kömək əlimi necə uzadım? Bu qədər insan gözümün qabağında ölsünlərmi? Buna necə razı ola bilərəm? Bəs mən nə edim ki, onlar dağılışsınlar? Mən nə edim ki, onları inandırım? Bəs mən nə edim ki, dediyimin həqiqət olduğunu onlara sübut edim.

Beləcə, başını ovcunun içinə alırsan: “Mən ki ağıllıyam, mən ki düşünə bilirəm, mən ki ən çətin anlarda belə çıxış yolu tapmağı bacarıram. Deməli, bunları xilas etməyin də yolunu düşünməliyəm!”

Çarəsiz bir vəziyyətdə yüyürə-yüyürə binadan gücün çatdıqca uzalaşırsan, uzaqlaşırsan, birdən dayanıb qışqıra-qışqıra binanın qabağında oturan adamların hamısına ən ağır söyüşlər yağdırırsan. Deyirsən ki, sizi əkən belə, sizi doğan belə... Bir də görürürsən ki, hamısı ayağa qalxıb iti addımlarla sənin üstünə gəlir, səndən üç dəfə çox yaşayan kişi isə hamıdan qabaqda gəlir, əlində təsbeh oynadan qaqaş cibindəki bıçağı hazır tutub. Biri əlinə lom alıb, biri balta götürüb, biri oturduğu stulu başına alıb gəlir. Hamı nərdini də, dominosunu da yarımçıq qoyub gəlir ki, səni öldürsünlər, gəlir ki, səndən intiqam alsınlar. Sən isə yerindəcə dayanmısın, baxırsan, Allaha şükür edirsən, sevinirsən ki, İlahi, nə yaxşı onları oturduqları yerdən tərpədə bildim, İlahi, nə yaxşı onları xilas eləyə bildim, İlahi, mənə verdiyin ağıla görə sənə təşəkkür edirəm, minnətdaram. Qoy gəlib məni öldürsünlər, qoy gəlib onlar da məni söysünlər. Onsuz da peşman olacaqlar. İlahi, sənə qurban olum!

Bəli, insanları xilas etmək üçün lazım gələrsə, onları ən ağır sözlərlə təhqir eləmək lazımdır. Qoy oyansınlar, qoy gözləri açılsın. Əvvəl-axır səni anlayacaqlar, başa düşəcəklər. Ey, əlində təsbeh oynadan qaqaş, gördünmü mən səni niyə söydüm? Ey, məndən üç dəfə çox yaşayan ağsaqqal, gördünmü mənasız, şüursuz, ağılsın bir ömür sürmüsən? Ey, başı nərdə, dominoya qarışanlar, gördünüzümü mən sizi söyməkdə nə qədər haqlıyam, nə qədər düz eləmişəm? Mən sizi təhqir etməsəydim, o binanın qabağından qalxmayacaqdınız. Hamınız daşın, betonun, dəmirin altında qalacaqdınız, öləcəkdiniz... Gördünüzmü bina necə uçdu, necə dağıldı. Gördünüzmü? Heç mənə çata da bilmədiniz, yarı yolda dayanıb geriyə baxdınız ki, kölgəsində avaralandığınız bina yerlə-yeksan olub.

Axı sizə deyirdim, mənə niyə inanmırdınız?

Tarix
2018.02.20 / 13:40
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

Türkiyəli qız Azərbaycana gəlir, meşədə... – Pərvizin çəkdiyi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla