Yuxarı

Mövlud Mövludun qatili odur...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dostları “Gündəlik Teleqraf”ın ofisində Mövlud Mövludu andı... Xeyli qəribə səslənir – Mövludu anmaq. Fikirləşirsən ki, bu adam elə cəmi bir anlıq yaşamışdı, axı...

Anım tədbirini holdinqin rəhbəri Aynur Camalqızı təşkil etmişdi. Bəzi dostlar martın 16-sı Mövludun qərbini ziyarət etmək üçün Qazaxa gedəcəkdi, ona görə də mərasim 15-də keçirildi.

Mövludun qəbrini ziyarət etmək... Xeyli qəribə səslənir.

Anım tədbiri gözlədiyim bir sükutla başladı. Bəlkə də yeganə anım tədbiri idi ki, iştirakçılar elan olunmamış 1 dəqiqəlik sükutda dayandılar.

Sükutdan sonra Mövludun ən yaxın dostlarından olan şair Murad Köhnəqala onunla bağlı maraqlı, gülməli xatirələrini danışdı. Amma bir xatirəsi xüsusilə qəribə idi:

“Onunla son görüşlərin birindən qayıdanda küçədə qəfildən çinarın bir dənə iri və gözəl bir yarpağı qarşıma düşdü. Yarpaq üzüaşağı düşəndə az qalmışdı burnuma dəyə. Səkidə o yarpaqdan başqa yarpaq yox idi. Nədənsə, bu mənzərə məni çox duyğulandırdı. Ürəyimin dərinliyində düşündüm ki, yəqin, ömrümün payızıdır. Ancaq Mövlud özünü binadan atanda fikirləşdim ki, təbiət həmin çinar yarpağının ağacdan düşməsi ilə mənə Mövludun ölümünü mesaj vermək istəyirmiş”.

Elə bu an Aynur xanım da deyir ki, mən Mövludu həmişə çinar ağacına bənzədirdim.

Yazıçı Pərviz Cəbrayıl əlavə edir ki, Mövludun yaşı az olsa da, ədəbi mühitdəki, həyatdakı yaşantıları ilə elə çinar kimi qədim idi:

“Mövlud yeniyetmə vaxtlarından qocaman şairlərin, yazıçıların əhatəsində olub. Onun çox qəribə ünsiyyət qurmaq bacarığı var idi. Gəncindən tutmuş, qocamanına qədər hamı ilə səmimi, mehriban münasibəti var idi.

Mövlud sözə çox bağlı idi. Mənə elə gəlir ki, Mövludun qatili elə Söz oldu”.

Mövludla uzun müddət bir otaqda işləyən şair Dilqəm Əhməd onun peşəkar və işinə qarşı çox məsuliyyətli olduğunu deyir.

Qurban Yaquboğlu, Anar Niftəliyev, Faiq Balabəyli... də Mövludla bağlı xatirələrini bölüşdü – onların Mövludla bağlı yazıları bu gün dərc olunub, fikirlərini ordan ala bilərsiniz, burda vaxtınızı almayım.

Bircə Mövludun yaxın dostu Kəramət Böyükçöl danışmırdı. Çünki Kəramət Mövludun ölümündən bu günə qədər demək olar ki, susmamışdı. Tez-tez onunla bağlı danışır, tez-tez onunla bağlı susurdu.

Təkidlərdən sonra Kəramət də danışmağa başladı. Dediyi bir cümlə Mövludun sevinc və kədəri necə eyni anda yaşaya bilməsini göstərirdi:

“Mövlud məni bir az sevincli görəndə deyirdi ki, Kərəm, düzünü de, səni xoşbəxt edən o kədərli şeyin adı nədir?”

Dəyirmi masanın baş tərəfində bir yer boş qalmışdı. Ora Mövludun şəkli qoyulmuşdu. Baxanda elə təəssürat yaranırdı ki, Mövlud da masa arxasında oturub. Elə Aynur Camalqızı da dedi ki, mən hazırda Mövludun bizim ətrafımızda olduğuna inanıram.

Onun anım tədbiri elə özü kimi yumor dolu keçdi. Amma bu gülümsəmələrin arasında qəfil bir boşluq adamı haqlayırdı.

Qəribə anım günü oldu: insanlar burada həm ağlayır, həm də gülürdü.

Mövlud bu dünyada QƏRİB idi, onunla bağlı hər şey də həmişə qəribə olur...

Tarix
2018.03.16 / 15:51
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla