Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Bizə əjdaha lazımdır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Bakı Beynəlxalq Kitab Sərgisinin son saatlarına çata bilmişdim. Hələ də "iş başında" bir neçə stend var idi. Təxminən alacağım kitabları bilirdim. Tapa bildiklərimi aldım. Gözümə "Metis" nəşriyyatının çap etdiyi "Beşpeşe" kitabı dəydi. Bənövşəyi çiçəklərlə bəzənmiş kitabın üz qabığı müşəmbəyə bənzər materialdandı. Belə material çətin ki cırılsın, ya da islansın! Bəlkə elə buna görə kitabın qiyməti başqalarından bir az yüksəkdi.

Şərikli kitab

Lakin kitabın diqqət çəkən tərəfi onun hansı materialdan hazırlanması deyil, müəllifidir. Daha doğrusu, müəllifləri. Bəli, nə az, nə çox, romanın beş müəllifi var. Endirim fürsətini də qaçırmayıb kitabı aldım. Elə həmin axşamdan oxumağa başladım. Layihənin rəhbəri və ideya müəllifi Bülent Ermendir. O öz sahəsində şöhrət tapmış beş yazıçıya müraciət edib. Şərtə görə, hər bir yazıçı öz üslubundan vaz keçmədən o birinin qaldığı yerdən davam etməli idi. Hər birinə iki ay vaxt verilmişdi.

Murathan Munqan

Romana başlayan Murathan Munqandır. Üslubun gözəlliyi, dilin təmizliyi, sürükləyici təhkiyəsi ilə oxucunu asanlıqla əsərə bağlayır. Munqan həm də özündən sonra yazacaq həmkarlarına irəliləyəcək izlər qoymalı idi. Bunları da edib – teatr təhsili alan gənc qız Zəhra, onun intihar etmiş anası, cinayət şübhəsi, atası və qeyri-adi nənəsi, müəlliminə olan ümidsiz məhəbbəti. Sonda isə yeni obraz Fıratın adını çəkib haqqında heç nə demədən ilk hissəni bitirir.

Faruk Ulay

Fıratı romana daxil etmək isə hekayələri ilə tanınan, Amerikada yaşayan Faruk Ulayın öhdəsinə düşüb. İkinci hissəyə başlayarkən oxucu ilıq sudan buzun içinə atılmış kimi bir hiss yaşayır. Murathan Munqandan fərqli olaraq, Faruk bəyin üslubu daha kəskindir. Türkcəsi təmiz deyil və həddən artıq marka adı çəkir. Mineral sudan tutmuş maşın markalarına qədər bir dəstə ad. Fəsil boyunca Zəhranın ancaq bir neçə saatı təsvir edilir.

Elif Şafak

Səhnəyə üçüncü çıxan yazar Elif Şafakdır. Xəfif depressiyalı qadın yazar tövrü ilə olayları toparlamağa çalışır. Düzünü desək, nağılvarı dili ilə səhifələri ard-arda çevirə bilir. Öz üslubuna sadiq qalaraq qəhrəmanı keçmişi, ata-anası ilə üzləşdirir. Şafak atasından küskün bir həyat keçirdiyindən Zəhranın atasına olan hisslərini çox inandırıcı cümlələrlə təsvir edib. Hər zaman etdiyi kimi şahanə bir qadın obrazı da yaradıb – Vedia xanım.

Cəlil Oker

Dördüncü yazar dedektiv kitabları ilə tanınan Cəlil Okerdir. Mənim ən çox sevdiyim və inandığım hissə bu oldu. Cəlil bəyin ilk işi Elif Şafakın yaratdığı Vedia xanımı bir kənara itələmək olub. Daha sonra da əvvəlki hissələrdə adı çəkilən, bir dedektiv yazarı olan Rıdvan obrazını yaratmağa başlayıb. Onun peşə qayğıları, yaradıcılıq prosesi, qorxuları, sevgisi, qısqanclığı və çarəsizliyi inandırıcı təsvir olunub. Romanda oxucuya büsbütün çatdırıla bilən yeganə obraz Rıdvandır. Bunda yazıçının şəxsi təcrübələri də əvəzsiz olub.

Pınar Kür

Romana nöqtə qoyan yazar isə Pınar Kürdür. Pınar xanım dəcəllik edib oyuncaqları otağa dağıdan uşaqlarına dərs vermək istəyən ana ədası ilə yazıb. Sanki bir an öncə bitirmək istəyib. Bu səbəbdən də oxucunun bəzi sualları cavablanmamış qalır.

Şou sənətçiləri

Yazarların hər birinin bacardığı bir şey var. Oxucunu gərginlikdə saxlamaq. Bu kitab hər kəsin öz alətində mükəmməl ifa etdiyi orkestrə bənzəyir. Kitabda da belə bir cümlə var: "Yazarlar da şou sənətçiləridir. Onların səhnəyə çıxmaması bu gerçəyi dəyişdirə bilməz". Hər biri özünü təsdiqləmiş yazıçılar öz adları ilə risk edib, həmkarlarına güvənib və bir anlıq da olsa eqonu kənara qoyub. Ancaq düşünmədən dura bilmirsən. Murathan Munqan tək başına romana davam etsəydi, ortalığa necə bir əsər çıxardı? Bu, heç vaxt cavabını bilməyəcəyimiz suallardan biridir.

Eyni layihə Azərbaycan ədəbiyyatında

Mənim kitabxanama əlavə olunan bu kitabın dördüncü nəşridir. Kitab bestseller olmayıb. Türkiyə ədəbiyyatı bu kitabla daha bir mərhələni keçib. "Beşpeşə" ədəbiyyatsevərlər, xüsusən roman həvəskarları, nəzəriyyəçilər və kolleksionerlər üçün mühüm bir parçadır.

İstər-istəməz "bizdə niyə yoxdu o əjdahadan?" sualı ağlıma gəlir. Bir-biri ilə rəqabət aparmağa çalışan nəşriyyatlardan biri yazarları başına toplayıb belə bir layihə həyata keçirə bilər. Bu, həm maraqla qarşılanar, həm də ədəbi çevrələrdə bir hərəkətə, müzakirəyə səbəb olardı. Ancaq sonra ayrı-ayrı yazarların qırğına çıxacağını düşünəndə ardıcıl olaraq ikinci sual da yarandı:

"Sənə əjdaha lazımdır?"

Tarix
2013.10.18 / 12:51
Müəllif
Arzu Məmmədova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının yeraltı qəhrəmanları

Qadının qulağı kəsilməyincə...

Səhər yeməyini tək yeməmək üçün evləndim - Yazıçılar

Məşhur Hollivud ulduzlarının övladları – Foto

Xəzər sahilinin piratları

Qanun naminə

“Fələk surəsi”ndən roman adına

"Möhtəşəm yüz yıl"dan daha möhtəşəm film

Onlar səhnəyə tualetdən çıxır - ODA...

Ərdoğanla generalın “çanta müharibəsi”

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla