Yuxarı

O, niyə Putinə qarşı savaşa cəlb edildi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının bahalı ərəb xalçaları ilə döşənmiş sütunlu salonlarında ATƏT-in demokratiya savaşı verdiyi günlərdə Amerikanı və dünyanı özünün dahi ixtirası ilə dəyişən Mark Zukerberq mənsub olduğu ölkənin parlamentarilərinin qurduğu tatami üzərində bilək yarışına çıxmışdı. Doğrusu, Suriya və Skripal davasına belə informasiya nəhənginin qoşulmadığına çoxları təəccüb edirdi. Hər halda Feysbuk və İnstaqram kimi alternativ qitə yaratmağı bacaran gənc macərapərəstlərin sorğu-sual ediləcəyini hamı gözləyirdi. İndi raket zərbələri və sanksiya yağışı altında qalan dünyanın növbəti qayğısı informasiya məkanında Markın da qoşulmağa məcbur qaldığı anti-Rusiya hücumlarıdır.

Amerika senatorları məhkəmə səlahiyyətlərini öz üzərlərinə götürərək, təhlükəsizlik və milli maraqlar adı altında Tomas Cefersonun, Corc Vaşinqtonun qoyub getdikləri mirası dəyişdirirlər. Culian Assancdan sonra növbəti qaçaq mücahid dünya insanlarının məlumat azadlığı uğrunda mübarizədə səfirlik və ev dustaqlığına atılsa, qətiyyən gözlənilməz olmayacaq.

Əlbəttə, Konqresdə əyləşən qoca deputatlar sıravi milyarderin ABŞ Müdafiə naziri Ceyms Mettisdən daha böyük hakimiyyətə, pula və nüfuza malik olduğunu yaxşı anlayırlar. Ona görə də Silikon vadisindəki ənənəvi məhkəmələrdən fərqli olaraq, daha yumşaq ton və ehtiramlı müraciət formaları seçilmişdi. Hər halda paralel hakimiyyət olan və əsil dövlətdən daha böyük kontingenti arxasınca aparan Mark Zukerberq bir vaxtlar Musa peyğmbərin dalınca gedən yəhudilərdən milyon dəfə çox saya, gücə və təsir imkanlarına malikdilər. Ona görə də konqresmenlər yeni imperiya sahibindən açıq-aşkar çəkinirdilər. Digər tərəfdən, Mayl Pompeo hələ dövlət katibi vəzifəsinə əyləşməyib, lakin Kəşfiyyat İdarəsinin sabiq şefinin əlindəki informasiyalardan daha güclü silahlar Feysbukda və onun satın aldığı İnstaqramda varsa, onunla hesablaşmaq (bütün mənalarda) hər bir publik şəxsin sadəcə borcudur. Adam NKVD sorğusuna gəlmədiyini yaxşı bilirdi. Müttəhim stulunda əyləşən şəxs hakimdən daha böyük səlahiyyətlərə və titullara malikdir. Hərdən elə mənzərə yaranırdı ki, sədarətdə hazır mətnləri oxuyan və müasir informasiya texnologiyalarının incəliyini bilməyən adamlar, məsələn, komitə sədri mister Qresley və ya madam Klobuçar bütün hökmran ədaları fonunda daxillərindəki qorxunu boğmağa çalışırdılar. Birdən elə vəziyyət yaranar ki, tamaşaya hazırlıqlı gələn Markın özü və komandası qarşılarındakı şəxsin konfidensial sirlərini açıb tökər və onları rüsvay edərdirlər. Məgər Feysbuk rəhbərindən hansı oteldə gecələdiyini soruşanlar özləri saray daxilində müqəddəs həvarilər kimi gəzib dolaşmırlar ki?

Onların yüzlərlə dolaşıq biznes əməliyyatı, yaxud gizli lobbiçilik fəaliyyəti haqda bəlgələr təkcə Federal Kəşfiyyat Bürosunun deyil, yeni informasiya giqantlarının da əlindədir. Yəqin, BMT-nin sabiq baş katibi Pan Gi Munu izlətmək üçün xanım Klintonun tapşırıqları nədən ibarət olduğunu unutmamısız. Dünyanın təhlükəsizliyi ilə məşğul olan adamı ayaq yolunda da izləyirdilər.

Belə total elektron casusluq fonunda Mark Zukerberq yaxşı anlayır ki, onun ərsəyə gətirdiyi nəhəng maşın Corc Oruelin vahid televizoru kimi ilahi nəzarəti həyata keçirərək hamını xofda saxlamaqla yanaşı, həm də güclü siyasi silahdır.

Doğrudur, o, heç bir hakimiyyət iddiası ortaya qoymayıb. Zatən ona “inhisarçı” adını qoysalar da, o, faktiki olaraq, istənilən iqtidarı seçə və ya onu taxt-tacdan aşıra bilər. Hər halda son seçkilər onun imkanlarını kiçik bir ada ölkəsində deyil, dünyaya hakimiyyətləri təyin edən mərkəzin özünə göstərdi.

Əlbəttə, Markı Donald Trampa görə cəzalandırmaq istəyənlər çoxdur. Onun Hilari Klintonun məğlubiyyətinə səbəb olan Rusiya botlarına, trol ordusuna və reklam xidmətlərini seçki mübarizəsinin həlledici mərhələsində xalqın əvəzindən Putinin maraqları alətinə çevirdiyinə görə çarmıxa çəkmək istəyənlər uzun müddətdir hazırkı hakimiyyətin ağır çəkili fiqurlarını qurban verməyə məcbur edirlər. Maykl Flinn onun ən paralq nümayəndəsidir. Feysbukda milli və irqi ayrı-seçkilik, nifrət təbliğatı və uşaqların məruz qaldığı psixoloji hücumlar gerçəkdən də dünyanın bir nömrəli problemidir. Ona görə kütləvi informasiya vasitələri kütləvi qırğın silahından önə keçib.

Lakin rusdilli seqmentə qarşı ABŞ siyasi elitasının planlarını gətirib Markın üzərinə qoymaq, onu Federal Kəşfiyyat və mərkəzi xəfiyyə orqanlarının bir vintinə çevirmək istəyi reallaşması qeyri-mümkün ssenaridir. Belə ki, günün birində amerikalılar elektron hökumət və süni intellekt idərəçiliyinə səs verib hamının təzimə məcbur edildiyi Ağ Ev hökumətini tanımaqdan imtina edə bilərlər.

Ona görə də Big dataların - təxminən 87 milyon istifadəçinin şəxsi sirlərinin hansısa “Cambridge Analytica” şirkətinin əlinə keçməsi Konqresdə məhkəmə qurmaq üçün yalnız bəhanə sayıla bilər. Məgər Vikiliks dünyada hansısa əlçatmaz sirr qoyub ki?

Bir ölkənin seçki kampaniyasında əsas namizədin hesabına Mərakeş şahzədəsi 22 milyon dollar cib xərcliyi köçürür və bu sıravi vətəndaşda heç bir sinir tərpənməsi yaratmırsa, çox unikal bir dövrə gəlib çatmışıq.

Dünyanın məxfi hücrələrdən idarə olunduğu dövr arxada qalıb. İndi müharibələr də, qətllər də, dünyaya gələn körpələr da canlı yayım-real zaman rejimində cəmiyyətlərə təqdim olunur.

Ona görə də Mark Zukerberqin Putin əleyhinə savaşa cəlb edilməsi çox ucuz layihədir. Onsuz da beyin işğalı istənilən ölkə vətəndaşını Feysbuk imperatorunun sərəncamına verib da.

Hamı keçmiş Bakı tramvaylarının qoşulduğu xətdən asılı qalıb. Dünya markların hökmranlğı altındadır.

Konqres yalnız keçmişə sərəncam verə bilər. Avraam Linkolnun ləğv etdiyi köləlik indi yeni texnologiyalarının təbəəliyi ilə əvəzlənib. Ona görə də Amerikada Stalinin senzura alətləri işləmir. Adamlar “virtual oksigen balonu”ndan ayrı yaşaya bilməzlər.

Böyük rezidentsiyaların kiçik planşetlərin içərisinə yerləşdiyi eraya xoş gəlmisiniz.

Tarix
2018.04.17 / 15:30
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla