Yuxarı

Ölü toyuqları broylerə, diriləri isə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın özünü tanıması prosesi çox sancılıdır. Bu o qədər dəhşətli, şok effekti yaradan haldır ki, intiharı düşünəcək qədər sarsılır insan. Bu əzabdan qurtulmaqçün insan daim qaçır özündən. Elə xoşbəxtlik anlayışı da məhz bu qaçışların həddən ziyadə məntiqi nəticəsidir.

İnsan özünü dərk etmədiyi müddətcə xoşbəxtdir. Əbəs yerə deməyiblər, dəlilər üçün hər gün bayramdır.

Əslində, mən toyuqlardan yazmaq istəyirdim, amma iş elə gətirdi ki, mövzuya girişim bir az fərqli oldu. O vaxtlar vəziyyət pis idi, iş tapmaqda çətinlik çəkirdim, son çarə olaraq bir toyuq fermasında “dəndaşıyan” işi tapdım.

Demək, iki toyuqluq qəfəslərə 5-6 toyuq salınmışdı. Bir toyuq gündə uzağı iki dəfə yumurtlaya bilirsə, xüsusi dərmanlar vasitəsiylə hər toyuqdan 3-4 yumurta əldə edilirdi. Toyuqlar da sabaha sağ çıxmırdı, təbii ki! Ölülər broylerlərə, dirilərsə yenidən iş başına.

Mənsə hər səhər dənlərini daşıyırdım və diqqətlə müşahidə edirdim toyuqları. Hərdən mənə elə gəlirdi ki, toyuqlar özlərini toyuq kimi aparmır, nə bilim, yerişlərindən, hərəkətlərindən belə hiss edirdim. Eləsi vardı özünü nazir kimi aparırdı, eləsi vardı kolxoz sədri kimi... Müğənnilik edən də olurdu. Bircə hər qəfəsə toyuqlar özlərini ağıllı aparsın deyə salınan xoruzlar başqalaşmırdı. Elə ən tez ölənlər də onlar olurdu, yazıqlar hardan bilsin ki, kütlə içində özün oldunsa, axırındır.

Bu yaxınlarda saçımı düzəltməkçün bərbərxanaya getmişdim. İlahi, bu qədər də siyasi söhbətlər olar bir məkanda?! Heç Milli Məclisdə bu qədər siyasi müzakirələr olmur, vallah. Usta bir yandan saçımı qayçılayır, bir yandan da sağında, solunda işləyən həmkarlarıyla dünyanın taleyini həll edir. Sağımdakı bərbər Ermənistanda baş verən hadisələri analiz edir. Solumdaki İsrailin İranın anasını ağladacağından danışır. Elə içlərində ən çoxbilmişi mənim başımı qurdalayandır, Amerikanın 50 il sonrakı planlarını ifşa edir, özü də fikir yürütmür e, birbaşa iddia edir, ölkə siyasətini də diqqətə çatdırıb hazırladığı layihələrdən danışır. Arada mənim də fikrimi soruşur, susuram təbii ki, deyirəm, vallah, mənim başım çıxmır bu işlərdən. O qədər israrla soruşur ki, deyir, qardaşoğlu, mən belə fikirləşirəm ki, bu məmur özbaşınalıqlarının qarşısını almaqçün ən ideal yol onların maaşını çoxaltmaqdır, bəlkə gözləri doya, rüşvətdən əl çəkələr. Misalçün, yüz alırsa, min versinlər, min alırsa on min...

Axır ki, başım qurtuldu ustanın əlindən... elə dilindən də. Sağollaşırıq, pulqabımdan yüz manat çıxarıb verirəm ki, usta əllərin dərd görməsin, buyur çıx, vallah, Türkiyədən təzəcə gəlmişəm, xırdam yoxdur. Bunu qəsdlə deyirəm, mən yazıq heç ömrümdə Biləcəridən o yana adlamamışam.

Usta pulu götürüb 90 manat qaytarır. Deyirəm, usta, o 10 manat halal xoşun olsun, amma bilirəm ki, bu xidmətin dəyəri üç, maksimum beş manatdır. Nəsə demək istəyir, sözünü kəsirəm: “Usta, bayaqdan sən danışdın, indi icazə ver, mən danışım. Deyirsən ki, özbaşınalıq belə gəldi, rüşvət belə getdi, mən sənlə razı, amma həm də deyirsən ki, bunun qarşısını almaqçün maaşlar on qat, iyirmi qat artırılsın. Bax, mən sənə əbəs yerə vermədim o yüzlüyü, əbəs yerə demədim xaricdən təzəcə gəlmişəm, sən bilən kimi ki mən uzun müddətdir burda deyiləm, düşündün, fürsət bu fürsət, yolum bu qazı. Sənin xidmət haqqın nə olsa belə, yenə artıq çıxacaqdın o yüzlükdən”.

Deməyim o ki, düşüncələrimiz dəyişməlidir. Anlamalıyıq ki, başqalarını aldatmaq, pulunu fərqli yollarla mənimsəmək vəzifəyə baxmır – taksi sürücüsü turisti aldadıb çox pul alırsa, restoran sahibi müştərini min yolla tovlayıb cibinə girirsə, satıcı “xırdası olmadığı üçün” 3 qəpiyin dalına keçirsə, mahiyyət dəyişməz. Əgər hamı öz “çapında” talayırsa, məmurları niyə qınayırsınız?

Pulqabımdan bir iyirmilik də çıxarıb uzatdım ustaya ki, bunları xəsislikdən danışmadığıma inansın.

Götürdü əlbəttə...

Tarix
2018.05.04 / 11:47
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla