Yuxarı

Narkodemokratiya - Qızılgüldən çətənə kollarına…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gecə klubu” termininə keçmiş sovet məkanında o qədər də müsbət baxılmır. Niyəsi üzərində dayanmağa ehtiyac yoxdur, çünki Birləşmiş Ştatlarla hər sahədə yarışan çoxmilyonlu imperiyanın adamları kommunizm quruculuğu ilə məşğul olarkən fərdi-özəl həyata, xüsusilə də onun leqal şəkildə təbliğ olunmasına qarşıydılar. İndi müstəqilliyinin 30-cu ildönümünün astanasında kiçik bir Qafqaz ölkəsində-Gürcüstanda gecə əyləncələrində baş qaldıran xalq üsyanı sübut edir ki, Stalinin doğma vətənində qərbləşmə hərəkatı özünün yeni mərhələsinə qədəm qoyur.

Qəribədir, Cuqaşvilinin bir vaxtlar pastor olmaq xəyalı ilə baş vurduğu Qori ruhaniyyət seminariyası xeyirxah bir pravoslav təbəəsini yetişdirməliydi. Amma rahiblərin şiddəti və qəddarlığı səbəbilə bir adam dönüb oldu bolşeviklərin, daha sonra imperiyanın lideri və bütün ömrü boyu Qərb imperializmi ilə döyüşdü. İndi isə Stalinin yeraltı dünyasında-zirzəmi dərnəklərində mühafizəkar dini, mədəni dəyərlərin büsbütün ziddinə olan məqsədlər uğrunda ölümə hazır olanlar var. Doğrudur, rəsmi Tiflis hakimiyyəti axşamın qaranlığında polis orqanları ilə əlbəyaxa olan “ağqışqırıqçıları” bir təhər sakitləşdirib, gərginliyi söndürə bildilər, lakin tərəfdarlarının sayı hər gün ədədi silsilə ilə artan azad cəmiyyət tərəfdarları ilə savaş hələ sona çatmayıb.

Narkotiklərin qəbulu gerçəkdən Saakaşvilinin qızılgül inqilabından sonrakı mərhələsini xarakterizə etmək üçün ən yaxşı tutarqa ola bilər. Onsuz da mövcud hakimiyyət liderləri marixuananın və azad həyat tərzini yol verilən dozada hələ seçkiqabağı dövrdə vəd etmişdilər. Ona görə də dövlətin narkotik siyasəti Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvilinin müqavimətinə baxmayaraq, bir il əvvəl Konstitusiya Məhkəməsinin qərarı ilə tam leqallaşdı. Lakin hər gün sıraları genişlənən və niderlandlı həmkarlarını özlərinin həyat idealı sayan gənc gürcülərin getdikcə artan pozğunluqları qarşısında qanun keşikçiləri dözüm göstərə bilmədi. Məgər, aksiyaçıların qarşısında üzr istəyib geri çəkilən daxili işlər naziri və Tiflisin idmançı meri bilmir ki, tamamilə sosial simasını itirən və hər cür azadlığı avrointeqrasiya üçün vacib sayan bir nəsil sabah qəti şəkildə torpaqları qorumaqdan və hərbi mükəlləfiyyətdən imtina edəcək? Əlbəttə, hökumət təmsilçiləri səngərlə gecə klubları arasında məsafənin uzandığını yaxşı görürlər, hələ üstəlik, marixuananın cəngində mənən və fiziki şikəst olanların Abxaziya və Osetiyadakı təmas xəttindən daha böyük təhlükə ilə üz-üzə qaldıqlarını da əla bilirlər. Necə deyərlər, narkotika müharibəsi hər yerdə daha çox can alır. Nə etmək olar, ənənəvi dinlər və ideologiyalar iflasa uğrayırsa, mütləq əvəzində eyş-işrət qalib gəlir. Qətiyyən belə düşünülməsin ki, sərt tabuların hökm sürdüyü teokratiyalarda hər şey qaydasındadır və onlar əxlaq etalonlarıdır. Yox, əlbəttə ki. Ancaq hər halda Qirçi Partiyasının liderinin məqsədini açıq elan etməsi demokratiyaların sonunun nə ilə qurtardığını ən qatı libarallara belə görk edir. Görün, Qoça Xaçidze nə deyir: “Bizim məqsədimiz marixuananın leqallaşması və dekriminallaşma ilə bağlı qanunlara nail olmaq deyil. Əsl niyyətimiz insanların fundamental azadlığı olan bədən üzərində mülkiyyət hüququnun tamamilə onlara verilməsidir”. Bəli, can mənimdir, özüm bilərəm onu dünya bazarında neçəyə və necə satıram!

Saakaşvilinin qızılgüllü hərəkatı sovet mirasını ləğv etməkdə gürcülərə çox kömək oldu. Hamı onları demokratiyanın mayakı adlandırır, öz hökumətlərini qonşularındakı qanunçuluqla məzəmmət edirdilər. Əlbəttə, kommunistlərin üsul-idarəsini birdəfəlik məhv etmək üçün Mişanın həyata keçirdiyi tədbirlərin bənzərsiz olduğunu inkar etmək mümkün deyil. Amma unutmaq olmaz ki, 90-cı illərin sosial-iqtisadi böhranından sonra müharibədəki məğlubiyyətlərin əvəzini spirtli içkilər və əfqan heroini ilə keyləşdirməyə çalışan böyük bir dairə - çeçenlərdən tsvanlara qədər olan qurşaqda əsl narkotranzit açılmışdı və dövlətlərdən qabaq kriminal qruplaşmalar beləcə qitələrarası yollar çəkmişdilər. Saakaşvili ölkəsinin bandit və “bespredel” simasını köklü şəkildə dəyişməyi bacardı. O, qadağan olunan psixotrop maddələrin satışı, yayılması və qəbulu ilə bağlı sanksilayaları 5 ildən 12 ilə qədər cəza ilə aradan qaldırmağa çalışırdı. Uğurlu oldumu o mübarizənin nəticəsi, yoxsa, sıxılan kütlə indiki kimi “postmüharibə sindromu”ndan beləcə iynəyə oturmaqlamı çıxdı, onu kəsinliklə demək çətindir. Hər halda Mişa üçün qarşıdan gələn seçkilərə görə cəmiyyətdə baş qaldıran hər cür protest faydalıdır. Onsuz da Bidzinanın arxa plandan yönləndirdiyi ölkə modeli Avropa Birliyini və NATO-nu qəzəbləndirməyə başlayıb, ona görə də milyarder siyasətçi partiyasının rəhbərliyinə rəsmi olaraq yenidən qayıtdığı günlərdə ona gecə klublarından açılan atəşləri birbaşa düşmənlərinin hesabına yaza bilərdi. Xüsusilə də qonşu Ermənistanda Paşinyan kimi bir qaragüruh liderinin Sərkisyan rejimini dəyişməyə nail olması fonunda eyni dalğanın “Buş küçəsi”nə sıçraması tam real ola bilər. Odur ki, aksiyaçıların əleyhinə qaldırılan sağ radikal və millətçi “Gürcü marşı” hərəkatı ilə baş-başa gəlib vətəndaş toqquşmalarının dərinləşməsinə yol verilmədi.

Bəli, inqilab öz bəhrəsini verir. Bir vaxtlar sovet tanklarına qarşı canlarını sipər edən “9 aprel” qurbanlarının abidəsi qarşısında “qu gölü” rəqsinə çıxan hər cür azlıqlar getdikcə çoxluğa çevrilir və bütün müqəddəslikləri insan azadlıqlarının ayaqları altında görürlər. Bir azdan eynicinsli nikahlar, orta məktəb yaşlı uşaqların hər cür əxlaq çərçivələrini qırmasına yaşıl işıq, rəsmi qurulan ailə modellərin yabançı sayılması, qeyri-rəsmi izdivacdan doğulan minlərlə körpə və kilsələrin dekorasiyaya çevrilməsi fonunda Stalinin ruhu yenidən öz vətənində təcəlla edib soruşacaq-bəs, dini tiryək saydığına görə “xalqlar atası”na lənət yağdıranlar, məscid və kiləsləri taxıl anbarlarına çevirdiyinə görə onu “allahsız” elan edib inkvizisiya məhkəməsinə çəkənlər indi Gürcütanda baş qaldıran narkoməstliyə nə ad verirlər?

Məncə sual hamı üçün aktualdır. Çünki ağ ölümün çənginə aldığı nəslin orta yaşı 19-la 22-nin arasındadır. Axı, qızılgüldən sonra əlinə çətənə kolları götürən millətlərdən fərqli yol seçənlər də sonradan demokratik azadlıqların qurbanı olublar. Bəli, məscidə it bağlayan Mirpaşaya acıyarkən, demokrat adı ilə seyidlərdən daha qorxulu olanların dövrü gəlib çatıb.

Qızılgüllərdən sonrakı məstlik yaman olur!

Tarix
2018.05.21 / 17:42
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla