Yuxarı

Putin Bakının layihəsindən niyə narahat oldu?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük olmaq üçün təkcə özünə deyil, başqalarına da rifah, sabitlik, təhlükəsizlik və tərəqqi bəxş edən böyük işlərə imza atmaq lazımdır...

Cənub Qaz Dəhlizinin açılışından sonra Rusiyanın tanınmış siyasətşünas və çoğrafiyaşünas alimləri Sergey Jiltsov və İqor Zonnun “Xəzərdə boru kəməri geosiyasəti” adlandırdıqları proses ətrafında müzakirələr bitmir, əksinə daha da genişlənir. Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini bölüşən mütəxəssislər ABŞ geosiyasətinin klassiklərindən sayılan Zbiqnev Bjezinskinin fikirlərinə daha çox istinad edirlər. Bjezinski yazır: “Əgər Xəzər bölgəsinə gedən boru kəmərləri yenə də əvvəllər olduğu kimi Rusiya ərazisindən və Rusiyanın Qara Dənizdəki Novorossiysk terminalından keçəcəksə, o zaman bunun siyasi nəticələri, hətta Rusiya gücünü nümayəşkaranə şəkildə sərgiləməsə də belə, özünü büruzə verəcək. Bölgə siyasi asılılqda qalacaq, Moskva isə bu zaman regionun resurslarının necə bölünməsi barədə qərar verə biləcək güc əldə edəcək. Əgər əksinə, daha bir boru kəməri Xəzər dənizindən Azərbaycana, oradan Türkiyə vasitəsilə Aralıq dənizində doğru çəkilərsə, başqa bir kəmər isə Əfqanıstan ərazisindən Ərəb dənizinə doğru uzanarsa, o halda regiona daxil olmaq üçün heç bir təkhakimiyyətlilik olmayacaq”.

Bjezinskinin yuxarıda nümunə gətirdiyim fikirlərinə istinad edən bəzi mütəxəssislər, xüsusilə də rus geosiyasətçiləri Cənub Qaz Dəhlizinin gerçəkləşməsini Rusiyanın geosiyasi məğlubiyyəti kimi dəyərləndirirlər. Bu yanaşmaya əks mövqedə dayanan mütəxəssislər də az deyil. Belələri isə Cənub Qaz Dəhlizinin Moskvanın maraqlarına ziyan vura biləcək gücdə olmadığını bildirir və bunu Azərbaycanın real və perspektiv təbii qaz resursları ilə əlaqələndirirlər.

Bununla yanaşı, tamamilə fərqli və daha konstruktiv yanaşma sərgiləyənlər də var. Məsələn, Rusiyanın Energetik İnkişafı Fondunun direktoru Sergey Pikinin qənaətinə görə, Moskva yeni boru kəmərinin infrastrukturundan öz maraqları üçün istifadə edə bilər. Rusiyanın Milli Energetika İnstitutunun direktoru Sergey Pravasudov da eyni fikirdədir. Həm Pikin, həm də Pravasudov “Qazprom”un “Türk axını”nın ikinci xətti ilə TANAP-a qoşulma perspektivinin böyük olduğunu bildirirlər.

Fikirlər müxtəlifdir, baxış bucaqları fərqlidir. Rusiyanın klassik və postklassik geosiyasi nəzəriyyələr əsasında rəngarəng geosiyasi şarları “təbliğat havası” ilə şişirtəməyə alışmış ekspertləri ənənələrinə uyğun olaraq, Cənub Qaz Dəhlizinə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən baxa bilmirlər. Onlar üçün iki rəng var: Ağ və qara. Təəssüf ki, məhz bu yanaşma tərzi bu günədək ilk növbədə Rusiyanın, daha sonra isə region dövlətlərinin maraqlarına ciddi zərbə vurub.

Azərbaycan regionda həyata keçirilən layihələrlə bağlı mövqeyi isə kifayət qədər aydındır. Bu mövqe professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabında da öz əksini tapıb. Əli Həsənov yazır: “Xəzər hövzəsinin hazırkı geosiyasi statusu və geniş geoiqtisadi, tranzit-dəhliz imkanları həm əksər region ölkələrinin sağlam rəqabət maraqlarına cavab verir, həm də bütün dünya ölkələrini bölgənin iqtisadi və siyasi həyatına maliyyə yatırmağa, yerli ölkələrlə hərtərəfli iqtisadi əməkdaşlıq etməyə ruhlandırır”.

Göründüyü kimi, Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrə geosiyasi rəqabət mexanizmi kimi deyil, əməkdaşlıq platforması kimi yanaşır. Digər tərəfdən, bu gün dünyanın bir çox ölkələri, o cümlədən Rusiya birqütblü dünyanın əleyhinə olduğunu iddia edir. Geoiqtisadiyyatda diversifikasiyanın, geosiyasətdə isə çoxqütblülüyün tərəfdarı kimi çıxış edirlər. Əslində bir çox hallarda nəzəri aspektdən təqdim olunan bu yanaşmalar rəqabətin, inkişafın, sabitliyin və təhlükəsizliyin alternativi olmayan zəmanət mexanizmləridir. Çünki qlobal enerji və nəqliyyat layihələri qısa bir zaman üçün, yaxud hansısa geosiyasi qütbün və ya qütblərin konkret zaman kəsiyində maraqlarının təmin olunması üçün nəzərdə tutulmur. Geosiyasi qütblər, onların qlobal siyasətdəki yeri və maraqları dəyişə bilər, lakin təhlükəsizlik mexanizmləri sabitləşdirici faktor kimi ən ziddiyyətli proseslərdə belə uzunmüddətli dayanıqlılığı təmin etməyə hazır olmalıdır. Məhz bu kontekstən yanaşdıqda, Azərbaycanın mövqeyi daha strateji, daha uzunmüddətli və dayanıqlıdır. Bu mövqe qlobal geosiyasi kataklizmlər zamanı enerji və nəqliyyat dəhlizlərinin keçdiyi ərazilərdə təhlükəsizlik faktorunun siyasi amillərdən asılılığına imkan yaratmır və öz-özlüyündə müstəqil sabitləşdirici mexanizm kimi ortaya çıxır.

Rusiya təhlükə görmür, amma...

Zənnimcə, Cənub Qaz Dəhlizinin Bakıda gerçəkləşən açılışına ən maraqlı reaksiyanı Rusiya sərgilədi. Rusiya prezidenti açılışla bağlı Azərbaycana təbrik ünvanlasa da, Bolqarıstanın dövlət başçısı ilə geçirdiyi görüşdən sonra Moskvanın indiki halda daha real görünən yanaşmasını dilə gətirdi. Sitat:

“Rusiya Cənub Qaz Dəhlizi boru kəmərindən özü üçün təhlükə görmür. Biz istənilən iqtisadi fəallığı alqışlayırıq. Avropa bazarına idxalın diversifikasiyasına müsbət yanaşırıq. Bu bazar şərtləri yaradır. Bizi narahat edən yeganə məsələ odur ki, bazar şərtləri hamı üçün eyni imkanlar yaratmalıdır. Cənub Dəhlizinə preferensiya (üstünlük) təqdim etdilər, layihə üçüncü enerji paketinin təsiri altından çıxarıldı. Bəs nə üçün Cənub Axınına belə imkan təqdim olunmadı? Bolqarıstanın nəyi pisdi?”

Doğrusu, Rusiya prezidentinin bu açıqlamasında səsləndirilən suallara ayrı-ayrılıqda cavab tapmaq fikrində deyiləm. Əslində, bu sualların cavabını baş tutmayan Cənub Axınınının keçdiyi ərazilərə xəritə üzərində nəzər salmaqla da tapmaq olar. Qənaətimə görə, Cənub Axını ilə bağlı yaranmış vəziyyətdə Bolqarıstanın nə qədər pis, yaxud yaxşı olduğundan söhbət getməməlidir. Problemin əsasında Moskva-Kiyev, Rusiya-Avropa İttifaqı münasibətləri dayanır. Cənub Axınının əsas məqsədi Avropaya qaz ixracının Ukraynadan kənar ərazi ilə gerçəkləşdirilməsi olduğu üçün Aİ bu layihəyə “yox” deyib. Ukrayna ilə bağlı yaranmış vəziyyət isə dünyanın aparıcı güc mərkəzlərinin öz öhdəliklərini yerinə yetirməməsi, Budapeşt sazişinin şərtlərinə əməl olunmaması ilə bağlıdır. Bu baxımdan, Cənub Axını ilə Cənub Dəhlizini müqayisə etmək doğru deyil. Cənub Axını siyasi layihədir, Cənub Dəhlizi isə yox. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi ərazidən bundan öncə də enerji layihələri gerçəkləşdirilib. Bu tranzit marşrutu Azərbaycanın istifadə etdiyi və edə biləcəyi yeganə istiqamətdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ölkəmiz üçün başqa seçim və yol qoymayıb. Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər uzanan hissəsindən isə Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən digər kəmərlər - “Bakı-Supsa”, “Bakı-Tiflis-Ceyhan”, “Bakı-Tiflis-Ərzurum” keçir.

Cənub Qaz Dəhlizinə üstünlük verilməsinin əsas səbəbi də layihənin siyasi məqsəd daşımaması, gələcəkdə bu və ya digər ölkəyə qarşı geosiyasi təzyiq vasitəsinə çevrilmə ehtimalının olmamasıdır.

Enerji damarı

Azərbaycanın Cənub Qaz Dəhlizindən gözləntiləri və layihənin strateji əhəmiyyəti prezident İlham Əliyevin Səngəçalda keçirilən açılış mərasimindəki nitqində bütün incəlikləri ilə ifadə olundu. Sitat: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.

Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik”.

“Maraqlar balansının gözlənilməsi” və “qarşılıqlı faydalılığın təmin edilməsi” – Azərbaycanın yanaşması olduqca birmənalı və praqmatiktir. Bu yanaşmada iqtisadi münasibətlərin bütün prinsipləri yer alıb. Bu nəzəri baxış, geosiyasi illüziya, hansısa fantastik siyasi perspektivlərin təsviri deyil, real mənzərədir. Real olduğu üçün də saxta deyil, açıqdır, səmimidir. İkili stantardlara deyil, ortaq maraqlara xidmət edir. Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri kimi ilk növbədə ölkənin maraqlarına xidmət edir, onun geosiyasi onəmini artırır.

Cənub Qaz Dəhlizi regional, subregional və qlobal proseslərə Azərbaycanın maraqları müstəvisindən modern geoiqtisadi baxışdır. Bu amil isə öz növbəsində Azərbaycanı qlobal proseslərin aktiv iştirakçısına çevirir. Cənub Qaz Dəhlizinun açılışı ilə bağlı prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında dünyanın güc mərkəzlərinin rəhbərlərinin Azərbaycana “böyük dövlət” deyə xitab etmələri də, hesab edirəm ki, məhz bununla bağlıdır. Böyük görünmək hələ böyük olmaq demək deyil. Böyük olmaq üçün təkcə özünə deyil başqalarına da rifah, sabitlik, təhlükəsizlik və tərəqqi bəxş edən böyük işlərə imza atmaq lazımdır.

***

Günün aktual xəbərlərinin icmalı:

Tarix
2018.06.05 / 15:32
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla