Yuxarı

Metrodakı oğlan: əxlaqlıdır, yoxsa bədbəxt?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəyin oğurlanması” filmində rəhmətlik aktyorumuz Səməndər Rzayevin belə bir replikası var: “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”.

Əslində, kino haqda yazmaq fikrim yoxdur. Eləcə filmdəki bu fraqment ağlıma gəldi və düşündüm ki, “kino” sözünü “metro” ilə əvəzləyim.

Son günlər metroyla bağlı xoş olmayan hadisələrin yaşanması qəfil içimdə belə bir replikaya çevrildi: “Bu metro ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”.

Hələ bir neçə həftə əvvəl İrandakı metrostansiyaların birində iki əxlaq polisi bir qadına qarşı əxlaqsızlıq etmişdi. Səbəb isə sərnişin qadının başını örtməməsi idi.

Sözdəki mənasızlığa baxın: Əxlaq polisi!

Baxmayaraq ki, biz şəriət ölkəsi deyilik, amma bizim bir çox sıravi vətəndaşımız şəriət ölkələrindən də betər “əxlaq polis”liyi etməyə can atır. Bu qəbildən olan adamlar, adətən, eyni obraza malik olurlar. Geyimləri eyni, saç düzümləri eyni, hətta baxışlarına, danışıqlarına, səs tonlarına kimi eynidirlər.

Və elə ki, bir-birilərinin təkrarı olan bu adamlar bir yerə yığışırlar, özlərinə oxşamayan, fərqli həyat tərzinə, dünyagörüşünə malik insanlara qarşı ürəklərində nə qədər zir-zibil varsa, qusmağa başlayırlar. Eynən bir neçə gün əvvəl metro qatarında şortikli bir qızın fiziki-mənəvi təzyiq və təhqirlərə məruz qaldığı kimi. Təsadüfə bax ki, yazıq qızın şanssızlığından, az qala, ətrafındakı bütün adamlar “əxlaq polis”ləri idi.

Qızın oturuşuna, duruşuna, hər şeyinə kobud şəkildə müdaxilə edib, hətta döyməyə belə çalışdılar. Adama deyərlər, ay qardaş, ay xala, ay bibi, ay əmi, sənə nə dəxli var axı kim necə geyinib?

Ancaq desək də, deməsək də, bu “inkubator klonları” üçün heç bir fərqi olmayacaq. Çünki onların əsl dərdi qızın geyimi-kecimi deyildi. Onların dərdi öz bədbəxtlikləri idi.

Məsələn, 50-60 yaşlı bir qadın ömrü boyu bircə dəfə də olsun istədiyi paltarı geyinə bilməyibsə, əlbəttə ki, özündən 40 yaş kiçik bir qızın azadlığı onu özündən çıxara bilər. Necə ki, görüntüdən izlədiyimiz kimi, qadın məsələyə heç bir aidiyyəti olmadığı halda, qızın üzərinə yüyürüb döyməyə çalışır.

Ya da götürək hadisənin baş qəhrəmanı olan oğlanı. Qızı təhqir etməsi də, hədələməsi də, əslində, içindəki arzularının, xəyallarının kobud şəkildə təzahürü idi. Ağzının suyu tökülə-tökülə mavi ekranlarda gördüyü şortikli qızlara heyranlığı və özünü məhkum etdiyi “əxlaq” prinsiplərinin bu heyranlıqla toqquşması, qarşısında canlı-canlı gördüyü şortikli bir qızın timsalında, bütün bədbəxtliyini şillə kimi üzünə çırpdı. Elə bu şillənin təsirindən, əslində, öz məhkumluğuna olan nifrətini qusmuş oldu.

Ümumiyyətlə, əxlaq anlayışının maddələşməsi, ətə-qana bürünməsi çox absurddur. Əxlaq insanın mənəviyyatına, ruhuna aid olan bir dəyərdir. Necə deyərlər, “insan var, əynində paltarı yox, paltar var, içində insan yox”.

Belə hadisələr nə öyüd-nəsihətlə, nə sosial şəbəkələrdə ictimai qınağa hədəf olmaqla bitəcək. İnsanlığını, əxlaqını əynindəki paltara sığışdırıb yaşayan, başqalarını aşağılayıcı nəzərlə süzən adamlara qarşı çox ciddi tədbirlər görülməlidir.

Təcili şəkildə bütün cəmiyyət üçün hədə olan bu olayın görüntülərini araşdırıb, “əxlaq polis”liyi edənləri cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

Fransız filosofu Şarl Lui Monteskyönün dediyi kimi: “Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir”.

Tarix
2018.06.20 / 15:38
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla