Yuxarı

Nə üçün Orxan?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Orxan tutulan gün Əli Taziyevə, "Maqasa" ömürlük həbs cəzası verdilər. Terrorçu idi, "Maqas". Neçə-neçə terror aktının təşkilatçısı. Moskva onun başına milyonlar qoymuşdu. Və nəhayət tutdu. Adi, sıradan bir əməliyyat nəticəsində. Moskvada, təcridxanada saxlanılanda belə "Maqas"la bütün normalara uyğun davrandılar. Srağagün məhkəmə qarşısına çıxardılar, vicdanında günahsız insanların ölümü vardı…

"Maqas" kimi Orxan da qatildir. Günahsız bir nəfəri öldürüb. Bəlkə də həmin gün o lənətə gəlmiş binanın qarşısından keçməsəydi, heç bıçağa da əl atmayacaqdı. Orxana bəraət yoxdur, o, cəzasını çəkməlidir. Və böyük ehtimalla çəkəcək də. Amma Orxan hansısa təhlükəli residivist və ya elə həmin "Maqas" deyil deyil axı? Adi bir polis əməliyyatçısının bacara biləcəyini, nədənsə böyük bir OMON ordusuna tapşırmışdılar; daxili işlər naziri Kolokoltsev kabinetində gecələyirdi, Moskva polisinin şefi bütün şəxsi heyəti ayağa qaldırmışdı. Nə baş verirdi axı? Nə təlaş idi bu? "Maqas"danmı qorxurdular? Axı o, həbsdədir. Zakayev uzaq Londonda, Uduqov İstanbulda, Umarov Allah bilir Qafqaz dağlarının hansı mağarasında. Bəs onda nə qovhaqovdur?

Yox, əslində bu qovhaqov deyildi. Bu, bir kriminal şou idi. Və Rusiya telekanlları telejurnalistikanın olan-olmayan bütün qaydalarına, normalarına tüpürdülər. Lay divar boyda qara paltarlı OMON-çularıın parkın içərisində boyu 1 metr 65 santimetr olan birisini yerə yıxıb təpikləməsini bütün dünyaya yaydılar. Vəhşicəsinə təpiklənən birisi isə adi, sıradan biri idi. Və hamı ekranlardan evlərə girən bu realiti-şounu həvəslə izləməkdəydi. Hətta uşaqlar da...

Orxan qatildi. Orxan mütləq cəzalanmalıdı. Ona bəraət də yoxdur. Amma Orxan nəinki Moskvanı, bütün Rusiyanı belə satmağa hazır olan hansısa rus polisini ələ alıb, hansısa metrostansiyanı partlatmayıb. Rəzilliyin həddinə baxın, qatili təpikləyirlər, vəhşicəsinə döyürlər, sonra vertolyotla düz Moskvanın göbəyinə gətirirlər, onu şəxsən nazir özü qəbul edir və onu zərərsizləşdirən "qəhrəmanları" alqışlayır. Bunun adı doğrudan da şoudur. Amma məni bir şey maraqlandırır. Görəsən nazir Kolokoltsev bu il Moskvada qətl törətmiş bütün qatilləri də belə öz kabinetində salamlayır? Və bu adamların sayı az da deyil ha? Düz 255 nəfər. Hə, bu rəqəm göydən götürülməyib, Rusiya DİN-in rəsmi saytındandır. Bu ilin təkcə yanvar-iyul aylarında Moskvada məhz bu qədər qətl hadisəsi törədilib. Qatillərin hamısı içəridədir.

"Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir "Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub" xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur". Bunu Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov deyir. Cənab polkovniklə razılaşmamaq mümkün deyil. O, Moskvadadır, orda görəvdədir. Bəlkə də ürəyinin dərinliyində adi məişət zəminində baş verən bir qətldən şou düzəldilməsinin səbəbələri barədə ehtimalları da var. Amma sıradan bir qatilin saxlanılarkən vəhşicəsinə döyülməsini və bu səhnələrin də telekanllarda nümayişkaranə şəkildə göstərilməsinin "mənasını başa düşmək olmur" deyir. Əslində, burda hansısa məna axtarmaq da düzgün deyil. Bir azdan hər şey bəlli olacaq. Axı, elə həmin telekanalların təbirincə desək, Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub?

...Təxminən 3 ay əvvəl Moskvada işləyən atasının yanına getmiş 21 yaşlı azərbaycanlı Salaməddin Nağıyev orada çayda boğulan 3 azyaşlı qız uşağını xilas etdiyi halda, özü batıb. Hadisə Lyuberetsk rayonunda baş verib. Gündüz saatlarında çayın kənarında gəzən Salaməddin yardıma çağıran qışqırıq səsi eşidib. Qızların çayda boğulduğunu görən azərbaycanlı gənc körpüdən suya tullanıb. O, iki qızın sahilə çıxmasına yardımçı olub. Hətta Salaməddin özü batdığını hiss eləyəndə də üçüncü qızın suyun üzünə çıxmasına kömək edib. Bir neçə dəqiqənin içində isə özü suda görünməz olub. Bu hadisə yayda olmuşdu. Bu hadisə barədə rus telkanalları bircə, hə bircə kadr belə göstərmədi. Hadisənin səhəri günü isə Rusiyanın məhşur portallarından olan lifenews.ru yazırdı.

"Mərhumun yaxınları meyitin tapılıb çıxarılması işində yardım üçün yerli polis şöbəsinə müraciət ediblər. Lakin axtarış əməliyyatları bir qədər ləngiyib. Ona görə də mərhumun yaxınları dövlət strukturlarını gözləmədən öz şəxsi maliyyələri hesabına özəl xilasedicilər vasitəsilə axtarışlara başlayıblar. "Biz dalğıclar tapdıq və saatı 4 min rubl olmaqla onlara pul ödədik. Salaməddinin meyiti hadisədən beş gün sonra tapıldı".

"Salamı qətiyyən tanımırıq. Amma o, ömür boyu bizim yaddaşımızda əsl qəhrəman kimi qalacaq", - deyə öz həyatı bahasına xilas etdiyi qızların valideynləri Salaməddin haqda deyib. Və Orxan da Səlaməddin də eyni xalqın nümayəndəsidir, bilməmiş olmazlar oralarda. Hə, Azərbaycan vətəndaşlarıdır...həm də.

Və sonda…Bir neçə il əvvəl elə həmin Moskvada elə həmin Orxanı cəzalandırmaq üçün küçəyə axışan "skinhedlər" 9 yaşlı tacik qız Xurşidonu evlərinin qabağındaca doğramışdılar. "Skinhedlər"ə verilən cəza isə o qədər yüngül oldu ki?

Bəlkə də elə Xurşidonun qatilləri idi iki gün əvvəl Orxanı axtaranlar. Deyəsən tapdılar. "Skinhedlər" təkcə küçələrdə veyillənmirlər, onlara harda desən rast gəlmək olur Moskvada. Hətta Petrovka küçəsi, 38-də belə.

Və nəhayət. Baş verənlərdən artıq 3 gün keçir. Azərbaycanın diaspora qurumları isə susur. Millətdən, azərbaycanlılardan danışan Söyün Sadıqov da, ağsaqqal Abbas Abbasov da, Konqresi də. Onlar susan arada isə...

Moskvanın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı Ruslan Qaraxanlıdır.

Susun, hələ...

Tarix
2013.10.17 / 14:07
Müəllif
Səbuhi Məmmədli
Şərhlər
Digər xəbərlər

50 il əvvəl, elə bu saatda: Dünya bundan şoka düşdü - Foto

Paltarsatan Akif necə jurnalist oldu?

İrandan Əli Kərimova pulu kim gətirmişdi? - Bir əsgərin qeydi

Bu ölkənin 2 min vətəndaşı Bakıda yoxa çıxıb – Axtarış

Dedilər, Nemət 300 min qoşunla gəlir... – Bir əsgərin qeydləri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla