Yuxarı

"Dayandoldurum" xəbərləri...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay isti keçir. Xəbər, hadisə yarada bilən insanların çoxu istirahətdədir. Hər il olduğu kimi medianın gündəmində boşluq var və bu boşluğu hər kəs öz ənənəsinə, dünyagörüşünə, mədəniyyətinə, istedad və bacarığına uyğun şəkildə doldurmağa çalışır. İctimai maraqları peşə prinsipləri ilə yanaşı tutanlar, atmosferin təkcə azot, oksigen, karbon, neon, kripton və digər qazlardan ibarət olmadığını, eyni zamanda sosial-psixoloji, mənəvi anlam daşıdığını dərk edənlər boşluqların yerinə analitik materiallar, araşdıramalarla rəng qatmağa, insanların rahatlığını, gündəlik həyatlarının ritmini pozmamağa çalışırlar, digərləri isə boşluqları sadəcə doldururlar. Həm də nə ilə gəldi...

Bu “boşluq doldurma” üslubu mənə nədənsə tüfəng yenicə kəşf olunduqdan sonra bu silahın doldurulmasında istifadə edilən sümbəni xatırlatdı. “Sümbə” sözünə klassik ədəbiyyatımızda tez-tez rast gəlinir. Tüfəng kəşf olunmazdan öncə sümbədən topları barıt və mərmi ilə doldurmaq üçün də istifadə edirdilər. Bildiyim qədər, elə indi də bəzi ovçular sümbədən istifadə etməklə tüfəngin lüləsini təmizləyirlər. Kəsəsi, sümbə “dayandoldurum” top-tüfəng dövrünün vazkeçilməz elementlərindən biri kimi bu gün də işə yarayır. Zamanında isə el arasında “dayandoldurum” kimi ad çıxaran tüfəngin lüləsindən üzü aşağı öncə barıtı, sonra qırmanı buraxırdılar. Daha sonra isə tüfəngin lüləsinə kağız parçası qoyub sümbə ilə möhkəmçə qırmaya pərçimləyirdilər. Fitili yandırırdılar və əgər barıt yaş deyildisə atəş açılırdı. Müəyyən zaman kəsiyindən sonra çaxmaq kəşf olundu, adi kağızı öncə qəzet kağızı, daha sonra isə “dayandoldurum” ləvazimatlarını barıtın, qırmanın və kağızın birgəlik yaşadığı “üçü birində” patronlar əvəz elədi... Amma sümbə hələ də “ömrünü” davam etdirir. Həm də müasir reytinq ovçularının ən sevimli alətlərindən biri kimi.

Təəccüblənməyin, sümbənin virtual nümunələri də var. Belə nümunələrdən isə adətən gündəmi doldumaq və reytinq ovlamaq üçün istifadə edilir... “Dayandoldurum” saytların sayı çoxaldıqca “sümbə”yə duyulan ehtiyac da artır. Daha bəzi virtual xəbərçilərin Rusiyada, Amerikada, yaxud hər hansı bir xarici ölkədə baş verən hadisəni “milliləşdirən” “13 yaşlı məktəbli intihar etdi”, “Şagird məktəbə partlayıcı maddə gətirdi” və s. bu kimi xəbər başlıqları da işə yaramır. İndi bir neçə hadisəni “sümbə” ilə pərçimləyib saytlara doldururlar. Heç bir məsuliyyət hiss etmədən, vicdan əzabı çəkmədən... Son günlərin ən məşhur “xəbər”ində olduğu kimi: “Şagird müəllimi kitaba görə bıçaqladı”...

Əsil “dayandoldurum” xəbəridi... Bu xəbərdə şagird – barıt, müəllim – qırma, kitab da, yəqin anladınız, kağız funksiyasını yerinə yetirir. Üçünü də bir yerdə basdın xəbərə, sümbə ilə doldurdun sayta, fitili çəkdin, vəssalam, atəş açıldı... Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasında olduğu kimi barıtı da bir az çox qoyursan, pah, əsl partlayış yaradır... Qəlpələri də hər kəsə dəyir – müəllimlərə, şagirdlərə, valideynlərə, bütövlükdə Azərbaycan təhsilinə və mediasına...

Sonra isə bəlli olur ki, “şagird”in 26 yaşı var... Yəni bu adam artıq 9 ildir ki, şagird adını daşımır...

Problem heç cinayəti törədən şəxsin şagird, cinayətin hədəfinin müəllim olub-olmamasında da deyil. Əgər hər hansı bir cinayət hadisəsi, yaxud sıradanbir qarşıdurma məktəbdə baş verməyibsə, bu cinayətin, qarşıdurmanın tədris prosesi ilə, məktəblə hər hansı bir əlaqəsi yoxdursa, cinayəti törədən şəxsin və onun hədəfinin daşıdığı vəzifəni, statusu gözə soxmağın heç bir halda izahı yoxdur. Olmasın məktəb, olsun hansısa mətbuat orqanı, xəbər agentliyi, sayt...

Təsəvvür edək, eyni xəbər hansısa kütləvi informasiya vasitəsi ilə bağlıdır. Məsələn, xəbərin başlığı belə - “Jurnalist baş redaktoru yazıya görə bıçaqladı” və yaxud əksinə, daha maraqlı oldun deyə “Baş redaktor yazıya görə jurnalisti qanına qəltan elədi” - kimi verilib. Sonradan da bəlli olur ki, hadisə istirahət mərkəzlərinin birində baş verib. “Jurnalist” adlandırılan şəxs hansısa saytda texniki işçi kimi çalışır, “baş redaktor” isə “bic.az”, “biz.info” və ya “peyser.com” domen adından istifadə etməklə reketçiliklə məşğul olan təhsilsiz, hətta bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsdir. Sosial şəbəkələrdən biri vasitəsi ilə kimisə şantaj edib ondan pul qoparıblar və bölüşə bilmədikləri üçün aralarında dava düşüb. Belə şəxslərin “jurnalist” və “baş redaktor” adlandırılmasına mən də daxil olmaqla peşəsinə, işinə, reputasiyasına hörmət edən həmkarlarım necə yanaşardılar?

Hər dəfə “reket jurnalist”, “reket media” sözlərini eşidəndə ətim ürpəşir, özümü təhqir olunmuş hesab edirəm. Bu adı şərəflə daşıyan həmkarlarım da həmçinin, hər dəfə sevimli peşələrinə zorla yapışdırılan bu “yarlıq”dan əzab çəkdiklərini bildirirlər. Bəlkə elə hər kəsi öz adı ilə çağıraq? Məktəb, müəllim, şagird, mətbuat, jurnalist, baş redaktor sözlərini hörmətdən salmayaq?

Siz necə düşünürsünüz?

Tarix
2018.08.08 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

Evdən gitara və saz oğurlayanlar həbs edildi

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Tehran rejimi qadınlara qarşı müharibə elan edib - Məhəmmədi

Bakıda şirkət maşını qəzaya uğradı: ölən var

785-ci gün: Rusiyanın itkiləri yeniləndi

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - Video

Neft ucuzlaşdı

İzmirdə iki zavod yanır - Foto

Əliçıraq məscidinin qarşısında yük maşını aşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla