Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


Təhsil Nazirliyinin mətbuat katibi yeni universitet istəyir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırma universitetləri

Təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq olunması ali təhsildə keyfiyyətcə yeni dövrün başladığını ifadə edir.

Bu da universitetlərin təkcə tədris mərkəzli fünksiyasını deyil, tədqiqat-innovasiya bazisini də müəyyənləşdirir. Yəni elmi araşdırmaların universitetlərə gəlməsi innovasiyanın da üfüqlərini genişləndirəcək. Bu həm də yeni araşdırma universiteti konsepti deməkdir.

Bugün dünyanın, eləcə də ölkəmizin araşdırma universitetlərinə daha çox ehtiyacı var. XIX əsrin sonlarından başda ABŞ olmaqla elmi tədqiqat, araşdırma istiqamətində yeni universitetlər yaranmağa başladı. Bu proses o qədər geniş yayılmağa başladı ki, hətta 1869-1909-cu illərdə Harvard Universitetinin rektoru olmuş Çarlz Eliot əvvəllər universitetin "tədqiqatçılıq imperativi" olmağının əleyhinə olsa da, sonralar Harvardın ABŞ-ın ilk araşdırma universiteti sayılan Con Hopkinsə transfer olunan professorları gördükdə bu fikrindən vaz keçməyə başladı. Bu araşdırma universitetləri cəmiyyətin qarşısında duran yeni çağırış və vəzifələrin nədən ibarət olduğunu dəyərləndirmək üçün çox iddialı idi. Diplomdan sonrakı təhsil universitet anlayışının yeni dərketmə fazasına qədəm qoyduğundan xəbər verirdi. Doğrudur, hələ XIX əsrin ortalarında Qərbi Avropada elmin yeni funksiyası bu əsrin əvvəllərində meydana gəlmiş ali təhsilin milli sistemləri ilə çulğalaşmışdı.

Araşdırma universitetlərinin ilkin modellərini Qərbi Avropadan mənimsəyən amerikanlardan fərqli olaraq Avropa universitetlərinin tədqiqat mühiti cəmiyyəti düşündürən konsepsiyaların alt zəminini yaratmaqda üzərinə düşən vəzifələrinin öhdəsindən bacarıqla gələ bilmədi. Onlar çoxsaylı improvizə ilə inkişaf edirdi ki, bu da universitetin "yeni araşdırma missiyasına" tamlıqda ekvivalent deyildi. Ancaq Avropa təcrübəsindən fərqli olaraq, bu dövrdə diplomdan sonrakı təhsildə ABŞ-da geniş yayılmış akademik mühit var idi. Bəs, ABŞ tədqiqat universitetləri necə inkişaf edirdi? Bu baxımdan Birləşmiş Ştatlar ali təhsili Avropadan xeyli yeniliklər əxz edib. Hələ 1776-cı ilə qədər Amerika koloniyaları kilsələr üçün ruhani hazırlayan doqquz kollecə sahib idi. Bircə Pensilvaniya Universitetinin sələfi olan Franklin Akademiyası mövcud idi.

Qısa müddətdən sonra passionar amerikalılar universitet düşüncəsi ilə genişmiqyaslı quruculuq işlərinə başladı. Təhsil almaq, innovativ mühitə sahib olmaq üçün gənc amerikalılar dünyanın o dövr üçün ən inkişaf etmiş qitəsi Avropaya gedərək, ən yaxşı örnəkləri öz ölkələrinə gətirməyə və tətbiq etməyə müvəffəq oldu. Xüsusilə, yeni qurulan Amerika dövləti üçün körpülərin tikilməsi, yolların çəkilməsi, dağ-mədən sənayesində ixtisaslı mühəndis kadrlarına böyük ehtiyac var idi.

Bu məqsədlə amerikalılar Fransanın Ecole Polytechnique təcrübəsini yaradıcılıqla mənimsəyərək tətbiq etdi. Amerikanın tədqiqat universitetləri XIX əsrin sonlarında alman modelində inkişaf edirdi. Bu mühitin nüvəsində yeni tədqiqat universitetlərinin yaranması ilə elmi kitabxana, laboratoriya və akademik jurnalların da əsası qoyuldu. Bu məktəblərin yaranması nəticəsində amerikalılar artıq xüsusi tədqiqat üçün xaricə getməməli idi.

1876-cı ildə yaranan birinci Amerika tədqiqat universiteti olan Con Hopkins elmi innovasiyaların nüvəsini təşkil edirdi. İş adamlarının ianəsi ilə qurulan Con Hopkinsi Avropanın eyniadlı qurumlarından fərqləndirən fakültələrə daha çox səlahiyyət verilməsi və akademik azadlıq mühitinin yaradılması ideyası idi. Beləliklə, yeni millətin (dövlətin) əsas mədəni dəyərləri onun tədqiqat yönümlü universitet təşkilatlarını formalaşdırdı.

Cəsarət Valehov

Təhsil Nazirliyinin mətbuat katibi

Tarix
2013.12.01 / 00:13
Müəllif
Cəsarət Valehov
Şərhlər
Загрузка...
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla