Yuxarı

Ölkədə yeni kabus: bundan necə xilas olaq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhv etmirəmsə, Karl Marksın “Kommunist partiyasının manifesti” belə başlayır: “Avropanın başı üzərində bir kabus dolaşmaqdadır – kommunizm kabusu…” Deyirəm, istər kommunist olsun, istər monarxist, istər materialist olsun, istər idealist, fərqi yoxdur, filosof filosofdur, gələcəyi fitrən ilahidən hiss edir və peyğəmbər kimi əvvəlcədən deyir. Qalır bu deyimləri oxumaq və nəticə çıxarmaq ki, biz bir qayda olaraq, birincini etsək də, ikincini etmirik. Necə ki, Avropa XX əsrdə etmədi, etsəydi, kommunizm kabusu 70 ildən də çox müddətdə dünyanın üçdə birini zəbt etməzdi və ən azı, on milyonlarla insan bu dünyadan vaxtsız getməz, yüz milyonlarla arzular ürəklərdə sönməzdi.

Hazırkı qeydlərin məqsədi, təbii ki, retro açmaq, “kommunizm kabusu” haqqında danışmaq deyil. Bu mövzu artıq aktual deyil, aktual olmadığı üçün (yeri gəlmişkən, yalnız aktual şeylər dəbdə olur, ideyadan paltara kimi…) dəbdə də deyil. Dəbdə olmadığı üçün oxucusu yoxdur, odur ki, biz də yazmaq fikrində deyilik. Sadəcə olaraq, “kabus” məsələsinə və filosof öncəgörməsinə diqqəti cəlb etmək istədik…

Düşünürəm ki, hazırda bizim də ölkəmizin, şəhərimizin üzərində bir kabus dolaşmaqdadır - “intihar” kabusu. Bir neçə il bundan əvvəl məhkəmənin qüvvəyə minmiş qərarına etiraz edən Qarabağ müharibəsi əlilinin özünü yandırması ilə işinə başlayan “intihar” kabusu, təəssüflə qeyd etməliyik ki, fəaliyyət dairəsini genişləndirməkdə, cəmiyyətin yeni-yeni təbəqələrini əsir etməkdədir. Artıq evi olanlar ikincisini almaq, obyekti olmayanlar obyektli olmaq, kasıblar varlı olmaq üçün bu yola əl atır. Sevgilisinin aldatdığı gənc qadınlar və xəstəliyin haldan saldığı yaşlı adamlar da onun əsirinə çevrilir. Hətta universitetə girə bilməyən gənclər, imtahandan kəsilən tələbələr də bu yolu seçir. Axırıncılar təsadüf olsa da (belə hadisələr tarixdən gəlir, Qız Qalası şahiddir), əvvəlkilər artıq təsadüf deyil, az qala, zərurətə çevrilir.

Artıq Qız Qalası da öz aktuallığını itirib (üzərində şəffaf plastikdən intihardan müdafiə səddi də çəkilib), intihar əsirləri dəblə ayaqlaşmaqda və ictimai fikrin diqqətini cəlb edən yeni intihar obyektləri tapmaqda israrlıdırlar. Bu sahədə ilk “qurbanlar”, məlum olduğu kimi, Bakı metrosunun stansiyalarıdır. Hətta obrazlı danışmağı ilə ANS telekanalının qəhrəmanına çevrilmiş əski metro şefi Tağı müəllim “adamlar metronu qəbiristanlığa çevirmək istəyirlər” deyir və haqlı olaraq şikayət edirdi. Olsun ki, intihar əsirləri Tağı müəllimin haqlı şikayətini eşitdilər, ya metro stansiyaları mətbuatın fəal dəstəyi olmadan ictimai fikrin diqqətini lazımi səviyyədə cəlb etmirdi, amma intihar ünvanı dəyişdirildi. Artıq yeni ünvan kimi Koroğlu metrostansiyasının üstündəki körpülər seçildi. Bura həm metrodan, marşrutdan uzaqda deyil - faktiki olaraq, paytaxtın ən böyük nəqliyyat qovşaqlarından birində yerləşir - həm də hündürdədir, intihardan əvvəl keçmişə baxmaq, gələcəyi düşünmək imkanı yaranır. Eyni zamanda uzaqdan yaxşı görünür, intihar cəhdinin qarşısını almaq istəyənlərin, öz həyatlarını təhlükə qarşısında qoyan polislərin, hətta dövlət rəsmilərinin sayı artır. Bu da hamısının olmasa da, bəzi intihar əsirlərinin ürəyindəndir. Nə olmuşdur, nə baş verir?

Düşünürəm ki, burda bir haşiyəyə çıxmaq, intihar, özünəqəsd kimi halların mənşəyinə baxmaq zərurəti yaranır. Bu halların tarixi qədimdir, Marksın “Manifest”də “azad insan və qul, patritsi ilə plebey” kimi təsvir etdiyi dövrlərə qədər gedir. Həmin dövrlərdə qullar adi əşya kimi alınıb satılırdı, azad insanlar da onları yaşına, cinsinə, keyfiyyətinə və qiymətinə görə seçib bazardan alırdı. Qullar şəraitə dözməyəndə, yəni sahibi günahsız cəza verəndə, ya qarın dolusu çörək verməyəndə, özlərinə qəsd etmək fikrinə düşürdülər. Aclıq elan edir, damarlarını kəsir, ya da özlərini asırdılar. O vaxtlar neft, benzin kimi tezalışan maddələr və hündür körpülər olmadığından, özünü yandırmaq və körpüdən atmaq hələ dəbdə deyildi. Amma məqsəd bir idi, qul özünə qəsd etməklə, sahibinin pulunu batırmaq istəyir, müasir dillə desək, onu şantaj edirdi. Qeyd etmək lazımdır ki, burda nəticə də yüz faizlik deyildi, əllinin əlliyə idi. Sahib qulların əməlindən əsəbiləşib onları öldürə, ya da verdiyi pulu itirmək istəməyib, həyat şəraitini yüksəldə bilərdi. Bir sözlə, məqsədə çatmaq üçün özünə qəsd etmək qul psixologiyası idi və bu yoldan azad insanlar deyil, qullar istifadə edirdi.

Beləliklə, “azad insan və qul, patritsi ilə plebey” dövrü tarixin dərinliyində qalsa da, “qul psixologiyası” qaz qabarcıqları kimi üzə çıxmaqda, hətta XXI əsrdə, sürətlə inkişaf etməkdə və insanların həyat şəraiti yüksəlməkdə olan ölkəmizdə də qan qaraltmaqda, faciələr yaratmaqdadır. Təbii ki, burda müəyyən obyektiv və subyektiv səbəblər var. Əsas obyektiv səbəblərdən biri, bəlkə də birincisi ölkəmizə namərd qonşular tərəfindən sırınan və hələ də davam edən Qarabağ problemidir. Məhz bu problemin nəticəsində yüz minlərlə soydaşımız evsiz-eşiksiz qalıb, qaçqın, məcburi köçkün statusu alıb, on minlərlə insan müharibədə həlak olub, yaralanıb, əlil vəziyyətinə düşüb. Amma dövlətimiz bu insanların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edir, onlarla, hətta yüzlərlə yeni qəsəbələr salınır, şəhid ailələri, müharibə əlilləri üçün xüsusi binalar tikilir, avtomobillər verilir.

Əsas subyektiv səbəb isə düşünürəm ki, bir toplum, cəmiyyət olaraq, bizim zəifliyimiz - realizmi humanizmə qurban verməyimizdir. Biz müxtəlif səbəblərdən maddi və fiziki imkanlarını itirmiş şəxslərə mentalitetdən gələn bir humanizmlə yanaşmaqla (yeri gəlmişkən, dilənçilər də buna görə artır), cəmiyyətdə ərköyün bir təbəqə yaratmışıq. Artıq onlar özləri də ərköyün düşünür, hesab edirlər ki, qanunlar onların yanından keçməli, hətta məhkəmələr güzəşt etməlidir. Belə olmasa, biz özümüzü asarıq, yandırarıq? Qul psixologiyası deyilmi?! Məhkəmənin qüvvəyə minmiş qərarına etiraz edən (hadisəyə baxışlar müxtəlif olduğundan, məhkəmə qərarına istinad etmək zorundayıq) Qarabağ müharibəsi əlilinin özünü yandırmasına cəmiyyətin reaksiyası düzgün idimi?! Əksəriyyət məsələni araşdırmadan mərhumu müdafiə etdi və hətta ona böyük miqdarda pul “mükafat”ı da verildi. Və biz ürək yumşaqlığından “oğruya da doğru, doğruya da doğru” deyən qazının gününə düşdük. Artıq “oğru da, doğru da” məqsədinə çatmaq üçün özünü yandırmaqda - intihar etməkdə (oxu: cəmiyyəti şantaj etməkdə) israrlıdır. Artıq bu tendensiya epidemiya şəkli alır. Bu da son xəbər: “Qəbələdə valideynlərin evlənməyə icazə vermədiyi sevgililər özünü asıb, intihar ediblər”. Valideynlərin qərarına etiraz etmək, mübarizə aparmaq, ən azı, qoşulub qaçmaq olmazdımı? Olardı, qul psixologiyası olmasaydı…

Və son olaraq. Aclıq etmək, özünə qəsd etmək, intihar etmək azad adamın mübarizə forması deyil, bu, qul psixologiyasıdır. Azad adam ilk növbədə həyat, yaxşı yaşamaq, öz haqlarını, ümumilikdə qanunları qorumaq uğrunda mübarizə aparmalıdır. Və başa düşməlidir ki, “daimi mühərrik” olmadığı kimi, daim haqlı adam ola bilməz, onun haqları başqalarının haqlarına təcavüz edə bilməz. Əgər sənin haqların doğrudan da, pozulursa, onları qorumağın qanuni yolları var. Bunun üçün də hökumət, dövlət orqanlarına şikayət etmək, məhkəməyə müraciət etmək olar. Artıq illərdir ki, mərkəzi hakimiyyət nümayəndələri – nazirlər, komitə sədrləri regionlara gedir, şikayətçiləri yerində qəbul edir. Korrupsiya, məmur özbaşınalığı kimi halların aradan qaldırılması üçün dövlət başçısının konkret tapşırıqları həyata keçirilir. Dövlətimiz əlillərin (o cümlədən, müharibə əlillərinin) və aztəminatlı ailələrin hüquqlarını qorumaq üçün əlindən gələni edir. Amma qanunların işləməsi, haqlarımızın təmini üçün cəmiyyət olaraq, biz də qollarımızı çirmələməliyik, əlimizdən gələni etməliyik. Amma həmişəki kimi, beynimizin yox, qəlbimizin hökmü ilə hərəkət edəcəyiksə, realizmi humanizmə qurban verəcəyiksə, yenə də “oğruya da doğru, doğruya da doğru” deyən qazının gününə düşəcəyik.

Tarix
2018.08.31 / 17:26
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla