Yuxarı

Bakının gizli bəlası: onların keçdiyi “əzablı yollar”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın avtomobil parkının sayı sürətlə artmaqda və milyon yarıma çatmaqdadır. Bu avtomobillərin üçdən ikisi, yəni bir milyona yaxını rəsmi olaraq paytaxt Bakıda qeydiyyatdadır, amma qeyri-rəsmi sayı şübhəsiz ki, daha çoxdur. Hər gün müxtəlif səbəblərdən bölgələrdən paytaxta gəlib-gedənlər, yük, sərnişin gətirənlər, hətta burda həftəlik, aylıq qalıb “taksi” işləyənlər minlərlə, on minlərlədir. Avtomobil parkının dinamikası iqtisadiyyatın inkişafı, əhalimizin sosial rifahının artması, gəlirlərinin çoxalması ilə birbaşa əlaqədardır və bu, təbii ki, çox yaxşı, sevindirici haldır. Amma bütün pis hallarda bir yaxşının olduğu kimi, bütün yaxşı hallarda da bir pisin, bədbəxtliyin olması qaçılmazdır.

Məsələ ondadır ki, avtomobil parkının artması ilə yanaşı yol-qəza hadisələri və bu qəzalarda ölənlərin sayı da artır. Azərbayycanda az qala hər gün yol qəzalarında ölənlərin sayı orta hesabla 2-3 nəfər təşkil edir ki, bu da il ərzində minə yuxarı insan deməkdir. Yəni il ərzində bu qədər ailə bədbəxt olur və onların adaptasiyası, əvvəlki həyata qayıtması üçün illər, on illər lazım gəlir. Amma burda bir məsələ var və bu haqda nə mütəxəssislər, nə də hüquq müdafiəçiləri məlumat verir. Hər bir yol qəzasında, əgər ölən varsa, hazırkı qanunvericiliyə əsasən, bir qayda olaraq, sürücü həbs olunur. Bu da il ərzində neçə yüz insan deməkdir, onların da ailələri bədbəxt olur, əvvəlki həyata qayıtması üçün illər, bəlkə də on illər lazım gəlir.

Azərbaycanın avtomobil parkının dinamikası ilə paralel olaraq yol qəzalarının sayı sürətlə artsa da, bu sahədə qanunvericilik bazamız, faktiki olaraq, dəyişməz, sərt olaraq qalır. Bizdə yol-qəzalarında, demək olar ki, bütün hallarda sürücü günahkardır və ölüm halları varsa, yuxarıda deyildiyi kimi, mütləq həbs olunmalıdır. Sürücülər də əsasən gənc, həyata yeni başlayan perspektivli insanlardır... Rəsmi statistika göstərir ki, yol qəzalarında ölənlərin yarıdan çoxu, az qala üçdən ikisi piyadalardır. Piyadaların yol-hərəkəti qaydalarını pozması isə bizdə az qala normadır. Hökumətin bu məsələyə ciddi yanaşması, paytaxtda, regionlarda yeni yolların salınması, çoxlu sayda yeraltı, yerüstü piyada keçidlərinin inşa olunması, polisin bu sahəni ciddi nəzarətdə saxlaması, ardıcıl profilaktiki iş aparması, tətbiq olunan cərimələrin ciddi artırılması isə istənilən nəticəni vermir. Bu gün bu məsələ o qədər ciddidir ki, hətta Milli Məclisin tribunasından səslənir. Kişi nəslinin bütün günü küçələri, hətta prospektləri qaça-qaça keçən nümayəndələrini bir kənara qoyaq, bizdə hətta yanı, qucağı, qarnı uşaqlı analar da özlərinin “qırmızı işıq” hesab edir və küçələri istədikləri yerdən keçirlər. Bunu Bakıda maşın sürən hər bir sürücü hər gün müşahidə edə bilər. Eyni zamanda, günün qaranlıq vaxtlarında, xüsusilə yağışlı-çiskinli havada yolda görüntü imkanı azalır və qəza ehtimalı artır. Bizim insanların, əsasən qara, tünd rəngli üst geyimlərinə üstünlük verdiyini nəzərə alsaq, bu ehtimal daha da çoxalır.

Sözümün canı odur ki, həmişə imam üçün ağlamaq olmaz, bir dəfə də xəlifə üçün ağlamaq lazımdır. Təsəvvür edin ki, günün qaranlıq vaxtında, yağışlı-çiskinli havada iki nəfər qara paltarlı adam yolu icazə verilməyən yerdən keçir və bu zaman saatda 80 kilometr icazə verilən sürətlə gələn gənc sürücü onları görə bilmir, ehtiyatsızlıqdan qəza törədir. Maşını saxlayır, yaralıları xəstəxanaya çatdırır, amma onlardan birinin (ən pis halda hər ikisinin) həyatını xilas etmək mümkün olmur. Sürücünü dərhal həbs edirlər, məhkəmənin hökmü ilə 3-4 aylıq həbs qətimkan tədbiri seçib istintaq təcridxanasına göndərirlər. Onun doğmalarının həyatı isə əsil “cəhənnəm əzabı”na dönür. Dəfələrlə zərərçəkmişin, ölənin qapısına getmək, minnətçi düşmək, xahiş etmək, olmazın sözlər eşitmək, külli miqdarda borca və xərcə düşmək, evini satmaq, küçədə qalmaq artıq onların “tale yazısı”dır. Cinayət Məcəlləsində zərərçəkmiş tərəflə barışıq yüngülləşdirici hal hesab olunduğundan, qarşı tərəf bəzən fantastik şərtlər irəli sürür, hətta yüz minlərlə pul istəyir. Yəqin, diqqətli oxucunun yadında olar, bu yaxınlarda Bakıda baş vermiş avtoqəzada xəsarət alan və bir neçə ay sonra paytaxt xəstəxanalarının birində vəfat edən yaşlı şəxsin hüquqi nümayəndəsi qarşı tərəfdən nə az, nə çox – 250 min manat təzminat istəyirdi... Amma bir soruşan yox idi ki, rəhmətlik yolu icazə verilən yerdən, piyada keçidindən keçib, ya yox?!

Ehtiyatsızlıqdan qəza törədən şəxs isə gəncdir və onun “əzablı yolları” davam edir. Onun qohumları zərərçəkən tərəfi və bütün tərəfləri razı salmalıdırlar, əks halda bizim qəhrəmanı 8 ildən 10 ilə kimi həbs cəzası gözləyir. Yuxarıda deyildiyi kimi, burda söhbət fantastik məbləğlərdən gedir, buna isə hər adam imkan tapa bilmir. Nəticədə təsadüfən baş verən, qəsdən törədilməyən bir qəza bir gəncin, onun ailəsinini həyatını alt-üst edir. Həbsxanada keçirəcəyi 8-10 ildə isə bizim gəncin nəinki islah olunması, ümumiyyətlə, sağ-salamat qalması çətin məsələdir. Bir qayda olaraq, o, ya ağır xəstəliyə düçar olub ölür, ya psixikası pozulub ailəsinə problem olur, ya da pis adamlara qoşulub cinayətkar və narkoman olur. Nəticədə yuxarıda göstərilən və bir ildə yol qəzalarında ölən min nəfərlə yanaşı, daha neçə yüz nəfər də həyatını itirir və bunlar da bizim cəmiyyətin itkisidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə möhtəşəm və humanist bir addım atdı - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsini Milli Məclisə təqdim etdi. Təbii ki, yalnız cəza çəkənlərin (qanunda yüngülləşmənin geriyə qüvvəsi var), istintaqı, məhkəməsi gedənlərin deyil, bütün cəmiyyətin bu qanuna ümidləri, gözləntiləri vardı. Cinayət Məcəlləsində bir çox sahələrdə cəzaların yüngülləşdirilməsi istiqamətində dəyişikliklər edilsə də, avto-qəzalar məsələsində bu gözləntilər, yumşaq desək, özünü doğrultmadı. Hörmətli millət vəkilləri qanunu müzakirəsi zamanı Cinayət Məcəlləsinin 263-cü maddəsini (Yol hərəkəti və nəqliyyatı vasitələrinin istismar qaydalarını pozma), faktiki olaraq, olduğu kimi saxladılar. Ehtiyatsızlıqdan törədilən cinayətlər hətta ağır kateqoriyasından az ağır kateqoriyasına belə keçirilmədi.

Yeri gəlmişkən, 2018-ci ildə bir qrup vətəndaş (300 nəfərin imzası ilə) yol-nəqliyyat hadisələrinə, xüsusən də piyada vurulması hallarına hüquqi qiymət verilməsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Bu müraciətdə yol-nəqliyyat hadisələrinə istintaq və məhkəmə orqanlarında qiymət verilməsində geniş yayılmış bəzi yanlış yanaşmaların aradan qaldırılması üçün konkret əməli tədbirlərə ehtiyac olduğu vurğulanır. Həmin yanlışlıqların aydın ifadə olunduğu statistik göstəricilərə və bu göstəricilərin qonşu ölkələrdəki analoji göstəricilərlə müqayisəsinə diqqət çəkilir: “2016-ci ildə ölkəmizdə qeydə alınmış piyada vurulma hadisələrinin 93 faizi sürücülərin, cəmi 7 faizi isə piyadaların təqsiri ucbatından baş vermişdir. Lakin bu məsələlərə dair qanunvericiliyi bizim ölkənin qanunvericiliyi ilə uyğun olan Rusiya Federasiyasında 2015 - 2017-cı illərdə qeydə alınmış piyada vurulma hadisələrinin təxminən 54 faizi sürücülərin, 42 faizi piyadaların, 4 faizi isə başqa şəxslərin (xüsusən yol-nəqliyyat infrastrukturuna görə məsul şəxslərin) təqsiri ucbatından baş vermişdir. Şübhəsiz ki, belə mənzərənin əsas səbəbi cəmiyyətdə və hüquqi təcrübədə formalaşmış “Həmişə sürücü günahkardır!” yanlış stereotipidir. Bu yanlış stereotip ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə ciddi xələl gətirir, xüsusən piyadaların məsuliyyətsiz davranışına rəvac verir, müasir yol hərəkəti mədəniyyətinin formalaşmasına əngəl olur, günahsız insanların məhkum edilməsinə gətirib çıxarır. Ona görə də yol-nəqliyyat hadisələrinə hüquqi qiymət verilərkən beynəlxalq təcrübə və milli qanunvericiliyimiz nəzərə alınmaqla tam obyektivliyin təmin edilməsinə, piyadaların da hərəkətinə ədalətli qiymət verilməsinə böyük ehtiyac var”.

Mən burda bir haşiyə çıxmaq, ümummilli lider Heydər Əliyevin müdrik bir sözünü xatırlatmaq istərdim. O deyərdi ki, oğru türmədə olmalıdır. Bu sözlər həmişə - dünən də, bu gün də aktualdır, sabah da aktual olacaq. Məsələ ondadır ki, oğurluq da, dələduzluq da yalnız cinayət deyil, həm də peşədir. Yəni bu yolun yolçuları həbsdən azadlığa çıxsalar da, öz yollarını davam etdirəcəklər. Çünki həm bir növ, adətkar olublar, həm də sadəcə olaraq, başqa bir iş bacarmırlar. Odur ki, cəmiyyət üçün təhlükəli adamlardır və təcrid olunmalıdırlar. Avtoqəza törətmək isə cinayət olsa da, peşə deyil, qəsdən, bilərəkdən edilmir, təsadüfən, adi bir ehtiyatsızlıqdan baş verir. Əgər sürücü narkotik, ya spirtli içkinin təsiri altında olmayıbsa, hadisə yerindən qaçmayıbsa, yaralılara dəstək olubsa, xəstəxanaya çatdırıbsa, onun cəzasının yüngülləşdirmək olmazmı?! Axı, bu insanlar azadlığa çıxsalar, suyu da üfürə-üfürə içəcəklər, ya bir də maşın sürməyəcəklər, sürsələr də, ehtiyatı əldən verməyəcəklər. Deməli, onlar cəmiyyət üçün heç bir təhlükə törətmirlər. Odur ki, bu insanlara şans vermək, onların türmədə qalmasına yox, azadlığa çıxmasına, cəmiyyətə qayıtmasına, ailələrinə qovuşmasına səs vermək olar. Yaşlı nəslin yadında olar, Heydər Əliyevin dövründə Azərbaycanda aministiya elan ediləndə, birinci növbədə ehtiyatsızlıqdan cinayət edənlər, avto-qəza törədənlər azadlığa çıxardı...

Məlum olduğu kimi, 2018-ci ildə ölkəmizdə ümummilli tədbir – Azərbaycan Prezidenti seçkiləri keçirilib. Möhtərəm İlham Əliyev bu seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanıb və yenidən Azərbaycan Prezidenti seçilib. Çünki bütün xalqımız – biz, siz, hamımız ona inanır və gələcəyimizi onunla bağlayırıq. Bu inamın, bu etimadın arxasında Prezident İlham Əliyevin yeritdiyi, Heydər Əliyev humanizmindən qaynaqlanan, milli maraqlara əsaslanan müdrik siyasət durur. Biz inanırıq ki, Möhtərəm Prezident öz humanist siyasətini davam etdirəcək, ehtiyatsızlıqdan cinayət etmiş, avto-qəza törətmiş gənclərə yeni bir şans verəcəkdir. Nəticədə yüzlərlə, minlərlə ailə sevinəcək, yüzlərlə, minlərlə gənc öz ailəsinə, cəmiyyətə dönəcək, Vətəninə, Prezidentinə ləyaqətlə xidmət edəcəkdir.

Tarix
2018.10.05 / 08:45
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla