Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2018


Ehsan vermək, həm də "rüşvətxorun" pulu ilə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Köhnəqalanın anasının dəfn mərasiminə görə deputatla arasında yaşanan xoşagəlməz olayla bağlı paylaşımını üzüntü ilə oxudum. Doğmanın, qohumun, valideynlərin ölümü əksər hallarda hər kəs üçün gözlənilməz olur. Təbii ki, heç kəs ata-anasının yas mərasimi üçün şəxsi büdcədən pul ayırıb kənara qoymur. Yəni öncədən hazırlıqlı olmuruq bu mərasimə. Qəfil baş verən ölümlər dünyadan köçənin ailə üzvləri üçün hansı problemləri, stressləri yaşadır – bilənlər bilir.

Ona görə Murad Köhnəqalanın yazdıqlarını oxuyandan sonra xeyli düşündüm: doğmamız dünyasını dəyişir, dərd qalır bir kənarda, amma biz kirayə çadır, qab-qacaq, süfrəyə qoyulacaq ərzaq, onların haradan, necə alınması “dərdini” çəkirik. Bu “dərd” o səviyyəyə qalxır ki, hətta dəfndən sonrakı mərasimlərdə qəbiri ziyarət etməyə belə vaxt qalmır: axı, qonaqlar gəlməlidir, onların qarşısına çıxmalı, yerləşdirməli, yedirməlisən, hüzr yerindən kimsə “narazı” getməməlidir. Bunun üçünsə çadır (və ya çadırlar) qurulmalı, sübh o başdan bazarlıqlar edilməli, qazanlar asılmalıdır: aşpazlar, çayçılar, sərpayılar vaxtında, yerində olmalıdır, onlara və süfrəyə nəzarət edilməlidir... Yəni başda dərd çəkəsi hüzr sahibi olmaqla, bütün doğmalar bu işlərə səfərbər olur.

Yas, hüzr mərasimi belə keçirilməlidir? Dərdimizi belə çəkməliyik?

İnsanlarımız düz 40 gün – xüsusən də əyalətlərdə - bu ağırlığın altında əzilir. Və bu “ənənə” ildən-ilə daha da ağırlaşır: ehsana yeni-yeni menyular daxil edilir, “qonşudan qalma dala” düşüncəsi ilə toy israfçılığımızı kölgədə qoymaqdadır yas məclislərimiz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anası üçün verdiyi yas mərasimi hələ də Azərbaycanda, sosial şəbəkələrdə müzakirə olunur: halva, su və ayran, vəssalam! O da siyahı ilə və yaxud “adambaşına” deyil, sadəcə, süfrəyə düzülüb – istidə susayan istifadə edə bilər, halva isə hər zamankı ehsandır...

Yaxşı bir təşəbbüs baslanmışdı Azərbaycanda da və bu “katarsis” “aşağıdan” (ayaqdan) deyil, “yuxarıdan” (başdan) başladı: Başdan və BAŞdan başladı, amma 4 ildir mədədə ilişib qalır, yenə də başı ilə deyil, mədəsi ilə düşünənlərin məşəqqətini çəkməkdəyik.

İndi də var bu nümunələr, birini də bu yaxınlarda Dini Komitə sədri Mübariz Qurbanlı göstərdi – yemək verməməklə, Bakıda məclis açmamaqla, telefonla verilən başsağlığıları sidq-ürəklə qəbul etməklə. Amma nə olsun?

Dünənin nümunələrini müqayisə edək - Mübariz Qurbanlı və Murad Köhnəqala. Sosial statuslarından asılı olmayaraq, hər ikisi ziyalı kateqoriyasına aid edilirlər. Ancaq M.Köhnəqala ənənənin altından çıxa bilmir, umduğu qapını döyməyə məcbur olur və “şairə göndərilən barat”dan o qədər narazı qalır ki, Şikayətnaməsi sosial şəbəkəni silkələyir, hətta, “başa düşülmədiyi” üçün umduğu məkanı darmadağın edəcəyi ilə təhdid edir. O korrupsionermiş, rüşvətxormuş deyir. Əziz dostumuz o korrupsionerin haram pullarıylamı ehsan verməyi hədəfləyirdi?

Ümumiyyətlə, kredit və borcların altına girib, sonra da o kredit və borcları qaytaranda (və ya qaytara bilməyəndə) yaşanan gərginliyin əzizinin nəşinə və ya o dünyadakı vəziyyətinə hansı aidiyyəti var?

Bildiyim və oxuduğum qədərincə, insanın o dünyası əməlləri, savab və günahları ilə müəyyənləşir. Bircə ayə, hədis, rəvayət, mif, əsatir nümunə gətirə bilərsinizmi ki, ehsanda verilən aşa və yaxud aşın yağlılıq dərəcəsinə görə ölənin cənnətin mərtəbələrində daha üstün yerə düşmə şansı artır? Böyüklərdənmi eşitmisiniz, ənənəmizdəmi var?

Yoxdursa, eşitməmisinizsə, bu mərəkə nədir? Hətta ölənimizə doyunca da ağlaya bilmirik ki, qonaqlar var, yaxşı deyil...

Bura başdaşı da aiddir. Çıxın, Bakı qəbiristanlıqlarını gəzin. Mübaliğəsiz, tam ciddiyyətim ilə deyirəm, Bakı qəbiristanlıqlarında qiyməti bir neçə milyon manatla ölçülən qəbirüstü abidələr var. Qəbir daşlarına tökülən və bir çox halda toz basan (yəni aylardır ziyarət olunmadığı görünən) milyonlar yol, su çəkməyə, ağac əkməyə, ac doyurmağa gedəydi; nə olardı daha yağlı ehsan və daha dəbdəbəli qəbirdaşı yarışı “ölənimin ehsanına” yol çəkmək, əl tutmaq üstündə gedəydi...

Bir anlıq təsəvvür edirsinizmi ki, onda nələr olardı?!

Tarix
2018.11.15 / 22:14
Müəllif
Aynur Camalqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı gecələrini zəbt edən “bokaizm”...

Qarabağı o qaytaracaq! - Fotosessiya

Şərə qarşı döyüşən adam

Onlar siyasətə mərdlik və nəciblik gətirdi

Mükəmməl siyasətin nəticəsi: Putin Bakını seçir...

Əgər bunu Mehriban xanım bilsə...

Biz nəyin cəzasını çəkirik?

Gəncədə nə baş verir: məmuru kim hədəf seçir?

Yeni "layihə": Niyə Əli Həsənov hədəf seçilir?

Özünüzü sırımayın, ermənilər sizi almayacaq

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla